Xalqını öz gücünə inandıran Lider

 

Bu gün tarix yazan yenilməz Ali Baş Komandanımız, əziz Prezidentimiz! Qarabağ savaşındakı son hadisələrdə, şəhidlərimizin qisasının alındığını görən, qəlbi qürurla dolan Milli Qəhrəman bacısı kimi Sizə müraciət edirəm.

 

Möhtərəm Prezidentimiz, Azərbaycan tarixinin ən şərəfli anlarını bizə yaşatdığınız üçün Sizə minnətdaram. İnanın ki, minlərlə mənim kimi şəhid ailələri ancaq bu günü, dövləti və ordusu tərəfindən şəhidlərin qanlarının alınacağı günləri görmək arzusu ilə yaşayırlar. İndi rəşadətli ordumuz əzəli Azərbaycan torpaqlarını düşməndən azad etmək üçün uğurlu əməliyyat aparır, bu bizim illərlə gözlədiyimiz günün çatması deməkdir!

 

Cənab Ali Baş Komandanım, bu gün deyilir ki, yerli camaat çox inamlıdır, onlar öz evlərini tərk etmirlər. Bəli, elədir. Çünki onların qarşılarında özünə əmin, xalqını qorumağı bacaran Prezident, arxasında isə qüvvətli ordusu var! Ordumuzun qələbəsi bizi çox qürurlandırır, bu qələbə Sizin qələbənizdir! Güclü Azərbaycan ordusu Sizin əsərinizdir! Hörmətli Ali Baş Komandanım, Siz bu gün təkcə ordumuzu deyil, xalqımızı da bir yumruq kimi bir amal ətrafında birləşdirərək, yenilməz qüvvətə çevirdiniz. Var olun, əziz Prezidentim!

 

Hörmətli Prezidentim, mən müəlliməyəm. Əsas vəzifəmiz gənc nəsli vətənpərvərlik ruhunda tərbiyələndirmək və həqiqətləri onlara düzgün çatdırmaqdır. Mən həmişə şagirdlərimə demişəm ki, biz müstəqil, demokratik dövlətdə yaşadığımız üçün ümummilli liderimiz Heydər Əliyevə borcluyuq. Heydər Əliyev bu xalq üçün çox böyük işlər görüb, ancaq onun bu xalqa etdiyi ən böyük yaxşılıq dövlətimizi sizin kimi geniş təfəkkürə, qətiyyətə, hərtərəfli dünyagörüşünə malikdünyada istər döyüş meydanında, istərsə də siyasi meydanda hər kəslə öz dili ilə danışan, öz xalqının mənafeyini qorumağı bacaran bir liderə etibar etməsidir. Hörmətli Prezidentimiz, biz ailə olaraq həmişə atamdan gələn bir inamla inanmışıq ki, ümummilli liderimiz Heydər Əliyevin oğlulayiqli davamçısı cənab İlham Əliyev “Qarabağproblemini ağır bir yük kimi gələcək nəsillərə qoymayacaqdır! Bu gün sizə olan etimadımızı şərəflə həyata keçirdiyiniz üçün Allaha minlərlə şükürlər olsun.

 

Cənab Prezident, bu gün insanlar televiziyanın qarşısında sizin çıxışınızı hava-su kimi gözləyir. Gözlərimin qarşısında 1993-cü ilin iyun ayları gəlir. Həmin vaxt insanlar Heydər Əliyevin çıxışını elə həsrətlə gözləyirdilər ki, ölkənin xilaskarı bu dövləti məhv olunmaqdan necə qurtaracaq və nə deyəcək. Dediyi hər bir söz hamı tərəfindən Quran ayəsi kimi qəbul edilirdi. İllər keçdikdən sonra bu gün insanlar sizi, bütün Azərbaycanı “məğlub dövlət”, “məğlub xalq” düşüncəsindən qurtaran İlham Əliyevin çıxışını eyni hiss , həyəcanla gözləyirlər. Atalar düz deyibot kökü üstə bitər”. Sadə xalq dilində danışan, illərlə onun qəlbində olanı ifadə edən və ruhlandıran İlham Heydər oğluna eşq olsun!

 

Mənim anam 23 il özü-özünü ev dustağı etdi: “Əgər Kəlbəcərdə şəhid balamın məzarını ziyarət edə bilmirəmsə, heç bir yerə getmərəm”, - deyərək, yaşadı və rəhmətə getdi. Ancaq mən əminəm ki, tezliklə Kəlbəcərə dönüb uğrunda qurban getdiyi torpaqda uyuyan qardaşım Milli Qəhrəman Şahların məzarını ziyarət edəcəyəm. Mən bu günün uzaqda olmadığına bütün varlığımla inanıram, çünki Sizə arxayınam!

 

Bu gün Sizin zəfər yürüşünüzdə təkcə şəhidlərin ruhu deyil, eyni zamanda ümummilli liderimiz Heydər Əliyevin ruhu da çox şaddır! Ona görə ki, daim azərbaycanlı olmağı ilə fəxr edən ümummilli liderimiz Sizə inamla etibar etdiyi dövlətimizi inkişaf etdirərək, onun arzuladığı iqtisadiyyatı və ordusu güclü olan bir dövlət qurdunuz! Torpaqlarmızı işğaldan azad etməyə başlamaqla azərbaycanlılara özləri ilə fəxr etmək inamını qaytardınız!

 

Hər bir işin yerini və vaxtını bilən Ali Baş Komandanım, can ilə, ruhu ilə, bütün varlığı ilə sevən, fəxr edən Azərbaycan xalqı daim Sizi dəstəkləyir və dəstəkləyəcəkdir. Çünki siz xalqını xilas etmək missiyasını şərəflə yerinə yetirirsiniz!

 

Mən əminəm ki, tezliklə Kəlbəcər işğaldan azad olunacaq, 27 ildən sonra öz doğma torpaqlarına dönən hər bir kəlbəcərlinin yurd həsrəti bitəcəkdir!

 

Əziz Ali Baş Komandanımız, qoy Ulu Tanrı bu müqəddəs savaşda daim yar və yardımçınız olsun! Allah Sizi, ailənizi, ordumuzu və xalqımızı qorusun. Amin.

 

Qarabağ Azərbaycandır!

 

Tahirə ŞÜKÜROVA,

Nərimanov rayonundakı 39 nömrəli məktəbin direktoru.

 

Respublika.- 2020.- 16 oktyabr.- S.8.