Haqq uğrunda apardığımız
mübarizə ordumuzun qələbəsi ilə başa
çatacaq
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar və artilleriyadan atəşə tutmaqla respublikamıza qarşı növbəti dəfə hərbi təcavüzə yol verdi. Lakin ilk gündən cəbhə xəttində baş verənlər, hücumun qarşısının Ordumuz tərəfindən dəyanətlə alınması və işğal edilmiş torpaqlarımızın azadlığı uğrunda dərhal əks-hücum planının həyata keçirilməsi göstərdi ki, Azərbaycan artıq erməni təcavüzünə dözmək fikrində deyil.
Bu gün hər kəs “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarını əsas tutaraq torpaqlarımızın düşməndən təmizlənməsi prosesinə əməli töhfəsini verməyə çalışır. Bu günlərdə yeniyetmələrdən tutmuş ahıl insanlaradək hamının əlinə silah alaraq cəbhəyə yollanmağa hazır olduğunu bildirməsi də hərbi-psixoloji üstünlüyün əldə edilməsi baxımından vacib məqamlardandır. Dövlət başçısının qismən səfərbərlik elan edilməsi barədə sərəncamına müvafiq olaraq əli silah tutan minlərlə insanın, o cümlədən gəncin cəbhəyə yollanması cəmiyyətdə döyüş və qələbə əzminin yüksək olduğunu göstərir.
Otuz ilə yaxındır ki, Azərbaycan Ermənistanın işğalından və təcavüzündən əziyyət çəkir. Bir milyon məcburi köçkünümüz öz doğma yurdlarının həsrəti ilə yaşayır, evlərinə qayıdacaqları günü gözləyirlər.
Ən başlıcası odur ki, ordunun şəxsi heyətində yüksək əhval-ruhiyyə var. Hesab edirəm ki, belə bir ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Hər gün ordumuzun mütəşəkkil döyüş hazırlığının, əsgərlərimizin çox yüksək hərbi-vətənpərvərlik hissinin şahidi oluruq. Bilirik ki, ordumuzun yüksək səviyyəli maddi-texniki bazası son dərəcə güclüdür. Azərbaycanın öz istehsalı olan silahları deməyə əsas verir ki, dövlətimizin nə qədər qüdrətli hərbi potensialı var. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin orduya göstərdiyi qayğının nəticəsidir.
Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsini arzulayır və bunun üçün də hamımız bir yerdə olmalıyıq. Əlbəttə ki, hər şey Vətən üçün, hər şey cəbhə üçün olmalıdır. Bu məsələdə hər kəs cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan Ordusunun və dövlətimizin ətrafında birləşməlidir. Bu zaman Azərbaycan əsgərlərinin gözü arxada qalmayacaq və qətiyyətlə irəli gedəcəyik.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətində ordu quruculuğu məsələləri daim prioritetdir. Bu istiqamətdə Heydər Əliyevin başladığı işləri davam etdirən ölkə rəhbərinin qarşıya qoyduğu vəzifə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatdırılmasıdır. Bu mənada güclü iqtisadiyyata mütənasib güclü ordu formulu ötən 17 ildə Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayələrindən biri kimi diqqəti cəlb edib. Reallıq ondan ibarətdir ki, respublikamızın artan maliyyə imkanları Silahlı Qüvvələrimizin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb.
Ordu quruculuğu kimi geniş, əhatəli bir prosesi şərtləndirən amillərin hər birinə ayrılıqda və vəhdətdə xüsusi diqqət yetirilir. Ordunun döyüş qabiliyyətinin artırılmasında taktiki təlimlərin olduqca böyük əhəmiyyəti vardır. Ali Baş Komandanın tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlər təsdiqlədi ki, ordumuz güclüdür, Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə qadirdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bundan sonra da ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayır və oynayacaq”. Bu, dövlətin ordu quruculuğuna münasibətini dəyərləndirən tezisdir və belə bir tezis Azərbaycan Ordusunun dünyanın böyük dövlətlərinin orduları səviyyəsində olacağına zəmanətdir...
Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunan yaralı hərbçilərlə görüşməsi, onlar qarşısında çıxış etmələri hərbçilərimizə diqqət və qayğının ən böyük göstəricisidir. Prezident cənab İlham Əliyev demişdir: “Bu gün bütün yaralı hərbçilərimiz və şəhidlərin ailələri dövlətin diqqət və qayğısı ilə tam təmin olunublar. Yaralıların müalicəsi dövlət tərəfindən ən yüksək səviyyədə aparılır. Bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilir. Təkcə bu il 1500 şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin ediləcək. Yaxın 2-3 il ərzində birinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərin ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaq”.
Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin və şəhid ailələrinin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb.
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib.
Məhz bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlətimizin başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Məsələn, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin üzvləri bir nəfər kimi Prezidentin ətrafında sıx birləşmişdir və hər an verilən əmrə hazırdır. Respublikamızda qismən səfərbərlik elan ediləndən sonra SHXÇDX-nin Nizami rayon idarəsinə gedərək könüllü olaraq səfərbərlik işində öz köməkliyimi göstərmişəm. Bu gün kim nəyi bacarırsa səfərbər olmalıdır. İnanırıq ki, haqq uğrunda apardığımız mübarizə Azərbaycan ordusunun qələbəsi ilə başa çatacaqdır.
Qəhrəman QASIMOV,
Azərbaycan Qarabağ Müharibəsi
Əlilləri, Veteranları və Şəhid Ailələri
İctimai Birliyinin Nizami rayon şöbəsinin
sədr müavini, keçmiş döyüşçü.
Respublika.- 2020.- 16 oktyabr.- S.9.