Su gələn arxa bir də gələr
2020-ci il iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında su təsərrüfatı vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilmişdir. Müşavirənin gedişində ölkə başçısı möhtərəm Prezident İlham Əliyev demişdir: “Biz ölkəmizdə bütün infrastruktur layihələrini ardıcıl şəkildə icra edirik. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Əgər biz bu layihələri icra etməsəydik, bu gün ölkəmizin dayanıqlı inkişafı mümkün ola bilməzdi”.
Hər zaman xalqa verdiyi sözü uca tutan möhtərəm Prezident İlham Əliyev “biz Qarabağı işğaldan azad edəcəyik və hər gün gördüyümüz işlərlə bunu yaxınlaşdırırıq” deyən İlham Əliyev oktyabrın 4-də yeni qələbə müjdəsilə xalqa müraciət etdi:
- Əziz həmvətənlər.
Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.
Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!
Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır.
Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır”.
Azərbaycanın transsərhəd su ehtiyatlarından asılı olması su ehtiyatlarının azalmasına və çatışmazlığının kəskinləşməsinə böyük təsir edir. Buna görə də, Azərbaycan hövzə dövlətləri ilə həm çoxtərəfli, həm də ikitərəfli səviyyədə yaradılmış komissiyalar və suyun birgə istifadəsi ilə bağlı işçi qrupları çərçivəsində su münasibətləri qurur.
Hazırda Azərbaycan ətraf mühit üzrə 20-dən artıq Beynəlxalq Konvensiyaya qoşulmuşdur. Ölkəmiz transsərhəd çayların istifadəsi və idarə edilməsi sahəsində öz fəaliyyətini hövzə dövlətləri ilə Beynəlxalq Konvensiyaların və sənədlərin tələblərinə uyğun həyata keçirir. Lakin həmin dövlətlərin su sahəsində Beynəlxalq Konvensiyalara qoşulmamaları ciddi çətinliklər yaradır.
İran İslam Respublikası ilə Araz çayının su və energetika ehtiyatlarından birgə istifadə edilməsi üzrə daimi fəaliyyət göstərən Birgə Komissiya hazırda öz işini davam etdirir. 2016-cı ilin 23 fevral tarixində “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Sazişin icrasının tezləşdirilməsi Araz çayında yeni inşa olunmuş “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarında suyun toplanmasına və onun birgə istifadəsinə imkan yaradacaqdır. Rusiya ilə Samur çayının su ehtiyatlarının istifadəsi 2010-cu ildə imzalanmış Sazişə uyğun həyata keçirilir. Sazişin icrası ilə əlaqədar Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Birgə Komissiya yaradılmışdır. Avropa İqtisadi Komissiyasının dəstəyi ilə Gürcüstanla Kür çayının su ehtiyatlarının istifadəsi və mühafizəsi üzrə Saziş hazırlanır.
Ermənistanla yaranmış münaqişə ilə əlaqədar onunla transsərhəd çayların su ehtiyatlarının istifadəsi və mühafizəsi məsələlərinin həlli mümkün deyildir. Ümumi sututumu 618 milyon kubmetr olan 8 ədəd su anbarı (o cümlədən Madagiz) isə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qalmışdı. Onların da ən böyüyü Sərsəng su anbarıdır (sututumu 565 milyon kubmetr). Ermənistanın təcavüzü nəticəsində 20% meliorasiya və su təsərrüfatı obyektləri, o cümlədən su anbarlarının, əsasən də Sərsəng su anbarının son 30 il dövründə işğal zonasında qalması nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəzolunmaz zərər vurmuşdur. Bununla Sərsəng su anbarı aşağı axında yaşayan 400 min nəfər əhalinin həyatı üçün real təhlükə yaradırdı.
Suqovuşan (Madagiz) su anbarı Torağaçay üzərində tikilərək 1974-cü ildə istismara verilmişdir. Su anbarı Tərtər rayonu ərazisində tikilməklə, onun hidroqovşağına torpaq bənd, pilləli suburaxıcı, istismar sutullayıcı və s. daxildir.
Anbarın tam həcmi 5,86 milyon kubmetr, ölü həcmi isə 0,65 milyon kubmetrdir. Anbarın su səthinin güzgü sahəsi 60 ha, bəndin uzunluğu 1000 m, üstdən eni 10 m, maksimal dərinliyi 28 m, bəndin qarşısında gölün uzunluğu 800 m, bəndin su götürən kanalının sərfi saniyədə 90 kubmetr, sutullayıcı qurğunun maksimal sərfi saniyədə 740 kubmetrdir. Su anbarından Tərtər çayına su tökülür.
Anbarın su səthinin güzgü sahəsi 510 ha-dır. Bənd gil və gilcə qruntlarından tikilmişdir. Bəndin yamac əmsalı yaş halda 1:2, quru halda 1:1,8-dir. Bənddən susızmanın qarşısını almaq məqsədilə gilcə qruntundan onun gövdəsi uzunu mərkəzi hissəsində nüvə qatı yerləşdirilmişdir.
Anbarın gövdəsində dəmir-betondan hazırlanmış maksimal basqısı 21 m, uzunluğu 150 m, üzərindəki dəliklərin ümumi sahəsi 50 kvadratmetr, suburaxma qabiliyyəti 80 və 200 kubmetr olan 4 ədəd elektriklə idarə olunan polad bağlayıcılar quraşdırılmışdır. Beləliklə, bu qurğular vasitəsilə Suqovuşan su anbarında saniyədə 1450 kubmetr sel sularını kənarlaşdırmaq mümkün olur. Bundan əlavə, maksimal basqısı 21 m, uzunluğu 250 m və dəliklərinin ümumi sahəsi 90 kvadratmetr olan dəmir-beton konstruksiyalı səthi sutullayıcı quraşdırılmışdır. Buradakı sipərlərin sayı 2 ədəd və seqmentvari polad növlüdür. Bunların hər ikisi elektriklə işləyən qaldırıcılar vasitəsilə idarə olunur.
Su anbarının ərazisi erroziya və qrunt daxilindəki duzların həll olması proseslərinin inkişafı ilə müşahidə olunan çoxlu miqdarda tirə və yarğanlarla xarakterizə olunur.
Suqovuşan su anbarının işğaldan azad olunması nəticəsində Tərtər, Ağdam, Yevlax, Bərdə və Goranboy rayonlarının 21 min ha əkinəyararlı torpaq sahəsi suvarma suyu ilə təmin ediləcəkdir. Suqovuşan su anbarının işğal altında olduğu yaxın ötən 30 ildə əkin sahələrinin su təchizatı pisləşmişdir. Onu da qeyd etmək lazımdır ki, 21 min ha əkin sahəsinin yeraltı artezian suları ilə suvarması üçün isə təqribən 700-750 subartezian quyusunun qazılması və istismarı lazım gələrdi. Göründüyü kimi, təkcə Suqovuşan su anbarının işğaldan azad olunması ərazidə formalaşan şirin yeraltı suların ehtiyatının bərpasına, yeraltı sular üçün artezian quyularının qazılması, istismarı xərclərinin azalmasına və elektrik enerjisinin sərfiyyatına qənaət edilməsinə səbəb olacaqdır.
Qədim el məsəlində deyildiyi kimi, torpağı qorumasan əkməyə dəyməz, əkməsən qorumağa dəyməz. Respublikada suvarma əkinçiliyi son 30 ildən artıq bir müddətdə sürətlə inkişaf etmişdir. Su təsərrüfatı və meliorasiya qurğuları tikintisinə külli miqdarda vəsait qoyulmuş və bunun müqabilində suvarılan torpaqların sahəsi 593 min hektara qədər artmışdır. Əgər 01 yanvar 1981-ci ildə respublika üzrə suvarılan torpaqların sahəsi 807,5 min hektar olmuşdursa, hazırda bu rəqəm 1400500 hektara çatmışdır.
Suvarılan torpaqların hidrogeoloji-meliorativ
şəraitinin tənzimlənməsi və ərazinin
torpaq-meliorativ vəziyyətinin
yaxşılaşdırılması məqsədilə
suvarılan torpaqlarda şorlaşma və bataqlaşmanın
qarşısının alınması üçün qrunt
sularının yer səthinə yaxın yerləşən və
intensiv əkin altında istifadə olunan 595,6 min hektar
suvarılan ərazilərdə kollektor-drenaj şəbəkəsi
tikilmişdir. Meliorasiya olunmuş torpaqların 369,8 min
hektarı açıq, 225,8 min hektarı qapalı drenaj
sistemi ilə əhatə olunmuşdur. Bu torpaqlar 32,7 min km
kollektor-drenaj şəbəkəsi ilə təchiz
olunmuşdur. Onun 22,8 min
km-i (14,1 min km açıq, 8,7 min km qapalı) ilkin drenlər,
10,5 min km-i kollektorlardan ibarətdir. Kollektor-drenaj şəbəkələrinin
üzərində 51,8 min ədəd hidrotexniki qurğu
inşa olunmuşdur.
Hidrogeoloji
tədqiqatlarını uğurla davam etdirən HGMXİ ötən
il respublikanın 1 400 500 ha suvarılan torpaq sahəsində
yeraltı suların stasionar rejim-müşahidə və
çöl tədqiqat işlərini müvəffəqiyyətlə
yerinə yetirmişdir. Pambıq əkilən və dövriyyəyə
yeni qatılmış torpaq sahələrinin hidrogeoloji tədqiqatlarına
xüsusi yer verilmişdir.
2020-ci
ilin 9 ayı ərzində idarə tərəfindən
aparılmış tədqiqatların nəticəsinə isə
suvarılan torpaqların qrunt sularının yatım dərinliklərinə
görə sahələrə ayrılması
aşağıdakı kimi olmuşdur: 1 m-dən az 7153 ha,
1,0-1,5 m-də 53523 ha, 1,5-2,0 m-də 281233 ha, 2,0-3,0 m-də
506520 ha, 3,0-5,0 m-də 279619 ha, 5,0 m-dən çox 272452 ha.
Nəzarət
altında olan suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin
əsas göstəricilərindən biri də torpaqların
şorlaşma göstəriciləridir. Cari ilin doqquz ayı ərzində
HGMXİ-nin tədqiqatlarına əsasən nəzarətində
olan suvarılan torpaqların şorlaşma dərəcəsinə
görə bölünməsi: şorlaşmamış 1 145
321 ha, zəif şorlaşmış 160500 ha, orta
şorlaşmış 54 144 ha, şiddətli
şorlaşmış 27 276, çox şiddətli
şorlaşmış 13 259 ha olmuşdur.
Tədqiqatlarla
suvarılan torpaqların meliorativ vəziyyəti qrunt
sularının yatım dərinliyinə, minerallaşma dərəcəsi
və torpaqların şorlaşma dərəcəsinə
görə qiymətləndirilmişdir. Müəyyən
edilmişdir ki, yaxşı torpaqlar 552071 ha, kafi torpaqlar 747218
ha, kafi, ancaq pisləşmə təhlükəsi olan torpaqlar
isə 101211 ha, o cümlədən qrunt sularının
yolverilməyən dərinliyinə görə 7153 ha,
torpaqların şorlaşmasına görə 40 535 ha, qrunt
sularının böhran səviyyəsinə görə isə
53523 ha təşkil edir.
Müqayisələr
göstərir ki, Səhmdar Cəmiyyətin həyata
keçirdiyi meliorativ tədbirlər nəticəsində cari
ildə suvarılan torpaqların meliorativ vəziyyəti xeyli
yaxşılaşmışdır. Hamıya məlumdur ki,
hazırda dünyada iqlim dəyişiklikləri baş verir.
Azərbaycanın da üzv olduğu Ümumdünya Su
Şurası və Ümumdünya Metrologiya Təşkilatının
məlumatlarına görə, qarlı günlərin sayı
azalır, buzlaqlar əriməkdə davam edir, quraqlıq
dövrü uzanır. Su ehtiyatının
çatışmazlığı mövcud su
ehtiyatlarından səmərəli və qənaətlə
istifadə olunması istiqamətində əlaqədar təşkilatların
və təsərrüfat sahiblərinin qarşısında həlli
vacib olan məsələlər qoyur.
“Su
ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi
ilə bağlı tədbirlər haqqında” Prezident
İlham Əliyevin 2020-ci il 15 aprel tarixində
imzaladığı Sərəncama əsasən ölkə ərazisində
su ehtiyatlarından səmərəli istifadənin təmin
edilməsi, su təsərrüfatının idarə
olunmasının təkmilləşdirilməsi və bu sahədə
fəaliyyətin əlaqələndirilməsi məqsədilə
komissiya yaradılmışdır.
Sərəncamın
icrasını təmin etmək üçün Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı ASC-də Kənd Təsərrüfatı
Nazirliyi, yerli icra hakimiyyəti orqanları və komissiyanın
digər iştirakçıları ilə koordinasiyalı
şəkildə bir neçə kompleks tədbirlər
proqramı hazırlamaqdadır. Proqram ölkə
iqtisadiyyatının, əsasən də qeyri-neft sektorunun
aparıcı sahələrindən biri olan kənd təsərrüfatının
dayanıqlı inkişafında da iqlim dəyişiklikləri
şəraitində su təhlükəsizliyinin təmin edilməsi
strateji əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı
sektorunda görüləcək işləri müəyyənləşdirəcək.
Dövlət
Proqramının məqsədi qlobal iqlim dəyişiklikləri
şəraitində ölkə iqtisadiyyatının, əsasən
də kənd təsərrüfatının dayanıqlı
inkişafının, su və ərzaq təhlükəsizliyinin
təmin edilməsi, su ehtiyatlarının səmərəli və
qənaətlə istifadəsi, torpaqların meliorativ vəziyyətinin
yaxşılaşdırılması, sel və daşqın
sularının zərərli təsirlərinin
qarşısının alınması üçün
mövcud meliorasiya və su təsərrüfatı
fondlarının istismarının
yaxşılaşdırılması və inkişaf etdirilməsi
onların idarə edilməsinin səmərəli təşkilindən
ibarətdir.
Bu məqsədə
nail olmaq üçün aşağıdakı vəzifələrin
həyata keçirilməsi nəzərdə tutulur:
-meliorasiya
və su təsərrüfatının normativ-hüquqi
bazasının təkmilləşdirilməsi;
-mövcud
meliorasiya və su təsərrüfatı fondlarının
etibarlı istismarının, hidrotexniki qurğuların və
nasos stansiyalarının texniki vəziyyətlərinin
yaxşılaşdırılması, onların təhlükəsizliyinin
təmin edilməsi, enerji xərclərinin azaldılması;
-su
ehtiyatlarının uçotu və
proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi,
effektiv qərarların qəbul edilməsi üçün məlumatların
keyfiyyətinin və istifadə mümkünlüyünün
artırılması;
-suvarılan
torpaqların su təminatının və meliorativ vəziyyətinin
yaxşılaşdırılması, qrunt sularının
optimal səviyyəsi təmin edilməklə torpaqların
şorlaşmasının qarşısının
alınması;
-transsərhəd
su ehtiyatlarının və obyektlərinin istifadəsi və
idarə edilməsi sahəsində regional əməkdaşlığın
genişləndirilməsi;
-suvarma
sistemlərində yenidənqurma işləri aparmaqla su itkilərinin
azaldılması və səmərəli istifadəsi, suya qənaətedici
texnika və texnologiyaların tətbiqinin genişləndirilməsi;
-az məhsuldar
torpaq sahələrində meliorativ tədbirlər aparmaqla
suvarılan torpaqların genişləndirilməsi;
-su
ehtiyatlarından səmərəli istifadə edilməsi
üçün yeni su anbarlarının tikintisi və
mövcudların bərpası;
-meliorasiya
və su təsərrüfatı obyektlərinin
planlaşdırılmasında, layihələndirilməsində
və tikintisində innovativ texnologiyaların və müasir
beynəlxalq standartların tətbiqi;
-su
istehlakçılarının suvarma suyu ilə təmin edilməsində
və ödənişli istifadəsində şəffaflığın
artırılması, Sudan İstifadəedənlər Birliklərinə
metodik köməklik göstərilməsi;
-meliorasiya
və su təsərrüfatı obyektlərinin istismarında
dövlət xərclərinin tədricən
azaldılması, suyun verilməsinə görə su təsərrüfatı
təşkilatlarının xərclərinin ödənilməsində
su istifadəçilərinin payının mərhələli
şəkildə artırılması;
-suvarma suyunun idarə edilməsində müasir, səmərəli idarəetmə metodlarının tətbiqi, su istifadəçilərinin və ictimaiyyətin rolunun və iştirakının artırılması;
-meliorasiya və su təsərrüfatı sahəsinə investisiyaların cəlb edilməsi;
-meliorasiya və su təsərrüfatı sahəsinin yüksək bilikli kadrlarla təmin edilməsi.
Proqramda nəzərdə tutulan tədbirlərin 2020-ci ildən başlayaraq sonrakı dövrlərdə həyata keçirilməsi nəzərdə tutulur. İşğaldan azad olunmuş Suqovuşan su anbarı və hələ də işğal altında olan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yaxın vaxtlarda işğaldan azad olacaq Sərsəng və daha altı su anbarının suları respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətində aparılan quruculuq işlərində və böyük tarixi qayıdış günlərində çox böyük əhəmiyyətə malik olacaqdır.
Son nəticədə onu deyə bilərik ki, yerinə yetirilmiş işlər və gələcək onilliklərdə nəzərdə tutulan tədbirlər ulu öndər Heydər Əliyev yolunun dönməz davamçısı, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında olan tarixi torpaqlarımızda insanların üzü güləcək, qədim Qarabağ torpağı cənnətə dönəcək. İşimiz avand, torpağımız bərəkətli olsun, çağlayıb axan sularımız qurumasın. Tanrı işğal altında olan torpaqlarımızı öpməyi hər bir azərbaycanlıya qismət eləsin.
Saleh SADIQOV,
Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı ASC Hidrogeoloji
Meliorativ Xidmət İdarəsinin rəisi,
respublikanın Əməkdar mühəndisi.
Respublika.- 2020.- 16 oktyabr.- S.10.