Müstəqillik asan olmayıb, yaxud bu
günün reallıqları
1920-ci ildə AXC-yə son qoyulsa da, xalqın canında, qanında bir azadlıq ruhu yaşadı. Saysız-hesabsız azadlıq mücahidləri güllələndi, qətlə yetirildi, sürgün həyatı keçirdi, Sibirlərdə çürüdü, repressiyaya məruz qaldı, zindanlarda ömrünü sona yetirdi, mühacirət ömrü yaşadı və o yerlərdə dünyasını dəyişdi... Ancaq bu xalqı müstəqillik arzusu heç zaman tərk etmədi. 1937-38-ci illərdə ziyalıların kütləvi məhvi də bu xalqı öz əqidəsindən döndərə bilmədi. 1948-ci ildə, bəzən də 1949-cu il göstərilir. Azərbaycanın müstəqilliyi ideyası ilə yaranmış “İldırım” təşkilatının səkkiz nəfər üzvü Sibirə göndərilmişdi. Tale elə qismət etdi ki, mən onlardan üçünü görməli oldum: İsmixan Rəhimov, Azər Ələsgərov və Gülhüseyn Hüseynoğlu. İ.Rəhimovla bir neçə il Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda birlikdə işləməli oldum.
Azərbaycanın müstəqilliyə gedən yoluna nəzər salanda, adama elə gəlir ki, vaxtıyla M.Ə.Rəsulzadənin Stalinə dediyi kəlam onlar üçün bir amal devizinə çevrilmişdi. Stalin Məmməd Əmindən soruşanda ki, 23 ay müddətində hakimiyyət dövründə nə etdiniz? M.Ə.Rəsulzadə çox yığcam, klassik bir cavab verir: “Azadlığın nə olduğunu xalqa dadızdırdıq”. Bəli, xalq bu “azadlığın dadını” bilirdi.
Gənc Bəxtiyar Vahabzadənin “Gülüstan” (1960) poeması gözlənilməz bir partlayış oldu. Poemanın dərc olunduğu “Şəki fəhləsi” qəzetinin redaktoru bunun əks-sədasını gözlərinin altına almışdı. B.Vahabzadəyə təzyiqlər başlayır. Şairin sonralar özünün etiraf etdiyi kimi onu MTN-də bir nəfərin müdafiə etdiyini duyurdu. Ancaq kim olduğunu bilmirdi. Sonralar bu adamın Heydər Əliyev olduğundan xəbər tutur.
1970-ci ildən Azərbaycan Xarici Dillər İnstitutuna
daxil oldum. Birinci kursda oxuyanda B.Vahabzadənin “Gülüstan”
poeması tələbə yataqxanasında əl-əl gəzirdi.
Tələbələr bu poemanın
üzünü köçürə-köçürə
bir-birlərinə ötürürdülər.
Yaxşı yadımdadır, 1970-ci il
dekabrın 16-da gecə həmin poemanın üzünü mən
köçürdüm.
Qoy
qalxsın ayağa ruhu Tomrisin
Qılınclar
qəzəbdən coşub parlasın
Azadlıq
yolunda qılınc qaldıran
İgid ataların goru çatlasın.
Taxta dirəkləri
torpağa deyil
Qoydular
Füzuli divanı üstdə
Yarıya
bölündü tam 150 il
Gəraylı, bayatı, muğam, şikəstə.
Həmişə
tufan, şimşək kimi, qasırğalı dəniz kimi təlatümlü
olan Xəlil Rza isə yazırdı:
Azadlığı
istəmirəm zərrə-zərrə, qıram-qıram
Qolumdakı
zəncirləri qıram gərək, qıram-qıram
Azadlığı
istəmirəm, bir həb kimi, dərman kimi
Azadlığı istəyirəm səma kimi, günəş
kimi, cahan kimi.
Xəstə
Məmməd Arazın canından bir vulkan püskürüb
hayqırdı:
Ayağa dur qoca vulkan səninləyəm.
Ayağa
dur Azərbaycan səninləyəm
Səndən
ötrü biz hamımız ölə billik
Səndən
ötrü biz hər şeyi bölə billik
Bu, Bəxtiyar
harayıdır,
Bu, Şəhriyar
harayıdır...
Ayağa dur, Azərbaycan, səninləyəm.
Nə yatmısan qoca vulkan səninləyəm.
Müstəqilliyə gedən yol müdhiş 20 Yanvar
faciəsindən keçdi. Bu da Azərbaycan
üçün ağır sınaq oldu. Azadlığa
gedən yolun ən güclü sipərlərindən idi.
Xalq nə qədər şəhid verdi. Hələ
yaralanıb əlil olanlar... Yenə Bəxtiyar
Vahabzadəyə üz tuturam - “Şəhidlər”
poemasına.
Bir qəfil
gülləyə qurban gedirkən,
Gözünü
sabaha dikdi şəhidlər
Üçrəngli
bayrağı al qanlarıyla
Vətən
göylərinə çəkdi şəhidlər...
Millət
millət olur xeyri-şərilə
İnsan-insan
olur əməllərilə
Torpağın
bağrına cəsədlərilə
Azadlıq toxumu səpdi şəhidlər.
Bəli, azadlıq toxumu səpilmişdi, o sürətlə
göyərməyə başladı.
1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan
özünün müstəqilliyini elan etdi. Yeni
hücumlar başladı. Azərbaycanın
müstəqil olması çox tərəfləri narahat
edirdi. 1992-ci il fevralın 26-da əsrin
faciəsi törədildi - Xocalı faciəsi. Nə
qocaya baxıldı, nə qadına, nə uşağa.
Nə qədər insan qırıldı, yaralandı, əsir
götürüldü... Məqsəd bir idi... Azərbaycan
müstəqil olmamalı...
Bununla da sakitləşmə olmadı. Gənc
müstəqil respublikanı parçalamaq üçün
ölkə daxilində vətəndaş müharibəsi
törədildi - Azərbaycan parçalanma təhlükəsi
qarşısında qaldı. Rəhmətlik Mir Cəlal
demişkən: “Yolumuz hayanadır?” Cənub bir tərəfə
çəkirdi, şimal bir tərəfə, Mərkəzdə
isə çox dəhşətli qarşıdurma baş verdi. Ermənilər fürsətdən
istifadə edərək, bir sıra ərazilərimizi
işğal etdilər. Keçmiş
İrəvan xanlığının ərazisindən
yaşı bilinməyən tarixdən bu yerlərdə
yaşamış azərbaycanlılar 1988-91-ci illərdə məcburi
surətdə öz yerlərini tərk etmişdilər - 200
mindən artıq əhali. İndi isə
Dağlıq Qarabağdan, işğal olunmuş Kəlbəcərdən,
Şuşadan, Laçından azərbaycanlıların
kütləvi şəkildə qovulması vəziyyəti
daha da ağırlaşdırırdı. Cəbhədən
də ard-ara vermədən şəhidlər gətirilirdi.
Yeri gəlmişkən
onu da xüsusi vurğulamaq istərdim ki, Qarabağ hadisələri
başlayanda həsrət dolu kövrəkliklə
xatırladığınız İrəvan
yaxınlığındakı Zəngibasar mahalının
Yuxarı Necili kəndinin sakini, hacı Sabir Mehdiyev evini dəyişib
Bakıya gələrkən yolda ermənilər tərəfindən
qətlə yetirildi. Azərbaycan Dillər
Universitetindəki tələbəmiz şair,
yazıçı, tərcüməçi Ülvi
Bünyadzadə 20 Yanvar hadisələrində şəhid
oldu. Xocalı faciəsi zamanı Yuxarı
Necilidə şagirdim olmuş Sara ermənilərin
atdığı qumbara nəticəsində qızı
Natavanla külə döndü. Toğana
yaxınlığındakı döyüşlərdə Gəncə
cəsuru kimi tanınan Yuxarı Necili kəndinin yetirməsi Bəxtiyar
Əliyev şəhid oldu. 1991-94-cü il
Qarabağ döyüşlərində Yuxarı Necili kəndindən
olan dörd igid oğlan qəhrəmanlıqlar göstərərək
şəhid oldular. Onların dördü də
Şəhidlər Xiyabanında uyuyur-Hüseynov Əli, Kərimov
Mirəziz, Quliyev Nemət, Qəmbərov Arif.
Bəli, respublika həddindən artıq ağır vəziyyətdə
idi. Belə bir dövrdə sanki ulu Tanrı Heydər
Əliyevi Azərbaycan üçün bir xilaskar kimi qoruyub
saxlamışdı. Xalqın arzusu, ziyalıların dəvətilə
Heydər Əliyev Bakıya gəldi, nə qədər
çətinliklə də olsa, ölkənin daxilində
sabitlik yaratmağa nail oldu, atəşkəslə
bağlı razılaşma əldə etdi, əsrin
müqaviləsini həyata keçirdi (1994), qiyamların
qarşısını aldı, xarici siyasəti gücləndirdi,
iqtisadiyyatı yüksək dərəcədə inkişaf
etdirə bildi. Əlbəttə, müharibə
şəraiti, torpaqlarının 20 faizinin işğal
olunduğu, bir milyondan artıq qaçqınlı bir ölkədə
normal şəraitin yaradılması həddindən artıq
çətin idi. Bunun üçün
Heydər Əliyev kimi yüksək səviyyəli təşkilatçı
rəhbər və peşəkar, dahi siyasətçi
lazım idi.
Erməni hərbi qoşunları silahlı qüvvələri
tərəfindən Azərbaycanın Dağlıq
Qarabağla yanaşı, Kəlbəcər, Laçın,
Qubadlı, Füzuli, Cəbrayıl, Ağdam və Zəngilan
rayonları işğal olundu. BMT-nin Təhlükəsizlik
Şurası işğal olunmuş ərazilərin azad
olunması üçün dörd qətnamə qəbul
etdi. Ancaq Ermənistan tərəfi bu qətnamələrin
heç birini yerinə yetirmədi. ATƏT-in Minsk qrupu,
dünyanın üzdə olan dövlətlərinin - ABŞ,
Rusiya və Fransanın həmsədrliyi ilə münaqişənin
yoluna qoyulması üçün nə qədər
görüşlər keçirildi, həmsədr dövlətlərin
nə qədər nümayəndələri dəyişdi, təzələndi,
heç bir nəticə hasil olmadı. Bu sədrlərin
oynadığı ikili oyunların həqiqəti əks etdirməməsi,
BMT-nin gücsüzlüyü, yəni heç bir qəti hərəkət
edə bilməməsi, verdiyi qətnamələrin
kağız üzərində qalması, bir çox Avropa
dövlətlərinin Ermənistanı -
işğalçı dövləti dəstəkləməsi
onun rəhbərlərinin daha da sözün əsl mənasında
azğınlaşmasına gətirib çıxardı.
Heydər Əliyevdən sonra onun layiqli varisi,
davamçısı Prezident İlham Əliyev də nə qədər
görüşlər keçirsə də Ermənistan rəhbərliyi
öz düşündüyü kimi hərəkət etdi.
Hətta azğınlaşma o yerə
çatdı ki, Ermənistan rəhbərliyi “Qarabağ Ermənistandır,
nöqtə” qıcıqlandırıcı şüarına
qədər gəlib çıxa bildi. Azərbaycan
Respublikasının Prezidenti isə 2019-cu il
oktyabr ayının 3-də Soçidə keçirilən
Valday forumunda “Qarabağ Azərbaycandır, nida” deyərək
daha sərt cavab verdi.
Haşiyə:
2019-cu il dekabr ayının 12-də
ümummilli lider Heydər Əliyevin anım günü
münasibətilə ADU-nun Qafqazşünaslıq
kafedrası müdiri kimi mənim təşəbbüsümlə,
erməni dili müəllimləri Hüseyn Əsgərov və
Aydın Eyvazovun zəhmətilə tələbələr tədbir
hazırlamışdılar. Mövzular belə idi: “Heydər
Əliyevin həyatı”, “Heydər Əliyev və Ermənistandan
azərbaycanlıların deportasiyası”, “İlham Əliyev
Heydər Əliyevin layiqli davamçısıdır”,
“İlham Əliyevin Soçi görüşü, Valday
çıxışı”, “İlham Əliyevin Aşqabad
görüşündəki çıxışı”. Tələbələr çıxışın məzmununu
əvvəlcə Azərbaycan dilində, sonra ermənicə
heç bir qeydə baxmadan söyləyirdilər. Tədbirin sonu hamılıqla müəllim-tələbəli
“Qarabağ bizimdir, bizim olacaq”, “Qarabağ bizimdir, bizim olacaq”
sözlərilə həm Azərbaycan, həm erməni dilində
səsləndirilərək yekunlaşdı. Elə tələbələr yetişdirməyə
çalışırıq ki, lazım gələndə
düşməni öz dilində yerində oturtmağı
bacarsın.
Bu gün Prezident İlham Əliyevin ən böyük
üstünlüklərindən biri öz fikirlərini
dünyanın ən yüksək tribunalarından rus və
ingilis dillərində mükəmməl şəkildə təqdim
edə bilməsidir.
On il
İrəvandakı erməni qaynaqlarında elmi
axtarışlar aparılması Ermənistan Qədim
Əlyazmalar İnstitutunda - Matenadaranda, Ermənistan Xalq
Yaradıcılığı Evində, Ədəbiyyat və
İncəsənət Muzeyində sübut etməyə
çalışmışam ki, ermənilərdə
bayatı olmamış, onlar uzun əsrlər boyu Azərbaycan
bayatılarından istifadə etmişlər. 1991-ci
illər professorlar Mirəli Seyidov və Teymur Əhmədovun
rəhbərliyi altında dissertasiyanı müdafiə etdim.
Tez-tez ermənilərin bu elmi mərkəzlərində
“Böyük Ermənistan” xəritəsinin asıldığına
rast gəlirdim, bir-birlərinə görürsən
“böyük Ermənistan” xəritəsini quru
lovğalıqla göstərir və bu xülya ilə
öyünərək yaşayırdılar.
1827-ci ildə İrəvan xanlığı 30 ilə qədər
apardığı inadlı mübarizədən sonra
süquta uğradı. İrandan, Türkiyədən ermənilər
gətirilib İrəvan xanlığı, Qarabağ
xanlığı ərazisinə yerləşdirildi.
1918-ci ildə
azərbaycanlıların əski mədəniyyət mərkəzlərindən
olan İrəvan ermənilərə güzəşt edildi -
9 min kvadrat km. Sonra Zəngibasar, Vedibasar, Çərnibasar, Dərəçiçək
mahallarını tutub özlərinə ərazi etdilər.
1929-cu ildə Azərbaycanın rəhbəri Levon Mirzoyan
Meğrini ermənilərə verdi.
1948-53-cü illər deportasiya zamanı Qərbi Azərbaycanda
nə qədər azərbaycanlıların məskunlaşdığı
yerlərdə ermənilər yerləşdirildi.
1988-91-ci illərdə sonuncu azərbaycanlıya qədər
Qərbi Azərbaycandan qovuldu.
1991-94-cü illərdə Azərbaycan
torpaqlarının 20 faizi erməni silahlı qüvvələri
tərəfindən işğal edildi. Son təxminən 200 il müddətində Azərbaycan
torpaqlarını itirə-itirə gəldi. Ermənilər
sözün əsl mənasında sanki şirəyə
batdı. Həvəslənərək yeni
torpaqlar iddiasına düşdülər.
30 il danışıqlar getdi. Heç
nəticə vermədi. Ermənistanın
baş naziri Paşinyanın “Qarabağ Ermənistandır”
sözləri Prezident İlham Əliyevin dönə-dönə
vurğuladığı kimi, bütün danışıqları
alt-üst etdi. Prezident böyük
tribunalardan bəyan etdi ki, Ermənistan böyük müharibəyə
hazırlaşır. Bütün dünya
susdu. Və nəhayət, sentyabr ayının 27-də
Ermənistan silahlı qüvvələri atəşkəsi
yenidən pozaraq, Azərbaycan ərazilərini atəşə
tutduqda, ordumuz düşmənə layiqli cavab verdi.
Bəsdir, artıq vaxt çatmışdır.
Azərbaycan ordusu işğal olunmuş əraziləri
təmizləməyə başladı. Torpaqlarımız
işğaldan azad olunduqca, ordumuz hücuma keçdikcə,
indiyə kimi susmuş, ikili mövqe tutan dövlətlər,
onların başçılarının səsi
çıxmağa başladı. O dövlətlər
ki, BMT-də Lissabon Sammitində də Azərbaycanın ərazi
bütövlüyünü təsdiqləyiblər.
Nə qədər
gülünc, qəribə ifadələr səsləndirirlər:
Azərbaycanla Ermənistan arasında gedən müharibədən
narahatdırlar. Bəs nə etməli? Azərbaycan torpaqlarının 20 faizi erməni
tapdağı, işğal altında qalsa onda bu dövlətlər
narahat olmayacaqlar? Rüsvayçılığın
da, haqsızlığın da dərəcəsi olar. Müharibə harada gedir? Azərbaycan
ərazisində. Təcavüzkar kimdir?
Ermənistan Azərbaycandan nə istəyir?
Öz torpaqlarını işğaldan azad.
Prezident İlham Əliyevin dediyi kimi: “Daha Azərbaycan 30 ildə
dözə bilməz. Buna son qoyulmalıdır və
son qoyulacaq!”
Vaxtıyla
Azərbaycanın Ali Sovetinin iclasında Xalq şairi Qabilin
dediyi kimi: “Sülhə qurban kəsərəm, mən də
qan istəmirəm”. Ancaq Azərbaycan uzun
müddətdən sonra, boş “sülh”
danışıqlarının heç bir məntiqli yekunu
olmadığını görüb, ordusuna, baş
komandanına arxalanaraq, inanaraq işğaldan azad hücumuna
başladı. Qabilin yenə dediyi kimi: “Ümid sənədir
ancaq, Azərbaycan əsgəri”. 1996-cı ildə ADU-nun bir
qrup müəllimi dosentlər Məhəmməd Teymurlu, Həsən
Baxşıyev, Rəna Məmmədova, Xalq
yazıçısı Sabir Əhmədli və tələbələrlə
Murovda, Tərtərdə əsgərlərlə
görüşə getmişdik. Təbii ki, imkanımız
daxilində sovqatlarla - xeyli poliver, corab, şirniyyat, siqaret... Murovda, Tərtərdə 12 görüş
keçirdik. Görüşlər bir-birindən
maraqlı olsa da arıq, cəld, çevik bir oğlanın -
əsgərin çıxışı həmişə
qulağımda cingildəyir: “Biz bura emənini gəbərtməyə
gəlmişik”. Bəli, indi əsgərlərimiz
torpaqlarımıza göz dikən düşmənləri,
sözün əsl mənasında, o cəsur oğlanın
dediyi kimi gəbərdirlər və gəbərdəcəklər.
Qeyd olunduğu kimi, Azərbaycan ordusu hücumu genişləndirib,
Ermənistan ordusuna zərbələr endirib,
torpaqlarını azad etdikcə, öz haqq işini davam
etdirdikcə bir çox dövlətlər, ölkələrin
prezidentləri sözün əsl mənasında
yuxularını qarışdırdılar. Bizcə, ən
çox narahat olan isə Fransa prezidenti Emmanuel Makrondur. Onun bu qədər canfəşanlığının
səbəbi isə təbii ki, ermənilərdir. Qeyd edim ki, Fransanın Azərbaycanda şirkətləri
fəaliyyət göstərir və onlar buradan külli
miqdarda vəsait qazanırlar.
Dəfələrlə Fransada olmuşam. Dahi Viktor Hüqo haqqında
yazdığım monoqrafiyalar Fransadakı bir sıra
universitetlərə, elmi mərkəzlərə, Parisdə və
Bözansonda Hüqonun ev muzeylərinə
hədiyyə etmişəm. Sonralar bu
kitabları Fransa, ABŞ, Almaniya, İngiltərə, Kanada,
Hindistan və İsveçdə nəşr etdirdim. 2014-cü ildə məndən Hüqo ilə
bağlı təxminən 40 dəqiqə müsahibə
götürüldü, ancaq qəzetdə 3-4 cümlə mənim
haqqımda yazı getdi. Ermənilər
çox ciddi şəkildə mane oldular. Redaksiyaya gedib
“Siz ermənilərin əlində oyuncaqsınız, əgər
siz bizim Nizami, Füzuli haqqında kitab yazsaydınız, biz
sizi gözümüzün üstündə saxlayardıq” -
deyib, təxminən 500 səhifəlik Azərbaycan və
fransız dillərində monoqrafiyalarımı təkidlə
geri alıb qayıtdım. Hətta Frans-Konte
regionunun konseyi Feyzo da “L EST republicain” qəzetinin
redaksiyasına mesaj göndərdi və mənim haqqımda məqalə
dərc edilməsini xahiş etdi. Onu
xüsusi vurğulayırdı ki, iyulun 22-də o,
bütün dünyanın fransız dilli müəllimlərini
qəbul etdim. Onların arasında Azərbaycandan
gəlmiş cənab Zeynalov Hüqo haqqında çoxlu
kitablar yazmış, onun əsərlərini öz dillərinə
tərcümə etmişdir. Cənab
Zeynalov haqqında qəzetinizdə məqalə verməyinizi
xahiş edirəm. Ancaq heç nə
alınmadı. Erməni lobbisi öz
bildiyini etdi.
Möhtərəm
Prezidentimiz çox haqlı olaraq dedi ki, əgər Makron istəyir
qoy Marseli ermənilərə versin, adını da qoysun
Dağlıq Qarabağ, yəni bizim torpağımızla
özünə dost qazanmasın.
Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılov haqqında çox oxumuş və bu yayda onun ev-muzeyində də olmuşam. Fransanın işğaldan azad edilməsində bu adam nə qədər ölümün astanasından keçib. Təsadüfi deyildir ki, 1966-cı ildə Şarl de Qoll yeganə görüşmək istədiyi adam, keçmiş silahdaşı, sadiq dostu Armed Mişel olmuşdur. Həyatdakı təzada bax! Biz Fransanın azadlığı uğrunda vuruşuruq, Makron isə Azərbaycan torpaqlarının işğal altında qalmasının tərəfdarıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif ölkələrin müxbirlərinə verdiyi müsahibələr və tutarlı, kəskin bəyanatlar, eləcə də ordumuzun qazandığı uğurlar bütün xalqda böyük ruh yüksəkliyi yaratmış, saysız-hesabsız könüllülər döyüşə getməyə hazır olduqlarını bildirmişdilər. Azərbaycan Prezidenti dönə-dönə bəyan etdi ki, artıq heç bir status-kvodan, təmas xəttindən söhbət gedə bilməz. Mən bunun üstündən xətt çəkdim. Döyüş meydanında.
Görünür yeni təxribatlara əl atmaqla, onlar öz qəbirlərinin qazılmasını sürətləndirirlər. Nə atəşkəs, nə yalvarışlar, dövlətlərin başçılarını dəng etmələr onlara kömək etməyəcək. Ulu Tanrının böyüklüyü, köməkliyi, Ali Baş Komandanın rəhbərliyi və qəhrəman Ordumuzun şücaəti ilə Azərbaycan torpaqları işğaldan tezliklə tamamilə azad olacaqdır.
Əsgər ZEYNALOV,
filologiya elmləri doktoru, professor.
Respublika.- 2020.- 17 oktyabr.- S.10.