Müstəqillik xalqımızın milli sərvətidir
18 oktyabr Dövlət
Müstəqilliyi Günüdür
İstiqlaliyyət xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir. Bu tarixi günümüzün ölkəmizdə hər il təntənəli şəkildə bayram edilməsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəm təməllər üzərində qurulduğunu və əbədi olduğunu bir daha sübut edir.
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Həmin gün respublika parlamenti - Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi Sovet İttifaqının dağılması kimi qlobal geosiyasi proseslər fonunda baş verdi. Nəhəng imperiyanın iflası müstəqil respublikalarının hamısı üçün müstəqil dövlətçiliyin yolunu açmışdı.
Bununla belə, ölkəmiz üçün müstəqilliyə qovuşmaq göydəndüşmə olay deyildi. Azərbaycan xalqı istiqlal ideyasını özündə yaşatmışdı.
Azadlıq, müstəqillik əldə etmək, dövlətçiliyi qoruyub saxlamaq, onu möhkəmləndirmək hər bir xalqın arzusu, nicat yoludur. XX əsrdə ilk dəfə tarixi şərait nəticəsində müstəqil Azərbasycan dövlətinin yaranması və inkişafı üçün imkanlar meydana gəlmişdir. Birinci dəfə əsrin əvvəllərində Şərqdə ilk parlamentli respublika olan AXC yarandı. 23 ay yaşamasına baxmayaraq, demokratik və mütərəqqi islahatlar keçirilməsinə nail oldu. Xalqımız XX əsrin sonlarında yenidən öz dövlət suverenliyini bərpa etdi, müstəqil Azərbaycan Respublikası yarandı.
Lakin ilk illərdə ölkədə vətəndaş qarşıdurması yarandı, hərc-mərclik hökm sürürdü. Azərbaycan parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Dövlət o dövrün səriştəsiz hakimiyyət rəhbərlərinin fəaliyyəti ucbatından uçurum qarşısında qalmışdı.
Musavat - AXC iqtidarı dövründə həm sosial-iqtisadi, həm də ictimai-siyasi istiqamətdə atılan uğursuz addımlar ölkə həyatının bütün sahələrində öz mənfi təsirini göstərirdi.
Belə bir vaxtda ölkəni yalnız siyasət aləmində böyük təcrübəyə malik xalqın inandığı dahi şəxsiyyət xilas edə bilərdi. Bu fenomen şəxsiyyət Azərbaycan xalqının tarixində və taleyində rolu və xidmətləri ilə ümumxalq məhəbbəti qazanmış görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev idi.
Ulu öndər 1993-cü ildə xalqın xahişi və təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. Sözsüz ki, təhlükələrlə dolu olan bir dövrdə belə bir addım atmaq böyük cəsarət tələb edirdi. Xalqının, ölkəsinin taleyini öz şəxsi həyatından həmişə üstün tutan Heydər Əliyev yaxşı görür və bilirdi ki, Azərbaycanı parçalamaqdan, bir dövlət kimi siyasi xəritədən silinməkdən xilas etmək üçün siyasi hakimiyyətə qayıtmaq lazımdır.
Bu, böyük qayıdış, xalqın ümidlərinin bərpası, onun öz xilaskarına qovuşması idi. Ölkədə özbaşınalıq, hakimiyyətsizlik hökm sürürdü. Bəzi yerlərdə seperatçılıq meyilləri güclənir, cinayətkar ünsürlər legitim dövlət nümayəndələrinə meydan oxuyur, şəhər və rayonlarda ağır cinayətlər törədilir, ziyalılar ölkəni tərk edir, silahlı qruplaşmalar arasında hakimiyyət davası gedirdi. Orduda, cəbhə xəttində hərbi intizam yox idi.
Bundan istifadə edən erməni silahlı birləşmələri Dağlıq Qarabağı və ətraf rayonları bir-birinin ardınca işğal etdilər.
“Heydər-xalq” birliyi ölkəmizi bütün bəlalardan xilas edib qorudu. Müdrik rəhbər Heydər Əliyevin qətiyyəti, müstəqillik siyasəti sayəsində dövlətçiliyimizi qoruyub saxlaya və onun əbədiliyini təmin edə bildik. Məhz bu dahi şəxsiyyətin hakimiyyəti dövründə demokratik dəyərlərə əsaslanan ilk milli Konstitusiya qəbul edilmiş, ilk milli parlament formalaşdırılmış, azad və ədalətli seçkilər keçirilmişdir. Ölkədə iqtisadi islahatlar uğurla aparıldığından qısa müddət ərzində Azərbaycan dinamik inkişaf yoluna çıxmışdır.
Ümummilli liderimiz Heydər Əliyev zəngin biliyi və təcrübəsi əsasında həm də Azərbaycanın yeni dövrü üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktik əsasda göstərmişdir. Ulu öndərimiz mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək onu həyata keçirmişdir.
Müstəqil Azərbaycanın yeni neft srtategiyasının hazırlanaraq həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biridir. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf yolunda daha qabarıq görünür. Ulu öndərin strategiyası Azərbaycana böyük uğurlar gətirdi. Bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etmək idi. Beləliklə, xalqın və dövlətin iqtisadi maraqlarıyla yanaşı, ölkənin milli təhlükəsizliyi də təmin olunmağa, möhkəmlənməyə başladı.
Bu gün müstəqil Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə dünyada lider mövqeyə malik olan, regional və dünya əhəmiyyətli iri iqtisadi layihələri uğurla gerçəkləşdirən, hüquqi cəmiyyət quruculuğu yolunda inamla addımlayan, bütün sahələrdə bir-birinin ardınca əldə etdiyi mühüm nailiyyətlərlə öz gələcəyinin etibarlı təməlini qoyan bir ölkədir.
Azərbaycanın bugünkü uğurlu inkişafı hər bir azərbaycanlının qəlbində müqəddəs və işıqlı xatirə tək yaşayan dahi şəxsiyyət Heydər Əliyevin müdrik uzaqgörən siyasəti və bu kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirməsi hesabına mümkün olub.
Ümummilli liderimiz Heydər Əliyev əminliklə deyirdi: “Müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokrat prinsipləri, insan azadlığı, demokratik islahatlar sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır”.
Qürur hissi keçiririk ki, cənab Prezident İlham Əliyevin bütün sahələrin inkişafı üçün qətiyyətli addfımları müstəqilliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir. Müstəqil Azərbaycan günbəgün tərəqqi edir, dünyanın qüdrətli dövlətlərindən birinə çevrilir. Müstəqillik həqiqətən də xaqlımızın ən böyük tarixi nailiyyətidir.
Ağacan ABİYEV,
Əməkdar Elm xadimi, professor.
Respublika.- 2020.- 18 oktyabr.- S.9.