Tarixi ədalət bərpa olunur

 

 

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində bu gün ordumuza göstərilən diqqət sayəsində müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır. Çox böyük qürurverici haldır ki, bu dəfə də silahlı qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə qadir olduqlarını nümayş etdirdilər. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla nümayiş etdirdilər. Təbii ki, bütün bunlar Ali Baş Komandan cənab İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında reallaşdırılır.

2016-cı il aprelin 2-nə keçən gecə cəbhə xəttində baş verən qanlı döyüşlərə səbəb yenə də ermənilərin növbəti təxribatlara cəhdi olmuşdur. Ancaq görünür, bu dəfə Milli Ordumuz düşmənə layiq olduğu yeri göstərdi. Böyük itkilər verən Ermənistan hərbçiləri çıxış yolunu qaçıb canlarını qurtarmaqda gördülər. Belə də olmalı idi. Çünki bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə güclü nizami ordu qurulub, Silahlı Qüvvələr müasir texnika, hərbi sursatla təchiz olunub və bölgənin ən güclü ordusuna çevrilib. Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti gündən-günə artır, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində zəruri addımlar atılır. Hərbçilərin sosial müdafiə məsələlərinin gücləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ordumuza xidmət edənlərin əksəriyyəti gənclərdir. Onlar milli vətənpərvərlik ruhunda tərbiyə alırlar, ümidləri doğruldur və Vətənin hər qarış torpağı uğrunda canlarını qurban verməyə hazırdırlar. Müharibə və atəşkəs zamanında itkilər vermək təbii haldır. Vətən, torpaq uğrunda həlak olmuş bütün şəhidlərimiz bizim fəxrimiz, qürurumuzdur. Biz onların ruhu qarşısında baş əyirik.

Sülh çağırışlarına məhəl qoymayan Ermənistan sentyabrın 27-də səhər saatlarında qoşunların təmas xəttində növbəti genişmiqyaslı təxribata əl atdı. Buna cavab olaraq Azərbaycan Ordusunun Komandanlığı tərəfindən silahlı qüvvələrin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar qəbul edildi. Şübhə yoxdur ki, Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü tam bərpa edəcək. Bu günlərdə təmas xəttində baş verən döyüşlərdə ağır məğlubiyyətə uğrayan Ermənistan tərəfi Azərbaycan Milli Ordusunun hansı qüdrətə malik olduğunu gördü. Düşmənə bəlli oldu ki, Azərbaycan Ordusu həm peşəkarlıq, həm texniki, həm də hazırlıq baxımından nəinki Qafqazda, hətta dünyada ən yüksək səviyyədədir. Bizim ordu ilə üz-üzə gəlməyə qadir olmadığını görən Ermənistan tərəfi dərhal beynəlxalq təşkilatların qapısını döyərək, yenidən ənənəvi əzabkeş obrazına girdi. Döyüşlər barədə saxta məlumatlar yaymaqla dünya ictimaiyyətini aldatmağa cəhd etdi. Lakin reallıq başqadır: döyüşlər işğal edilmiş Azərbaycan torpaqlarında gedir, bu isə o deməkdir ki, bundan əziyyət çəkən məhz bizim mülki şəxslərdir. Artıq bunu beynəlxalq aləm də çox yaxşı bilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 27-də xalqa müraciətində demişdir: “Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyk zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, onda hansı danışıqlardan söhbət gedə bilər?! Bununla paralel olaraq, Ermənistanın rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edir ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır. Bu da danışıqlar prosesinə vurulan böyük zərbədir. İlk növbədə, Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq. İkincisi, danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışıqları pozmaqstatus-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və bu, o deməkdir ki, işğala son qoyulmalıdır”.

Azərbaycan işğalla heç zaman barışmayacaq. Azərbaycanın tam haqqı var ki, öz torpaqlarını işğaldan azad etsin. Tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət Azərbaycan əsgərinin tərəfindədir. Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi ki, əgər iyul avqust aylarında Azərbaycana qarşı törədilmiş hərbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq. Təəssüf ki, Ermənistan bu xəbərdarlıqdan nəticə çıxarmadı, yeni təxribatlar törətməyə çalışdı bunun da layiqli cavabını aldı.

Ölkə Prezidenti cənab İlham Əliyev erməni işğalçılarının sentyabrın 27-dən başladıqları hərbi təxribat nəticəsində yaralanan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündəki çıxışında Silahlı Qüvvələrimizin ölkənin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərə başlamasını yüksək dəyərləndirib. 2020-ci ilin 27 sentyabrı ümumilikdə xalqımızın yaddaşında qalacaq. Xalqın hafizəsinə bu tarix əbədi yazılacaqdır. Ona görə ki, 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlancığı oldu.

Erməni vandallarının təxribat cəhdi dərhal Azərbaycan Ordusunun daha sərt üzü ilə qarşılaşdı. Yenilməz xalqımız, dövlətimiz, ordumuz yumruq kimi birləşdi, səfərbər oldu. Dağlıq Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi səbir kasası daşmış xalqı heç nədən çəkinməməyə vadar edir.

Azərbaycan xalqı bu gün həm həyəcanlı, həm də qürurverici günlərini yaşayır. Cəbhə bölgəsində Azərbaycanın ərazilərini qoruyan, ölkəmizin təhlükəsizliyinin keşiyində dayanan ordusu ilə yanaşı, onunla daim bir olan, əldə etdiyi qələbələrlə fəxr edən xalqımız var. Xalqla ordunun birliyi həm xalqın, həm ölkənin qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir. Möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi, bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir. Xalqımızın mərd, igid oğulları torpaqlarımızı yağı düşməndən azad etmək naminə canlarından keçirlər.

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində bir neçə yaşayış məntəqəmiz işğaldan azad olunub. Xalqa təbrikində dövlətimizin başçısı cənab İlham Əliyev bəyan etmişdir ki, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Tarixi ədalət bərqərar olacaq, biz uzun müddət düşmən tapdağı altında qalmış müqəddəs yurd yerlərimizə qayıdacağıq. Ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu çətin, məsuliyyətli, eyni zamanda, şərəfli günlərdə xalqımız bütün varlığı ilə Ali Baş Komandanın, Milli Ordumuzun yanındadır. Bu gün bütün xalqımız, bu müqəddəs savaşın önündə gedən, Vətən uğrunda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə fəxr edir.

Azərbaycan Ordusu Prezident, Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində layiqli zəfər çalacaqdır. Vətənimizin hər qarış torpağı müqəddəsdir. Bütün xalqımız möhtərəm Prezidentimizə arxalanır, güvənir. Qələbə bizimlədir!

 

Namizəd İSMAYILOV,

Qaradağ rayon MKTB-nin rəisi.

 

Respublika.- 2020.- 18 oktyabr.- S.10.