Zəfər, qələbə Azərbaycanındır
Bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərindən birini yaşayır. Azərbaycan Ordusu gücü, qüdrəti hesabına cəbhənin bütün istiqamətlərində mövqelərini gündən-günə möhkəmləndirir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazır. Ölkəmizdə həqiqətən də vahid bir mövqe var: Xalq-Dövlət-Ordu birliyi.
Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində bu gün ordumuza göstərilən diqqət sayəsində silahlı qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır. Çox böyük qürurverici haldır ki, bu dəfə də silahlı qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə qadir olduqlarını nümayiş etdirirlər. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla sübut edirlər. Təbii ki, bütün bunlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında reallaşdırılır. Bu gün hər kəs yaşından, cinsindən, milli, siyasi, dini mənsubiyyətindən asılı olmayaraq, Prezidentin ətrafında sıx birləşib.
Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində demişdir: “Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır. Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”.
Bu gün böyük qürur hissi ilə qeyd edə bilərik ki, nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan işlər müsbət nəticəsini göstərir. Ordumuzun döyüş ruhu, hazırlıq səviyyəsi düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin mənəvi-psixoloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün böyük imkanlara malikdir. Bu gün hər birimiz özümüzü hər an qələbəyə doğru addımlayan qüdrətli bir dövlətin vətəndaşı hesab edirik.
Məlum olduğu kimi, bu ilin sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutmuşdur. Müstəqil Azərbaycanın rəşadətli, mətin, qüdrətli ordusu düşmənin bütün cəhdlərinin qarşısını layiqincə aldı. Sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.
27 sentyabr xalqımızın yaddaşından, hafizələrindən, hərb tarixindən silinməyəcək. Məhz həmin gün 32 ildən bu yana davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Öz murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkətlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən insanlıq düşməni nasist və faşist Ermənistan, quldur erməni silahlı birləşmələri növbəti dəfə və bütövlükdə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Dərhal Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun daha kəskin, daha sərt üzü ilə qarşılaşdı. 32 ildir səbir edən, dözüm göstərən Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca yenidən səfərbər və tək yumruq oldu, düşmənin cavabının yalnız müharibə, hərb, savaş olduğuna qərar verdi. Beləliklə, Qarabağ münaqişəsinin həllində hərb variantına keçildi, illərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi ilə alışıb-yanan Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu Vətən müharibəsinə başladı.
Bu günlər bütün xalqımızın nəbzi şanlı Ordumuzla birgə döyünür. Çünki vaxt gəlib, vədə yetişib, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın azadlığı uğrunda öz müqəddəs missiyasını yerinə yetirməyə başlayıb. Hər gün cəbhədən zəfər dolu xəbərlər eşidirik, düşmən bütün cinahlarda sıxışdırılır, bölmələrimizin sarsıdıcı zərbələri ilə məhv edilir. Sağ qalan erməni hərbçiləri isə illərdir möhkəmləndirdikləri mövqeləri tərk edərək geriyə qaçırlar. Artıq erməni ordusu Azərbaycan Silahlı Qüvvələrinin, qəhrəman əsgər və zabitlərimizin qarşısında duruş gətirə bilmir. Əminik ki, Ordumuz cənab Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğalçılardan tamamilə təmizlənməsinə nail olacaq və 30 il yurd həsrəti ilə yaşayan soydaşlarımızın doğma ocaqlarına dönməsini tam təmin edəcəkdir. Ermənistanın növbəti hərbi təxribatının qarşısını alan Azərbaycan Ordusunun bütün cəbhəboyu əks əməliyyata başlaması ölkə ictimaiyyətinin dərin sevincinə səbəb olub. Çünki bu günü xalqımız səbirsizliklə gözləyirdi. Torpaqlarımızın azadlığı uğrunda vətən müharibəsinin başlanması həm də Azərbaycan xalqının həmrəyliyini, o cümlədən siyasi baxışlarından asılı olmayaraq, dövlətçilik və milli maraqları rəhbər tutan bütün partiyaların Azərbaycan Prezidentinin ətrafında sıx birləşdiyini göstərdi.
Son hadisələr Azərbaycan Silahlı Qüvvələrinin gücünü və yüksək döyüş qabiliyyətini aydın nümayiş etdirdi. Erməni işğalçıları əmin oldular ki, onların qarşısında 1990-cı illərin əvvəllərində olduğu kimi, pərakəndə hərbi dəstələr deyil, peşəkar, ən müasir silahlarla təchiz olunan döyüşkən nizami ordu dayanıb. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir. Son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüququn tələbləri kobud şəkildə pozularaq Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektlər iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutulur.
Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. Döyüş meydanında acı məğlubiyyətlə üzləşən Ermənistanın silahlı qüvvələri mülki əhalini hədəf alır. Hədəf kimi əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektləri - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, eləcə də Mingəçevir şəhərləri ilə yanaşı, Abşeron, Xızı, Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Daşkəsən, Goranboy Ermənistan ordusunun artilleriya atəşinə məruz qalıb. Xeyli sayda dinc sakin həlak olub. Mülki əhaliyə külli miqdarda ziyan dəyib. Düşmən bu təhlükəli addımını hələ də davam etdirir. Azərbaycan Ordusunun peşəkarlığı sayəsində bu addımların qarşısı alınır.
Hamımız üçün müqəddəs sayılan torpaqlarımızın bir hissəsinin azad olunması onu göstərdi ki, Vətənimizin hər qarışı uğrunda canımızdan keçməyə hazırıq. Təki Müstəqil Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Artıq böyük qələbələrimiz də var. Belə ki, Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad olunub. Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzulinin, Cəbrayılın, Tərtərin kəndləri, Xocavənd rayonunun Hadrut qəsəbəsi, bunlardan başqa, Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad edilib. Artıq Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalanır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstagram səhifəsində oktyabrın 18-də etdiyi paylaşımda deyilir: “Azərbaycan ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə də olsun yenidən görmək arzusunda idi! Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir. Bu, ədalətin təntənəsidir! Ona görə ki, bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızın torpaqlarıdır. Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.
Azərbaycan Ordusunun qısa zamanda həyata keçirdiyi uğurlu əməliyyatlar - düşmənin çoxlu sayda canlı qüvvəsinin və zirehli texnikasının, habelə strateji əhəmiyyətli hərbi bazalarının güclü atəş zərbəsi ilə məhv edilməsi, mühüm əhəmiyyətli ərazilərimizin geri qaytarılması, xalqımızın böyük coşqusu, sevinci və mənəvi dəstəyi ilə qarşılanır. Bununla da, bir daha təsdiqləndi ki, ən müasir texnika və hərbi avadanlıqlarla təchiz olunmuş Azərbaycan Respublikasının Silahlı Qüvvələri vətənpərvər, yüksək döyüş hazırlığına və ruhuna malik, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş peşəkar kadrlardan ibarət olmaqla, Ali Baş Komandanın əmri ilə qısa zamanda torpaqlarımızın işğaldan azad olunmasına qadirdir.
Hər bir Azərbaycan vətəndaşı ürəkdən əmindir ki, Azərbaycanın işğal altında olan bütün ərazilərinə öz üçrəngli bayrağını sancacağı, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdacağı gün uzaqda deyil. Zəfər, qələbə Azərbaycanındır!”.
Elbrus PAŞAYEV,
“Azdövsutəslayihə” İnstitutunun direktoru,
Azərbaycan Respublikasının Əməkdar mühəndisi,
texnika elmləri namizədi.
Respublika.- 2020.- 20 oktyabr.- S.13.