Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq arenada apardığı siyasi və diplomatik missiyanın uğurunu Ali Baş Komandan kimi verdiyi dəqiq və düzgün qərarlarla cəbhədə Azərbaycan əsgəri tamamlayır.

 

Bu deyilmiydi, əcdadların min illik hayqırtısı? Bu deyilmiydi, minlərlə şəhidimizin ruhunun bizdən istəyi?

 

Ölkədə aparılan uzunmüddətli iqtisadi, siyasi, hərbi və digər sahələrdəki islahatların məntiqi nəticəsi artıq əməli şəkildə özünü göstərir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasi kurs artıq bar verir, bəhrəsini bütün Azərbaycan xalqı aydın şəkildə görür. Bu nəinki ölkəmizdən görünür, sosial şəbəkələr, xəbər agentlikləri və müxtəlif xarici ölkələrdəki beyin mərkəzlərinin yazı və münasibətlərindən aydın olur ki, bütün dünya bunu müşahidə edir, görür.

 

Biz müəllimik. Qarşımızda dəqiq hədəf var: böyüməkdə olan nəslin təlimini təşkil etmək, onları milli və dünyəvi dəyərlərlə tərbiyə etmək. Hazırda gözəl vətənimizin fıravanlığı, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ordumuzun müzəffər yürüşü, təkcə ölkəmizdə yox, bütün Qafqazda sülhün, sabitliyin bərqərar olunması istiqamətində əks-hücum əməliyyatları nə qədər müqəddəs missiya daşıdığımızı isbatlayır. Və Azərbaycan ordusu bölgədə sülhünsabitliyin, stabilliyin qarantı kimi çıxış edir. Erməni davranışları faşist davranışlarıdır, faşizmə qarşı isə bütün dünya ziyalıları, yazıçı və alimləri, aydınları çəkinmədən mübarizə aparmalıdır. Eyni hal dünyada təxmini olaraq 100 il əvvəl baş verirdi. O zaman dünya yazıçıları, filosofları hər kəsə bədii və elmi əsərlərində, məqalələrində müraciət edirdi. Faşizmin insanlıq üçün yarada biləcəyi faciələr, nəticələri ilə bağlı həyəcan siqnalı verirdilər.

 

Bu mənada erməni faşizminə qarşı, işğala və minlərlə ailənin faciəsinin qarşısının alınması istiqamətində Azərbaycan ordusu beynəlxalq humanitar təşkilatların etməli olduğu missiyanı öz üzərinə götürdü. Bu, xilaskarlıq missiyasıdır, bu, regionun, region xalqlarının gələcək rifahının yaxşılaşdırılması, təmin edilməsi missiyasıdır.

 

Bu gün məktəbimiz səngərimizdir. Liseyimizin qarşısında Azərbaycan bayrağı dalğalanır - bizim qürursevgi mənbəyimiz. Bu gün hamımız əsgərik! Əsgər üçün isə Azərbaycan bayrağının dalğalandığı hər yer müqəddəsdir, uludur, ucadır.

 

Biz öz fəaliyyətimizdə minilliklərdən gələn mədəni-mənəvi davranışları şagirdlərimizə aşılayırıq, ötürürük. Amma xüsusi nümunə ilə, özümüzün vətənə, onun işıqlı sabahına, gözəl gələcəyinə inam, etibar ilə bağlı olan hərəkət və nitqimizlə, əxlaqımızla, dərsimizlə. Necə deyərlər, müəllimin cəbhəsi sinifdir, əsgəri şagirddir. Müasir pedaqoji texnologiyalardan mükəmməl şəkildə istifadə edərək çağdaş bilik və bacarıqlara sahib olan vətəndaş yetişdirmək vəzifəsinin öhdəsindən gəlmək ən zəruri amalıdır.

 

Biz dərslərimizdə şagirdlərə dəyər aşılayırıq. Dəyər ifadəsinin altında müxtəlif pedaqoji anlayışlar dayandığı kimi, eyni zamanda xüsusilə intellekt, bilikmüasir bacarıqlar dayanır. Dəyər gələcəkdə daha da inkişaf edəcək Azərbaycanın gözəl günləri, hərbi, siyasi, iqtisadidiplomatik uğurlardır.

 

Bu məqamda vurğulamağı əhəmiyyətli hesab edirəm ki, liseyimizin kollektivi fəaliyyətini təkcə lisey daxili ilə məhdudlaşdırmır. Neçə müəllimimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi müxtəlif seminarelmi-praktiki yığıncaqlarda dəfələrlə məhsuldar şəkildə iştirak edərək təcrübə mübadiləsinin aparılmasında, qazandıqları bilik və bacarıqları digər həmkarlarına ötürməkdə fəallıq göstərirlər. Bu, vətənə xidmətdir, hər kəsin bacardığı formada və səviyyədə xidmət etmək istəyidir.

 

Hər birimiz yaxşı anlayırıq ki, bu gün bir çox ölkələri, xüsusilə Azərbaycanın uğurlu hərbi-diplomatik nailiyyətlərini şəxsi istək və ambisiyalarına görə həzm etməyərək narahatlıq ifadə edən, saxta ittihamlar irəli sürən bir çox keçmişindiki müstəmləkə ölkələrinin tarix səhifələri onların AsiyaAfrika xalqlarına qarşı etdikləri terror və soyqırımı faktları ilə zəngindir. Bunu tarix müəllimləri daha yaxşı bilir və aşılayır. Azərbaycan sülhdemokratiya ölkəsidir. Azərbaycan bütün istiqamət və sahələrdə tolerantlıq mərkəzidir. Azərbaycan bütün fiziki və mənəvi sərhədləri ilə sevgi, qarşılıqlı anlaşma, qardaşlıq və dünyəvi münasibətlər qitəsidir.

 

Şagirdlərimiz xüsusi nailiyyətləri ilə ölkə səviyyəsində fərqlənirlər. Onların uğurları təkcə bilikelmi yarışmalarla məhdudlaşmır, onlar müxtəlif intellektual, bədii yarış və oyunlarda fəal iştirak edərək qələbələr əldə edirlər. Deməli, vətənə layiqli vətəndaş hazırlaya bilirik, deməli, sabahımız üçün əsl insan, şəxsiyyət yetişdirə bilirik. Odur ki, gələcək istiqamətlərdə daha uğurla, daha əzmlə fəaliyyət göstərməyə, daha mütəşəkkil şəkildə işləməyə köklənmişik. Biz hamımız vətənin əsgəriyik, bunu dərk edirik və vətənimizin gələcək uğurları istiqamətində görülən işlərdə hər an Ali Baş Komandanımızın göstərişlərinə hazırıq. İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə bütün torpaqlarımız erməni tapdağından azad olunacaq və ölkəmizin ərazi bütövlüyü tam təmin olunacaq. Buna hər bir Azərbaycan vətəndaşı inanır və tam əmindir.

 

Arif ƏSƏDOV,

 

147 nömrəli Texniki-humanitar

 

liseyin direktoru.

 

Respublika.- 2020.- 20 oktyabr.- S.14.