Pərvin Etisami yaradıcılığı

 

XX əsr farsdilli Azərbaycan şeirinin görkəmli nümayəndəsi Pərvin Etisami mədəniyyət və sənət ocağı olan Təbrizdə doğulub və orada böyüyüb boya-başa çatmışdır. Bu sənətkar qadın haqqında çox sözlər yazılmış, çox xatirələr çap olunmuşdur. Onun şeirlərini çap etdirən, əsərləri haqqında fikir söyləyən müəlliflər Azərbaycanın bu humanist və istedadlı şairəsinin ədəbi, ictimai-siyasi mühiti, onun ailəsi, doğulduğu yer və şəxsiyyətinin formalaşmasında mühüm rol oynamış görkəmli simalar barədə də ətraflı məlumat vermişlər. Belə müəlliflərdən biri olan Qulamhüseyn Təkmil Humayun Pərvin Etisamiyə həsr etdiyi və “Ettelat” qəzetində çap etdirdiyi məqaləsində yazır: “Pərvin öz dövrünün salehinanc sahibi olan insanıdır. Hər bir şairin, yazıçının və ya sənətkarın düşüncəsini anlamaq üçün, şübhəsiz ki, həmin şəxsiyyətin, xüsusilə sənətkarın formalaşmasında bir qəlib rolu oynamış dövrün ictimai-siyasi, mədəni durumunu öyrənmək lazımdır... Təbii ki, ictimai mühitin təsiri olmadan sənətkar formalaşmır”.

Pərvin Yusif qızı Etisami şəmsi tarixlə 1285-ci il isfənd ayının 25-də ( miladi tarixi ilə 16 fevral 1906-cı il) Təbrizin Şeşgilan məhəlləsində əsil-nəcabətli bir ailədə dünyaya göz açmışdır.

Pərvin dünyaya gəldiyi ildə İran xalqlarının, xüsusilə İranın tərkibində Azərbaycan xalqının səyi ilə Müzəffərəddin şah konstitusiya elan etməyə məcbur olmuşdur. Bu illərdə (1906-1908-ci illər nəzərdə tutulur - M.M.) Təbriz əhalisi şahlıq rejimi olan istibdadla üz-üzə durmuş, demokratiyanın əsaslarının yaradılması, azadlıq və qanunun aliliyi uğrunda gecə-gündüz mübarizə aparmışdır. On bir ay amansız döyüşdən sonra İranda yenicə pərvəriş tapmağa başlayan azadlıq və Nəsirəddin şahın atası Müzəffərəddin şahın imzası elan olunan konstitusiya tamamilə məhv olmaqdan xilas oldu.

Bir çox tədqiqatlarda Pərvin Etisaminin atası Yusif Etisamülmülkonun övladına təsirindən bəhs olunmuşdur. Lakin Pərvinin tərbiyəsində müstəsna xidməti olan anası haqqında məlumat azlıq təşkil edir. Əslində övladın, xüsusilə qız uşağının tərbiyə olunmasında ananın təsiri daha çox olur. Pərvin Etisami də anasının təlim və tərbiyəsindən çox mühüm keyfiyyətlər əxz etmiş, bunun da nəticəsində Azərbaycan qadınının simvoluna çevrilmişdir. Təsadüfi deyildir ki, Pərvin də bir çox şeirlərində anasını qayğıkeş, cəfakeş bir insan, gözəl, nümunəvi bir tərbiyəçi kimi yüksək dəyərləndirmişdir.

Pərvin Etisaminin anası İxtiyarülmülk xanım Nəsrəddin şah dövrünün natiq və katiblərindən olan, Qəvamüddövlə adı ilə tanınan Mirzə Əbdülhüseyn Şuri Bəxşayeşin qızı idi. Şuri təhsilini Təbriz və Tehranda almışdı. Onun rəvan təbi və yaxşı xətti var idi. Qəvamüddövlənin Qulaməli xan və Həsən xan adlı iki oğlu, Xədicə Sultanİxtiyarülmülk adlı iki qızı var idi. Mirzə Əbdülhüseyn Şuri Bəxşayeş 1316-cı ildə Təbrizdə vəfat etmişdir.

Şeirlərində “Şuri” təxəllüsü ilə yanaşı, “Qəvvam” təxəllüsündən də istifadə edən Şuri Bəxşayeşinin divanının bir nüsxəsi Təbriz Milli Kitabxanasında 3661 nömrəsi ilə saxlanılır. Bu divana 9 qəsidə, 193 qəzəl, 4 müsəmmət, 1 tərcihbənd, 3 təzmin, 3 məsnəvi, 11 rübai və 1 saqinamə daxildir. Şuri Bəxşayeşi fars dilində qəzəllər yazdığı kimi, Azərbaycan türkcəsində də qəzəllər yazmışdır.

Göründüyü kimi, Pərvinin anası mötəbər bir kişinin qızı olmuş və Pərvin ədəbiyyatsevər bir azərbaycanlı ailəsində böyümüşdür. Onun atası da dövrünün şair və ədiblərindən biri olmuşdur. Pərvin şairlik istedadını ana nəslindən irs olaraq almışdır. Pərvinin atası Yusif Etisamülmülk də 1253-cü ildə (1874) Təbrizdə dünyaya gəlmişdir. O, bu şəhərin sənətsevər mühitində böyük bir ədəbi və mədəni şəxsiyyətə çevrilmişdir. Fransız, türk, ərəb dillərini yüksək səviyyədə bilmiş, fars dili və ədəbiyyatına bir alim qədər bələd olmuşdur.

Pərvin kimi istedadlı bir uşaq belə bir sənətsevər mühitində, bir mədəni ailədə tərbiyə olunduğundan sonralar görkəmli şəxsiyyət yaradıcı insan olaraq geniş miqyasda tanınıb. O, hələ yeniyetmə yaşlarından atasının yanında böyük şair və yazıçılarla tanış olmuşdurözü də uşaqlıqdan şeir yazmağı təcrübə etmişdir. Atası Yusif Etisami Pərvin haqqında demişdir:

“Pərvin xanım üslub, şəxsiyyət, fəlsəfi fikir, əxlaqi ifadə baxımından digərlərindən fərqlənməyi bacarmışdır. Pərvinin şeiri ovqat, əhval şeiri olamayıb fərdi deyil. Onun şeiri böyük tərbiyə, zarafat, əxlaq şeiridir. Onun şeiri nəğmədir, məhəbbət ruhiyyəsidir, duyğu, fəzilətdir. Onun şeiri çalışqanlıq, əməl, razılıq, fəalliq nəğməsidir. Bu şeirlər oyaqlıq, salehlik, xilas nəğməsidir”.

Pərvin Etisaminin şəxsi taleyi uğursuz olmuşdur. Belə ki, o, 1934- ilin yayında atasının əmisi oğlu ilə evlənmiş, lakin bu izdivac uzun sürməmişdir. Bundan sonra o, ailə qurmamış özünü bütünlükdə, şeirə, sənətə həsr etmişdir. P.Etisami 1941-ci ilin mart ayında vəfat etmiş, Qum şəhərində atası Yusif Etisamülmülkün məzarı yanında dəfn olunmuşdur.

Səməd Sərdarinaiya qeyd edir ki, bu fəzilətli şairə haqqında bir çox şairlər, o cümlədən ustad Şəhriyar diqqətəlayiq olan əsərlər yaratmışlar.

P.Etisami poeziyası barədə S.Ə.Kəsrəvi “Ədəbiyyat haqqında” adlı əsərində yazır: “Məşrutə hərəkatından sonrakı dövrdə həyatın poeziya qarşısına qoyduğu tələblərə öz yaradıcılığı ilə cavab verən şairlərdən biri Pərvin Etisamidir... O, yüksək fikirlər ifadə edən şeirlər yazmış, beləliklə, dərin məzmunlu, səmimi və dolğun əsərləri ilə xalq ruhunun tərcümanına çevrilmişdir”.

P.Etisaminin yaradıcılığını əhatəli və sistemli şəkildə təhlil edən Sevil xanım Novruzovanın tədqiqatlarında indiyə qədər söylənmiş mülahizələr tənqidi baxışla nəzərdən keçirilmiş, onun fars poeziyasında mövqeyi müəyyənləşdirilmiş, şairənin həyatı və yaradıcılığı işıqlandırılmışdır. Pərvinin kədərli həyatı, şairənin öz şeirləri habelə müəllimlərinin, ailə üzvlərinin xatirələri əsasında və eyni zamanda dövründə baş verən ictimai-siyasi hadisələrlə əlaqəli şəkildə öyrənilmiş, elmi tərcümeyi-halı verilmişdir.

Fars ədəbiyyatında Pərvin qədər gözəl, dərin mənalı təmsil yazan ikinci bir şair göstərmək çox çətindir, bu mənada o, nəinki öz dövrünün, hətta öz xalqının yeganəsidir. Mürtəce qüvvələrin və ictimai bərabərsizliyin kəskin tənqidi şairin təmsillərində ustalıqla verilmişdir.Təmsillər şairin yaradıcılığının böyük bir qismini əhatə edir. Satirik və nəsihətamiz məzmunlu, təsviri xarakter daşıyan, həcmcə o qədər də böyük olmayan 100-dən artıq təmsilində Pərvin qarşısına qoyduğu məqsədi yığcam şəkildə, poetik ümumiləşdirmələrlə verə bilmişdir. Pərvin Etisaminin təmsilləri çox dərin, siyasi, ictimai, əxlaqi dəyərlərə malikdir.

Məlumdur ki, hər bir xalqın ədəbiyyatından təmsilin tarixi qədimdir. Qədim zamanlardan başlayaraq nəbatat, heyvanat aləmindən və təbiətdən aldıqları əhvalatlarda insanlar öz həyat və yaşayışının buya digər cəhətini ifadə etmişdir. Odur ki dünya xalqlarının nağıl, dastan və məsəllərində heyvanlarla, nəbatat və təbiətlə bağlı təşbehlərə rast gəlmək mümkündür. Xalq öz nağıl və məsəllərində söhbəti zahirən itçaqqallar, tülkücanavarlar, ağaclar, otların üzərində qursalar da, əslində insan həyatının buya digər hadisəsini əks etdirirbu bədii nümunələrin sonu həmişə müəyyən ibrətamiz nəticə ilə qurtarır. Çox zaman bu nağıl və məsəllər, maraqlı və əyləncəli səciyyə daşısa da, çox mənalı və məzmunlu olur. Burada insanların həyat və davranışlarında görünən nöqsanlar tənbeh, yaxud tənqid olunur. Sonda isə əxlaqi, ibrətamiz nəticə çıxarılır. Məsələn, “it-itin ayağını basmaz”, “ilan-ilanı vurmaz” və s.

Pərvin Etisami təmsillərini yazarkən ictimai mühitin bir sahəsini, konkret bir insanı tənqid etməyi nəzərdə tuturdu. Xalq isə təsvir edilən tülkü, ayı, keçi, bülbülbaşqa heyvanların timsalında kimlərin tənqid olunmasını çox yaxşı başa düşürdü. Böyük rus təmsilçisi Krılovun “Tülküqarğa” təmsilində heyvanlar, Sabirin “Ağacların bəhsi” təmsilində ağaclar, yenə də Krılovun “Balıq şorbası” təmsilində qonaqev yiyəsi, Q. ZakirinS.Ə.Şirvaninin qiymətli təmsillərində təsvir edildiyi kimi, P.Etisamibu yolla dövrünün yaramazlıqlarını, ictimai quruluşun eybəcərliyini hakimlərin özbaşınalığını, rüşvətxorları özünün satirik qələmilə ifşa edir.

Pərvin Etisaminin təmsilləri onun dövrü, mühiti və yaşadığı cəmiyyətdəki ədalətsizliyi ifşa etmiş yüksək bədii formada yazılmış, bu əsərlər ictimai məzmun kəsb etdiyindən böyük əhəmiyyətə malikdir. “Gövhərin qiyməti”, “Uzaqgörən ana”, “Ey pişik”, “Bülbül və qarışqa”, “OxKaman”, “Tuti və şəkər”, “Bezalmaz”, “Dağsaman”, “Qurdit”, “ Qurdçoban”, “Gültikan”, “Qarışqa və ilan” və s. təmsilləri bu cəhətdən xüsusilə maraqlıdır.

Şairin humanizm hissləri ilə bağlı olan ibrətamiz təmsillərindən biri də “Uzaqgörən ana” əsəridir. Bu əsər toyuğun balalarına nəsihəti ilə başlayır. Toyuq balalarına deyir ki, artıq vaxtı yetişmişdir, boş gəzmək əbəsdir. Əsərin qısa məzmunundan aydın olur ki, “Uzaqgörən ana” şeirində toyuğun timsalında şair zəmanəsinin insanlarını veyil-veyil gəzməkdən, mənasız həyat sürməkdən, tamahkarlıqdan çəkindirməyə çağırır. Toyuğun öz balalarına vaxtında özlərinə dən tapmağı, az ruzi ilə kifayətlənməyi tövsiyə etməsi adi bir məişət məsələsi çərçivəsində qalmayıb, ictimai məna kəsb edir. Şair demək istəyir ki, insanlar yadlara ağız açmamalı, heç kimdən asılı olmamalıdır. İnsan həyatda yalnız öz zəhmətinin bəhrəsi ilə yaşamalı, başqasının əməyindən sui-istifadə etməməlidir.

Şairin “Tamahkarlıq tapdağı” şeiri də aşıladığı nəsihətamiz fikirlərə görə maraqlıdır. Müəllif əsərdə göstərir ki, bir qarışqa cüssəli, qüvvətli filə həsəd aparır. O özüfil kimi olmaq arzusundadır və daima buna can atır. Və sonda filin ayağı altında qalır, arzusu, niyyəti puç olur...

Əlbəttə, şair burada qarışqanın timsalında qürrələnən, dikbaşlıq göstərən, özündən müştəbeh və son dərəcə razı adamların aqibətinini göstərir. Və bununla deyir ki, qüvvəsi çatmadığı, bacarmadığı işin arxasınca qaçan adamların da aqibəti qarışqanın aqibəti kimi olacaqdır.

P.Etisaminin əsərlərinin ideya-məzmununu bizə belə bir fikri deməyə imkan verir ki, şairin təbliğ etdiyi bəşəri fikirlər, ali qayələr onu bir əxlaq mürəbbisi səviyyəsinə yüksəltmişdir.

Pərvinin elə bir təmsilini tapmaq olmaz ki, o, öz oxucusuna təzadlı bir səhnə təsvir etməsin. Bu səhnədə oxucu nəyisə sevməyə, nəyəsə nifrət etməyə, nəyəsə nail olmağa, nədənsə çəkinməyə bilmir. Və nəticədə mənən saflaşır. Pərvin Etisamini müasir İran poeziyasında təmsil ustası kimi şöhrətləndirən və onun poeziyasına həyalilik verən başlıca amillər də məhz bunlardır.

Şairin “Dağılmış yuva” əsərinə diqqət yetirək. Bu əsərdə bir quşun sərgüzəşti verilmişdir. Sübh çağı bir quş dən və azuqə toplamaq üçün yuvasından çəmənə uçur. Çəməndən bostana, bostandan bağa uçaraq gülləri və meyvələri dimdikləyir. Nəhayət, yorulub yatır. Zalım ovçu yatmış quşu vurub yaralayır və onu evə gətirib uşaqlarına verir. Elə ki səhər açılır, quşun balaları analarını yuvada görmür. Deməli, ana məhv olmuşdur. O gündən etibarən rahat, işıqlı yuva ruzigarın pisliyi üzündən xaraba qalır və bir daha abad olmur.

Müəllif təmsil vasitəsilə təlqin etmək istədiyi fikri poetik şəkildə öz oxucusuna belə çatdırır:

“Dünyanın qoca saqisi bir piyalənin

Qanla dolu olduğunu görüb sevindi,

Bir əl üstə tor qurdu,

Bir başı o tora saldı,

Bir rahat ailəni dağıtdı.

Bir kitabın şirazəsini qırdı.

Zülmün baltası ilə bir rişəni kəsdi.

Fitnə ilə bir qapını bağladı.

Neçə uşağın boğazına qan axıtdı.

Bir ananın büsatını pozdu.

Məgər o ovçunun övladı yox idimi?”

Bu təmsildə şairinməgər o ovçunun övladı yox idimi?” ritorik sualı oxucuya dərin təsir bağışlayır. Pərvinin bu təmsili İranın ictimai mühitində baş verən haqsızlığın simvolu kimi görünür. Ovçunun evi - istibdad yuvası olan bir mühitin, rəhmsiz ovçu - müstəbidlərin, ana-haqqı tapdalanan millətin, zindanlara atılmış, zəkasının gücü, azadlıq arzusu ilə bir parça çörək qazanıb, ailəsini, uşaqlarını dolandırmaq üçün məşəqqətli həyat sürən zəhmətkeş insanların rəmzi təsirini bağışlayır.

Şair öz təmsillərində ailə məsələsini cəmiyyətin ayrılmaz, üzvi bir məsələsi kimi diqqətə çəkir. Gözəl, saf mənəviyyat, təmiz əxlaq, əməyə məhəbbət kimi nəcib sifətlər ailə tərbiyəsinin əsasını təşkil edir.

Pərvin Etisami əsərlərinin ədəbi qiyməti hər şeydən əvvəl onların dolğun məzmunu, irticaya, ictimai bərabərsizliyə qarşı barışmazlığın poetik şəkildə tərənnümü ilə əlaqədardır.

 

Mahmizər MEHDİBƏYOVA,

Filologiya üzrə fəlsəfə doktoru.

 

Respublika.- 2020.- 20 oktyabr.- S.14.