Haqq savaşımız xalq-ordu birliyinin zəfəri, qələbəsi ilə başa çatacaq

 

Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Zamanın sınağından alnıaçıq, üzüağ çıxan Silahlı Qüvvələrimiz vətəni istənilən hücumdan qorumağa qadir bir qüvvəyə çevrilmişdir. Bu uğuru ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında azadlıq və müstəqillik ideyalarının tam təmin olunması naminə hazırlanan ordu quruculuğu konsepsiyasının təntənəsi kimi dəyərləndirmək olar.

 

1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə ayrı-ayrı siyasi qüvvələrə xidmət edən hərbi birləşmələr əvəzinə, vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Onun ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaratdı. Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli maraqlarını qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Bütün siyasidiplomatik vasitələrin işə salınması nəticəsində 1994-cü il mayın 12-də atəşkəs əldə edildi. Atəşkəsin elan edilməsi Azərbaycanın dövlət olaraq, iqtisadi, sosial, siyasi və hərbi baxımdan dirçəlməsi, qüdrətlənməsi, ordusunu dünya standartlarına uyğun formalaşdırması baxımından çox önəmli idi. Məhz ölkədə nisbi sakitlik bərpa edildikdən sonra ordu quruculuğu ilə bağlı  genişmiqyaslı islahatlara başlanıldı. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin sistemləşdirilməsi başa çatdırıldı. Orduya çağırışla bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundu. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, gənclər arasında hərbi vətənpərvərlik duyğularının artırılması istiqamətində işlər görüldü. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi. Ölkədə hərbi kadr hazırlığı və beynəlxalq standartlara cavab verən hərbi təhsil sistemi formalaşdırıldı.

 

Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir. Ulu öndər deyirdi: “Ordu yaratmaq, qurmaq asan bir deyildir. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıbdır, bu, asan deyildir. Ona görə də ordunun, Silahlı Qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir. Ancaq bu təkcə məndən asılı deyildir. Hər bir hakimiyyət orqanının kiçik, ya böyük hissəsi, hər bir vətəndaş gərək hər bir sahədə ordu quruculuğuna öz töhfəsini, öz payını versin. Çünki ordu xalqındır. Ordu, Silahlı Qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini qorumaq üçün lazımdır”.

 

Məlum olduğu kimi, bu ilin  sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutmuşdur. Müstəqil Azərbaycanın rəşadətli, mətin, qüdrətli ordusu düşmənin bütün cəhdlərinin qarşısını layiqincə aldı. Sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir:Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verirdöyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edirvahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.

 

Qürurverici haldır ki, bu dəfə də silahlı qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə qadir olduqlarını göstərdilər. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla nümayiş etdirdilər. Təbii ki, bütün bunlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında reallaşdırılır.

 

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır. Biz çalışırıq ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur, baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu, həmişə belə olub, bu gün də belədir. Sadəcə, müvəqqəti olaraq işğal altına düşübdür. Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, ölkəmizin inkişafı, bölgədəki mövqelərinin möhkəmləndirilməsi nəticəsində istədiyimizə nail ola biləcəyik.

 

Ali Baş Komandan İlham Əliyev Qarabağda əks-hücum əməliyyatları başlanandan sonra xarici KİV-ə verdiyi bütün müsahibələrində qətiyyətlə vurğulayır ki, Ermənistanın xain hücumları Azərbaycanı zərrə qədər yolundan döndərə bilməz. Çünki Azərbaycan haqq yolundadır və bu yolu uğurla davam etdirir. Prezidentin də söylədiyi kimi, istənilən bəyanat, təzyiq Azərbaycanı yolundan döndərə bilməz. Ali Baş Komandanın qətiyyətli mövqeyi ortadadır. Azərbaycan Ordusunun əməliyyatları yalnız Prezident İlham Əliyevin şərtlərinin yerinə yetirildiyi halda dayandırıla bilər. Ermənistan silahlı birləşmələri Azərbaycan torpaqlarından tam çıxmayınca Ordumuz dayanmayacaq. Bu, Azərbaycanın haqq işidir.

 

Ali Baş Komandan sentyabrın 27-də düşmənin növbəti qanlı təxribatından sonra baş verənlərə bir daha toxunaraq, birmənalı şəkildə qeyd etdi ki, müharibənin başlanmasına görə, biz məsul deyilik. Biz Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Ermənistan ordusunun fiziki hücumuna məruz qalmışdıq. “Ermənistandakı indiki rejim danışıqlar prosesini məhv etmək üçün hər bir şeyi etmişdir. Düz bir il bundan əvvəl Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazisində keçirilən aksiyadaQarabağ Ermənistandır” bəyan etmişdir. Bu bəyanat faktiki olaraq danışıqlar prosesini məhv etdi. Çünki danışıqlar masasında olan və münaqişənin həlli üçün əsas təşkil edən prinsiplər işğal altındakı ərazilərin Azərbaycana qaytarılmasını tələb edir. Ermənistanın baş naziri Azərbaycana bir santimetr torpağın belə qaytarılmayacağını, “Qarabağ Ermənistandır” deyəndə, onlar Cenevrə Konvensiyasının kobud pozuntusu sayılan əcnəbi şəxslərin işğal olunmuş ərazilərdə məskunlaşmasını təşkil edəndə danışıqlar prosesini məhv edirlər. Bundan sonra bizi buna görə günahlandırmaq üçün onlar bizə üç dəfə - iyul, avqustsentyabr aylarında hücum edirlər” - deyən ölkə Prezidenti bildirib ki, biz onları - düşməni, işğalçını döyüş meydanında məğlub etdikdə, onlar Azərbaycanı dayandırmaq üçün hər kəsə zəng edir və hər kəsə yalvarırlar.

 

Son hadisələr Azərbaycan Silahlı Qüvvələrinin gücünü və yüksək döyüş qabiliyyətini aydın nümayiş etdirdi. Erməni işğalçıları əmin oldular ki, onların qarşısında 1990-cı illərin əvvəllərində olduğu kimi, pərakəndə hərbi dəstələr deyil, peşəkar, ən müasir silahlarla təchiz olunan döyüşkən nizami ordu dayanıb. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir. Son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüququn tələbləri kobud şəkildə pozularaq Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektlər iriçaplı silahlardan, minaqumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutulur.

 

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı evmülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. Döyüş meydanında acı məğlubiyyətlə üzləşən Ermənistanın silahlı qüvvələri mülki əhalini hədəf alır. Hədəf kimi əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.

 

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, eləcə də Mingəçevir şəhərləri ilə yanaşı, Abşeron, Xızı, Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Daşkəsən, Goranboy Ermənistan ordusunun artilleriya atəşinə məruz qalıb. Onlarla dinc sakin həlak olub. Mülki əhaliyə külli miqdarda ziyan dəyib. Düşmən bu təhlükəli addımını hələ də davam etdirir. Azərbaycan Ordusunun peşəkarlığı sayəsində bu addımların qarşısı alınır.

 

Azərbaycan xalqı bu çətin tarixi günlərdə bir daha öz dostlarını və ona qarşı qərəzli münasibətdə olanları yaxından tanımaqdadır. Əslində, bəzi məsələlər əvvəldən aydın idi. Məsələn, Azərbaycan - Türkiyə münasibətləri. Bizi bir çox hadisələr bir-birimizə daha da yaxınlaşdırıb. 102 il bundan əvvəl sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını erməni-bolşevik işğalçılarından azad etmişdir. Və 1918-ci il sentyabrın 15-i bizim üçün dönüş günü oldu. 1915-ci ildə Çanaqqala döyüşlərində minlərlə azərbaycanlı Türkiyəyə, öz doğma qardaşlarına yardımını əsirgəməmişdi. Bu faktlar onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə bir-birinin yanındadır. Pakistan, Əfqanıstan, Ukrayna, Gürcüstan, İtaliya, Litva, BosniyaHerseqovina və digər ölkələr Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyi bu əks-hücum əməliyyatlarını haqlı sayırlar. Eləcə də bir sıra beynəlxalq təşkilatlar da bizim haqlı olduğumuzu təsdiqləyən bəyanatlarla çıxış edirlər.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ədalətli mübarizə, haqq savaşı apardığını hər zaman olduğu kimi, hakim Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında da diqqətə çatdırıb: “Vətən uğrunda mübarizə aparan azərbaycanlı qardaşlarıma rəbbimdən güc, qüvvət, zəfər arzu edirəm. Ermənistanın həm hücum edən, həm də atəşkəsi pozan tərəf olmasına baxmayaraq, Azərbaycana təzyiq edən ölkələrin məqsədi münaqişəni dayandırmaq deyil. Əgər belə olsaydı, Azərbaycanın yaşayış yerlərinə ballistik raketlərlə hücumlar edən Ermənistana təzyiq edərdilər. İşğal altındakı Azərbaycan torpaqlarındakı zülmləri, qətliamları otuz ildir görməzliyə vuranların bu gün ədalətdən danışmaları səmimi deyil. Yaşadığımız təcrübələr bizə deyir ki, haqq-ədalətə nail olmağın yolu mübarizədir. Azərbaycanlı qardaşlarımız da bu istiqamətdə qərarlı mübarizə yolundadırlar”.

 

Göründüyü kimi, qardaş ölkə rəhbərinin bu sözləri də dövlətimizin humanistliyinitarixi ədalətin bərpası istəyini, torpaqlarımızı işğaldan azad etmək mövqeyini, dövlətimiz və xalqımızın sülh tərəfdarı olduğunu nümayiş etdirir.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyənin “A Haberteleviziya kanalına müsahibəsində demişdir: “Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən. Təbii ki, mən bu işlərə qarışa bilmərəm. Amma bir insan kimi buna biganə qala bilmərəm. Çünki onun Türkiyə üçün gördüyü işlər genişmiqyaslıdır və bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Türkiyədə də bir çoxları bilir, amma bilməyənlər üçün də mən demək istəyirəm ki, onlar da görsünlər. Çünki siyasi mübarizə hər yerdə var. Birmilli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm. Ona bundan sonra da müvəffəqiyyətlər diləmək istəyirəm. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik”.

 

Bu gün Azərbaycan Ordusunun Qarabağda apardığı uğurlu əməliyyatlar, haqq savaşı sürətlə böyük qələbəni yaxınlaşdırır. Bu günə qədər xeyli sayda yaşayış məntəqəsi, şəhərlər və kəndlərimiz işğalçılardan azad edilib. Hər gün bu rəqəmlər dəyişir. Həm şimal, həm cənub və həm də şərq istiqamətlərində strateji yüksəkliklər artıq ordumuzun nəzarətindədir. Təcavüzkar Ermənistanın silahlı bölmələri isə haqq savaşı aparan Azərbaycan əsgəri qarşısında duruş gətirə bilmir. Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusu pərən-pərən salınıb. Düşmənin yüzlərlə zirehli texnikası, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvəsi məhv edilib, xeyli sayda hərbi texnikası, silah-sursatı ələ keçirilib.

 

Azərbaycan artıq qələbə duyğularını yaşayır. Erməni təxribatına verilən bu tutarlı cavab Azərbaycan Prezidentinin “Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu vardır” sözlərinin reallığa əsaslandığını bir daha əyani olaraq sübut etdi. Biz ordumuzla fəxr edirik. Sevindirici hal odur ki, bu gün ölkə vətəndaşları böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirir, Vətən uğrunda döyüşməyə hazır olduqlarını hər an dilə gətirirlər.

 

Hamımız üçün müqəddəs sayılan torpaqlarımızın bir hissəsinin azad olunması onu göstərdi ki, Vətənimizin hər qarışı uğrunda canımızdan keçməyə hazırıq. Təki Müstəqil Azərbaycanın ərazi bütövlüyü təmin olunsun.  Artıq böyük qələbələrimiz də var. Belə ki, Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad olunub. Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzulinin, Cəbrayılın, Tərtərin kəndləri Xocavənd rayonunun Hadrut qəsəbəsi, bunlardan başqa, Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi, Xudafərin körpüsü və Zəngilan şəhəri işğalçılardan azad edilib.

 

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində demişdir: “Əziz xalqım, əziz zəngilanlılar, füzulilər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!

 

Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”.

 

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşmək, qəhrəman ordumuza hərtərəfli dəstək vermək müqəddəs borcumuzdur. Xalqımız ürəkdən inanır ki, Prezident İlham Əliyevin apardığı ədalətli və qətiyyətli siyasət qalib gələcəkdir. Həmin günü səbirsizlikə gözləyirik! Qələbə bizimlədir!

 

Haqq savaşımız, Vətən müharibəsi Zəfər və Qələbə ilə başa çatacaq. Qarabağımızın, torpaqlarımızın işğalına tam mənada son qoyulacaq, Şuşamızda, Laçınımızda, Kəlbəcərimizdə, digər Vətən torpaqlarımızda üçrəngli, ay-ulduzlu bayrağmız dalğalanacaq, dalğalandırılacaq, Qələbə, Zəfər marşları çalınacaqdır!..

 

 

 

Kamran BAYRAMOV,

 

Milli Məclisin üzvü.

 

Respublika.- 2020.- 22 oktyabr.- S.5.