Məslək vuruşunda, səngər başında  Kişi qeyrətindən doğulan Vətən

 

27 sentyabr Azərbaycanda Vətən müharibəsinin başlandığı tarixi gündür. Bu gündə xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan, cənab İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə erməni faşizminin torpaqlarımıza etdiyi basqınların qarşısını almaq və torpaqlarımızı işğaldan azad eləmək naminə ayağa qalxıb. Azərbaycan xalqı ayağa qalxıb. Burada milli, irqi, dini ayrı-seçkilik yoxdur. Hamı Azərbaycan naminə birləşib, hamı Azərbaycan deyir:

 

Lahıc da, ləzgi də, talış da, tat da,

 

Kürd, udin, rutul da var-dövlətimdir!

 

Azərbaycanımın qucaqladığı,

 

Bağrına basdığı can sərvətimdir!

 

Fəxrim, qol-qanadım, şan-şöhrətimdir!

 

Artıq Ali Baş Komandan, cənab İlham Heydər oğlu Əliyev qürurla, inamla, heç kimə baş əymədən Azərbaycan adından əmr edib: - Silahlan!

 

Bu günlər Milli Ordumuz kinlə, topdan, tüfəngdən, tankdan, raketdən güclü olan qeyrətilə silahlanıb. Alışan nəfəsilə Səttar xanların, Xiyabanilərin ruhunu alışdırıb. Bu günlər Milli Ordumuzun gözləri qoşa lülə, kirpikləri güllə, oxdur!

 

Bu günlər şanlı Ordumuz baxışıyla, qanıyla, vicdanıyla, Səməndər quşuna dönən oduyla silahlanıb. Nəğməylə, marşla, nümayişlə silahlanıb. Humanizm adlanan ən böyük sərvətilə, bayrağıyla silahlanıb. Dünyaya məhəbbəti, eşqilə silahlanıb. Bu döyüşdə aləm ona pənahdır. O, qalib gələcəkdir!

 

Biz zəfər çalacağıq! Bu günlər yer , göy Azərbaycanımızın, Milli Ordumuzundur. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Xalqın iradəsi

 

Bu günlər bizim azadlığımızın rəmzi, simvolu Ali Baş Komandanla bərabər, Xalqın iradəsidir! Bu gün qəzəb seli kimi coşan millət erməni faşizminin-cəmi xainlərin axırına çıxacaqdır. Ali Baş Komandanın sonsuz gücü, qüdrəti yalnız xalqın özüdür! Bu günlər Ali Baş Komandan, məğrur xalqımız, müzəffər Ordumuzun işğaldan azad etdiyi şəhər kəndlərimizi televiziya ekranlarından seyr etdikcə, fərəhdən gözləri yaşarır.

 

Bəli, düşmənlərimiz torpaqlarımızdan qovulur: Göyçə mahalında qan gölləri yaradanlar, Ələsgərin, Üzeyirin, Bülbülün, Natəvanın,Vurğunun yaqut heykəllərini dağıdanlar, göz çıxaranlar, baş kəsənlər indi avtomatla, pulemyotla, tankla, qovulurlar. Bu günlər Azərbaycanın, Türkiyənin sınırlarına toxunanlar, tarixin təkərini daha geri döndərə bilməzlər. Bu Milli Ordumuz, Ali Baş Komandanın döyüş planları, döyüşləri yalnız ədalətə, haqqa, azadlığa sığınıb qəsbkarlara, fitnəkarlara ölüm deyir! Ümumi səfərbərlik, bütün yardımlar, könüllülər, dəstələr cəbhəmiz, Milli Ordumuz üçündür!

 

Bu sətirləri yazarkən İstiqlal şairi Xəlil Rza Ulutürkün bu günlə səsləşən bir şeirini xatırladım:

 

Biz Türküstan elləriyiz,

 

Qeyrət, qüdrət selləriyiz.

 

Daşnakları qovan bizik,

 

Dar gözləri ovan bizik.

 

Yetər, meydan suladılar,

 

Yurdumuzu taladılar...

 

Bu günlər müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi altında sarsılmaz inamla haqlı, ədalətli müharibə aparır. İndi düşmən bizi hərbçilər dəstəsi ilə hədələməyə qadir deyil. İndi Azərbaycanın Ali Baş Komandanı BMT-ni, AŞBA-, siyasiləri, havadarları danışıqlar masasına çəkir. Tələb edir, təkliflər verir. Xarici telekanallara müsahibələr verir. Azərbaycanın həqiqətlərini, haqq işimizi dünyaya bəyan edir.

 

Şuşa, Xankəndi, Laçın, Kəlbəcər, Ağdərə, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl- Qarabağın neçə-neçə yurdu-yuvası hələ bundan sonralar nurlanacaq, güllənəcək. Qönçə-qönçə, çiçək-çiçək bəzənəcək. Yenə unudulmaz Ulutürkün misraları qulaqlarımda səslənir.

 

Qarabağ ürəyimdir, Şuşa gözüm giləsi

 

Gözlərimə tuşlanıb bu gün düşmən gülləsi.

 

Bircə an əl saxlasa min-min Bakı fəhləsi,

 

Bizə kəc baxanların kəsiləcək nəfəsi...

 

Darmadağın ediləcək yağı düşmən, daşnak erməni, faşist xunta rejimi, xunta başçıları, terroristlər! Erməni faşistlərinin binalara, evlərə, həyətlərə, mülki əhaliyə atdığı mərmilərdən, güllələrdən, qradlardan, raketlərdən qorxumuz yox! Allah ucadır! Allah böyükdür! Biz qalib gələcəyik. Qarabağ əzəli, əbədi Azərbaycan torpağıdır. Haqq-ədalət bizimdir. Zəfər bizimdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Müqəddəs yurdlarımız, kəndimiz, şəhərimiz, dağımız-daşımız dağıdılsa da, çölümüz, çəmənimiz al-qana bələnsə , tank tırtılları, pulemyot lülələri üstümüzə yerisə , biz qalib gələcəyik! Əlləri dəyənəkli, avtomatlı, pulemyotlu min-min işğalçılar yurdumuzdan qovulacaq. Biz qalib gələcəyik!

 

Azadlığımız könül riqqətimizdir. Ali Baş Komandanın hünəri onun siyasi qüdrətidir. Onun hünəri bu günlər qansoranların mənfur maskasını yırtmaq üçündür!

 

İndi Prezident İlham Əliyev göylər boyda azadlığını heç kəsə güzəştə getmək fikrində deyil! Bu siyasi nüfuz sahibi Vətən havasına köks verib, sinə gərən Ali Baş Komandanımız dünyada heç kəsə baş əymir! Dünya diplomatiyasını danışıqlara, sülhə, əmin-amanlığa səsləyir!

 

Dahi Heydər Əliyev yeni Azərbaycanın simvolu, memarı, qurucusudur. Milli poeziyamızın canlı, müdrik obrazıdır. Azərbaycanın baş qəhrəmanıdır. Türkçülüyün dədəsidir!

 

Azərbaycan - Türkiyə! Atatürklə Dədə Heydər bütün qasırğalara sinə gərən güc olub, birlik olub. Bu birlik qarşısında indi bütün düşmənlər tük salır, məğlub olur!

 

Dədə Heydər-Atatürk iki sahili birləşdirən qüdrətdir. Bu günlər bu inamın möhtəşəm rəmzi İlham Heydər oğlu Əliyevlə Rəcəb Tayyib Ərdoğandır. Bu birliyə, qardaşlığa eşq olsun! Xəzan, zaval görməsin bu qadir birliyimiz! Amin!

 

Milli Ordumuz!

 

Ümummilli lider Heydər Əlirza oğluƏliyev hakimiyyətə gəldiyi gündən Milli Ordu quruculuğu ilə ardıcıl məşğul olub. Qəhrəman, rəşadətli Ordu yaradıb. Cənab Ali Baş Komandan İlham Heydər oğlu Əliyev isə Milli Ordu quruculuğunu inamla inkişaf etdirib, onu daha da möhkəmlədib. Hazırda dünyada müasir silahlarla təchiz olunmuş müzəffər Milli Ordumuz var! Öz müqəddəs yurdunu xilas etməyə qadir Milli Ordumuz! Erməni işğalçılarını məhv etməyə qadir Milli Ordumuz! Qan içində olan Qarabağımızda, tufan içində olan Şuşamızda nifrəti şahə qalxan Milli Ordumuz var! Müqəddəs torpağımızı qorumaq üçün yaradılan xilaskar Ordumuz!

 

Ey müqəddəs analar, ey şəfqətli bacılar! Qurban gedən şəhidlərinizin yeri-yurdu behiştdir, cənnətdir. Onların müqəddəs ruhlarının məkanı göylər aləmidir! Onlar uca Allahın dərgahındadır.

 

Dünya bilir ki, müdrik xalqımız qədər istiqanlı, mehribandır. İndi Azərbaycan bu sahildə Odlar Yurdu, o sahildə Türküstandır. İndi onun üzündəki nura xaçpərəst , buddaçı da heyrandır. Bu gün Azərbaycan ildırımdan sürət, qasırğadan cürət alır. İndi Azərbaycan günəş taclı Şah Xətai, ulu Babək, Cavidandır. Bizə nəfəs, bəşərə can olan Azərbaycan haqq savaşındadır.

 

Ulu öndər Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın kədəri bizim kədərimiz, Azərbaycanın sevinci bizim sevincimizdir”. Ümummilli lider Heydər Əlirza oğlu Əliyev isə belə demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. X.R. Ulutürk yazıb:

 

Birləşsə Türkuyğur, Türközbək, Tatar,

 

Əlim Aya, Marsa, Zöhrəyə çatar.

 

Haray, ey Qaqauz, Türkkazak, Balkar,

 

Ey Başqırd, ey Türkmən, susursan niyə?

 

Qovuşsun Türküstan, Atatürkiyə!

 

Uzun illər həyatımızı dar bir səngərə yerləşdirmək cəhdində olmuş erməni faşistləri, terroristləri özlərini dünyaya quzu cildində göstərib, əslində kirli caynaqlarını mərd-mübariz ürəklərimizə uzadan vəhşilər olub. Bəli, illərlə vaxt olub, gücümüz çatmayanda bəbəklərimizin qəzəb gülləsini hədəfə sıxmışıq... İndi zaman yetişib, sellər-sular durulub. İndi bizim azadlığımız həyatımızın mənası olub.

 

Şükürlər olsun uca Allaha! Bu gün düşmən tapdağı altında olan kəndlərimiz, şəhərlərimiz ordumuzun gücü ilə mənfur işğaldan azad olunur. Daha atəşkəs, daha təmas xətti, daha status-kvo yoxdur. Düşmən qarşımızda diz çökdürülür. İşğalda olan torpaqlarımız əsgərlərimizin cəsarəti, qüdrətilə geri alınır. Vətənimizin nəfəsi, köksü genişlənir, Vətənimiz böyüyür. Azərbaycan zəfərə doğru gedir.

 

Bu günlərin döyüş rəşadəti bizim ruhumuz, əzmimizdir. Bu günlərin döyüş qəhrəmanlığı Milli Ordumuzun qalibiyyət rəhnidir. Ali Baş Komandanın, cənab İlham Əliyevin Azərbaycan adından çağırışlarıdır!

 

Ali Baş Komandan belə bəyan edib. Biz müharibə istəmirik. Biz ermənilərin torpaqlarımızdan çıxmasını istəyirik. Erməni silahlı qüvvələrinin torpaqlarımızda nə işi var?! Ermənilər tamamilə torpaqlarımızdan çıxsın, danışıqlara oturaq. Biz sülh tərəfdarıyıq. Biz Yeni Azərbaycanın arzularıyla, istəklərilə nəfəs alırıq, onunla yaşayırıq.

 

Zəfər günü uzaqda deyil. Müzəffər ordumuz qələbəyə gedən yoldadır. Azərbaycanın haqq sorağı qələbəylə bitəcək. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

 

 

 

Əlizadə ƏSGƏRLİ,

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun elmi işlər üzrə

direktor müavini, filologiya elmləri

doktoru, professor.

 

Respublika.- 2020.- 22 oktyabr.- S.5.