Türkiyə ekranlarında “Azərbaycan
rüzgarı”
Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramı bir neçə aylıq fasilədən sonra yeni mövsümdə ekranlara qayıdıb. İki ildən çoxdur fəaliyyət göstərən proqramda doğma Azərbaycanımız Türkiyə tamaşaçılarına və kanalı izləyən digər ölkə vətəndaşlarına tanıtdırılır. Üçüncü mövsümün ilk verilişi Dövlət Müstəqilliyimizin 29-cu ildönümünə həsr olub.
Proqramın aparıcısı Səidə Ömər xalqımızı və dövlətimizi Müstəqillik Günü münasibətilə təbrik edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı əsasında “Türkiyənin Bakı qoxulu İstanbulundan Azərbaycan əsgərinə salam” sözləri ilə başlayıb. Buraxılışda Azərbaycanın müstəqillik tarixindən, Qarabağ problemindən, ermənilərin Azərbaycana hücumlarından və doğma Qarabağımızdan gələn qələbə xəbərlərindən bəhs edilib. Proqramda çıxış edən Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç müstəqilliyimizin 29-cu ildönümü münasibətilə xalqımızı təbrik edib. O, növbəti bayramın Qarabağda keçiriləcəyinə və tezliklə üçrəngli bayrağımızın doğma Qarabağın hər guşəsinə sancılacağına əmin olduğunu bildirib. H.Kılıç Azərbaycan və Türkiyənin ulu öndərləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün “Bir millət, iki dövlət”, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının, eləcə də iki ölkə arasında əsrlərdir davam edən dostluq və qardaşlıq münasibətlərinin günü-gündən güclənməsinin qürurverici olduğunu bildirib. Sabiq səfir Türkiyənin hər an Azərbaycanın yanında olacağını vurğulayıb və “Qarabağ Azərbaycandır!” “Qarabağ Türkiyədir!” deyərək dəstək mesajlarını səsləndirib. Proqramda Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi general Yücel Karauz müstəqilliyimizin 29-cu ildönümünü
Aynı arzu, aynı niyyət,
İkisi də Cümhuriyyət
Azərbaycan, Türkiyə!
Birdir bizim hər halımız,
Sevincimiz məlalımız.
Bayraqlarda hilalımız
Azərbaycan, Türkiyə!
şeiri vasitəsilə təbrik edib. O, Azərbaycanla Türkiyənin tarix boyu bir-birinin yanında olduğunu və hər zaman da qırılmaz bağlarla bir-birinə sarılmış iki qardaş olaraq qalacağına əmin olduğunu bildirib. Proqramda işğaldan azad edilmiş torpaqlarımıza Azərbaycanın üçrəngli Bayrağının sancılması, yüksək əhval-ruhiyyəli əsgərlərimizin söylədiyi vətənpərvər şeirlər və musiqi sədaları altında xalqımızın sevincli anı tamaşaçılara çatdırılıb. Sonda proqramın aparıcısı Səidə Ömər ən böyük arzusunu da dilə gətirib və növbəti “Azərbaycan rüzgarı”nın Qarabağdan əsəcəyinə əmin olduğunu bildirib. Biz də bütün arzuların çin olması diləyinə qoşuluruq.
Esmira YAZKAN Aslanova,
“Respublika” qəzetinin
Türkiyə üzrə müxbiri.
Respublika.- 2020.- 22 oktyabr.- S.5.