Ürəyin şeir yükü
Şeir həyatın, insan oğluna Tanrının bəxş etdiyi zaman boyunca sürüb keçdiyi ömrün özüdür. Şair ömrü həmişə təlatümlü, narahatlıqlarla doludur. Fuad İslamoğlu da özünə bu yolu seçib. İndiyədək işıq üzü görən “Təmizlik”, “Yaşamalı dünyadı”, “Bu səs sənin səsindirmi”, “Qartal səmada tək uçur” adlı kitablarında onun forma və məzmunu bir-birini yüksək səviyyədə tamamlayan gözəl şeir nümunələri toplanıb. Bu şeirlərdə Qarabağ həsrəti, Şuşa nisgili, min bir sərvətli Kəlbəcərin yoxluğundan doğan acı duyulur və bu ağrı-acı şairin ruhundan qopan özünəxas yeni bir səslə oxucuya təqdim olunur.
Ömrünün 74-cü baharını yaşayan istedadlı, iti qələm sahibi olan şairin şeirləri öz mayasını, dadını-duzunu görkəmli el sənətkarlarının söz-sənət çeşməsindən alıbdır. Onları oxuduqca xəyal insanı lap uzaqlara - işğal altında olan qədim Oğuz ellərinə aparır...
Özünəməxsus deyim tərzi, müşahidə qabiliyyəti olan Fuad İslamoğlunun yaradıcılığı geniş, əhatəlidir. O, xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənələrini, sevincini-kədərini, ictimai dərdini çox böyük ustalıqla, sənətkarlıqla öz şeirlərində əks etdirir. Onun şeirlərində Azərbaycan təbiəti, onun atlas geyimli dağları, düzləri, suları, gölləri, dupduru bulaqları, yaşıl yaylaqları öz əksini tapmışdır. Fuad İslamoğlunun əxlaqi cəhətdən çox böyük əhəmiyyətə malik olan didaktik, tərbiyəvi şeirləri, şeirlərdəki aforistik ifadələr şairin yaradıcılığında qırmızı xətt kimi uzanır.
Bir sözlə, o, dövrlə, zamanla ayaqlaşan poeziya yaratmaq üçün layiqli övlad məhəbbəti, fədai əməyi, mətanəti ilə Vətənin - Azərbaycanın xidmətində durmağı, xalqın, ata yurdun tarixini yaşatmağı özünə mənəvi borc bilir.
Fuad İslamoğlunun ömür yolu maraqlıdır. Atası Böyük Vətən müharibəsində tarixi qələbəmizdən sonra bir hərbçi kimi Dağıstana göndərilmiş, bir müddət orada işləmişdir. Fuadın dünyaya gəlməsi xəbərini də burada eşitmişdi.
Fuad bir yaşında olanda ailəlikcə Azərbaycanın Samux rayonuna köçmüşlər. Ədəbiyyata, şeirə böyük maraq göstərən Fuad həmişə öz istedadı ilə şagird yoldaşlarından fərqlənmişdi. Məktəbin divar qəzetində onun kiçik şeirlərinə ayrıca yer ayrılmışdı. Sevimli şagirdi Fuadın şeirə, poeziyaya sonsuz həvəsi ədəbiyyat müəllimi Şamilin diqqətindən yayınmamış, yaradıcılığını genişləndirmək üçün ona həmişə dəyərli tövsiyələr vermişdir.
Neft-Kimya Akademiyasının məzunu olan Fuad İslamoğlu ayrı-ayrı illərdə rəhbər vəzifələrdə çalışmış, müxtəlif mükafatlara layiq görülmüşdür. Şairin kitablarındakı şeirlər insanın qəlbinə yol açır, ona rahatlıq gətirir. Belə şeirlərdən birinə diqqət yetirək:
Mayam təmiz, halallıqla yoğruldum
Nə oldu ki, öz içimdə qovruldum?
Dağı gəzdim, düz yoldaca yoruldum,
Düz əməllər, düz əqidə yorğunu,
Mən olmuşam gözəlliklər vurğunu.
***
Daxili aləmi gözəl olanlar,
Sözləriylə əməli bir olanlar,
Xalqına, yurduna sadiq olanlar,
Olmayırlar heç vaxt vicdan yorğunu,
Fuad belə
insanların vurğunu.
Onu əhatə edən hər şeyə sevgi, sayğı ilə yanaşan şair Fuad İslamoğlunun “Qartal səmada tək uçur” kitabına daxil etdiyi vətənpərvərlik
ruhunda yazılmış
şeirlər hamını
müstəqil bir dövlət üçün
əlindən gələni
əsirgəməməyə çağırır.
Şairin
“Mən kiməm bəxt yazam”, “Bunları mən qoymuşam”, “Şair yükü ağır olur”, “Heç kəs poza bilmədi”,
“Bu yolun yolçusuyam”
və digər şeirləri də oxunaqlılığı ilə
diqqəti cəlb edir.
Fərq qoymadım nə doğmaya, nə yada?
Hər kəs üçün atdım özümü oda,
Bu minvalla ömrümü verdim bada,
Kim ki, tutub duracaq ki, dünyanı?
Fuad İslamoğlunun
qələmə aldığı
şeirləri xalq yaradıcılığından bəhrələnib, onun yaradıcılığında geniş yer tutan təbiət, insan gözəlliyi qələm sahibinin ilham mənbəyidir. Mövzusundan asılı olmayaraq deməyə sözü var və bu
sözü ən uyğun bir biçimdə deməyi bacarır.
Fuad İslamoğlu
hazırda 5-ci kitabını
nəşrə hazırlayır. O, daim axtarışdadır. Bilir ki,
şair olmaq üçün çox oxumaq, çox yazmaq lazımdır.
Təkcə yazmır, ana
yurdun bu və digər dərdləri ilə yaşayır, xalqının
gələcək taleyinin
nigarançılığını çəkir. Kim bilir,
bəlkə onun poeziyaya bağlılığının
bir səbəbi də budur... Fikirlərini,
düşüncələrini şeirin ecazkar dili ilə söyləməklə
sanki rahatlıq tapır. Deyir ki, şair olmaq asan deyil,
bu yuxusuz gecələr, ümid paylaşmaq, çayların
axarını, dağların
baxarını sevmək,
insanı varından yox edən gerçək
şeirlər yazmağı
bacarmaqdır. Çətindir, amma gözəldir. Təbii ki, əgər oxucu könlünün sarı
siminə toxuna, ruhunu tərpədə bilir, onu düşündürürsənsə...
Boş vaxtlarında həyat yoldaşı, söz-sənət
vurğunu Nişanə
xanım, nəvələri
Ləman, Aydan, Gülüzar, Fuad, Sərxan, Fatimə, Muradla birlikdə mavi Xəzərin nəğməli sahillərinə
çıxır, təbiətin
gözəlliyini seyr edir. Belə gözəl anlar,
Xəzərin gözəlliyi,
romantikası yeni-yeni şeirlərə vəsilə
olur.
Gözəl zəmanədə yaşadığımızı,
ulu öndər Heydər Əliyevin siyasi kursunun bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini söyləyən şair
Vətənini tərənnüm
edir, bu günümüzün uğurlarına
sevinir, sabahımıza
inamla baxır.
Qədir ASLAN
Respublika.- 2020.- 23 oktyabr.- S.7.