QÜDRƏTLİ
AZƏRBAYCAN ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN
RƏHBƏRLİYİ İLƏ ŞANLI TARİX YAZIR
Ali
Baş Komandanımız status-kvonu dəyişməklə, təmas
xəttini aradan qaldırmaqla, şəhər və kəndlərimizin
işğaldan azad olunmasını təmin etməklə Azərbaycan
xalqına sonsuz qürur və sevinc hissi bəxş edir
Son 17 il tariximizə Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın iqtisadi inkişaf, əhalinin rifah halının yaxşılaşması, xarici siyasət, ordu quruculuğu, islahatların miqyasının genişləndirilməsi və digər strateji önəm daşıyan istiqamətlərdə uğurlar qazanması, ölkənin hər cəhətdən müasir simasının formalaşması dövrü kimi düşüb. Hər şeydən əvvəl, cənab İlham Əliyevin məqsədyönlü, ardıcıl, milli maraqlara hədəflənən, cəmiyyətin sosial sifarişləri üzərində qurulan fəaliyyətində biz ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu siyasətin varisliyinin yüksək səviyyədə təmin edildiyinin şahidi oluruq.
Güclü və qətiyyətli lider amili: 30 il davam edən Dağlıq Qarabağ münaqişəsinin həllində yaranan yeni mərhələ kontekstində
Azərbaycan Prezidenti İlham Əliyevin son müsahibələrinin birində vurğuladığı kimi, xalqımızın tarixində şərəf dolu səhifələr çox olub. Eyni zamanda, Azərbaycan cari il 27 sentyabrdan etibarən öz keşməkeşli tarixinin növbəti belə şanlı, qürurverici dövrünü yaşayır. Xəbər verildiyi kimi, sentyabrın 27-də düşmən tərəf qoşunların təmas xəttində növbəti təxribata əl ataraq mövqelərimizi, o cümlədən də dinc əhalini, kəndlərimizi atəşə tutub. Buna cavab olaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlaması barədə qərar qəbul edilib. Beləliklə, güclü və qətiyyətli lider amili cərəyan edən proseslərin fonunda, Dağlıq Qarabağ münaqişəsinin həllində yaranan yeni mərhələ kontekstində daha qabarıq şəkildə nəzərə çarpır. Bir daha təsdiqlənir ki, Prezident cənab İlham Əliyevin siyasəti ilk növbədə milli maraqlar və xalqın istəyi əsasında formalaşır. Prezident İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitriy Kiselyova müsahibəsində bu məqamı bir daha xüsusi olaraq nəzərə çatdırıb: “Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir”.
Məlumdur ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin tarixi üç onilliyi əhatə edir. Təbii ki, Azərbaycan dövləti və xalqı işğal faktı ilə heç vaxt barışmayıb. Ölkəmiz özünün ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında prinsipial mövqedən çıxış edir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda fəal iştirak etməsi isə dövlətimizin və xalqımızın sülhə sadiqliyini təsdiqləyir. Ancaq danışıqlar prosesinin əhatə etdiyi 30 ilə yaxın müddətdə ümidlər boşa çıxıb. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən qeyd-şərtsiz geri çəkilmələrini özündə ehtiva edən 4 qətnaməsi 27 ildir ki, kağız üzərində qalıb. İşğalçı Ermənistan müxtəlif təxribatlar vasitəsilə danışıqlar prosesini faktiki olaraq pozub. Buna görə də sentyabrın 27-dən etibarən bütün cəbhə boyunca vəziyyətin gərginləşməsinin məsuliyyəti tamamilə Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Beləliklə, işğalçı Ermənistanın təxribatlarına cavab olaraq ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamasına göstəriş verməklə Prezident İlham Əliyev əzmli, qətiyyətli siyasətçi və dövlət başçısı olduğunu bir daha sübut etdi. Dövlətimizin başçısı 17 oktyabrda xalqa növbəti müraciətində bildirib ki, heç bir təhdid və təzyiq Onun iradəsinə təsir göstərə bilməz. “Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz”.
Azərbaycan Prezidenti İlham Əliyev son vaxtlarda müxtəlif beynəlxalq tədbirlərdə Ermənistanın baş naziri Nikol Paşinyana dəfələrlə tarix dərsi keçdi. Dövlətimizin başçısı həmçinin BMT-nin tribunasından işğalçı dövlətin yeni müharibəyə hazırlaşdığını açıq mətnlə bəyan etdi və dünya birliyini, beynəlxalq təşkilatları təcavüzkarı dayandırmağa çağırdı. Lakin bunlar baş vermədi. Hətta işğalçı Ermənistanın baş naziri getdikcə azğınlaşaraq Azərbaycana şərtlər irəli sürürdü. Halbuki onun səsləndirdiyi 7 şərtin heç birinin hüquqi əsası yoxdur. Azərbaycan Prezidentinin irəli sürdüyü şərt isə beynəlxalq hüquq normalarına və hazırkı vəziyyətə tam adekvatdır. Dövlət başçımız işğalçı dövlətin baş nazirinin dilə gətirdiyi 7 şərtin müqabilində yalnız 1 şərt qoyub ki, o da özündə işğalçı dövlətin hərbi birləşmələrinin ərazilərimizdən çıxmasını, 30 il ərzində davam edən işğal faktına son qoyulmasını, ölkəmizin ərazi bütövlüyünün tam təmin olunmasını ehtiva edir.
Beləliklə, regional təhlükəsizliyə ciddi təhdidlər yaradan, separatizmi açıq-aşkar dəstəkləyən, Azərbaycan ərazisində müharibə cinayətlərini davam etdirən, xalqımızın hissləri ilə oynayan Nikol Paşinyan, ümumilikdə işğalçı ölkə mütləq cəzalandırılmalı idi və Azərbaycan Ordusu hazırda bunu edir. Ali Baş Komandanımızın qətiyyətini, Azərbaycanın Silahlı Qüvvələrinin gücünü görən Nikol Paşinyan indi rəzil günə qalıb, ona-buna yalvarır, imdad diləyir, kimlərinsə dabanını yalayır ki, Ermənistana kömək göstərsinlər. Eyni zamanda, öz əqrəb xislətindən də qalmır, yenə də Azərbaycana pislik etmək istəyir. Bu dəfə əli hər şeydən üzüldüyünə görə ölkəmizin dinc əhalisinə atəş açdırır, Gəncəni, Mingəçeviri, Tərtəri və digər yaşayış məntəqələrimizi, mülki əhalini vurdurur. Bu, gözgörəsi insanlığa qarşı yönələn, bütün humanitar sədləri aşan müharibə cinayətidir. Belə cinayətləri törədənlərin cəzası ağır olmalıdır. “Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”, - deyə dövlətimizin başçısı xalqa son müraciətində bildirib.
Azərbaycan
Prezidenti işğal məhsulu olan və 27 il
davam edən status-kvonu dəyişdi
Bu məqamda
xatırlatmaq yerinə düşər ki, ATƏT-in Minsk qrupu
30 ilə yaxındır təcavüzkar Ermənistanla
işğala məruz qalan Azərbaycan arasında bərabərlik
işarəsi qoymaqla məşğuldur. İşğalçı
dövlət beynəlxalq hüquqa hörmətsizlik göstərərək
BMT-nin qətnamələrini “köhnəlmiş sənədlər”
kimi dəyərləndirir və bu gün də onların
icrasına lüzum görmür. Beynəlxalq
birlik qarşısında özünü cığal uşaq
kimi aparan Ermənistanın bu addımı isə susqunluqla
qarşılanır.
Belə ikili standartlar şəraitində isə Azərbaycan
Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində
tarixi ədaləti özü bərpa edir. Məlum olduğu kimi,
müharibə şəraitində yaşayan Azərbaycanda son
17 ildə Silahlı Qüvvələrin maddi-texniki
bazasının möhkəmləndirilməsi, ordunun yüksək
və peşəkar hərbçi kadrlarla təmin edilməsi,
döyüş hazırlığının
artırılması dövlət siyasətinin prioritet istiqamətini
təşkil edib və hər il büdcədən qeyd olunan məqsədlər
üçün böyük həcmlərdə vəsaitlər
ayrılıb. Qürurverici haldır ki, bu
gün Azərbaycanın Silahlı Qüvvələri
dünyanın ən güclü 50 ordusu sırasında yer
alır. Ordumuzun güclənməsinin məntiqi
nəticəsi olaraq cəbhədə üstünlük bizim
tərəfə keçib. Ordumuz həmçinin
qoşunların təmas xəttində 27 sentyabrdan etibarən
başlayan əks-hücum əməliyyatlarında da öz
üstünlüyünü nümayiş etdirir. Son günlərdə Azərbaycan xalqı cəbhədən
xoş soraqlar alır və üç onillik ərzində
işğal altında qalan torpaqlarımızın
işğaldan azad olunmasının sevincini yaşayır.
Artıq bir sıra strateji əhəmiyyət daşıyan
yüksəkliklər, həmçinin Cəbrayıl,
Füzuli və Zəngilan şəhərləri, o cümlədən
Suqovuşan, Cəbrayıl, Füzuli, Xocavənd və Zəngilan
rayonlarının bir çox kəndləri, Hadrut qəsəbəsi
işğaldan azad edilib, Xudafərin körpüsünün
üzərində Azərbaycan bayrağı dalğalanır.
Düşmən texnika və canlı qüvvə
sarıdan böyük itkilər verərək geri çəkilir.
Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın
Silahlı Qüvvələri qısa müddətdə
işğalçı Ermənistanın 30 il
ərzində havadarlarının dəstəyi ilə
qurduğu ordusunu darmadağın edib. Bundan sonra
Ermənistana onilliklər lazım olacaq ki, özünə
ordu qura bilsin. Deyə bilərik ki, Ermənistanın
dövlət olaraq iqtisadi əsasları əhəmiyyətli
dərəcədə sarsılıb. Hazırda
Azərbaycan Ordusunun üzü hər bir azərbaycanlı
üçün son dərəcə əziz olan Şuşaya
sarıdır. Prezident İlham Əliyev
“Şuşasız bizim işimiz yarımçıq olar” deməklə
xalqımızın doğma şəhərimizə necə
möhkəm tellərlə bağlı olduğunu ifadə
edib.
Bütün bunları bizim Liderimiz, Prezidentimiz, Ali
Baş Komandanımız edir. 27 sentyabrdan bəri Azərbaycanın
Silahlı Qüvvələrinin döyüş
meydanlarında qazandığı uğurların baş
memarı və əsas qəhrəmanı məhz Odur. Cənab
İlham Əliyev beynəlxalq qurumların 30 il
ərzində edə bilmədiklərini Özü tək
edir. O, status-kvonu dəyişməklə, təmas xəttini
aradan qaldırmaqla Azərbaycan xalqına sonsuz qürur və
sevinc hissi bəxş edib.
Onu da qeyd edək ki, Ordumuz Cəbrayıl, Füzuli, Zəngilan
şəhərlərini, Hadrut qəsəbəsini və digər
yaşayış məntəqələrimizi
işğalçılardan azad edilməsi əməliyyatlarını
yüksək peşəkarlıqla həyata keçirib. Ekspertlər
düşmənin qurduğu istehkamların yarılmasına
uzun vaxt tələb olunacağını bildirirdilər.
Ancaq Azərbaycan Ordusu ermənilərin
yaratdığı mifi darmadağın etdi, çox qısa
müddətdə istehkamları yarmağa müvəffəq
oldu. Bu, Silahlı Qüvvələrimizin
Ali Baş Komandanın rəhbərliyi ilə
yazdığı şanlı tarixdir. Ordumuzun
xilaskarlıq missiyası yerinə yetirməsi, öz torpağımızda
döyüşməsi şəxsi heyətə güclü
impuls verir. Heç bir şübhə
yoxdur ki, müzəffər ordumuz
işğalçıları torpağımızdan
qovmağa davam edəcək.
Döyüş
meydanında qazanılan qələbələr Azərbaycanın
diplomatik müstəvidə də
üstünlüyünü şərtləndirir
Eyni zamanda, Azərbaycanın döyüş
meydanında qazandığı uğurlar ölkəmizin
diplomatik müstəvidə üstünlüyünü təmin
edir. Bunu biz 9 oktyabrda Moskvada Azərbaycan, Ermənistan və
Rusiyanın xarici işlər nazirləri arasında
aparılan danışıqlarda bir daha müşahidə
etdik. Moskva danışıqlarının
yekunu olaraq imzalanan bəyanatda ölkəmizin bütün istəkləri
nəzərə alınıb. Açıq-aydın
görünür ki, bir vaxtlar sərsəm bəyanatları
ilə danışıqlar prosesini dalana sürükləyən
işğalçı dövlətin baş naziri Nikol
Paşinyan tərəfindən indi ağ
bayraq qaldırılır. İşğalçının
aqibəti belə olmalı idi və oldu. Prezident
İlham Əliyevin son müsahibələrinin birində dediyi
kimi, Paşinyan Şuşada, Cıdır düzündə sərxoş
halda rəqs edəndə özünə bu gün baş verənlər
barəsində hökm imzalamışdı. Hazırda danışıqların şərtlərini
Azərbaycan tərəfi diktə edir. Bir
vaxtlar Azərbaycana qarşı iddia və hikkələrlə
danışan baş nazir artıq kapitulyasiya olmaq
astanasındadır. Ermənistan rəhbərliyinin
danışıqlarda Azərbaycana şərt qoymaq,
danışıqlar prosesinin formatını dəyişmək
kimi bütün iddiaları darmadağın edilib.
Prezident
İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində
Azərbaycan informasiya cəbhəsində də Ermənistanı
darmadağın edib
Deyə bilərik ki, bu gün torpaqlarımızın
işğaldan azad olunması uğrunda döyüşlər
yalnız ön xətdə getmir, həm də təbliğat
sahəsində, KİV-lərdə, sosial mediada
aparılır. Bu sahədə də Prezident İlham
Əliyevin fəallığı hamı üçün
nümunə sayıla bilər. Məlumdur
ki, düşmən tərəf xaricdəki erməni lobbisinin
dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı məlumatları, necə deyərlər, əyri
güzgüdən təqdim edir. 27
sentyabrdan bəri döyüş meydanlarında ardıcıl
məğlubiyyətə uğrayan Ermənistan muzdlu
yazarları vasitəsilə Azərbaycan barəsində qara
piara rəvac verib.
Ancaq erməni təbliğat maşını hazırda Dağlıq Qarabağ münaqişəsinin ilk mərhələsində olduğu kimi aktiv işləyə bilmir və yaxud dünyada ermənilərin yalanlarına, vay-şivən salmalarına inananların sayı əhəmiyyətli dərəcədə azalıb. Bunun əsas səbəblərindən biri dövlətimizin başçısı İlham Əliyevin beynəlxalq tədbirlərdə auditoriyaya Dağlıq Qarabağın tarixini, 30 ildir ki, davam edən münaqişənin mahiyyətini, Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsini əsaslandırılmış şəkildə, yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırmasıdır. Dövlətimizin başçısının “Valday” Diskussiya Klubunda, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində aparılan müzakirələrdə, Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında səsləndirdiyi fikirlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından böyük aktuallıq daşıyır.
Prezident İlham Əliyev həmçinin 27 sentyabrdan etibarən döyüş meydanlarında olduğu kimi, informasiya cəbhəsində də üstünlüyümüzü təmin etmək üçün intensiv və səmərəli iş aparır. Qısa dövr ərzində dövlətimizin başçısı üç dəfə xalqa müraciət ünvanlayıb, “Əl-Cəzirə”, “Euronews”, “CNN İnternational”, “Sky News”, “Əl-Ərəbiyə”, “TRT Haber”, “CNN Türk”, “Haber Qlobal”, “Rossiya-1”, “Pervıy kanal”, “A Haber” televiziya kanallarına, Rusiyanın “RİA Novosti” agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitriy Kiselyova, Türkiyənin “NTV” televiziyasına və digər KİV-lərə çoxsaylı müsahibələr verib. Dövlət başçısının bəhs olunan müsahibələri vasitəsilə dünyanın müxtəlif ölkələrində çoxsaylı izləyicilər Ordumuzun xilaskarlıq missiyası həyata keçirdiyi, Ermənistanın işğalçılıq siyasəti, münaqişə bölgəsindən kənarda yerləşən şəhərlərimizi atəşə tutması, dinc sakinləri, mülki infrastrukturu hədəfə alması ilə bağlı birinci şəxsin dilindən ətraflı məlumat əldə etmək imkanı qazanıblar.
Qərib MƏMMƏDOV,
AMEA-nın aqrar məsələlər üzrə müşaviri,
akademik.
Respublika.- 2020.- 24 oktyabr.- S.8.