Türkiyədən Azərbaycana dəstək aksiyaları

 

İstanbul

 

Türkiyədə fəaliyyət göstərən Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı ilə Bağçılar rayonundakı Dostluq Parkında ölkəmizə dəstək mitinqi keçirilib. Tədbirdə Hazarfem dərnəyinin sədri Nuran Acar, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Hüseynova və başqaları çıxış ediblər. Çıxışlarda Azərbaycan dövlətinin qətiyyətli, haqlı və ədalətli mövqeyi qarşısında işğalçı Ermənistanın ölkəmizin müharibə zonasından uzaqda yerləşən şəhər və rayonlarını, mülki yaşayış məntəqələrini və obyektlərini raket zərbələrinə məruz qoyması kəskin şəkildə pislənilib. Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətlərinə görə beynəlxalq məhkəmə qarşısında cavab verməsinin vacibliyi vurğulanıb. Tədbir iştirakçıları müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad edəcəyinə əminliklərini bildirib, “Qarabağ Azərbaycandır!” və digər şüarlar səsləndiriblər. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı, şəhidlərimizin şəkillərinin nümayiş olunduğu tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan hərbçilərimizin ruhuna dualar oxunub.

 

 

 

Malatya

 

Bir millət, iki dövlət” şüarı ilə keçirilən tədbirdə vilayətin, eləcə də ölkədə fəaliyyət göstərən siyasi partiyaların Malatya təşkilatının rəhbərləri, azərbaycanlı tələbələr, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra ümummilli lider Heydər Əliyevin, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkünbütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Malatya bölgəsində təhsil alan azərbaycanlı tələbələrin nümayəndəsi Fuad Həsənov, Ədalət və İnkişaf Partiyasının (AKP) Malatya Gənclər şöbəsinin başçısı Ömər Akın və Malatya Ülkü Ocaqları başçısı Bayram İşık çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərini, birgə sərgilədikləri mətin siyasi iradəni yüksək dəyərləndiriblər. Birlik və həmrəylik rəmzi olaraq Malatyanın küçə və meydanları Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilib.

 

 

 

Ankara

 

Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə Ankara şəhərində avtoyürüş keçirilib. İşğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərindəki mülki yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində dinc sakinlərin, o cümlədən uşaq və qadınların qətlə yetirilməsinə etiraz edən soydaşlarımız əvvəlcə Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısında toplaşıblar. Dərnəyin rəhbəri Arzuman Azaflı, Ankara Universitetinin doktorantı Nərmin Mirzəyeva aksiya iştirakçıları qarşısında çıxış edərək, Ermənistanın oktyabrın 11-i və 17-də törətdiyi terror aktlarını qətiyyətlə pisləyiblər. Sonra Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilən 100 avtomobilin hərəkət etdiyi karvan səfirliyin qarşısından avtoyürüşə başlayıb. Yürüş boyu “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!”, “İşğal beynəlxalq sülhə təhlükədir!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar nümayiş olunub, münaqişənin nizamlanmasında dünya birliyinə ədalətli mövqe sərgiləməyə çağırış edilib.

 

 

 

Kocaeli

 

Türkiyədəki siyasi partiyaların Kocaeli şəhərində fəaliyyət göstərən yerli təşkilatları və QHT-lər növbəti dəfə Azərbaycana dəstək bəyanatı yayıblar. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündarın imzası ilə yayılan bəyanatda Ermənistanın ölkəmizə qarşı davam edən işğalçılıq siyasəti və mövcud hərbi hücumları kəskin şəkildə qınanılır. Bildirilir ki, Xocalı soyqırımı başda olmaqla, Ermənistanın Azərbaycana qarşı törətdiyi bütün cinayətlər beynəlxalq hüquqa təhdid, insanlığa düşmənçilikdir.

 

 

 

İzmir

 

İzmirdə fəaliyyət göstərən “Can Azərbaycan” platforması adı altında birləşən 50-yə yaxın qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbir Fransa Respublikası konsulluğunun qarşısında baş tutub. Aksiyada “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!”, “İşğal beynəlxalq sülhə təhlükədir!”, Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndirərək ermənilərin ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti ilə bağlı faktları diqqətə çatdırıb, münaqişənin nizamlanmasında Minsk qrupunun həmsədri kimi Fransanı ədalətli mövqe nümayiş etdirməyə çağırıblar.

 

 

 

Antalya

 

Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin təşkilatçılığı ilə Azərbaycanın dinc əhalisinə qarşı Ermənistanın törətdiyi terror aktını qınamaq üçün Antalyada etiraz aksiyası və avtoyürüş təşkil edilib. Aksiyada soydaşlarımız, yerlixarici qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də siyasi partiya təmsilçiləri və jurnalistlər iştirak ediblər. Dərnəyin İdarə Heyətinin sədri, hüquqşünas Lalə Həsənova tədbirdə çıxış edərək illərdir Ermənistanın işğalı altında qalan torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və şanlı Azərbaycan Ordusunun şücaəti nəticəsində azad edilməsindən danışıb. İşğalçı Ermənistanın tərəfdaş olduğu beynəlxalq müqavilələri ciddi şəkildə pozduğunu və dəfələrlə imzalanan atəşkəs rejiminə riayət etmədiyini vurğulayıb. Aksiyada çıxış edən türkiyəli siyasətçilər də Azərbaycan-Türkiyə qardaşlığını vurğulayaraq, hər zaman Azərbaycanın yanında olduqlarını qeyd ediblər. Azərbaycanın Laçın rayonundan olan adamı Elnur Malikoğlu da aksiyada çıxış edərək, işğalçı Ermənistanın Qarabağda törətdiyi vəhşiliklərin canlı şahidi kimi Laçın rayonunun işğalından danışıb, xalqımıza, dövlətimizə qələbə və əmin-amanlıq arzulayıb. AksiyadaQarabağ Azərbaycandır!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Uşaq ölümünə son qoyun!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” və sair kimi şüarlar səsləndirilib.

 

 

 

Kastamonu

 

Kastamonu Universitetində təhsil alan azərbaycanlı tələbələr Azərbaycana dəstək olmaq üçün Cümhuriyyət meydanına toplaşıblar. Tədbirdən öncə Türkiyənin “İstiqlal marşı” və Azərbaycan milli marşı səsləndirilib. Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Cəmiyyətinin sədri Tural İsabəyli çıxışında Ermənistanın mülki insanları qəsdən hədəf almasını cəbhədəki uğursuzluqlarının nəticəsi kimi qiymətləndirib. Bununla yanaşı, o, beynəlxalq təşkilatların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe nümayiş etdirmələrinin vacib olduğunu bildirərək qeyd edib: “Türkiyə dövlətinə və xalqına minnətdarlığımızı bildirir, birlik və bərabərliyimizin sarsılmaz olacağını ifadə etmək istəyirik. Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclər olaraq bütün dünyaya dövlətimizin, ordumuzunAli Baş Komandanımızın yanında olduğumuzu, dövlətimizin siyasətini tam dəstəklədiyimizi, ehtiyac duyulduğunda cəbhəyə gedəcəyimizi və vətənimizi qorumaq naminə vəzifəmizi tərəddüdsüz yerinə yetirəcəyimizi bütün dünyaya bildirmək istəyirik”.

 

Çıxışlardan sonra tələbələr “Qarabağa dönürük”, “Qarabağ Azərbaycandır”, “Erməni terroruna son”, “Eşq olsun Azərbaycan ordusunakimi şüarlar səsləndiriblər.

 

 

 

Trabzon

 

Trabzon bölgəsinin Ortahisar rayon bələdiyyəsi ərazisində ən yüksək təpə olan Boztəpə istiqamətində 61 metrlik dirək üzərində 19x23 metr ölçüsündə Azərbaycan bayrağı ucaldılıb. üçrəngli, ay-ulduzlu bayrağımız Anadolunun Qara dəniz bölgəsində bütün istiqamətlərdən aydın görünür. Bayraq dirəyinin hündürlüyünün ölçüsü Trabzonun regional avtomobil seriyasına uyğun seçilib.

 

Üçrəngli bayrağımızın qaldırılması ilə bağlı keçirilən mərasimdə Trabzon Ortahisar rayon bələdiyyəsinin sədri Ahmet Mətin Gənc, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Azərbaycanın bu qurumdakı nümayəndəsi Elçin Qafarlı və digər rəsmi şəxslər iştirak ediblər. Bələdiyyə sədri Ahmet Mətin Gənc Azərbaycan bayrağını Trabzonun ən mənzərəli, diqqətçəkən təpəsində ucaltmaqda məqsəd Milli Ordumuza həmrəylik nümayiş etdirməkdir. İşğal altındakı torpaqlarımızın düşmən tapdağından azad olunması istiqamətində göstərilən siyasi səylər, aparılan qəhrəmanlıq mübarizəsi xalq və dövlət qarşısında tarix, ədalətin bərpası, insan haqlarının qorunması baxımından ən ləyaqətli işdir.

 

Esmira YAZKAN Aslanova,

 

Respublika” qəzetinin

 

Türkiyə üzrə müxbiri.

 

Respublika.- 2020.- 24 oktyabr.- S.9.