Vətən qəhrəmanları ilə
yenilməzdir
Vətəni, ayaq basdığı torpağı uğrunda hünəri, cəsarəti ilə ölməyi bacarmağı uca tanrı hər yaratdığına bəxş etmir nə yazıq ki. Torpaq müqəddəsliyini, torpaq ülviliyini hər şeydən üstün tutanlar isə Vətənə can borcunu unutmayaraq qanları bahasına sinələrini düşmən gülləsinə sipər edər, torpağın, vətənin müdafiəsinə qalxar, bir qarış torpaq uğrunda canlarından keçər, bir cana, bir ürəyin məcrasına sığmayan Vətən sevgisini müqəddəs and yeri bilərlər.
O da bu torpağa,
bu vətənə
and içmişdi. Vətən torpaqları
yağı düşməndən
azad olunana qədər bir gün belə rahat olmayacağına, doğma Vətəninin xoş günlərə, aydın sabahlara çıxacağı günədək
son damla qanına qədər vuruşacağına
and içmişdi. Öz andına
sadiq qaldı Aydın. Vətəni uğrunda, xalqı
yolunda ən uca, ən müqəddəs
zirvəni - şəhidlik
zirvəsini fəth etdi. Bu zirvəyə
üz tutanda isə nə arxasınca göz yaşı tökən anasını, nə övlad acısından beli bükülən atasını, nə də iyirmi gün əvvəl barmağına nişan
üzüyü taxdığı
sevgilisini düşünmüşdü.
Şəhid olduqdan sonra
cibindən tapılan
“Qəhrəman şəhid”
adlı son şeirində
yazdığı kimi,
ondan ötrü Vətən hər seydən öncə gəlirdi.
Ey mənim hər dəfə keçən yanımdan
Mənə baxıb demə dərdin dağ olsun.
Mən özüm keçdim ki, şirin canımdan,
Mən sağ olmasam da,Vətən sağ olsun.
Musiqinin, sözün-sənətin vurğunu
idi Aydın. Hərdən şeir yazmağı da var idi.
İdmana böyük həvəs
göstərirdi. Hələ
orta məktəbdə
oxuyarkən karate, boks, cüdo, qaydasız döyüş
kimi idman növləri ilə məşğul olmuş,
respublika səviyyəli
idman yarışlarında
iştirak etmiş, diplom və sertifikatlara layiq görülmüşdü. Suraxanı rayonundakı
278 saylı orta məktəbi müvəffəq
qiymətlərlə başa
vurduqdan sonra isə sənədlərini
Ali Hərbi Məktəbə
vermiş, lakin müsabiqədən keçə
bilməmişdi. 2008-ci ildə əsgəri xidmətə yollanan Aydın hərbi xidmətdən qayıtdıqdan
az sonra
yenidən cəbhəyə
qayıtmaq istəyi ilə Suraxanı Rayon Hərbi Komissarlığına
müraciət edir. Kəşfiyyat-snayper hazırlığı üzrə 6 aylıq təlimdən sonra onu cəbhənin qaynar nöqtələrindən
olan Tərtər rayonunun Qapanlı kəndinə göndərirlər.
Aydın
hərbi xidmətdə
də fəallığı,
cəsurluğu ilə
hər zaman öndə gedirdi. Dəfələrlə döyüş və
ictimai-siyasi hazırlıqda
əldə etdiyi yüksək nailiyyətlərə
görə fəxri fərmanlara, medallara layiq görülmüşdü.
O, Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
döyüşçüsü kimi hərbi hissədə xidmət etdiyi ilk günlərdən
özünü nizam-intizamlı
bir əsgər kimi göstərir, ona həvalə edilmiş vəzifələrin
öhdəsindən layiqincə
gəlir, vəzifə
borcunu vicdanla, ləyaqətlə yerinə
yetirirdi. Vətənə Aydın kimi
layiqli övlad yetişdirdiklərinə görə
dəfələrlə hərbi
hissənin komandanlığı
tərəfindən valideynlərinə
təşəkkür məktubu
göndərilmişdi.
Aydın sanki anadan hərbçi
doğulmuşdu. Vətən torpaqlarının hər qarışını
göz bəbəyi kimi qorumaq bütün
varlığı ilə
bu torpağa bağlı olan Aydının həyat amalı idi. Cəsurluğu, qorxmazlığı, ən əsası isə təmkini ilə yoldaşları, komandirləri arasında böyük hörmət qazanmışdı. Ən böyük
arzusu isə Ali Hərbi Məktəbdə
təhsil almaq, hərbin sirlərinə dərindən yiyələnmək
idi. Bütün arzuları kimi,
bu arzusu da yarımçıq qaldı Aydının.
2013-cü ildə cəbhənin Tərtər
istiqamətində düşmənlə
təmas xəttində
atəşkəsin pozulması
nəticəsində düşmən
gülləsinə tuş
gəldi. O, qorxmadan,
ölümün gözünə
dik baxaraq özünü ölümün
üstünə atdı
və Vətənə
olan sonsuz məhəbbəti ilə
əbədi ölməzlik
qazandı.
İndi Abdullayevlər ailəsində
Aydınlı günlər
bir xatirəyə dönüb. Atası Əmirsoltan müəllimin,
anası Sevil xanımın, qardaşlarının
hər sözündə,
hər söhbətində
yaşayır Aydın.
Sevil ana ürəyindəki qəm yükünü bölüşərək Şəhidlik
zirvəsindən boylanan
oğlunun divardan asılmış portretindən
gözünü çəkmir.
“Valideyn üçün
övladlarının hamısı
əzizdi. Üç oğul
anasıyam. Aydın evimin
sonbeşiyi idi. Rəhmətlik qardaşımın adını daşıyırdı.
Qəlbimdə Aydının yeri
başqa idi. Onun qəlbi isə Vətən sevgisi ilə döyünürdü.
Ən böyük arzusu işğal altında olan torpaqlarımızın
düşmən tapdağından
xilas olunması idi. İdmançı idi Aydınım.
Ürəyindəki Vətən sevgisinə,
qolundakı vətən
gücünə, Vətən
qüvvətinə arxalanırdı.
Bölmə komandiri kimi cəbhə bölgəsində nələr
etməmişdi ki... Düşmənin başına
od ələyirdi.
Əsgərlərinin qayğısını çəkirdi. Mən sənin
balanam, onlar da mənim deyirdi.
Axırıncı gəlişində
yenə də ürək-dirək verdi mənə, hər şey yaxşıdı narahat olma, ana. Torpaqlarımızı alaq - bir gün
də səndən ayrı qalmayacam. Amma Vətən darda ikən mən burada rahat otura bilmərəm
dedi. Aydının toyuna hazırlaşırdıq.
Haradan bilərdim ki, bir gün Aydınsız
qalacağam. Mən bu
gün Sevil ana kimi deyil,
gizir Aydın Abdullayevin anası kimi yaşayıram. Yoxsa Aydınsız bir gün də yaşaya bilməzdim.
Oğlumu yaşatmaq üçün
yaşayıram”.
Aydının atası Əmirsoltan
kişi isə qürurla danışır: “Aydın
təkcə mənim yox, bütün Azərbaycan xalqının
oğludur. O, Vətən
yolunda, torpaq uğrunda şəhid olub, əbədiyyətə
qovuşub. Aydın neçə-neçə çətin döyüş
əməliyyatlarında iştirak
edib, düşmənə
sarsıdıcı zərbələr
vurub. Oğlumun xəbərini eşidəndə
nə qədər ağır olsa da, özümü ələ aldım və Vətən sağ olsun dedim. Bu gün də deyirəm-Vətən
sağ olsun! Vətəni
mərd oğullar qoruyar. Aydın da mərd, cəsur oğul idi. Mən onunla fəxr
edirəm. Əminəm ki, tək Aydının
yox, Vətən uğrunda canından keçən bütün
Şəhidlərimizin adı
əbədi olaraq xalqımızın ürəyində
yaşayacaq. Bu gün bizim təsəllimiz onun adının əziz tutulması, əbədiləşdirilməsidir”.
Lakin Vətən sevgisini məşələ döndərib azadlıq yoluna işıq salan Aydınların xatirəsini əbədiləşdirmək, yaşatmaq təkcə valideynlərin, yaxınların, doğmaların deyil, hər bir Azərbaycan vətəndaşının borcudur. Axı, bu qəhrəman, igid oğullar bir ailənin yox, bir elin, bir obanın, bir xalqın, bir millətin övladlarıdır. Zəfər salnaməmizi yazan hər şəhid ömrü şanlı tariximizin bir səhifəsidir. Bu səhifəni dönə-dönə varaqlamalı, unudulmağa qoymamalıyıq.
Mehparə ƏLİYEVA
Respublika.- 2020.- 24 oktyabr.- S.9.