Elmə həsr olunmuş
ömür
Azərbaycan
Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Baş
Elmi işçisi, İqtisad elmləri doktoru, professor, RAE-nin
Əməkdar Elm, Texnika xadimi və Müxbir üzvü Rauf Cəbiyevin
oktyabrın 25-də səksən beş yaşı tamam olur.
Rauf Cəbiyev Bakı şəhərində, 25 oktyabr 1935-ci ildə ziyalı ailəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirəndən sonra, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olur. Universiteti uğurla başa vurandan sonra iqtisadiyyat elminə və dünyasına olan maraq və sevgisini reallaşdırmaq üçün iqtisadiyyat sahəsində təhsil alır və D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) Sənaye İqtisadiyyatı fakültəsinə daxil olur. 1971-ci ildə buradakı təhsilini uğurla başa vuraraq iqtisadçı diplomuna yiyələnir. Universiteti bitirdikdən sonra Nazirlər Kabinetinin Qiymət Komitəsində baş müfəttiş-nəzarətçi, şöbə müdirin müavini və şöbə müdiri vəzifələrində çalışmışdır.
Az bir zaman içərisində Rauf Cəbiyev, iqtisadiyyat sahəsində bacarıqlı bir tədqiqatçı olduğunu ortaya qoyur və 1974-cu ildə “Yeni iqtisadi şəraitində mənfəət və onun stimullaşdırıcı rolu” mövzusunda uğurlu elmi müdafiəsindən sonra iqtisad elmləri namizədi alimlik dərəcəsini alır. Bu sahədə ilk addımları və uğurları Rauf müəllimi daha gərgin və səmərəli işləməyə, fəaliyyətini genişləndirməyə stimul verməyə başlayır. Başladığı elmi fəaliyyətini davam etdirmək onun həyat amalına çevrilir.
1977-ci ildən 1982-ci ilədək Azərbaycan Dövlət Plan Komitəsinin nəzdindəki Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda sektor müdiri, 1982-ci ildən 1985-ci ilədək Azərbaycan Dövlət Plan Komitəsində yeni planlaşdırma metodlarının tətbiqi və iqtisadi təşviqat şöbəsinin müdiri, 1985-ci ildən 1990-cı ilədək Azərbaycan Dövlət Plan Komitəsinin nəzdindəki Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda sektor müdiri vəzifələrində çalışmışdır.
1991-ci ildə “Azərbaycan SSR sənayesində təsərrüfat əlaqələrin inkişafı və təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını yazır və iqtisad elmləri doktoru elmi dərəcəsini alır. 1993-cü ildə Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adını qazanır.
1990-cı ildən 1997-ci ilədək Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun Sənaye İqtisadiyyatı kafedrasında dosent, kafedra müdiri, 1997-ci ildən 2007-ci ilədək İqtisadiyyat Nazirliyinin nəzdində olan İqtisadi İslahatlar Mərkəzində şöbə müdiri vəzifəsində çalışmışdır.
2007-ci ildən bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun baş elmi işçisi vəzifəsində çalışır.
Xatırladaq ki, SSRİ-nin dağılmasından əvvəl Rauf Cəbiyev ittifaq və beynəlxalq jurnalların səhifələrində dərc edilirdi. Onlardan “Voprosı gkonomiki”, “Planovoe xozəystvo”, “Maşinostroitelğ”, “Soüialistiçeskiy trud”, “Xozəystvo i pravo”, “Voprosı üenoobrazovaniə”, “Finansı SSSR”, “Denğqi i kredit”, “Sovetskaə torqovlə” və başqaları. İki kitab “Profaktivu ob gffektivnosti proizvodstva” və “Perestroyka v respublikanskoy promışlennosti” 1978 və 1989-cu illərində “Znanie” və “Profizdat” nəşriyyatları tərəfindən Moskvada nəşr olunmuşdur. “Soüialğno-gkonomiçeskoe razvitie Azerbaydjanskoy Respubliki za qodı nezavisimosti” monoqrafiyasına Moskvadakı keçid dövrünün İqtisadiyyat İnstitutunun əməkdaşları tərəfindən rəy verilmişdir və 2005-ci ildə çap edilmişdir.
Professor Rauf Cəbiyev 20 monoqrafiya və bir neçə elmi kitabın müəllifdir, iqtisadiyyatın müxtəlif sahələrinə həsr olunmuş 400-dən çox elmi əsər nəşr etdirmiş, iqtisadçı-alimlər və tədqiqatçılar tərəfindən elmi mənbə kimi istifadə olunmaqdadır. Onun Azərbaycanda, iqtisadi mexanizm və onun təkmilləşdirilməsi, bazar infrastrukturunun formalaşması və inkişafı, investisiyalar, dövlət mülkiyyətinin özəlləşdirilməsi və sahibkarlığın inkişafı, innovasiyalar haqqında MDB və digər xarici ölkələrdə çap olunmuş fundamental elmi əsərləri iqtisadiyyat elminin dəyərli nümunələrindən olmaqla, həm də Azərbaycanda iqtisadiyyat elmini inkişaf və uğurlarını ortaya qoyan nümunələrdir. Rauf Cəbiyev iqtisadiyyat sahəsində xidmətlərinə görə, habelə beynəlxalq layihələr üzrə keçirilən müsabiqələrdə dəfələrlə fəxri fərmanlar, pul mükafatı və qrantlar almışdır.
2003-cü ildə Dünya Bankının Azərbaycanda keçirilmiş “Yoxsulluğun azaldılması” yarışmasına qatılan R.Cəbiyev birinci yeri tutmuş və mükafatlandırılmışdır. 2005-ci ildə Azərbaycan Neft Sənayesi Məlumat Mərkəzinin elan etdiyi “Neft və yoxsulluq” müsabiqəsində iştirak etmiş və üçüncü yeri tutmuş və mükafatlandırılmışdır. 2007-ci ildə professor R.Cəbiyev “Elm, texnologiya və innovasiyanın inkişafı” adlı İNTAS qrantını qazanmışdır.
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin 2007-ci ilin sonunda elan etdiyi “Rusiya-Azərbaycan münasibətləri: sabitlik və qarşılıqlı maraqlar” müsabiqəsində iştirak edən Rauf Cəbiyev ikinci yeri tutmuşdur (birinci yer verilmirdi) və mükafatlandırılmışdır. Bundan sonra, “Rusiya-Azərbaycan strateji tərəfdaşlar” mövzusunda jurnalistlərin ikinci müsabiqəsində fəal iştirakına görə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirin Diplomuna və pul mükafatına layiq görülmüşdür.
2013-cü ildə ilin böyük iqtisadi Ensiklopediyasında və 2018-ci ildə də Azərbaycan Milli Ensiklopediyasında böyük alimin xarakteristikası verilmişdir. Professorun “İnnovasiya sferasında Azərbaycanın dövlət siyasəti” adlı elmi əsəri 2015-ci ildə Almaniyanın Berlin şəhərində çapdan çıxmışdır və bu kitab istər elmi dairələrdə, istərsə də tədqiqatçılar arasında böyük marağa səbəb olmuş və əminliklə deyə bilərik ki, uzun illər də bu dəyərini itirməyəcəkdir.
2018-ci ildə beynəlxalq jurnallarda standartlaşdırma, sertifikatlaşdırma, keyfiyyət və yenilik problemlərinə dair çoxsaylı məqalələrin dərc olunması ilə əlaqədar olaraq professor R.Cəbiyev “Avropa keyfiyyəti” Qızıl Medalı ilə təltif edilmişdir.
Rauf Cəbiyevin rəhbərliyi və birbaşa iştirakı ilə qaçqınların Azərbaycan Respublikasında yerləşdirilməsi ilə əlaqədar beynəlxalq layihənin iqtisadi bloku tamamlanmışdır. Bundan əlavə, 2004-2008-ci illər üçün Azərbaycan Respublikasının bölgələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramının hazırlanmasında iştirak etmişdir.
R.Cəbiyev həm ölkədə, həm də xaricdə müxtəlif illərdə keçirilən 40 beynəlxalq elmi və praktik konfranslarda iştirak və çıxış etmişdir.
50 ildən çox iqtisadiyyat sahəsində səmərəli fəaliyyət göstərən bu fədakar insan ömrünün müdriklik yaşına çatsa da, yenə gənclik eşqi ilə, həvəsi ilə yazıb yaradır. Onun işgüzarlığına və fəaliyyətinə bu gün də yalnız qibtə etmək olar. Professor Rauf Cəbiyev səksən beş illik yubileyi ərəfəsində innovasiya və rəqabətqabiliyyətlilik mövzusunda bir sıra məqalələr üzərində, habelə Azərbaycanın regionlarının innovasiya sahəsində reytinqlərinin müəyyənləşdirilməsi istiqamətində işləyir və gələcəkdə “Azərbaycan Respublikasının Milli İnnovasiya sisteminin reallıq və perspektivlər” monoqrafiyasını nəşr etməyi planlaşdırır.
Həmkarları, uzun illər dostluq etdiyi insanlar fəxrlə deyirlər ki, o, istedadlı alim, təcrübəli iqtisadçı, müdrik və gözəl insan, etibarlı dost və örnək ola biləcək ailə başçısıdır.
Bir insan və alim kimi böyük ürəyə sahib olan professor Rauf Cəbiyevin həyat yolu hələ bundan sonra da onu tanıyanlar üçün bir örnək olacaqdır. Səmərəli fəaliyyəti ilə gənclərimizə nümunə olan dəyərli alimin həyat yolu bir daha sübut etdi ki, ilahi iradəli insan istədiyi hədəfə çata bilər. Bu nəcib yolda alimimizə yeni uğurlar, cansağlığı və uzun ömür arzu edirik!
E.HÜSEYNOV
Respublika.- 2020.- 24 oktyabr.- S.10.