QƏLƏBƏ
BİZİMLƏDİR!
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqının tarixinə şanlı səhifələr yazılır, yeni bir dövr başlanır. Zəfər dövrü, qələbələr dövrü, torpaqlarımızın 30 illik işğaldan azad edilməsi dövrü. Bu dövr xalqımızın tarixinə İlham Əliyev dövrü kimi, qızıl dövr kimi daxil olacaqdır. Azərbaycan xalqı bu gün tarixi günlər yaşayır, torpaqlarımız, kəndlərimiz, şəhərlərimiz və bir çox yaşayış məntəqələrimiz yağı düşmən işğalından ardıcıl olaraq azad edilir. Azərbaycan Ordusu hər gün yeni-yeni qələbələrlə xalqımızı sevindirir. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti, Azərbaycan xalqı özünün ərazi bütövlüyünün bərpası uğrunda işğalçılara qarşı döyüşlər aparır.
Artıq 30 il idi ki, Azərbaycanın 20 faiz ərazisi düşmən tapdağı altında idi. Bir milyondan çox məcburi qaçqınlar ordusu böyük ümidlərlə və səbirsizliklə öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırdılar. Torpaqlarımızın düşmən işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi hər bir Azərbaycan vətəndaşının müqəddəs arzusu idi. Bu gün bu arzu Ali Baş Komandanın göstərişi ilə həyata keçirilir. Bizi məcburən müharibəyə cəlb edən işğalçı Ermənistanın faşist rəhbərliyi indi Azərbaycan Ordusunun mükəmməl hücumları qarşısında duruş gətirə bilmir, pərakəndə və tör-töküntü halında qaçmağa məcbur olur. Bu, belə də olmalı idi. Çünki Azərbaycan Ordusu öz torpağında düşmənlə müharibə aparır, öz torpağını işğaldan azad etmək uğrunda ölüm-dirim müharibəsi aparır. Belə müharibə isə Vətən müharibəsi adlanır, bu, müqəddəs müharibədir, haqq-ədalət müharibəsidir. Qoca tarix sübut edib ki, hər bir ədalət müharibəsində, Vətən müharibəsində xalq parlaq zəfərlər qazanır.
Ermənistanın xunta rəhbərliyi beynəlxalq hüququ BMT-nin Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini kobud şəkildə pozaraq Azərbaycan torpaqlarını işğal altında saxlayırdı və atəşkəs rejiminə baxmayaraq, son 26 ildə, demək olar ki, hər gün atəşkəsi pozur, Azərbaycan sərhədlərini müxtəlif silahlarla atəşə tuturdu. Bu gün də atəşkəsi kobud şəkildə pozur. Ermənistanın faşist rəhbərliyi avantürist təxribatlar törədirdi və son vaxtlarda Tovuz bölgəsində, Tərtər-Ağdam-Goranboy istiqamətlərində hücumlar etməyə cəhdlər göstərirdi. Bütün bu təxribatçı hücumların qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınırdı.
Sentyabrın 27-də başlanan müharibə xalqımızın Vətən müharibəsinə çevrildi. Bu gün haqq-ədalət müharibəsinə qalxan Azərbaycan xalqı bir daha sübut edir ki, xalq-ordu birliyi, xalq-dövlət birliyi, xalq-Prezident birliyi potensial qüvvəyə çevrilib. Düşmən tərəfi bəlkə də xalqımızın və ordumuzun belə potensial gücünü görməmişdi və ya heç düşünə də bilmirdi. Elə ki Ordumuzun güclü zərbələri qarşısında işğalçı tərəfin canlı qüvvəsi və döyüş texnikası darmadağın edildi və biabırçı şəkildə qaçmağa tələsdilər, bax, onda işğalçılıq siyasəti aparan Paşinyan hökuməti əl-ayağa düşdü, dünyanın bir çox ölkə rəhbərlərinə yalvarmağa başladı.
Bu gün dünyanın bütün dövlət və hökumət başçıları aydın şəkildə bilməlidirlər ki, Azərbaycan xalqı haqq müharibəsi aparır. Cənab Prezident, Ali Baş Komandan bütün çıxışlarında, müsahibələrində, xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrində demişdir: “Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanlarında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır”.
Azərbaycan əsgəri mərdi-mərdanə döyüşür, beynəlxalq müharibə qanunlarına bütün komponentləri ilə əməl edir, bir mülki əhalinin məskunlaşdığı nöqtələri vurmur. Ancaq məkrli və hiyləgər düşmən mülki əhalini, dinc əhalini nişan alır. Dinc əhalinin gecə yatdığı yerdə raket atəşinə tutulması, Gəncə, Mingəçevir, Goranboy, Ağdam və başqa şəhərlərin və yaşayış yerlərinin raket atəşinə tutulması beynəlxalq qanunlara ziddir və müharibə cinayətidir. Gəncə şəhərinə və başqa şəhərlərə ardıcıl raket atəşləri nəticəsində körpə uşaqların və dinc əhalinin vəhşicəsinə məhv edilməsinə cəhd edilməsi barbarlıqdır, alçaqlıqdır, hərbi cinayətdir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi bu cinayətləri, bu vəhşiliyi qoca tarix heç zaman bağışlamayacaq. Necə ki deyilib: biz sussaq da, tarix susmayacaq, tarix sussa da, həqiqət susmayacaq. Artıq dünya anlayır ki, erməni rəhbərliyi vəhşiliyin və barbarlığın bütün komponentlərindən məkrli və hiyləgər formada, avantürist və təxribatçı formada həyasızcasına istifadə edir.
Dinc sakinlərə qarşı, adamların yatdığı vaxt, gecə saat 01 radələrində şəhəri raket atəşinə tutmaq beynəlxalq müstəvidə müharibə cinayətidir, insanlığa qarşı, bəşəriyyətə qarşı cinayətdir. Gecə vaxtı cəbhədən 80-100 km. uzaqda yerləşən və müharibə cəbhəsi ilə heç bir əlaqəsi olmayan şəhərlərə - Gəncə, Mingəçevir və başqa şəhərlərin dinc sakinlərinin vəhşicəsinə atəşə tutulması dünya tərəfindən qəzəblə qarşılanıb. Ermənistanın faşist rəhbərliyi bununla sübut edir ki, Paşinyan rəhbərliyi cinayətkardır, terrorçu dövlətdir, bölgədə sülh üçün zərərli tərəfdir, işğalçı dövlətdir.
Azərbaycan xalqının bu haqlı müharibəsi bütün dünyada müdafiə edilir. Cənab Prezidentimizin dediyi kimi, biz yeni bir dövrün astanasındayıq. Ordumuzun və əsgərlərimizin qələbələri günbəgün artır. Hər gün yeni-yeni kəndlərimizin, şəhərlərimizin və yaşayış məntəqələrimizin düşmən işğalından azad edilməsi müjdələri alınır. Xalqımız bu qələbələri çoxdan gözləyirdi. İndi vaxt-vədə çatıb, Ali Baş Komandanımızın rəhbərliyi ilə tezliklə Azərbaycanın ərazi bütövlüyü tam bərpa ediləcək. Suqovuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın və digər şəhər və kəndlərimizin azad edilməsi bizim müharibə tariximizdə böyük hərbi-strateji əhəmiyyətə malik olan hadisədir.
Bir tarixçi kimi onu deyə bilərəm ki, sovet xalqlarının Böyük Vətən müharibəsi tarixində Moskva yaxınlığında faşist qoşunlarının darmadağın edilməsi (dekabr, 1941-ci ildə) ilə əsaslı dönüşün başlanğıcı qoyuldu. Stalinqrad və Kursk döyüşlərində isə əsaslı dönüşü Bakı verdi və düşmən darmadağın edilərək işğal etdikləri ərazilərdən qovulmağa başlandı. Bəlkə də bu gün oxşar hadisələr baş verir: Cəbrayıl-Füzuli-Suqovuşan-Hadrut bölgələrinin işğaldan azad edilməsi, bizim apardığımız bu Vətən müharibəsində əsaslı dönüşün başlanğıcıdır. Şuşa və Xankəndidə üçrəngli bayrağımızın sancılması ilə, İnşallah Vətən müharibəsinin tarixində əsaslı dönüş olacaqdır. Bu Qələbə Günü heç də uzaqda deyil. Möhkəm arxa cəbhə ilə ordu birliyi, güclü iqtisadiyyat, formalaşmış qüdrətli ordu, Ali Baş Komandanın qətiyyətli və prinsipial mövqeyi bugünkü və növbəti qələbələrin müjdəsindən xəbər verir. Oktyabrın 20-də Azərbaycan xalqına etdiyi müraciətində Prezident İlham Əliyev deyib: “Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq”.
Ermənistanın xunta-faşist rəhbərliyi yalan dolu bəyanatlarla nəinki öz xalqını, həm də dünyanın dövlət və hökumət başçılarını da aldadır. Dövlət başçısına xas olmayan avantürist məlumatlar yayır. Ancaq atalar demişkən, yalan ayaq tutar, amma yeriməz. Paşinyanın ağ yalan olan bu məlumatları artıq beynəlxalq media tərəfindən ifşa edilir. Uzağa getməyək. Bu il oktyabrın 10-da və 17-də humanitar atəşkəsə dair üçtərəfli (Rusiya Federasiyası, Azərbaycan və Ermənistan) razılaşma sənədi imzalandı. Müqavilənin mürəkkəbi qurumamış Ermənistanın hərbi-siyasi rəhbərliyi humanitar atəşkəsi kobud şəkildə pozdu, Gəncənin, Mingəçevirin, Tərtərin və başqa ərazilərimizin dinc, mülki əhalisini raket silahları ilə atəşə tutdu. Çoxlu sayda dinc əhali, uşaq, qoca, qadın şəhid oldu, yaralananlar oldu, bir çox yaşayış binaları və mülki obyektlər dağıdıldı. Ermənistanın faşist rəhbərliyi indi bir daha sübut etdi ki, onlar işğalçı və avantürist niyyətlərindən əl çəkməyiblər. Azərbaycanın qəhrəman və igid əsgərləri əks-hücuma keçərək, düşmənin çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını, silah anbarlarını məhv etdi. Bununla da düşmən qüvvələrinə sarsıdıcı zərbələr vuruldu. Azərbaycanın bir çox kəndləri və Zəngilan şəhəri işğaldan azad edildi (20 oktyabr). Beləliklə, Ali Baş Komandanımızın da dediyi kimi, 30 il ərzində bizim torpaqlarımızı istismar edən mənfur düşmənin belini qırırıq və qıracağıq da.
Ötən illər ərzində Azərbaycan rəhbərliyi, Prezident İlham Əliyev öz qətiyyəti, müdrik və uzaqgörən siyasəti ilə münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli üçün ciddi çalışmış və öz mövqeyini ortaya qoymuşdu. Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi real addımlar atmamış, bütün danışıqlar prosesində riyakar fikirlər söyləyərək münaqişənin həllini uzatmış və danışıqları pozmuşdu. Beynəlxalq müstəvidə ikili standartlarla üzləşən ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatına başlayaraq torpaqlarımızı işğaldan azad etməyə başladı. Xalqın iradəsini ifadə edən Ali Baş Komandanın göstərişlərini bütün Azərbaycan xalqı ürəkdən bəyəndi və müdafiə etdi. Hər gün cəbhədən yeni-yeni uğurların xəbəri gəlir. Ali Baş Komandan Prezident İlham Əliyevin dediyi kimi, biz böyük qayıdış astanasındayıq, Azərbaycanın ərazi bütövlüyü, İnşallah tezliklə bərpa olunacaq. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Nuru MƏMMƏDOV,
Tarix elmləri doktoru,
BDU-nun professoru.
Respublika.- 2020.- 25 oktyabr.- S.7.