Ordumuziftixar yerimiz, qürur mənbəyimizdir

 

Ulu Tanrı bu xoşbəxt günləri bizə bəxş elədi. Otuz il həsrətini çəkdiyimiz, füsunkar gözəlliklərini yalnız xatirələrdə yaşatdığımız, Şuşasını, Laçınını, Kəlbəcərini, qeyr yurd yerlərimizi yuxularda gördüyümüz cənnət Qarabağın işğaldan azad olunması uğrunda başlayan mücadiləni, Vətən Müharibəsini görə bildik. Görmək azdır, xəyalən özümüzü ön cəbhədə, səngərlərdə hiss elədik. Ali Baş Komandan, cənab İlham Əliyevin hər çıxışını, hər xəbərini, müsahibələrini böyük coşqu, ruh yüksəkliyi ilə dinlədik və dinləməkdə davam edirik. Bir vaxtlar televiziya kanallarına o qədər də həvəs göstərməyənlərin özləri də indi ekran qarşısından kənarda dayanmırlar. İşğaldan azad olunan hər kəndin, şəhərin, yüksəkliyin adı dərhal dillər əzbəri olur, qələbə müjdəsinin sevinci ürəklərə hakim kəsilir.

 

Suqovuşana, Hadruta,Cəbrayıla, Füzuliyə, işğaldan azad olunan kəndlərə baxanda adam qürur hissi keçirməklə yanaşı, ürəyində erməni vandalizminə, onların insan adı ilə bir araya sığmayan vəhşiliklərinə sonsuz nifrət hissi duyur. İllər uzunu əllərin qabarı, alınların təri ilə, sonsuz zəhmət hesabına yaranan tikililər, binalar, parkxiyabanlar, muzeylər, məscidlər yerlə-yeksan edilib. Düşmən yurd yerlərini xarabazarlığa çevirəndə böyük bir həqiqəti unudub: insanın zəhmətini yerə vurmaq olar, təbiətin yaratdığı nemətlərə, bərəkətli torpaqlara, əsrarəngiz meşələrə, bulaqlara, kəhrizlərə, göz görən gözəlliklərə sənin gücün çatmayacaq, onlar yenə öz sahiblərinin qisməti olacaq.

 

Bəli, öz torpağımız halal qismətimizdir. Şərəfli Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli yürüşünü davam etdirir. Azərbaycan Ordusu bizim qürur mənbəyimiz, iftixar yerimizir. Ordumuz təkcə bir millətin deyil, dünyanın hərb tarixinə şanlı səhifələr yazır. Ali Baş Komandan Füzuli şəhəri işğaldan azad edilərkən çox haqlı olaraq dedi ki, Füzuli döyüşləri barədə kitablar yazılacaq. Necə də qürur hissi keçirməyəsən, bu gün Azərbaycan Ordusunun döyüş taktikası ən iri dövlətlərin hərb mütəxəssislərini heyrətə gətirir.

 

Mən həkiməm. Xəstə şəfa tapanda həkim rahatlıq tapır, özündə yüngüllük, asudəlik hiss edir. Açığını deyim ki, torpaqlarımızın işğal altında qaldığı otuz il ərzində biz bu sevinci yarımçıq yaşamışıq. Sağ olsun Ali Baş Komandan, sağ olsun Azərbaycan əsgəri, biz yaşlı insanları bu nigaranlıqdan qurtardı. Vətənimizin, xalqımızın, balalarımızın taleyi etibarlı əllərdədir. Dünyaya gələn nəsillər son dərəcə gözəl, firavan bir məmləkətdə yaşayacaqlar. Elə bir məmləkətdə ki, yeraltı, yerüstü sərvətləri ilə, hərb tarixinə şanlı səhifələr yazan qalib ordusu ilə adı bütün yer kürəsində hörmət və ehtiramla çəkiləcək.

 

Mahir MİRZƏYEV,

Kürdəmir rayon Psixiatriya

xəstəxanasının baş həkimi.

 

Respublika.- 2020.- 25 oktyabr.- S.7.