Əsgərlərimizin yüksək döyüş ruhu qələbələrin rəhnidir

Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə 1988-ci ildə başlanan münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələndi. Beləliklə, öz xarici havadarlarının dəstəyi ilə başlayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub.

 

 

 

Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın işğalı zamanı dünya ictimaiyyəti həqiqətlərdən xəbərsiz idi. Azərbaycan haqqında yalanlar sürətlə yayılır, onlara əzabkeş obrazı yaradılırdı.

 

O vaxt respublikaya rəhbərlik edən şəxslər dünya ermənilərinin bu mənfur təbliğatına qarşı heç bir görməmiş, xalqın mənafeyini düşünmür, yalnız hakimiyyət uğrunda mübarizəyə başları qarışmışdı. Gündən-günə daxili çəkişmələr şiddətlənir, çaxnaşmalar geniş vüsət alırdı. Belə bir dövrdə Qarabağda erməni təxribatları artır, xalqımıza qarşı təzyiqlər, təqiblər edirdilər. Bunun nəticəsində soydaşlarımız öz ata-baba yurdlarından didərgin düşür, torpaqlarımız işğala məruz qalırdı. Azərbaycanda hakimiyyətsizlik mühitindən istifadə edən mənfur ermənilər Qarabağımızı və onun ətrafındakı rayonları, 20 faiz torpaqlarımızı işğal etdilər, bu işğal zamanı dinc əhaliyə qarşı misli görünməmiş amansızlıqlar uşaqqocalara, qadınlara qarşı qətliam törətdilər. Vətənin belə bir ağır dönəmində Azərbaycanın mərd və qəhrəman oğulları Vətən uğrunda döyüşə qalxdılar. Torpaqlarımızın yağı düşməndən azad olunması üçün dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız da bu azadlıq mücadiləsində iştirak etmək üçün doğma vətənə qayıtdılar, könüllü olaraq ön cəbhəyə yollandılar. Doğma Qarabağımız uğrunda gedən azadlıq mübarizəsinə könüllü qoşulmuş, böyük şücaət və qəhrəmanlıqlar göstərmiş II qrup Vətən müharibəsi əlili Səbail rayonu Veteranlar Şurasının sədr müavini, ehtiyatda olan polis əməkdaşı Fəqan Nəsibovdur.

 

Biz, Azərbaycan torpaqlarının azadlığı uğrunda şücaətlər göstərmiş Fəqan Nəsibovla görüşüb, birinci Qarabağ müharibəsindəki döyüşlərdə iştirakı və bu gün şanlı ordumuzun Qarabağın azadlığı uğrunda əldə etdiyi qələbələr haqqında danışmağı xahiş etdik:

 

- O vaxtlar Ermənistanın ölkəmizə hərbi təcavüzü, respublikamızda baş verən hərc-mərclik, vətəndaş müharibəsi təhlükəsi, iqtisadi böhran Azərbaycanı faktiki olaraqolum” və yaölümseçimi qarşısında qoymuşdu. - Əvvəlcə onu deyim ki, 1968-ci ildə Qazax rayonunda anadan olmuşam. 1986-cı ildə Rusiya Federasiyasının Kamçatka vilayətində hərbi xidmətdə olmuş, 1988-ci ildə hərbi xidmətimi başa vurmuşam. 1989-cu ildə Kalininqrad Ali Milis məktəbinə qəbul olunaraq təhsil almışam. Lakin 1990-cı ildə erməni silahlı birləşmələrinin torpaq iddiası məqsədilə ölkəmizə hücumuna biganə qalmayıb torpaqlarımızın müdafiəsində iştirak etmək üçün təhsil aldığım milis məktəbinin rəhbərliyinə Vətənimizə qayıtmaq istəyimi bildirdim. Çünki Azərbaycanımızın belə bir ağır zamanında kənarda seyirçi qala bilməzdim. Nəhayət, 1990-cı ildə mən Qazax Rayon Milis Şöbəsinə gəldim və həmin şöbədə xidmətə başladım. Bir neçə vaxt təlim keçdikdən sonra, rayonun Ermənistanla həmsərhəd kəndlərini və dinc əhalimizi ermənilərin silahlı hücumundan qorumaq üçün ezam edildim. Təxminən 1990-cı ilin 20 avqust tarixində artıq Qazax Rayon Milis Şöbəsi tərəfindən dislokasiya üzrə xidmətə başladıq. Xidmətimin birinci gününü rayonumuzun Quşçu-Ayrım kəndində etdim. İlk öncə düşmənin hər an hücum edə biləcəyi müvafiq yerləri müəyyən etdim. Avqust ayının 24-də Ermənistanla həmsərhəd Yuxarı Əskipara kəndinə xidmətə yollandıq. Bir gün sonra erməni silahlı birləşmələrinin kəndimizə qəfil hücumunu dəf etdik və döyüşlərdə bir neçə erməni silahlılarını məhv etdik. Ancaq onu da qeyd edim ki, erməni silahlı birləşmələri 1991-ci ildə daha çox canlı qüvvə və ağır texnikalarla hücumlar edirdilər. Çünki bu döyüş əməliyyatlarında onlarla bərabər, ermənipərəst dövlətlərdən gəlmiş muzdlu döyüşçülər də çox idi. Vurğulayım ki, ən ağır döyüşlərdən biri 1991-ci ildə rayonumuzun Qızıl hacılı kəndində başladı. May ayının 24-25 tarixlərində düşmən çoxsaylı canlı qüvvəsi və ağır zirehli texnikası ilə kəndə hücum etdi. Həmin gün səngərdə mənimlə birlikdə silahdaşım Ələddin Vəliyev idi. Düşmən canlı qüvvəsi və bir neçə zirehli texnikası ilə bizim durduğumuz mövqeyə yaxınlaşırdı. Biz döyüş mövqeyimizdə möhkəm dayanaraq düşməni çox yaxın məsafəyə buraxdıq və atəş açmağa başladıq. Qəfil atəşimizdən məhv edilmiş əsgərlərini görüb özlərini itirdilər, qorxuya düşdülər. Sonra mən düşmənin arxa sağ cinahına keçdimqumbaraatan mərmisi ilə BRDM-i susdurdum. Zirehli texnikanın içərisində olan ekipaj üzvləri çıxmağa cəhd etsələr də, onların hamısını məhv etdim. İyun ayında Quşçu-Ayrım kəndinin müdafiəsi zamanı düşmən hücumlarının qarşısı tərəfimizdən qətiyyətlə alındı və həmin döyüşdə düşmənin 5-dən artıq canlı qüvvəsi öldürüldü. Bundan başqa, Qazax rayonunun (1991-ci il 19 iyun) Barxudarlı kəndinin müdafiəsi zamanı da düşmənə ağır zərbələr vurduq. 1991-ci ildə Qazax rayonunun Yuxarı Əskipara kəndinə erməni torpaqlarından keçib getməli, həmin kəndə gedib, orada olan yaşlı insanları, azyaşlıları kənddən təhlükəsiz yerlərə köçürməli idik. Düşmənin silahlı hücumu 8 saatdan artıq davam etdi. Hiyləgər düşmənin məhv edilməsi üçün strateji döyüş mövqelərini tutduq. Həmin döyüşdə Yuxarı Əskipara ilə həmsərhəd erməni kəndlərinə və erməni silahlılarına rəhbərlik edən Şaşik adlı ermənini şəxsən mən məhv etdim. Erməni silahlılarının rayonumuzun Bağanis-Ayrım kəndinə hücum edərək, kəndin dinc sakini Dədəş adlı kişinin 4 nəfər ailə üzvlərini və həmin kəndin daha 3 sakinini diri-diri yandırmaları məni düşmənə qarşı daha amansız olmağa vadar etdi. 16 sentyabr 1991-ci ildə saat 15-16 radələrində Qazax rayonunun Bala Cəfərli kəndində xidməti vəzifəmizi yerinə yetirərkən düşmənin ardı-arası kəsilmədən atdığı xırda çaplı avtomat silahlarının atəşinə məhəl qoymurduq. Həmin gün mənimlə xidmətdə olan Həsənov Mirzalı ilə birlikdə kəndin sol cinahında olan əraziyə qalxdıq. Mən döyüş helikopterinin 2-ci dairəsində helikopterə atəş açdım. Helikopter havada uçuş mövqeyini itirərək yerə enməyə çalışsa da eniş edə bilmədi, yerə düşərək partladı. Bundan qorxuya düşən 2-ci helikopter istiqamətini dəyişərək eniş etdi. Həmin dövrdə, yəni 1991-ci ilin 5 noyabrında Qazax rayonunun Xeyirimli, Quşçu-Ayrım və Yuxarı Əskipara kəndləri uğrunda gedən döyüşlərdə Alıyev Niftalı və Mikayılov Azadla birlikdə kəndin giriş istiqamətindəki təpəcikdə mövqe tutduq. Zirehli texnikanı vurmaq üçün yaxın məsafədən atəş açdım və texnika sıradan çıxdı. Bu an mənimlə döyüşdə olan yoldaşım Azad Mikayılov döyüş mövqeyini dəyişərək məndən 6-7 metr məsafə aşağı endi. Həmin an onun cansız bədənini gördüm, o, şəhid oldu. Onun meyitini düşmənin aparmasına imkan vermədən çox çətinliklə döyüş mövqeyindən çıxarıb uzaqlaşdırdım və xidməti milis maşını ilə rayon xəstəxanasına göndərib yenidən öz döyüş mövqeyimə qayıtdım. Ondan bir saat sonra özüm də ağır yaralandım və müalicə aldıqdan sonra ön cəbhəyə qayıtdım. 7 yanvar 1992-ci ildə Qazax rayonunun Qızıl hacılı kəndinin bir hissəsini ermənilər işğal etdibiz kənddən çıxmağa məcbur olduq. Təxminən 2-3 saatdan sonra mövqelərimizi bərkidərək ağır döyüşdən sonra kəndi işğaldan azad etdik. Bu döyüşdə düşmən böyük itkilər verdi. Heç zaman yaddan çıxmayan ağır döyüşlərdən biri də Quşçu-Ayrım uğrunda gedən vuruş idi. Həmin döyüşdə də Rayon Milis Şöbəsinin əməkdaşı Möhsün Cəfərovun, Mərdənin və özünümüdafiə kənd sakinləri Çingiz, Əlövsət və digər qəhrəmanlarla düşməni məğlub etdik. Onu da qeyd edim ki, sərhəd rayonlarının müdafiəsində, döyüş əməliyyatlarında qəhrəmanlıq göstərən Qazax Rayon Milli rotasının əməkdaşı Məmməd Alıyevin də xidmətləri əvəzsizdir. 1992-ci ilin noyabr ayının əvvəllərində xidməti vəzifəmizi yerinə yetirmək və ərazi bütövlüyümüzü qorumaq üçün Yuxarı Əskipara kəndinə ezam olunduq. Həmin əraziyə erməni silahlı birləşmələri nəzarət edirdilər. Onlar bizi mühasirəyə alıb, tərk-silah etməyi planlaşdırdılar. Lakin Qazax Rayon Milis Şöbəsi rotasının tağım komandiri kapitan Qayıb Cibişovun gördüyü tədbirlər nəticəsində düşmənlə 5 saatlıq atışmadan sonra mühasirədən çıxa bildik.

 

Bu gün bütün Azərbaycan xalqı kimi mən də çox sevincli günlər yaşayıram. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə son illər ordu quruculuğundakı məqsədyönlü apardığı işlər öz bəhrəsini verir. Və cənab Prezidentin dediyi kimi Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Torpaqlarımızın erməni daşnaklarından azad edilməsi üçün böyük uğurla əks-hücum əməliyyatı aparılır, torpaqlarımızın bir qismi artıq yağı düşməndən azad olunub. Ərazi bütövlüyümüzün tam təmin olunması üçün əməliyyatlar uğurla davam etdirilir. Onu da qeyd edim ki, bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrdə yüksək ruh yüksəkliyi mövcuddur. Bunun mən ön cəbhənin N saylı hərbi hissəsində olarkən əsgərlərlə görüşümdə əyani şəkildə şahidi oldum. Onlara apardığım isti paltar və digər ləvazimatları təqdim etdim. Bizimlə söhbət əsnasında onlar bir daha qəti əminliklə bildirdilər ki, biz dayanmaq fikrində deyilik, Qarabağı, işğal olunmuş torpaqlarımızı son qarışınacan azad etmək əzmindəyik və Azərbaycanın Şanlı Ordusu bunu edəcək. Həmin o günlər çox uzaqda deyil.

 

Bütün xalqımız yenilməz və rəşadətli ordumuzun ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün atılan hər bir addımda Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə və Silahlı Qüvvələrimizə böyük dəstək, Prezident - xalq - ordu birliyi nümayiş etdirir.

 

Azərbaycan xalqı tam əmindir ki, dövlətimizin qətiyyətli mövqeyi, ordumuzun gücü ilə həyata keçirilən əks-hücum əməliyyatları otuz ildən artıq davam edən işğala son qoyacaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq, o torpaqlarda yeni həyat canlanacaq, 30 illik yurd həsrətinə son qoyulacaq. Torpaqlarımızın işğaldan azad olacağı, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. Bizi hər gün, hər an böyük qələbəyə yaxınlaşdırır! Bütün Azərbaycan xalqı Ali Baş Komandanın işğaldan azad olunmuş yeni-yeni kəndlər və şəhərlərin azad olunması ilə bağlı xoş müjdəli xəbərlərin verilməsi arzusu ilə yaşayır, cəbhədən gələn qələbə xəbərləri hər birimizdə qələbə çalacağımıza qəti əminlik yaradır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev demişdir: “Əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik siyasi-iqtisadi, diplomatik, hərbi...

 

Bizim ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrəniblər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik, inşallah, sona qədər başa çatdıracağıq”.

 

Əli SADIQOV

 

Respublika.- 2020.- 27 oktyabr.-S.10.