Xalq qəhrəman övladları ilə qürur duyur

 

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində bu gün ordumuza göstərilən diqqət sayəsində müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır. Çox böyük qürurverici haldır ki, bu dəfə də silahlı qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə qadir olduqlarını nümayiş etdirdilər. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla nümayiş etdirdilər. Təbii ki, bütün bunlar Ali Baş Komandan cənab İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında reallaşdırılır.

 

 

Sentyabrın 27-də düşmən qoşunların təmas xəttində növbəti təxribat törədi. Bununla bağlı komandanlıq Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımız bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başladı.

Təcavüzkar Ermənistanın növbəti təxribatından sonra işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Respublikasının Vətən müharibəsi davam edir. Müharibə başlandığı ilk saatlardan bu günə kimi müzəffər ordumuzun qələbə xəbərləri xalqımızı sevindirməkdədir. Otuz il ərzində xalqımızın sülh tərəfdarı olduğunu, münaqişənin sivil yolla, beynəlxalq hüquq çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu səbirlə nümayiş etdirdi. Beynəlxalq ictimaiyyət və özünü dünyada sülh, ədalətin qoruyucusu kimi təqdim edən səlahiyyətli qurumlargüclü dövlətlər ikili siyasət yürütməklərindən utanmadılar. Haqq səsimizi eşitmək istəmədilər. Nəhayət, Respublikamızın Prezidenti, Ali Baş Komandanımız bütün dünyaya sübut etdi ki, bu məsələni biz müharibə yolu ilə də həll edə bilərik, daha bir 30 ili də gözləmək fikrimiz yoxdur. Ötən günlər ərzində xalqımız nəyə qadir olduğunu da sübut etdi.

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində demişdir: “Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Biz Qarabağ tarixini yaxşı bilirikbu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür”.

Artıq erməni ordusu Azərbaycan Silahlı Qüvvələrinin, qəhrəman əsgər və zabitlərimizin qarşısında duruş gətirə bilmir. Əminik ki, Ordumuz cənab Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğalçılardan tamamilə təmizlənməsinə nail olacaq və 30 il yurd həsrəti ilə yaşayan soydaşlarımızın doğma ocaqlarına dönməsini təmin edəcəkdir. Ermənistanın növbəti hərbi təxribatının qarşısını alan Azərbaycan Ordusunun bütün cəbhəboyu əks-əməliyyata başlaması ölkə ictimaiyyətinin dərin sevincinə səbəb olub. Çünki bu günü xalqımız səbirsizliklə gözləyirdi. Torpaqlarımızın azadlığı uğrunda vətən müharibəsinin başlanması həm də Azərbaycan xalqının həmrəyliyini, o cümlədən siyasi baxışlarından asılı olmayaraq, dövlətçilik və milli maraqları rəhbər tutan bütün partiyaların Azərbaycan Prezidentinin ətrafında sıx birləşdiyini göstərdi.

Biz Azərbaycanın Milli Ordusunun peşəkarlığından, gücündən və qüdrətindən qürur hissi duyuruq. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılmış və darmadağın edilmiş, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunmuşdur.

Azərbaycan xalqı bu gün həm həyəcanlı, həm də qürurverici günlərini yaşayır. Cəbhə bölgəsində Azərbaycanın ərazilərini qoruyan, ölkəmizin təhlükəsizliyinin keşiyində dayanan ordusu ilə yanaşı, onunla daim bir olan, əldə etdiyi qələbələrlə fəxr edən xalqımız var. Xalqla ordunun birliyi həm xalqın, həm ölkənin qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir. Möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi, bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir. Xalqımızın mərd, igid oğulları torpaqlarımızı yağı düşməndən azad etmək naminə canlarından keçirlər.

Artıq böyük qələbələrimiz də var. Belə ki, Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad olunub. Aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan 4 şəhər - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, 4 qəsəbə - Hadrut, Suqovuşan, Mincivan, Ağbənd, 166 kənd və çoxlu sayda əhəmiyyətli strateji yüksəklikləri işğaldan azad edib.

Qələbələrimizin rəhni xalqımızın öz Prezidentinə olan inamı, etibarıdır. Öz torpağı uğrunda ayağa qalxan xalqımız məhz Prezidentimizin ətrafında səfərbər olaraq silaha sarılıb. Torpaqlarımız hissə-hissə azad olunduqca, bütün Azərbaycan sevinir. Amma qarabağlıların sevincində bir ayrı məqam da var. Yaşlı qarabağlılar öz uşaqlıq, gənclik dövrlərinin keçdiyi, ata-babalarının uyuduğu torpaqların azad edilməsini 30 ildir həsrətlə gözləyirdilər. O torpaqları görməyən yeni nəsil isə hər zaman evdəki yaşlıların söhbətindən, ağrılarından, göz yaşlarından tanıdıqları ata-baba yurdlarını, nəhayət ki, görəcəklərinə görə sevinirlər.

Əminik ki, Azərbaycan Ordusu Prezident, Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində layiqli zəfər çalacaqdır. Vətənimizin hər qarış torpağı müqəddəsdir. Bütün xalqımız möhtərəm Prezidentimizə arxalanır, güvənir. Qələbə bizimlədir! Mən də bir azərbaycanlı anası kimi dualar edir, tezliklə Azərbaycanın üçrəngli bayrağının Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilanda, Cəbrayılda, Qubadlıda bir sözlə, bütün Qarabağda dalğalanmasını arzu edirəm. Bu gün ön cəbhədəki əsgərlər Azərbaycan dövlətçiliyinin, ərazi bütövlüyünün qorunmasında ayıq-sayıqdırlar. Qələbə sorağı ilə bizləri sevindirin, Azərbaycan igidləri!

Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir. Ölkə Prezidentinin dediyi kimi, “biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

 

Təranə NOVRUZOVA,

Sumqayıt Şəhər Qeydiyyat

Şöbəsinin rəisi,

1-ci dərəcəli ədliyyə qulluqçusu.

 

Respublika.- 2020.- 28 oktyabr.- S.7.