BAYRAĞIMIZ BÜTÜN TORPAQLARIMIZDA DALĞALANACAQ

 

Son günlərin hərbi, siyasi hadisələri onu deməyə imkan verir ki, Azərbaycan ordusu ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük Zəfərə aparan yollarla irəliləyir. Əsgərlərimiz düşmən tapdağı altında olan şəhərlərimizi, yaşayış məntəqələrimizi işğaldan azad edir, ərazi bütövlüyümüzü canları, qanları bahasına bərpa etmək əzmi ilə xəyanətkar düşməni qovurlar.

 

Taleyimizin bu həlledici məqamlarında insanların, xüsusən də gənclərin zəngin həyat təcrübəsinə malik olan, hadisələri doğru, aydın mövqedən şərh edən ziyalı sözünə, ağsaqqal, ağbirçək tövsiyəsinə ehtiyacı var. Qarabağ müharibəsinin kökündə nə dayanır? Xalqımız bu savaşda nə itirdi, nələr qazandı? Bu günlərdə Azərbaycanın ilk ombudsmanı, Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova ilə həmsöhbət olduq. Onunla söhbətimizi oxuculara təqdim edirik.

 

 

 

Mən ilk növbədə işğalda olan bir sıra şəhərlərimizin, yaşayış məntəqələrimizin azad olunması münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu sevinci bizə yaşadan Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə, müzəffər ordumuzun cəsur, qəhrəman əsgərlərinə bir ağbirçək ana kimi   dərin minnətdarlığımı bildirirəm. Hamımız inanırıq ki,  qələbə bizimlədir!

 

Tarixə nəzər salsaq görərik ki, XIX əsrin əvvəllərindən qədim torpaqlarımızda yaşamaq üçün yer verdiyimiz, köçəri həyat sürən, vətəni olmayan ermənilər zaman-zaman xalqımıza xəyanət etmişlər. Bir əsrdə  dəfələrlə azərbaycanlıları yalnız milli, dini mənsubiyyətlərinə görə, xüsusi qəddarlıqla öldürərək, onları soyqırıma faciəsinə məruz qoyublar. Ötən əsrin 90-cı illərinin əvvəllərində isə Ermənistan dövləti  torpaqlarımızın 20 faizini işğal etmiş, 1 milyondan artıq soydaşımızı dədə-baba yurdlarından qovaraq, onlara qaçqınlıq, didərginlik həyatı yaşatmışdır. Belə ki,  1992-93-cü illərdə Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonun işğalı, bu yerlərin əsrlərlə sakinləri olan azərbaycanlıların soyqırımı faciəsinə, etnik təmizlənməyə məruz qoyulması da məhz erməni xəyanəti, vəhşiliyi, vandallığı, qəddarlığı ilə həyata keçirilmişdir. Faşist xislətli ermənilərin bu təxribatları, həm də onların  insanlığa sığmayan rəzilliyinin göstəricisidir. Evləri dağıdılan, mal-mülkləri talan edilən, yandırılan, bir sözlə, həyatları alt-üst olan Dağlıq Qarabağ və onun ətrafındakı rayonların əhalisi 30 ilə yaxındır ki, torpaq həsrəti, doğma yurd yerlərinin acı xiffətilə yaşasalar da, böyük ümidlərini itirmədilər. Elə torpaq da sahiblərinin isti nəfəsindən, qayğısından ötrü qəribsəmişdi.    

 

Bu müharibənin ilk günündən ölkə Prezidentimiz, Ali Baş Komandan xalqa müraciət etdi, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə edərək, çoxlu sayda yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi sərhədlərimiz boyunca atəşə tutduqları barədə açıqlama verdi. Davamlı olaraq, xarici ölkələrin nüfuzlu telekanallarına çoxsaylı müsahibələrində erməni terrorunun, təxribatlarının əsas məqsədini bütün dünyaya bəyan edərək, işğalçı dövlətin Azərbaycana qarşı xəyanətkar əməllərinin, hərbi cinayətlərinin beynəlxalq hüquq normalarına, insan hüquqlarına sığmadığını diqqətə çatdırır, işğalçı Ermənistan dövlətinin havadarlarına ciddi xəbərdarlıq edir.

 

Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsində Ermənistanın silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Lakin Ermənistan hələ də həmin qətnamələrə məhəl qoymamaqda davam edir. Bu sənədlərin qəbul edildiyi tarixdən 30 ilə yaxın vaxt keçməsinə, üstəlik bu illər ərzində Ermənistan ordusunun ərazilərimizi daim, intensiv şəkildə atəşə tutmasına baxmayaraq, nə BMT Təhlükəsizlik Şurası, nə də başqa səlahiyyətli beynəlxalq qurumlar bu hərbi təxribatlara münasibət bildirmədi, heç bir konkret tədbir görmədilər. Ölkə Prezidentimizin xalqa müraciətlərində azğınlaşmış erməni hərbi birləşmələrinin özbaşınalığını pisləyərək deyir: “Mən Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq edin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq. Eşitmədilər məni...”. Bəli, həmsədr ölkələri başçılarının bu həqiqətləri görməzlikdən gəlməsi, laqeyd qalması qürurlu, mərd xalqımıza, sülhsevər, tolerant bir ölkəyə - Azərbaycana acıları indiyədək yaşadır. Lakin bunlar xalqımızın mübarizlik əzmini qıra bilmir, əsgərlərimizin torpaqlarımızı murdar erməni tapdağından azad etmək qüvvəsini, iradəsini daha da möhkəmlədir...

 

Bu gün bütün dünya görür ki, Azərbaycan xalqının apardığı müharibə Vətən savaşıdır. İşğalçı Ermənistanın zəbt etdiyi ərazilər Azərbaycanın əzəli-əbədi torpaqlarıdır. Biz heç zaman müharibə istəməmişik. Heç kəsin torpaqlarında da gözümüz olmayıb. Lakin ötən tarixə nəzər salanda görürük ki, iki əsrdən də çox bir dövrdə yaşamaq üçün torpaqlarımızda sığınacaq verdiyimiz nankor ermənilər hər zaman azərbaycanlılara qarşı təxribatlar törətmişlər. Məqsədləri isə aydındır: onlar Azərbaycan torpaqlarını zəbt etmək, özününküləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaq iddiasında olublar. Bu gün də həmin xülya ilə yaşayırlar. Bu məqsədlə faşist xislətli ermənilər əsrlər boyunca qonşuluq etdikləri azərbaycanlılara qənim kəsildilər. Lakin bütün bunlar arxada qaldı, tarixin arxivinə ötürüldü. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı status kvoya son qoydu və böyük inamla, qətiyyətlə dedi: biz bu müharibəni qələbə ilə başa çatdıracağıq!

 

Sentyabrın 27-sindən etibarən Azərbaycanın bir sıra şəhər və rayonları -  Tərtər, Gəncə, Mingəçevir, Füzuli, Ağdam, Bərdə, Ağcabədi, Beyləqan, Goranboy düşmənin atdığı müxtəlif növ silahlardan, hətta qadağan olunmuş raketlərdən atəşə tutulmuşdur. Hərbi təxribatlar nəticəsində mülki əhali məqsədli şəkildə hədəfə alınmış, onların arasında ölənlər və yaralananlar olmaqla, ərazilərimizdə böyük həcmdə dağıntılar da olmuşdur.

 

Bildiyimiz kimi, oktyabrın 10-da həlak olan hərbçilərin meyitlərinin və hərbi əsirlərin tərəflər arasında dəyişdirilməsi məqsədilə cəbhə zonasında humanitar atəşkəs rejimi haqqında razılıq əldə olundu. Belə ki, həmin gün Moskva şəhərində Rusiya Federasiyasının Xarici İşlər naziri S.Lavrovun sədrliyi ilə, hər iki tərəfin səlahiyyətli nümayəndələri olan Xarici İşlər nazirləri humanitar atəşkəs haqqında razılıq sənədi imzaladılar. ATƏT-in Minsk qrupunun həmsədrləri öz bəyanatında iştirakçı tərəflərin silahlı qüvvələri arasında hərbi əməliyyatları dayandırmağa, özü də heç bir ilkin şərt irəli sürmədən onları dərhal sülhü bərpa etməyə dair üzərlərinə öhdəlik götürməyə çağırdılar. Bu bəyanat, şübhəsiz, işğalçı dövlətin maraqlarının müdafiəsinə yönəlmişdir. Azərbaycan tərəfi bu rejimin tələblərinə riayət etsə də, Ermənistan ordusu hər zaman olduğu kimi, atəşkəs tələblərini pozaraq, oktyabrın 11-i, gecə saat 2-də müharibə zonasından uzaqda yerləşən və  ərazisində  hərbi infrastrukturun olmadığı Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə, əhalinin sıx yaşadığı məkana  qadağan olunmuş ballistik raketlə ağır zərbələr endirmişdir.

 

Ali Baş Komandan öz müsahibələrində düşmənin bu təxribatları ilə bağlı bildirdi ki,  biz də sülh istəyirik, bu qanlı müharibəni dayandırmağa hazırıq. İşğalçı dövlət zəbt olunmuş torpaqlarımızdan çıxsın, atəşkəs rejiminə əməl etsin. Qoy erməni hərbi hissələrinin  çıxması ilə  bağlı bizdə cədvəl olsun, qoy onlar  üzərlərinə vasitəçilər tərəfindən təsdiq olunmuş ciddi öhdəliklər götürsünlər, atəşkəs rejiminə əməl etsinlər... Təəssüflər olsun ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi bu təxribatlara,  ədalətsizliyə, ATƏT-in Minsk qrupu, BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası və digər beynəlxalq qurumlar işğalçı bir dövləti dayandırmaq üçün münasibət bildirmədi və öz hüquq və səlahiyyətlərindən istifadə etməklə heç bir tədbir görmədi.

 

Ali Baş Komandan deyir: “Biz bu nisgillə yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, ancaq sülh yolu ilə. Ona görə Ermənistana şans verdik, atəşkəsi qoru, onu pozma, masa arxasına otur, bu məsələni həll et, torpaqlarımızı bizə ver. Sənin torpağın bizə lazım deyil. Bizim Ermənistanın torpağında gözümüz yoxdur...”.

 

Bütün dövlətlər də bilir ki, Ermənistan ordusu tərəfindən cəbhəboyu mülki yaşayış məntəqələrimizin dinc əhalisinin qadağan olunmuş ballistik raketlərlə atəşə tutulması, müharibə cinayəti olmaqla, 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyalarına, insan haqlarına, insanlığa ziddir.

 

Ermənistan ordusu yenə də atəşkəs elan olunduqdan sonra Gəncəni ikinci dəfə  oktyabrın 17-sində qadağan olunmuş raketlərlə atəşə tutdu. Mülki əhaliyə qarşı törədilən bu  təxribatlar zamanı raket və ağır artilleriya hücumları nəticəsində Gəncədə 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak oldu, 138 nəfər isə dağıntılar nəticəsində yaralandı, mülki infrastruktur obyektlərinə, yaşayış binalarına, təhsil və səhiyyə obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.

 

Ümumiyyətlə, sentyabrın 27-dən oktyabrın 25-dək Ermənistan ordusunun təxribatları nəticəsində 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır. 297 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-si uşaqdır. 350-dən çox mülki obyekt dağıdılmış, 100 çoxmənzilli bina, 2000-ə yaxın yaşayış evi yararsız vəziyyətə düşüb. İşğal olunmuş ərazilərimizdə qədim mədəniyyət abidələrimizi, məscidlərimizi dağıdan erməni vandalları bu vəhşiliyi törətməklə özlərinin faşist təbiətlərini, dağıdıcı əməllərini nümayiş etdirdilər. Lakin müzəffər ordumuzun rəşadətli, igid əsgərləri düşmənin bu təxribatlarına cəbhə meydanında layiqli cavab verdi və verməkdə davam edir.

 

Bu müddətdə Azərbaycan ordusunun cəbhədə qazandığı uğurlar, davamlı olaraq şəhər və kəndlərimizin işğaldan azad olunması, ev-eşiyindən didərgin düşmüş soydaşlarımızın doğma yurdlarına qayıdacağına ümidlərini daha da artırıb. Bu gərgin və ağır döyüşlərdə bir addım da geri çəkilmədən hər gün cəbhədə uğurlar qazanılır, şəhər və kəndlərimiz işğaldan azad olunur, erməni ordusu geri çəkilməyə məcbur edilməklə canlı qüvvəsi məhv edilir, yüzlərlə tank, silah və hərbi sursatları qənimət kimi götürülür.

 

Bu gün cəbhədə qazandığımız uğurların ən başlıca səbəbi, müharibənin ilk günündən xalqın bir nəfər kimi Ali Baş Komandan İlham Əliyevin  ətrafında yumruq kimi birləşməsi, dövlət-xalq-ordu birliyinin möhkəmlənməsidir. İllərlə düşmən tapdağı altında olan Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd,  Qubadlı şəhərləri və 200-ə yaxın qəsəbə və kəndlərimiz, strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad olundu. Cəbhədə qanlı döyüşlər getdiyi bu günlərdə uşaqdan-böyüyə, hamı Ali Baş Komandana, qorxmaz, cəsur əsgərlərimizə dualar edir, yeni uğurlar arzulayırlar. Hər gün televiziya ekranlarının qarşısında böyük ümidlə Ali Baş Komandanın xalqa müraciətini, yeni uğurlar haqqında məlumatları səbirsizliklə gözləyirlər. İllərlə doğma yurd yerlərinin, evlərinin həsrətilə yaşayan həmvətənlərimiz Prezidentimizin dilindən xoş xəbərləri eşidincə, sevinc gözyaşlarını saxlaya bilmir, bayram əhval-ruhiyyəsi ilə bir-birini təbrik edirlər. Hər kəs də Ali Baş Komandanını, mərd, igid əsgərlərimizi alqışlayır. Doğma yurdlarından pərən düşmüş insanların sevinci kökslərinə sığmır, “nəhayət, məcburi köçkün adı üstümüzdən götürüldü, biz daha köçkün, qaçqın deyilik - fərəhi ilə sanki uçmağa qanad tapmırlar.

 

Yaxşı xatırlayıram, vaxtilə ümummilli lider Heydər Əliyev BMT Assambleyasının yığıncağında bütün iştirakçı dövlətlərə tarixi faktlarla təsdiqlənən Azərbaycan həqiqətlərini çatdırmış və xəritə qarşısında zəbt olunmuş əraziləri göstərərək, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu və heç zaman Ermənistanın nəinki tərkibində, hətta ümumi sərhədlərinin də mövcud olmadığını  sübut etmişdir. Ulu öndər qətiyyətlə bölgədə sülhün bərqərar olmasının zəruriliyini diqqətə çatdırmış, məlum dörd Qətnamənin (1993) həyata keçirilməsini  tələb etmişdir. Ümummilli liderin o zaman böyük inamla dediyi, bir gün gələcək, biz bütün itirdiyimiz torpaqlarımızı işğaldan azad edəcəyik, - sözlərini hələ də unutmamışıq. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin əsas prioriteti, işğalda olan torpaqlarımızın tam azad olunması, Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası və məcburi köçkünlərin yurdlarına qaytarılmasıdır. Məhz bu məqsədlə Prezidentimiz dəfələrlə BMT Baş Assambleyasının, BMT Təhlükəsizlik Şurasının bir çox Sammit,  Konfrans və səlahiyyətli beynəlxalq qurumların tədbirlərində məruzə və çıxışlarında özünün konstruktiv, real, beynəlxalq konvensiyaları prinsiplərinə əsaslanmış təklif və tələblərinin həyata keçirilməsi yollarını göstərmişdir. İlham Əliyev qeyd edir ki, uzun illər BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun üzv dövlətləri Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həll olunmasının ədalətli qərarını gözləyirdik... Artıq 30 ildir ki, ATƏT-in Minsk qrupu həmsədrləri, Rusiya, ABŞ və Fransanın vasitəçiliyilə münaqişənin sülh yolu ilə həll olunması üçün ədalətli qərarını, dəstəyini gözlədik. Lakin onlar ümidlərimizi doğrultmadılar. Əksinə, öz fəaliyyətsizliyi, daha doğrusu, təcavüzkar, terrorçu Ermənistana dəstək verməsi ilə münaqişənin uzadılması və dərinləşdirilməsi nəticəsində indiki müharibənin səbəbkarları oldular. Şübhəsiz ki, əgər vaxtında Prezidentimizin sülhün bərqərar olunmasına yönəlmiş qabaqlayıcı təklifləri nəzərə alınsaydı, indi Ermənistan ordusu Azərbaycan ərazisinin dinc əhalisini  müxtəlif növ silahlardan, ağır artilleriyadan, qadağan olunmuş raketlərdən atəşə tutmaz, kəndlərimizi, şəhərlərimizi darmadağın etməzdi, bununla da erməni vəhşiliyinin, vandallığının qarşısı alınar, mülki əhali - uşaqlar, qadınlar, yaşlılar kütləvi qırğına məruz qalmazdı.

 

Torpaqlarımız işğaldan azad olunduqca, qəhrəmanlıq tariximizin şərəfli səhifəsi, ilk qələbə müjdəsi olan 2016-cı ilin aprel döyüşlərini xatırlayıram. Döyüşlərdən dərhal sonra o zaman hərbi məsləhətçimlə Tərtər, Naftalan, Goranboy, Ağdam və Füzuli rayonlarında oldum. Lələtəpə döyüşlərinin getdiyi bir vaxtda böyük dağıntılara baxmayaraq, heç kim yaşadığı yeri tərk etmədən öz təsərrüfat işləri ilə məşğul olurdu. Burada əhali ilə, döyüşçülərlə, şəhid anaları ilə görüşdük.  Onlarda olan dözüm, ruh yüksəkliyi bizi heyran qoydu.

 

Həmin ağır günlərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident  Mehriban xanım  hələ də gülləbaran altında olan Tərtərin, Ağdamın kəndlərində dağıntılar baş vermiş yaşayış yerlərinə,  məktəb, bağça binalara baxış keçirdilər və əhali ilə görüşdülər, onların ehtiyaclarını öyrəndilər, tapşırıqlarını verdilər. Prezidentimiz bu binaların, sosial obyektlərin tezliklə yenidən tikilib-qurulması haqqında əlaqədar qurumlara göstəriş verdi. Həqiqətən bir neçə ayda burada yeni həyat öz məcrasına düşdü. Cəbrayıl rayonunun işğaldan azad olunmuş torpaqlarında bütün infrastrukturla təmin olunmuş, bu gün şəhər tipli tam yeni qəsəbə salındı və bu abad yerlərə köçmüş sakinlər indi də rahat həyat yaşayırlar.

 

2020-ci ilin iyulunda isə Ermənistan silahlı qüvvələri Tovuz rayonunun kəndlərini güclü artilleriyadan atəşə tutduğu zamanda təxribatlarının əsas məqsədi Bakı-Tbilisi-Ceyhan boru kəmərini nəzarətə götürmək idi.  Bu döyüşlərdə də Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun igidliyi sayəsində bir neçə yüksəkliklər işğaldan azad olunaraq, həmin yerlərə üçrəngli bayrağımız sancıldı. Hələ döyüşlərin getdiyi bir vaxtda, dağıntı olan yerlərdə yeni tikinti işləri aparılırdı. Ermənilər bu təxribatları münaqişə zonasından uzaqda, Azərbaycan-Ermənistanın sərhədində aparmaqla həm də xalqı vahiməyə salmaq, əhalini qorxutmaq, yer-yurdlarından qaçırtmaq məsədilə törətmişdilər. Qanlı döyüşlərin getdiyi bir vaxtda tovuzlular bir nəfər də olsun, yaşadığı yerləri tərk etmədən tərpənməyərək, özlərinin gündəlik qayğıları ilə həyatlarına davam edirdilər...

 

Əlbəttə, müharibə itkisiz olmur, müqəddəs Vətən savaşında şəhid olan oğullar bizim hər birimizin doğmasıdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, xalqımız onları heç vaxt unutmayacaq. Onların əzizlərinə səbir, yaralılarımıza isə tezliklə sağalmasını, şəfa diləyirik....

 

Ali Baş Komandan İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına verdiyi müsahibəsində, müxbirin: Azərbaycan tərəfinin bundan sonra Dağlıq Qarabağla necə davranacağı sualına aydınlıq gətirərkən deyib ki,  2016-cı ilin aprel ayında Ermənistan bizə hücum edəndə  bizdə təqribən 1000-dən artıq ev dağılmışdı. Və mən o evlərin sahibləri ilə görüşlər zamanı demişdim ki, narahat olmayın, biz bütün evləri bərpa edəcəyik. Ondan təqribən 8 ay sonra  yenə onların yanına, Ağdam və digər cəbhəyanı bölgələrə getdim, evlərinin açarlarını onlara təqdim etdim. Biz bu gün də işğaldan azad etdiyimiz Qarabağı yenidən qurub-tikəcəyik. Ermənilərə gəlincə, bizim vətəndaşlarımız olanlar yenə də də əvvəlki kimi azərbaycanlılarla orada yaşaya bilərlər...

 

Bu günlərdə dünyanın aparıcı KİV-ləri bəzən Azərbaycan Prezidentinə həssas nöqtələrə toxunan, erməni təəssübündən doğan suallarla müraciət edirlər. Bu müsahibələrində Prezident ermənipərəstlərin iftiralarla dolu yalanlarını, təhrif olunmuş suallarını özünün dolğun, məntiqi fikirləri ilə ifşa edir, o cümlədən müharibə ilə bağlı Azərbaycan həqiqətlərini olduğu kimi dünyaya çatdırır.

 

Hər gün televiziyada işğaldan azad olunmuş şəhər və kəndlərin sakinlərinin sevinc dolu göz yaşları ilə  dedikləri sözləri: “evim də, malım da dağılsın, təki, Qarabağ geri alınsın, işğalda olan bütün torpaqlarımız azad olunsun, öz yurdlarımıza qayıdaq... “ Budur, Azərbaycan xalqının mərdliyi, dözümü və böyüklüyü! Məhz buna görə də hamımız inanırıq ki, bu müharibədə qələbə bizimlədir. Ən əvvəl uzun illər zəbt olunmuş torpaqlarımızın işğalçılardan azad olunması uğrunda ölkəmizin öz ərazisində Ali Baş Komandanın rəhbərliyi ilə, xalqımıza, Vətənimizə sədaqətlə, fədakarlıqla döyüşən oğullarımız, əsgərlərimiz və zabitlərimiz, ədalətli, xilaskar, humanist, rəşadətli ordumuz özünün peşəkarlığı, fiziki və mənəvi cəhətdən düşmənin müxtəlif ölkələrdən gətirilmiş muzdlular, terroristlərdən ibarət Ermənistan ordusundan dəfələrlə güclüdür və bu, döyüş meydanında dünyaya sübut olunur. Daha bir üstünlüyümüz ondan ibarətdir ki, ordumuz bir mərkəzdən - Ali Baş Komandan tərəfindən idarə olunur.

 

Eyni zamanda, dövlət başçımız böyük siyasi uğurlara da imza atmışdır:

 

- uzun illərdir beynəlxalq qurumlarla müzakirə olunan, sülh danışıqlarında Ermənistanın təkidi ilə, üçüncü tərəf kimi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın iştirak etməsi məsələsi birdəfəlik aradan qaldırıldı və bir dövlət kimi tanınması cəhdləri, ümidləri puça çıxdı.

 

- ATƏT-in Minsk qrupunun və onları dəstəkləyənlərin üç dəfə Ermənistan ordusuna gücünü toplamaq məqsədilə atəşkəsin tərəflər üzərinə öhdəlik kimi qoyulması ümidləri nəticə vermədi. Hər dəfə Azərbaycan ordusu bu rejimə riayət edərək pozmadı. Erməni ordusu isə ara vermədən daha şiddətli, qadağan olunmuş silahlarla mülki əhalini qırğına, ərazini isə dağıntılara məruz qoydu.

 

- Ali Baş Komandanın qətiyyətlə ATƏT-in status-kvonun davam edilməsi cəhdlərini qətiyyətlə pozaraq, erməni təxribatarına cavab verməklə, status-kvo vəziyyətini tam aradan qaldırdı.

 

- BMT-nin Azərbaycanın zəbt olunmuş torpaqlarından erməni silahlı qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılması haqqında dörd məlum qətnaməsi Ali Baş Komandanın iradəsi ilə torpaqlarımız ordumuz tərəfindən azad olunduqca həyata keçirildi.

 

Azərbaycan xalqı bu Vətən müharibəsi dövründə dövlətlə, orduyla birlik, vəhdət təşkil etdi. Vətənə sadiqliyi, qan yaddaşımızdan gələn, nəsildən-nəslə miras kimi ötürülən yurduna, torpağına bağlılığı, mərdliyi, dözümü ilə özünün böyüklüyünü bir daha göstərə bildi. Bu müharibədə dünya birliyi Azərbaycan Prezidenti İlham Əliyevi  uzaqgörən dövlət və siyasi xadim, məharətli Ali Baş Komandan, mahir diplomat, gözəl nitq mədəniyyətinə malik şəxsiyyət kimi daha yüksək dəyərləndirdi.

 

Biz artıq böyük qələbəyə çatacağımız günün sevinci ilə yaşayırıq. Vətənin bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması, sərhədlərimizin bərpa olunması və qorunması bir xalq olaraq bizim ümdə məqsədimizdir.

 

Atalarımız yaxşı deyib: haqq nazilər, üzülməz. Odur ki, haqq savaşımız getdikcə daha çox dövlətlərin, xalqların, beynəlxalq qurumların, o cümlədən Qoşulmama hərəkatı tərəfindən dəstəklənir. Xüsusilə, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana davamlı, qətiyyətli mənəvi dəstəyi bizi daha da gücləndirir, qələbə əzmimizi artırır. Habelə, qardaş türk xalqının bu ağır müharibə günlərində bir çox ölkələrdə soydaşlarımızla birgə “Qarabağa dəstək” aksiyaları keçirməsi bir daha “Bir millət, iki dövlət” olmaqla böyük həmrəyliyimizi, qardaşlığımızı göstərir.

 

Torpaqlarımızın işğaldan azad olunması uğrunda vətən savaşının başlandığı gün - 27 sentyabr əslində böyük qələbəmizə doğru qədəm qoyduğumuz gün  kimi bizə bayram əhval-ruhiyyəsi yaşatmaqla müqəddəs tarixi gün oldu. Dövlətin, ordunun və xalqın bir mərkəzdən idarə olunması da bu gün cəbhədəki uğurlarımızın qazanılmasında özünü bir daha aydın göstərir. Müzəffər ordumuzun düşmənin qarşısına cəsarətlə çıxması, böyük fədakarlıqla işğaldan azad etdikləri məkanlara üçrəngli bayraqlarımızı sancması böyük qələbədən soraq verir.

 

Oktyabrın ilk günlərində Füzulidə, Tərtərdə olduğum zaman əhali ilə, hərbi hospitalda yaralı hərbçilərlə görüşdüyüm zaman onlardakı Vətən təəssübü, döyüş ruhu, cəsarət, təmkin məni çox sevindirdi. Hər bir yaralının arzusu o idi ki, sağalıb yenidən cəbhəyə, döyüş meydanına qayıtsın. Onlar Ali Baş Komandanın, Mehriban xanımla birgə yaralılarla görüşündə dediyi bu sözlərdən ruhlandıqlarını dilə gətirirdilər: “Mən sizi təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub, öz adınızı Azərbaycan tarixinə yazdırırsınız... Bir arzum var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb, öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib”.

 

Vaxtilə ulu öndər demişdir: “Gün gələcək Azərbaycan dünyaya günəş təki doğacaq”. Heydər Əliyev siyasi kursunun ləyaqətli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz qələbə çalacaq. Azərbaycan xalqı  həyatımızın bütün sahələrində böyük zirvələr fəth edəcək.

 

Qələbə bizimlədir! Bayrağımız bütün torpaqlarımızda dalğalanacaq!

 

 

 

Söhbəti qələmə aldı:

 

Şəfəq NASİR,

 

Respublika.- 2020.- 29 oktyabr.- S.9.