Ədəbiyyatşünas alimin
yaradıcılığında özəllik
(əvvəli 30 avqust tarixli
sayımızda)
Bəli, müqtədir sənətkarın tərcümeyi-halında öndə olan, əslində bütün fəaliyyətinin istiqamətvericisi kimi diqqəti cəlb edən maarifçilik missiyası, bədii yaradıcılığı yeni nəslin təlim-tərbiyəsində, təhsilində mühüm əhəmiyyət kəsb etdiyindən onu millətin babalarından biri kimi tanımağımız və tanıtmağımız çox vacibdir. Teymur Əhmədovu da məhz A.Şaiqin ömür yoluna həsr etdiyi kitab-albomu bu amilləri ifadəyə söykənib. Görkəmli şair, maarifçi, mədəniyyət xadiminin özü də bu xüsusda gözəl deyib:
Vəqta
ki bulud, duman görünməz,
Qalmaz daha
zülmdən nişanə,
Yerlərdə
bəşər üzü sürünməz,
Qurd-quş
sığınar bir aşinayə,
Yad et məni - şaiqanə yad et!
Müəllifin “Abdulla Şaiq Talıbzadə”
başlıqlı giriş sözü kitabın yaranma
missiyasına özünün əhatəli,
maarifçi-elmi-mədəni baxışları ilə
aydınlıq gətirib. Tədqiqatçı-alim
bu ideyanın ziyasında müqtədir sənətkarın
xalqına, vətənin övladlarına göstərdiyi xidmətlərin
timsalında cəfakeş insanın bütün fəaliyyətinə,
keçdiyi həyat yoluna işıq tutub. Və bu giriş sözünün özəlliyi,
qiyməti də ondadır ki, Abdulla Şaiq haqqında bilmədiyimiz,
xəbərsiz olduğumuz bəzi məqamlar da öz əksini
tapıb.
Abdulla Şaiq sözün həqiqi mənasında
maarifçi idi. Onun: “mən bu gün
yazıçılığımdan ziyadə müəllimliyimlə
fəxr edirəm” etirafı da fikrin barizliyini göstərir. İlk sözdə şair, yazıçı,
dramaturqun bütün əsərlərinin adı çəkilir,
bir çoxu xarakterizə olunur, haqqında dəyərli fikirlər
söylənilir. Bundan sonra necə deyərlər,
səhnəyə nur çöhrəli, uşaq məsumluğu
tək bir saflığın, təmizliyin etalonu olan Abdulla
Şaiq özü gəlir. Uşaqlığı,
valideynləri, təhsil illəri, qələm dostları və
əlbəttə ki, unikal, nadir fotoların müşayiətilə!
Burda A.Şaiqin oğlu ədəbiyyatşünas-alim
Kamal Talıbzadənin şəxsi arxivinin sayəsində əldə
olunmuş foto-materialların kitab-albomun ideya və məzmununda
yaratdığı rəngarəngliyin, dolğunluğun yeri əlahiddədir.
Bu qədər nəşrlərin yeni baxış,
yanaşma bucağından işlənməsinin mükəmməllik
kəsb etməsi müəllifin böyük təcrübəyə
nail olmasını göstərdi. Həmçinin onu
bundan sonra da kitabçılıq mədəniyyətində
öz yeri olan bu janrı tədqiqat axtarışlarında
davam etdirməyə sövq etdi.
Milli mücadilənin alovlarından keçən, fiziki
yoxluğu ilə ölümsüzlük qazanan şairin həyat
yolu, poetik yaradıcılığı, ümumən ədəbi
irsi gələcək nəsildən ötrü öyrəniləcək
bir epopeyadır.
Teymur Əhmədovun 2012-ci ildə nəşr etdirdiyi “Zəlimxan
Yaqub” foto-albomunu da vərəqləmiş, diqqətlə nəzərdən
keçirmişdim. Kitabın mükəmməl bir süjet ətrafında
əsl ədəbiyyat, mədəniyyət nümunəsi
olduğunu, ayrı-ayrı foto-mətnlər barədə təəssüratlarımı
təhlil-təqdir edərək geniş bir məqalə ilə
mətbuatda çıxış etmişdim. “Zəlimxan Yaqub” foto-albomunda bir sıra ciddi,
yaradıcı prinsiplərin gözlənilməsi, kitabın
“ilin ədəbi hadisəsi” olması da Teymur müəllimin
bu sahədə zəngin təcrübəyə malikliyindən
irəli gəlmişdir. Düşünürdüm
ki, eyni mövzuda, yəni bir neçə ədəbi şəxsiyyətin
həyat və yaradıcılığından bəhs edən
belə kitablardan sonra sonuncuda (axarıncı) özünəxaslığı
tapmaq çətin olacaq. Burda
oxşarlıqdan qaçmaq sadəcə mümkün
olmayacaq. Amma “Zəlimxan Yaqub” foto-albomundan necə heyrətlənmişdimsə,
“Mir Cəlal”la (2014) tanış olanda burda
duyduğum bənzərsizlik, yenilik bütünlükdə
düşüncəmi sardı. Bu mütəfəkkir
yazıçının, ədəbiyyatşünas alimin,
milli xarakterli hekayələr, romanlar müəllifinin belə
bir formada təqdim olunması Azərbaycan ədəbiyyatı
tarixinin yeni, həm də parlaq bir səhifəsidir.
T.Əhmədov burda əsərin müəllifi və tərtib
edəni kimi bir sıra yeniliklərə, ilkinlərə imza
atmışdır. İnanıram ki, kitabı sadəcə vərəqləyən
hər kəs də onun əvvəlki işlərilə
müqayisədə fərqi görərkən mənimlə
razılaşacaq. Amma bu kitabı sadəcə
albom-kitab adlandırmaq da ən azından insafsızlıq
olardı. Gələcək nəslə, yaradıcı
gəncliyə örnək olacaq “Mir Cəlal”a böyük
ömrün monoqrafiyası, salnaməsi, epopeyası deməklə
yanaşı, kitab nəşrində ideya-məzmunu, nəfis
tərtibatı, poliqrafik icrası, möhtəşəmliyilə
göz oxşayan ikicildliyi əbədiyaşar ömrün
tarixi də adlandırmaq olar.
“Mir Cəlal” əslində bir xatirə kitabıdır. Həyat yolu, ədəbi-ictimai
fəaliyyəti böyük olan bir insan haqqında xatirə
kitabını hazırlamaq, ona olan ümumxalq sevgisini bir araya
gətirmək həm çətin, həm də çox məsuliyyətlidir.
Mir Cəlalın ədəbi ömrünün
fiziki yoxluğundan bir qərinədən də çox vaxt
ötdükdən sonra yeni və maraqlı üslubda təqdim
olunması müəllif-tərtibçinin hər iki cildin
ideya-məzmununa, məqsədinə apaydın təfəkkürlə
yanaşması onun müəllif məsuliyyətini, tərtibçi
cəfakeşliyini bütünlükdə ortaya qoyur. Elə fəslə girişində nəzərə
çatdırdığı yığcam, dolğun fikirləri
insanı rahat düşünməyə, Mir Cəlalın ədəbi
şəxsiyyətinə həssaslıqla yanaşmağa səfərbər
edir. Elmin, ədəbiyyatın münəvvərləri
tərəfindən Mir Cəlalın həyatı,
yaradıcılıq yolu, ayrı-ayrı əsərlərinin
tədqiqilə yenidən tanış
olmağın özü bir növ yaddaşa
qayıdışdır.
T eymur
Əhmədovun “Mirzə İbrahimov” kitab-albomu ilə (2014)
tanışlıq zamanı fotoları tamamlayan mətnləri
oxuyanda gördüm ki, bütün fədakar
çalışmaları boyu səsi, sözü, əməli
fəaliyyəti ilə göz önündə olan,
yaşlı və orta nəslin əsərlərindən
yaxşı tanıdığı yazıçı, ictimai
xadim Mirzə İbrahimov 82 illik həyatını heç də
rahat, sakit yaşamamışdır.
Müəllif-tərtibçi
yazıçının sürət qatarı
kimi ötüb keçən qaynar həyat tarixçəsini,
fikirlərini, müdrikanə
çıxışlarını, tövsiyələrini
maraqlı məqamlar fonunda işıqlandırıb. Ata-ana
qayğısından məhrum olmuş kimsəsiz bir
uşağı, “özü-özünü yaradan və
formalaşdıran nadir şəxsiyyət”i (Gülrux Əlibəyova)
yeni fonda tanıtmaqla xalqın öz
oğluna böyük sevgisini, ehtiramını ifadə etməyə
çalışıb. Elə kitabın ilk səhifələrində
verilən fotolar, mətnlər yazıçının ictimai
xadim kimi şöhrət qazandığı zamanları yada
salır. Ötən əsrin otuzuncu illər
ədəbi mühitində coşqun yaradıcılıq
eşqilə çağlayan gənc Mirzənin pillə-pillə
ucaldığı həyatda, ədəbi mühitdə
sözü, əməlilə görünməsi dostları,
qələmdaşları ilə bir arada olması maraqlı,
dolğun bir ömür yaşadığını göstərir.
Şəkillərin yaratdığı zəngin
təəssürat, ona süjetli, ideyalı münasibət mətnlərdə
işıqlı fikirlərlə müşayiət olunur.
Bütün yaradıcılığı boyu xarakterik
obrazlar yaradan M.İbrahimovu şəxsiyyəti və
yaradıcılığı ilə bütövlükdə təqdim
edən T.Əhmədov bu istiqamətdə işlədiyi
kitablarda olduğu kimi, burda da qəhrəmanın milli-mənəvi
dəyərlərə bağlılığını, onu
xalqa sevdirən cəhətləri, fərqli xüsusiyyətlərə
malikliyini göstərə bilmişdir. Fotodan-fotoya, mətndən-mətnə
onun yazıçı, ictimai xadim taleyinin ən incə məqamları
maraqlı detallarla açılır. Mən
burda Mirzə müəllimi həyat gəmisində məharətlə
üzən, keçilməz sədləri əzmlə,
inadkarlıqla aşan mübariz bir qəhrəman qiyafəsində
gördüm. Onun haqqında bilmədiklərimdən
xəbərdar oldum, təsəvvürüm
dolğunlaşdı. Yazıçının görkəmli
şəxsiyyətlərlə yaradıcılıq, dostluq əlaqələri,
böyük bir dövrün ədəbi mühiti və o
mühitin bu gün ehtiramla xatırladığımız
ustad sənətkarları - S.Vurğun, M.Cəlal, R.Rza,
S.Rüstəm, Ş.Mehtiyev, Ə.Vəliyevlə
bölüşüb-paylaşdığı həyat foto-mətnlərin
təqdimi fonunda şirin bir nağıl kimi hafizəmə
köçdü.
Burda yeniliyin bir cəhəti otaylı-butaylı ədəbiyyat
adamlarının Mirzənin işığına
yığışmasının ilk dəfə və əhatəli
şəkildə təqdim edilməsidir. Təbrizdən
görüntülər, qədim abidələrin, bir çox
yerlərin fotoları, Mirzənin özünün o həyatın
içində olduğunu, tərcümeyi-halının cənubla
bağlı ən kiçik detalının belə həssaslıqla
izlənməsini aşkar edir. Kitabda
yazıçının əsərlərindən, zaman-zaman dəyişən,
yeniləşən həyata təsir edən amilləri
açıqlayan ictimai məzmunlu
çıxışlarından verilmiş nümunələr
özəlliyi, orijinallığı ilə dərin təsir
bağışlayır, qəhrəmanın mənəvi aləmini
duymağa imkan yaradır...
Bütün zamanlarda tarixi şəxsiyyətlər,
ictimai-siyasi xadimlər mənsub olduqları xalqın milli
varlığının aynasında həmişə
böyük və əzəmətli görünürlər. İctimai
şüurun, həyata baxışların yeniləndiyi, hətta
bəzən onlara münasibətlərin
haçalandığı vaxtlarda belə, bu şəxsiyyətlər
hər zaman tarixdə yaşayırlar. Çünki
bu böyüklüyü, əzəməti ehtiva edən dəyərlər
milli-bəşəri ideallarla bağlı olub və heç
zaman mahiyyətini itirməyib. Bu məfkurə
təbiətə, həyata gerçək yanaşmadan, insana
böyük inamdan yaranıb. Belə şəxsiyyətlərin
tarixən əbədi olmasının səbəbi də
heç şübhəsiz, burdan qaynaqlanır. Bu fikirlər
son vaxtlar həyat və fəaliyyətini böyük maraq və
ürək yanğısı, həm də iftixar hissilə vərəqlədiyim
“Nəriman Nərimanov” kitab-albomından (2018) tanış
olduğum XIX əsrin sonu və XX əsrin əvvəllərində
xalqımızın taleyində böyük təbəddülatlar
yaradan milli dirçəlişin, oyanış
dövrünün mənzərəsi, bunların da zəngin
faktlara və arxiv sənədlərinə söykənən
hadisələrindən əxz etdiyim ictimai-siyasi dəyərlərdən
yarandı. Və yazının əvvəlində
müəllifin kitab-albom janrında olan eyniadlı ilk
kitabında görə bilmədiyimiz bir çox hadisələr,
faktlar, ictimai xadimin həyat və
yaradıcılığından əldə olunmuş yeni
arxiv sənədləri, əlyazısı və fotoların
timsalında bu nəşrdə öz əksini
tapmışdır. Kitab-albomun yeni bir
struktura malik olması ilk səhifələrdən bizdə
maraq doğurmuşdu. Əsərin ideya-məzmununa
istiqamət verən fikirlər, istedadlı bir gəncin
yüksəliş yollarını, ictimai-siyasi fəaliyyətini,
ədəbi yaradıcılığını əks etdirməsi
bu böyük şəxsiyyəti bizə daha da
doğmalaşdırır.
Bu ömür hardan başlanıb, hansı çətinliklərdən,
əziyyətlərdən keçib? İctimai-siyasi xadimin,
yazıçı, publisistin Vətənə, xalqa xidməti
hansı mərhələləri əhatə edib? Bir sözlə, Nəriman Nərimanovun parlaq
obrazına hansı prizmadan yanaşılıb? Bu kimi və buna bənzər suallara müəllif-tərtibçi
Teymur Əhmədov ərsəyə gətirdiyi kitab-albomda
özünün yeni və müdrik yanaşması ilə
aydınlıq gətirir. Bütün bunların
albom-kitabda foto-şəkillər və mətnlərlə təfərrüatı
ilə yer alması Nərimanovun həyatının ən incə,
xırda detalına qədər bələd olmaq istəyənlər
üçün qürurla, həm də kövrəkliklə
müşayiət olunan məqamlardı...
Bu kitab-albomda düşüncəmizə zənginlik gətirən
cəhətlərdən başlıcası böyük bir
zaman nəhrinin içərisində görkəmli şəxsiyyətlər,
maarifpərvər ziyalılar, ictimai-siyasi xadimlər, ədəbiyyat-sənət
adamlarının mühiti ilə birgə öz əksini
tapmasıdır. Əlbəttə, vətən və xalq
işi uğrunda yorulmaz mübarizəsi ilə Nərimanov cəmiyyətin
bütün təbəqələrinin həyatına
böyük təsir göstərmişdir. O, həmin
dövrdə ölkənin ictimai-siyasi, mədəni həyatı
ilə bağlı olduğundan hansısa bir sahəni Nərimanovsuz
təsəvvür etmək belə mümkün deyil. N.Nərimanovun siyasi fəaliyyəti onun
böyük, əlahiddə bacarığa, səriştəyə
və güclü intuisiyaya malik bir dövlət xadimi
olduğunu göstərirdi.
Bir qədər əvvəldə qeyd etmişdik ki, Teymur
Əhmədov janrın bütün imkanlarından istifadə
edərək, meydana özünəməxsusluğu, xarakteri
ilə fərqlənən kitab-albomlar gətirməyə
çalışmışdır. Bütün işləri
ilə yaxından tanışlıq da fikrimizin
labüdlüyünü göstərdi.
Lakin bu sırada professorun tamam başqa bir özəllik
kəsb edən iki kitabının adını çəkməyi
və onların malik olduğu özünəxas xüsusiyyətlərdən
bəhs etməyi də əhəmiyyətli hesab edirəm. Bu, T.Əhmədovun tərtibçisi
və ön sözün müəllifi olduğu “Şəhriyar”
(2011) və giriş sözü, elmi redaktorluğu ilə nəşr
olunmuş “Əliağa Vahid” (2015) kitablarıdır. Hər ikisinin də əvvəlki kitab-albomlardan fərqi
ondadır ki, əsərlərin ideyası, qəhrəmanların
həyat və yaradıcılığı, mühiti, foto-mətnlər
başqa aspektdə işlənmişdir. Burda
məqsəd şairlərin əsərlərindən verilən
parçalar və onlara çəkilmiş illüstrasiyaların
müşayiətilə mövzunu mükəmməlliklə
təqdim etməkdir. Bu formanın
özü də kitab-albom janrının ayrı səpkidə
təqdimi kimi meydana gəlməsi ilə yadda qaldı. Burda onu da qeyd etməliyik ki, illüstrasiyaların
müəllifi miniatürçü Əməkdar rəssam Fəxrəddin
Əlidir. Onların birgə səyi, zəhmətilə
araya-ərsəyə gətirilmiş kitablar olduqca yüksək
ideyaya söykənmiş və nəfis tərtibatla işlənmişdir.
Əvvəlki işlərdən gələn ənənəyə
uyğun olaraq, bu tərtibatların özü də
mövzusuna uyğun, sistemli şəkildə
aparılmışdır.
“Şəhriyar”ı genişəhatəli giriş
sözü (“Seyid Məhəmməd Hüseyn Şəhriyar
(1906-1988)”) ilə təqdim edən T.Əhmədov şairin
ömür yolunu mükəmməl bir baxışla tədqiq
edib. Şəhriyarın
həyatının bütün məqamları -
doğulduğu ailənin ictimai vəziyyəti, təhsili, onu
ümumən əhatə edən mühiti, mübarizəsi,
üzləşdiyi haqsızlıqlar, əsərlərinin
ideyası, hər iki dildə (fars və Azərbaycan)
ərsəyə gətirdiyi əsərləri, təsəvvürümüzdə
ədəbi şəxsiyyət olan şairin mükəmməl
obrazını yaradır. Kitaba daxil edilmiş əsərlər
də tərtibçinin tədqiqatçı
baxışları ilə seçilmiş, Şəhriyarın
poetik dünyasının xəzinəsinə açar rolunu
oynamışdır. Məhəmməd Hüseyn Şəhriyarın
“Heydərbabaya salam”ına çəkilmiş
miniatürlər şairin poetikasının rənglərini,
möhtəşəmliyini ifadəyə söykənmişdir.
Şair bu əsərin yaranmasını zəruri edən səbəblərdən
danışarkən demişdir ki, “rəhmətlik anam Tehrana gəldiyi
vaxtdan onun sehrli nüfuzunun təsiri ilə yaddaşında
qoruyub saxladığı keçmiş xatirələrini mənə
danışmaqla şirin nağıllar yavaş-yavaş mənim
ölü ruhuma can verdi. Rəngləri solmuş xatirə
lövhələri yenidən öz keçmiş rəngləri
ilə mənim zehnimdə canlandı: “Heydərbaba” azəri
dilində yazılmış bir şedevrdir ki, onun meydana gəlməsində
özümü bütünlükdə anama minnətdar bilirəm.
Əgər o olmasaydı, “Heydərbaba” da olmazdı”...
Heydərbaba,
ildırımlar çaxanda,
Sellər,
sular
şaqqıldayıb axanda...
- misralarının poetik təsvirində sanki
göy üzündə şaqqıldayan
ildırımların səsini, axıb-daşan
çayların şırıltısını eşidir, təbiət
hadisəsinin seyrinə dalan gözəllərin gözlərindən
süzülən sevgi-sevinci duyuruq. Şəhriyarın
müxtəlif çağlarının əksi olan rəsmlərini
bu təsvirlərin arasında görərkən sanki şeirlərini
öz dilində eşidirik. Hər bəndin
də özünəməxsus təsvirinin
orijinallığı məzmun və ideyası ilə qəlbimizi
riqqətə gətirir. Əsərdə
Heydərbabaya müraciətlə həm keçmişin
xoş xatirələri incəliklə, məhrəmliklə
yada salınır, həm də soydaşlarımızın həyat
tərzi, məişəti, qədim adət-ənənələr,
ictimai motivlər bizi düşündürür. Deyəndə
ki: “Heydərbaba, sənin könlün şad olsun, Dünya
varkən ağzın dolu dad olsun, Sənnən keçən
yaxın olsun, yad olsun, Deynə: mənim şair oğlum Şəhriyar,
Bir ömürdür qəm üstünə qəm qalar”
misralarındakı məna, fikir çalarları şairin
özünü, sözünü, həyatını
bütövlükdə öyrənməyə, duymağa bizdə
intizar dolu maraq oyadır. Şairin Azərbaycan dilində
şeirlərinin (“Azərbaycan”, “Yalan dünya”, “Qaçaq Nəbi”,
“Şair Məhəmməd Füzuli”, “Behcətabad xatirəsi”,
“Səhəndim”, “Aman ayrılıq”, “Gözüm
aydın”...) sadəliyi, şirinliyi, ürəyəyatımlığı,
nostalji duyğulara həsrət dolu sevgimizi,
bağlılığımızı alovlandırır. Şəhriyarın “Azərbaycan gözəlinə”,
“Tərsa balası”, “O taydan gələnə” qəzəllərinin
rəngli təsvirlərlə təqdimi də mənəvi zənginlik
yaradır. Şairin “Azərbaycan” şeiri
isə ölü ruhları dirildib mübarizəyə
qaldırmağa qadirdir.
Bəsdir,
fəraq odlarından
kül ələndi
başımıza
Dur
ayağa! Ya azad ol,
ya tamam
yan, Azərbaycan!
Şəhriyarın
ürəyi də səninki
tək
yaralıdır,
Azadlıqdır
mənə məlhəm, sənə dərman, Azərbaycan!
Bu
möhtəşəm əsərlə yaxından
tanışlıqdan bir daha aydın olur ki, tərtibçinin
rəssamla birgə ərsəyə gətirdiyi kitabda Şəhriyar
yaradıcılığının amalına, ideyasına
gün kimi aydınlıq gətirən seçimi onun tədqiqatçı
səriştəsinin, ədəbiyyatşünas
baxışının və bədii zövqünün
barizliyidir...
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Əliağa
Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında” 18 mart
2015-ci il tarixli Sərəncamı professor T.Əhmədovu
“Əliağa Vahid” kitab-albomu üzərində işləməyə
sövq etdi. Həmkarı miniatürçü
rəssam Fəxrəddin Əli ilə şairin poetik abidəsini
yaratdılar.
T.Əhmədovun mükəmməl tədqiqatçı
baxışı ilə əsərlərinin seçimi,
F.Əlinin milli üslubda, xalq ruhunun ecazından duyğulanaraq
çəkdiyi miniatür rəsmlər birgəlikdə
kitabın ideyasını, aparıcı xəttini
bütün parlaqlığı ilə əks etdirir. Ümumilikdə
sevgi notlarında yazılmış qəzəlləri,
romantik duyğularla süslü əsrarəngiz rəsmlər
kitaba xüsusi rövnəqlik gətirmişdir. Sanki bir məhəbbət romanı, müdrikanə
həyatın qovğası, acıları, təzadlı təəssüratlar,
bəxtinə yağan leysan, gah da yağışdan sonra aləmə
nur səpələyən günəşin
yaratdığı ovqat kitabdan aldığımız zəngin
təəssüratlardı. Ə.Vahidin
yaradıcılığına elmi, ədəbi-bədii bir
üslubda yanaşma oxucu düşüncəsində mükəmməllik
yaradır.
T.Əhmədovun “Əliağa Vahid - məhəbbət
şairi” ön sözü də şairin xatirəsinə
layiqli töhfədir, başqa sözlə, tədqiqatçı
qəzəlxanın həyat və
yaradıcılığını əlahiddə bir ehtiramla,
sevgi ilə qələmə almışdır. Giriş sözünün
ilk sətirlərində Ə.Vahidin: “Deyərdim əhli-qələm,
Vahid, əfv edərsə məni, Böyük Füzulinin
yadigarı mən özüməm” fikri ilə
xatırlanması gerçəkdən şairin
bütövlükdə yaradıcılığının məzmun-mahiyyətinin
ifadəsinə söykənib. Azərbaycan ədəbiyyatı
tarixində, ədəbiyyatşünaslıq elmində də
Ə.Vahid Füzulinin şeir dilini, üslubunu, məna və
təsvir çalarlarını, ideyasını yeni bir ahəngdə
və qüdrətdə davam etdirmiş şair kimi xarakterizə
olunur. Onun: Sənsiz ey şux, mənim xoş güzəranım
yoxdur, Sən ki yoxsan elə bil cismimdə canım yoxdur məşhur
qəzəlində lirik “mən”in ürəkləri
sızladan eşqi qəlblərdə gur ocaq
çatmış kimidir. Bu ocağın alovu
sevən qəlbləri yandırıb-yaxır. “İndi get həsrətini başqa bir aşiq
çəksin, Bir də sevsəm səni, söz vermişəm,
insan deyiləm” küskünlüyü əslində
bütün həyatı boyu od-ocaq təki
yandırıb-yaxdı onu.
T.Əhmədov
yazır: “O, müasirlərinin ülvi məhəbbət
duyğularını, sevgisini, mənəvi
bütövlüyünü, əhdə vəfasını, sədaqətini
və dönüklüyünü təsvir edirdi. Həyat, təbiət,
cəmiyyət haqqında düşüncələrini
aşiqanə qəzəllərində yeri gəldikcə
oxucularına çatdırırdı... Bütün bu adi
insani hiss və münasibətlər şairin qeyri-adi sənətkarlıq
məharəti ilə yaratdığı müasir aşiq
obrazında təcəssüm edir...” Qeyd edək
ki, bədii nümunələrin seçimi mövzunu işləməkdə
T.Əhmədovun böyük təcrübəsinə əsaslanırsa,
bu poetik inciləri rənglərin ecazı,
fırçasının qüdrətilə təsvirə gətirənsə
Fəxrəddin Əlinin sənətkar
baxışının ifadəsidir. Və
hər iki kitab tərtibçi, rəssam birgəliyində
fikrən, ruhən bir-birinə yaxın olduğu qədər
də orijinal üsluba, dəst-xəttə malikdir. Kitab-albom janrında yeni olan və mükəmməllik
kəsb edən belə nəşrlərin işıq
üzünə çıxması da təqdirəlayiqdir.
XX-XXI əsrin qovuşuğu - 1980-2020-ci illərdə - əmək
fəaliyyəti ərzində Teymur Əhmədov
filoloq-jurnalist ixtisası ilə tanınmışdır. Onun
yaradıcılığı çoxcəhətlidir: Gənclik
illərindən araşdırıcı, tərtibçi,
naşir, publisist, redaktor, məsləhətçi, mətnşünas,
tənqidçi, rəyçi, yazıçı kimi xidmət
göstərmiş, gördüyü işlər rəğbətlə
qarşılanmışdır. Bu baxımdan
Teymur Əhmədovun nəşr etdirdiyi monoqrafik
kitab-albomları ictimaiyyət tərəfindən dəyərli
hədiyyə kimi qarşılanmış, mətbuatda məziyyətləri,
yeniliyi barədə rəylər yazılmışdır.
Bu tədqiqat xarakterli albom-kitablar milli ədəbiyyatşünaslığı
zənginləşdirmiş, ənənə
yaratmışdır. Onlara oxşar səpkidə ənənəni
ilk davam etdirən (Gəncədən) Əməkdar elm xadimi,
professor Bağır Bağırov (“Rəsul Rza” monumental
albom-kitabı), (Naxçıvandan) akademik, ictimai xadim İsa
Həbibbəyli (Mirzə Cəlil Məmmədquluzadədən
monumental albom-kitabı) olmuşlar. Onlar həmkarları
Teymur Əhmədova göndərdikləri kitabların
avtoqraflarında bu fikri səmimiyyətlə etiraf etmişlər.
Ə gər
kitab mədəniyyətinin inkişafına özünün
yenilikçi ruhu ilə mükəmməllik gətirən
kitab-albom janrında yaranmış əsərlərə diqqət
yetirilərsə, zənnimizcə, ilk növbədə bu sahənin
yaradıcısı, tədqiqatçı-alim, professor Teymur
Əhmədovun haqqında yığcam ümumiləşmə
apardığımız kitablarının dil-üslub, ideya-məzmun
və tərtibatda yaratdığı təcrübəsinə
diqqət yetirmək, onlardan bəhrələnmək vacibdir.
Çünki uzaq səfərə hazırlaşarkən ilk
növbədə getdiyimiz yola müəyyən mənada bələd
olmağımız mütləqdir...
Şəfəq
NASİR
Respublika.- 2020.- 2 sentyabr.- S.4.