Vətən ona oğul dedi...

 

İnsan dünyaya göz açdığı gündən onun qəlbində torpaq sevgisi yurd salır. bu müqəddəs hisslər son nəfəsədək bizləri tərk etmir. Bizi torpaq uğrunda vuruşa aparan, ölümün gözünə dik baxmağa sövq edən də həmin müqəddəs hisslərdir.

Xalqımızın məcburən sürükləndiyi Qarabağ müharibəsi başlanan gündən hərbi xidmət borclarını şərəflə yerinə yetirən bütün Vətən övladları kimi, biləsuvarlı gənclər də əzmkarlıqları ilə seçilmişlər. Əslində torpaq, Vətən darda olanda hər bir igid oğul belə olmalıdır. Fikirləşəndə ki, irəlidə azğın düşmən, arxada isə Vətəndir, analardır, ayrı yol varmı?! Bizim şəhid övladlarımız da məhz, bu yolda şirin canlarını fəda etmişlər. Əslində bu igidlərin hər biri bizdən cismən ayrılmışlar, onların müqəddəs ruhları isə həmişə bizimlədir. Bizim hər birimiz kimi, bu müqəddəs ruhlar da işğal altında olan torpaqlarımıza üçrəngli bayrağımızın sancılacağı günü səbirsizliklə gözləyir.

Biləsuvarda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi çox güclüdür. Bu, bəlkə də, rayonun sərhəd zonasında yerləşməsi ilə bağlıdır. Hərbi xidmətə yollanan hər bir biləsuvarlı gənc Vətənə şərəflə qulluq etməyi, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı özünə müqəddəs borc bilir. Bu gün Milli ordumuzda şərəfli hərbi xidmət keçən, zabit kimi xidmət edən yüzlərlə Biləsuvar igidləri var. Rayonun Çaylı kənd tam orta məktəbinin hər il demək olar ki, bütün oğlan məzunları zabit peşəsini seçir. Onların arasında qüsursuz xidməti ilə polkovnik rütbəsinə kimi yüksələn zabitlər də vardır. Rayonun böyük yaşayış məntəqələrindən olan Aşağı Cürəli kəndindən isə 35-dən çox gənc zabit kimi ordumuzda şərəflə xidmət edir. Onların hər biri bu gün özünü türk dünyasının əfsanəvi oğlu, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ardıcılları hesab edirlər.

İyul ayının 12-də Tovuz rayonu istiqamətində erməni təxribatının qarşısının alınmasında igidliklə şəhid olmuş baş leytenant Rəşad Rəşid oğlu Mahmudov da onlardan biri idi.

Şəhidlik zirvəsinə ucalanda Rəşadın cəmi 28 yaşı vardı. Yaşının 28-ci ildönümünü də elə bir neçə gün əvvəl, özü cəbhə bölgəsində olsa da, anası, dayıları ailə üzvləri ilə qeyd etmişdilər.

Rəşadın necə vətənpərvər bir oğul olduğunu boya-başa çatdığı Aşağı Cürəli kəndində böyükdən-kiçiyə hamı yaxşı bilirdi. Qəlbi düşmənə nifrət hissi ilə alışıb-yanan Rəşadı əyninə əsgər paltarı geyinməyə, Vətənimizin, torpaqlarımızın keşiyində durmağa sövq edən də uca Vətən və torpaq sevgisi idi.

Kənd məktəbinin səkkizinci sinfini bitirəndə anası ilə, dayıları ilə üzbəüz oturub hərbçi olmaq istəyini bildirdi. Anası Sevda xanım evin yeganə övladının bu istəyindən narahat olmuşdu. Bir az da, çəkinə-çəkinə “bəlkə... başqa bir peşənin sahibi olasan...” demişdi. Anasının narahatlığını duyan Rəşad “Yox, ana, indi ölkəmizə daha çox zabit kadrları lazımdır. Düşmənin burnunu ovmağa...”.

Anası da, söhbətdə iştirak edən dayıları da qürurla köks ötürmüşdülər.

Beləcə, Rəşad sənədlərini C.Naxçıvanski adına hərbi liseyə vermiş, hərbçi peşəsinin sirlərini öyrənməyə başlamışdı. Rəşadın necə vətənpərvər, əzmkar gənc olduğunu liseyin yüksək rütbəli zabitləri, kursant yoldaşları da elə ilk gündən hiss etmişdilər. Odur ki, liseyi yüksək göstəricilərlə bitirəndə, ona təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirməyi məsləhət bildilər. Elə Rəşadın da ən böyük arzusu bu idi. Heydər Əliyev kimi müdrik siyasətçinin adını daşıyan məktəbin müdavimi olmaq ona sonsuz qürur verirdi. Bu ərəfədə isə türk dünyasının qəhrəman oğlu, həmyerlisi Mübariz Ağakərim oğlu İbrahimovun misilsiz şücaəti onun zabit peşəsini seçməkdə yanılmadığını təsdiq etmişdi. “Mübarizin yolu bizim hər birimizin yoludur, lazım gələndə biz də belə olmalıyıq...” - deyə fikrindən keçirmişdi.

Ali Hərbi Məktəbdə də təhsil illəri tez ötüb keçdi. Rəşad artıq leytenant rütbəsi daşıyırdı. Əyninə geydiyi zabit forması, çiynindəki ulduzlarla fəxr edirdi.

Tezliklə gənc leytenant Rəşad Mahmudov “N” saylı hərbi hissəsində zabit kimi xidmətə başlayır. Təhsil illərində hərbi biliklərin bütün incəliklərinə qədər yiyələnmiş Rəşad indi Vətənin keşiyində idi. Tez-tez anası, dayıları, kənddəki həmyaşıdları ilə əlaqə saxlayır, işğal altında olan torpaqlarımızın düşmən tapdağından tezliklə azad olunacağını sevinclə bildirirdi.

İyul ayının 12-də erməni silahlıları Tovuz istiqamətində təxribata cəhd göstərəndə artıq baş leytenant rütbəsi daşıyan Rəşad Mahmudov əsgər dostları ilə ön xətdə idi. Əsgərlərimiz təxribata cəhd göstərən erməni quldurlarını yerində oturtmağı bacardılar. Məlum Aprel döyüşlərində olduğu kimi, onlara ciddi “dərs” verməyə nail oldular. Ancaq qəfil düşmən gülləsindən yüksək rütbəli zabitlərimizlə yanaşı, baş leytenant Rəşad Mahmudov da qəhrəmancasına şəhid oldu.

Bütün şəhidlərimiz kimi, igid zabit Rəşad Mahmudov da boya-başa çatdığı Biləsuvar rayonunun Aşağı Cürəli kəndində böyük ehtiramla torpağa tapşırıldı. Torpaq da onu əbədi qoynuna aldı.

Övlad toyunu gözləyən anası Sevda xanım, dayıları Bayram, Fərhad “Vətən sağ olsun...” dedilər.

Torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarının sırasına baş leytenant Rəşad Rəşid oğlu Mahmudovun da adı yazıldı.

Şəhid qanı yerdə qalmır, deyirlər. Rəşad kimi igid şəhidlərimizin qanı yerdə qalmayacaq, torpaqlarımız işğaldan azad ediləcək, xalqımız səbirsizliklə gözlədiyi qələbəsini bütün Qarabağ torpaqlarında qeyd edəcəkdir.

 

Müşfiq MİRZƏ

 

Respublika.- 2020.- 2 sentyabr.- S.5.