AZƏRBAYCAN XƏZƏR NEFTİ XX ƏSRİN II YARISINDA: AÇILMAMIŞ SƏHİFƏLƏR

(1950-1994-cü il 20 sentyabr)

 

II Dünya müharibəsi öz miqyası və törətdiyi fəlakətlərə görə insanlıq tarixində ən dəhşətli müharibə hesab olunur. Əhalisinin ümumi sayı 1 milyard 700 milyon təşkil edən 61 ölkənin ərazilərində gedən bu döyüşlər nəticəsində 60 milyon insan məhv olmuşdur ki, bu ərazilərdə yaşayanlar isə bütün dünya əhalisinin 75 faizini təşkil edirdi. II Dünya müharibəsinin bəşər tarixində baş vermiş müharibələrdən başqa fərqi ondadır ki, bu müharibə məhv olan əhalinin 67 faizini mülki, 33 faizini isə hərbçi şəxslər təşkil etmişdir. Bu müharibədə ən çox itki verən ölkə SSRİ dövləti olmuşdurverdiyi itkilərin sayı 29 milyon təşkil edir ki, onun da 17 milyonu mülki əhali, 12 milyonu isə hərbçilər olmuşdur. Bu itkilər içərisində Azərbaycan xalqının payına 626 min nəfər düşür. Əslində Bakı nefti üstündə başladılan bu müharibədə əldə edilən qələbədə Azərbaycan xalqının həlledici rolu və müstəsna xidməti olmuşdur.

1941-1945-ci illər ərzində Azərbaycan SSR-dən 709.503 nəfər səfərbər olunmuşdur ki, onlardan yalnız 83,5 min nəfər geri qayıtmışdır. Qeyd etmək lazımdır ki, müharibə başlayarkən Azərbaycan SSR-in əhalisinin ümumi sayı 3.331.8 min nəfər təşkil etmişdir ki, onun 709 min 503 nəfəri 1941-ci il iyunun 22-dən 1946-cı ilin dekabrın 25-nədək səfərbər olunmuşdur. 1 iyun 1941-ci ilin məlumatına əsasən Azərbaycan neft sənayesində 100.183 nəfər çalışmışdır ki, 1943-cü il oktyabrın 1-nədək onların 30,396 nəfəri cəbhəyə səfərbər olunmuş, 10.695 nəfəri isə ölkənin Şərq rayonlarına yeni neft yataqları kəşf etmək və sənaye sahəsi yaratmaq üçün göndərilmişdi. Cəbhəyə səfərbər olunan neftçiləri Azərbaycan qadınları əvəz etdilər. Əgər müharibə başlananadək neft sənayesində çalışan qadınların ümumi çəkisi 23,2 faiz təşkil edirdisə, müharibə illərində bu rəqəm 50 faizdən çox idi.

II Dünya müharibəsi keçmiş SSRİ dövlətinə dəhşətli insan itkisi verməklə bərabər, həm də onun hərbi əməliyyatlar gedən qərb ərazilərində də - RSFSR, Ukrayna SSR, Belarus SSR, Moldova SSR, Latviya SSR, Estoniya SSR-in bütün iqtisadi infrastrukturun tamamilə məhv edilməsinə səbəb olur. Hərbi əməliyyatların getdiyi ərazilərdə, 1700 şəhər, 73 min kənd və qəsəbə, 65 min kilometr dəmir yolu xətti dağıldılmış, 35 milyon insan evsiz-eşiksiz qalmışdı. Müharibənin SSRİ dövlətinə vurduğu ümumi zərər 679 milyard rubl təşkil etmişdi.

Buna görə də vurulan bu zərəri ləğv etmək, dağıdılan iqtisadi infrastrukturu bərpa etmək üçün müharibə illərində olduğu kimi, böyük miqdarda enerji resursları tələb olunurdu. Bu da məlumdur ki, müharibədən sonra, Azərbaycan neft sənayesi keçmiş SSRİ dövlətinin əsas enerji resursları bazası hesab olunurdu. Belə ki, ölkə iqtisadiyyatının enerji resurslarına olan tələbatının 85-90 faizi Azərbaycan neft sənayesi hesabına təmin edilirdi. Digər bir fakt ondan ibarətdir ki, Abşeron yarımadasının neft ehtiyatları və Xəzər dənizinin qərb sahillərində zəngin neft yataqlarının aşkar olunması keçmiş SSRİ rəhbərliyinə məlum idi. Bu məsələ respublika rəhbəri M.C.Bağırovun 1943-cü ilin noyabrında SSRİ Dövlət Müdafiə KOmitəsinin sədri İ.V.Stalinə ünvanladığı məKtubda öz əksini tapıb. Bu məktubda M.C.Bağırov Bakı neft rayonunun SSRİ-nin Şərq rayonları ilə müqayisədə çox zəngin, iqtisadi cəhətdən rentabelli olduğunu göstərir və Azərbaycan neft sənayesinə diqqətin artırılmasını tələb edir. Bundan sonra SSRİ dövlətinin rəhbərliyi 1944-cü ildə Azərbaycan SSR hökumətinə SSRİ EA-sı və Azərbaycan Elmlər Akademiyasına (indiki AMEA-C.B.) Xəzər dənizinin qərb sahillərində neft yataqlarının kəşf edilməsi ilə bağlı Neft Ekspediyasının yaradılmasına icazə verir və əldə edilən geoloji tədqiqatların nəticələri əsasında 1946-cı ildə bu sahədə işlərin sürətləndirilməsi - yəni dəniz neft yataqlarının istifadəyə verilməsi haqqında qərar qəbul edir. Xəzər dənizində zəngin neft yataqlarının olması faktını elmi şəkildə sübut etmək və ona nail olmaq ideyasının müəllifi, fədakar neftçi geoloq-alim Ağaqurban Əliyevdir. 70 ildən artıq dünyada məşhur olan Xəzər dənizinin “Neft Daşları” yatağının kəşfi onun adı ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, dəniz neft yataqlarının kəşfiyyatı ilə bağlı aparılan işlər zamanı Xəzər dənizinin səviyyəsinin dəyişkənliyinin dəqiq müəyyən edilməsi məqsədilə 1946-1955-ci illərdə SSRİ EA Okeanologiya İnstitutunun elmi əməkdaşları, professor B.A.Apollovun rəhbərliyi altında çoxməqsədli tədqiqat işləri aparılmışdı. Müharibəyə qədər və müharibədən sonra 1948-ci ilədək Xəzər dənizi ilk növbədə Azərbaycanın neftçi geoloq və alimləri tərəfindən artıq nəzəri cəhətdən öyrənilmiş və əldə olunan nəticələr dənizin təkindən neftin hasil edilməsi elmi əsaslarla sübuta yetirilmişdi. Lakin Azərbaycanın Xəzər neftinin tarixinə dair arxiv sənədlərini araşdırarkən, bu sahənin yaradılmaması və II Dünya müharibəsindən sonra Azərbaycan xalqına növbəti sarsıdıcı zərbə vurmaq, onun iqtisadiyyatının onurğa sümüyü sayılan milli neft sənayesinin yeni sahələrinin yaradılması deyil, əksinə onun məhv edilməsi üçün imperiyanın ən yüksək hakimiyyət strukturunda kök salmış millətçi-şovinist dairələrin daşnak-nasist xislətli ermənilərdən necə istifadə etdiklərinin şahidi olursan. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin, Azərbaycan Milli Arxiv İdarəsinin Azərbaycan Dövlət Arxivinin fondlarından aşkar olunmuş sənədlər, yeni nəşr olunmuş elmi ədəbiyyatlar - monoqrafiya, jurnallar, rəsmi kütləvi informasiya vasitələrində çap olunmuş faktlar belə bir fikri söyləməyə əsas verir. Bu sənədlərdə və işıq üzü görmüş yeni nəşrlərdə əks olunan faktları analiz edərkən Azərbaycan xalqının düşmənlərinin onun inkişafının qarşısını almaqonu məhv etmək üçün ən ağır cinayətlərə əl atdıqlarının şahidi olursan. Yuxarıda qeyd olunduğu kimi, artıq 1948-ci ildə Azərbaycan SSR rəhbərliyinin və respublika alimlərinin göstərdikləri səylər nəticəsində Xəzər dənizinin təkindən neftin hasil edilməsi elmipraktiki baxımdan sübut olunmuşdu və 1949-cu il noyabrın 7-də 1 saylı quyu yüksək debitlə gündəlik 100 ton neft fontan vurduqdan sonra, bütün bunların əsasında SSRİ Nazirlər Soveti 1949-cu il dekabrın 11-də “Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşf edilməsi və istifadəyə verilməsi tədbirlərinin yaxşılaşdırılması haqqında” xüsusi qərar qəbul etdi. Lakin məsələnin maraqlı tərəfi odur ki, Xəzər dənizinin qərb sahillərində suyun 4 metrdən 40 metrədək dərinliyində neftin hasil edilməsi işinin mümkünlüyü elmi cəhətdən sübut olunmasına baxmayaraq, onun həyata keçirilməsi ərəfəsində, daha doğrusu 1948-ci ildə “Azərdənizneftkəşfiyyat” birliyinin baş geoloqu Sosialist Əməyi Qəhrəmanı, AMEA-nın müxbir üzvü Baba Babazadə, Moskvada SSRİ Neft Sənayesi Nazirliyində ezamiyyətdə olarkən nazir N.K.Baybakovun referenti Avqust Qermanoviç Helkvistlə görüşür. Əslində görüşün təşəbbüskarı A.Q.Helkvistin özü olur. Bu Avqust Qermanoviç Helkvist kim idi? İsveç əsilli Avqustun atası Qerman Helkvist Nobel qardaşları ilə XIX əsrin II yarısında Bakıya gəlir, Nobellərin Balaxanı neft mədənlərində çalışır və burada ailə qurur. 1894-cü ildə Balaxanıda Helkvistlər ailəsində doğulan Avqust Helkvist 1919-cu ildə Tomsk şəhərinə gedir, 1923-cü ildə Tomsk Texnoloji İnstitutunun dağ-mədən fakültəsini bitirir. 1924-cü ildə Bakıya gələn Avqust Helkvist 1936-cı ilədək Azərbaycan neft sənayesinin müxtəlif sahələrində çalışır. 1930-1931-ci illərdə o, ABŞ-da ezamiyyətdə olur. 1941-1945-ci illər müharibəsi zamanı və sonra 1949-cu ilədək SSRİ Neft Sənayesi Nazirliyində baş geoloq vəzifəsində, 1949-1950-ci illərdə isə nazirin referenti vəzifəsində çalışır. 1968-ci ildə vəfat edirMoskva şəhərində dəfn olunub. Maraqlıdır ki, A.Q.Helkvistin tərcümeyi-halına nəzər saldıqda onun, Azərbaycan neft sənayesi ilə elə də sıx əlaqəsi olmayıb. Lakin bu faktı da qeyd etmək lazımdır ki, A.Q.Helkvistin Bakının Sabunçu qəsəbəsində anadan olmuş, 1943-cü ildən 1955-ci ilədək SSRİ Neft Sənayesi Naziri, sonralar isə SSRİ Dövlət Plan Komitəsinin sədri işləmiş N.K.Baybakovla yaxın dostluq əlaqələri olmuşdur. Məhz N.K.Baybakovun yaxın dostu, onun özünün təyinatı ilə SSRİ Neft Sənayesinin Baş geoloqu işləyən A.Q.Helkvist, 1948-ci ildə “Azərdənizneftkəşfiyyat” Birliyinin baş geoloqu Baba Babazadə Moskvada ezamiyyətdə olarkən onu öz kabinetinə dəvət edir və gəl yoldaş nazir Baybakova yazaq ki, dənizdəki işləri bağlamaq, dayandırmaq lazımdır. Ona görə ki, mən bunu çoxdan demişəm ki, orada heçyoxdur-deyir. B. Babazadə etiraz edir: “Mən, ona rədd cavabı verərək söylədim: “mən bunu edə bilmərəm, çünki mən dənizdə neftin olduğuna çox inanıram”. Mənə cavabında Helkvist söylədi: “...neft Kirovabad (indiki Gəncə-C.B.) və Şamaxı rayonları ərazisindədir”. Bu sözləri Baba Babazadə 29 iyul 1954-cü ildə Bakıda SSRİ Neft Sənaye Naziri N.K.Baybakovun iştirakı ilə keçirilən neft sənayesi fəallarının müşavirəsində söyləmişdi. 1948-ci ildə bu söhbətdən xəbər tutan respublika rəhbəri M.C.Bağırov N.K.Baybakova zəng edirçox kəskin şəkildə ona: “..Kolya, sən Azərbaycanın neft işlərinə burnunu soxma” - deyə ona sərt şəkildə xəbərdarlıq edir. Lakin məsələnin maraqlı tərəflərindən biribudur ki, 1949-cu ilin noyabrın 7-də “Neft daşları” rayonunda qazılan 1 saylı quyu 1 gündə 100 ton debitlə neft fontan vurduqdan sonra SSRİ Nazirlər Soveti həmin il dekabrın 11-də “Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşf edilməsi və istifadəyə verilməsi tədbirlərinin yaxşılaşdırılması haqqında” qərar qəbul etdibu qərar əsasında SSRİ Neft Sənayesi Nazirliyi yanında Dəniz neft yataqlarının işlənməsi üzrə Baş İdarə və Azərbaycan Dəniz Neft Birliyi yaradıldı və Xəzər dənizindən neftin hasil edilməsi bu müəssisəyə tapşırıldı.

Müəllif tərəfindən aşkar edilmiş yeni arxiv sənədləri ilə ətraflı tanışlıq N.K.Baybakovun referenti A.Q.Helkvistin öz mövqeyindən geri çəkilmədiyini təsdiq edir. Qəribədir, hamının, ilk növbədə SSRİ dövləti ali rəhbərliyinin qəbul etdiyi bu elmi həqiqəti nə üçün Avqust Helkvist qəbul etmək istəmirdi. Müəllif bu sualın cavabını tapmaq üçün keçmişə - Nobel qardaşlarının XIX əsrin 70-80-ci illərində Bakı neft rayonundakı fəaliyyət dövrünə müraciət etməyə qərar verir. XIX əsrin ikinci yarısında baş vermiş hadisələrə müraciət etməzdən əvvəl ,1950-ci ildə baş vermiş digər bir hadisəyə diqqəti cəlb etmək istəyirəm. Müəllifin apardığı çox ciddi və fasiləsiz tədqiqatlar nəticəsində belə bir fakt aşkar ortaya çıxdı ki, Xəzər dənizinin təkinin neftlə həddən ziyadə zəngin olduğuna inanan İ.V.Stalin SSRİ Hidrolahiyə Komitəsinin sədri Sergey Yakovleviç Juku yanına dəvət edirona Xəzər dənizinin xəritəsi ilə gəlməsini tapşırır. Gecə saat 2-də İ.Stalinin yanından qayıdan S.Y.Juk ona Xəzər dənizinin qurudulması ilə bağlı hesablamalar aparmağı və çox qısa vaxt ərzində təkliflər hazırlayıb təqdim etmək əmrinin verildiyini deyir. S.Y.Juk görüşdə Anastas Mikoyanın da iştirak etdiyini söyləyir və deyir ki, o İ.Stalinə: “...Xəzər dənizi qurudulduqda ölkənin xəzinəsinə külli miqdarda valyuta gətirən qara kürüdən məhrum olacaq- deyəndə, Stalin ona: ...sən həmişə alverçi kimi düşünürsən, bizə isə neft lazımdır - deyərək A.Mikoyanın sözünü sərt şəkildə kəsir. Mən İ.Stalinə: “...bu mümkündür, lakin mən bunu hesablamalıyam” - dedim. Bundan sonra İ.Stalin mənə: “...Volqa çayını Qazaxıstan səhralarına yönəltmək, Kür çayı qarşısında isə bəndlər çəkərək gölməçələr yaratmaq lazımdır” - deyə göstəriş verdibununla bağlı təklifləri iki həftə ərzində hazırlayıb təqdim etməyi tələb etdi. Mən iki həftədən sonra İ.Stalinin yanında oldum və hazırladığım təklifləri ona təqdim etdim. Mən ona bu işin ölkəyə çox baha başa gələcəyini, ekoloji fəlakətə səbəb olacağını, ən azı 10 milyard rubl vəsaitin xərclənəcəyinə və bu işin 16-17 ilə başa gələcəyini söylədim. İ.Stalin məni diqqətlə dinləyəndən sonra: “...hesab edirəm ki, artıq buna ehtiyac yoxdur”- dedi. Mən içimdə buna sevindim: “...Şükür Allaha ki, qurutmağa cəsarət etmədilər”. Doğrudan da, Xəzər dənizinin qurudulması haqqında qərar verilsəydi, bu həqiqətən də, genişmiqyaslı ekoloji fəlakətə səbəb olacaqdı”. (Bütün bu faktlar keçmiş SSRİ DTK-nın birinci sədri İvan Serovunİvan Serov. Çamadandan qeydlər. Birinci DTK sədrinin ölümündən 25 il sonra tapılan məxfi gündəliklər. Aleksandr Xinşteynin layihəsi. Moskva: “Prosveşenie 2016” adlı əsərdən götürülmüşdür). Burada diqqəti cəlb edən sçx mühüm məqam odur ki, bu miqyası görünməyən fəlakətlər törədə biləcək təklifin müzakirəsində Azərbaycan xalqının qatı düşmənləri olan İ.StalinAnastas Mikoyan iştirak edirlər və heç şübhəsiz S.Y.Jukun təqdim etdiyi inandırıcı elmi proqnozlar bu yırtıcıları öz vəhşi planlarından çəkinməyə məcbur edir. Lakin yuxarıda qeyd olunduğu kimi, A.Q.Helkvistin bu niyyətini anlamaq üçün mən, XX əsrin II yarısı - XX əsrin əvvəllərində Bakı neft rayonunda Nobel qardaşlarının fəaliyyəti ilə baş vermiş hadisələrə qayıtmağa ehtiyac olduğunu qeyd etmişdim. Hazırda Nobellərin fəaliyyəti ilə bağlı çoxsaylı ədəbiyyat mövcuddur. Məlumdur ki, İsveç əsilli Nobel qardaşları 1831-ci ildə Rusiya imperiyası təbəəliyini qəbul etmiş və 1873-cü ilədək Rusiyada silah-sursat istehsalı və satışı ilə məşğul olmuşlar. Bu da məlumdur ki, Nobellər 1853-1856-cı illər Krım müharibəsi zamanı çar Rusiyası ordusunu təmin etmişdilər. 1873-cü ildə Bakıya gələn Nobel ailəsinin üzvü Robert Nobel 25 min rubl pulla 168 desyatin neftli torpaq sahələri almağa nail olur.

 

 

 

(davamı növbəti saylarımızda)

 

 

 

Cəbi BƏHRAMOV,

AMEA A.A.Bakıxanov adına

Tarix İnstitutunun elmi işlər üzrə

direktor müavini, t.ü.f.d., dosent.

 

Respublika.- 2020.- 2 sentyabr.- S.6.