AZƏRBAYCAN
XƏZƏR NEFTİ XX ƏSRİN II YARISINDA:
AÇILMAMIŞ SƏHİFƏLƏR
(1950-1994-cü il 20 sentyabr)
(əvvəli 2,
3 və 4 sentyabr tarixli
saylarımızda)
Hələ 1991-ci ilin qışında Abşeron yarımadasında neftçıxarma üçün əlverişli şəraitin yaradılması üçün konkret işlər görülmüşdü. Yanvarın 18-də SSRİ hökumətinin və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri” yatağının birgə kəşfiyyatı və işlənilməsinə dair “Xəzərdənizneftqaz” birliyinin və xarici ölkə neft şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması üçün müsabiqə keçirilməsi qərara alınmışdı. 1991-ci ilin iyununda keçirilən müsabiqənin qalibi ABŞ-ın məşhur “Amoko” şirkəti elan edildi. Bundan sonra isə layihədə iştirak etmək üçün “BP/Statoyl” alyansı, “Yunokal”, “MakDermott” və “Remko” şirkətləri də cəlb olundular. Ancaq layihədə 45 faiz paya malik olan “Amoko” öz liderliyini saxlayırdı. Müəyyən edilmiş ümumi payın 85 %-i Azərbaycan Respublikasına, qalan 15 %-i isə Qərb şirkətlərinə çatmalı idi. Lakin 1992-ci ilin birinci yarısında başlanan hakimiyyət uğrunda mübarizə və Xalq Cəbhəsi - Müsavat siyasi cütlüyünün hakimiyyətə gəlməsi xarici şirkətlərlə nəzərdə tutulan müqavilənin imzalanmasını təxirə saldı. AXC - Müsavat hökuməti də öz iqtisadi planında neft məsələsini ön plana çəkmişdi. 1992-ci ilin sentyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Dövlət Neft Şirkəti (ARDNŞ) yaradıldı və ona xarici şirkətlərlə danışıqları aparmaq səlahiyyəti verildi. 1992-ci ilin sonuna yaxın Xəzərin Azərbaycan Respublikası sektorundakı dörd ən böyük neft yatağı - “Azəri”, “Şahdəniz”, “Çıraq” və “Günəşli” yataqlarında kəşfiyyat və başqa işlərin birgə aparılmasına dair beş niyyət protokolu imzalandı. “Amoko”, “Penzoyl” və “BP” şirkətləri ilə yanaşı, layihəyə Türkiyə Cümhuriyyətinin “TPAO” şirkəti də cəlb edildi. Rusiya Federasiyasının “Lukoyl” şirkətinə və İran İslam Respublikası şirkətlərinə isə layihədə iştirakdan imtina olundu. Bu isə o dövrdə onsuz da çox ağır siyasi vəziyyətdə olan Azərbaycan Respublikasına qonşu dövlətlər - Rusiya Federasiyası və İran İslam Respublikası tərəfindən göstərilən təzyiqlərin artmasına səbəb oldu. Rusiya Federasiyasının təcavüzkar dairələrinin əlində oyuncaq olan Ermənistan “dövləti” RF-nın hərbi yardımı ilə 1992-ci ilin mayında öz təcavüzünü genişləndirərək Azərbaycan Respublikasının böyük hərbi-strateji əhəmiyyət kəsb edən Şuşa və Laçın, 1993-cü ilin aprelində isə Kəlbəcər rayonlarını işğal etdi. Bu Azərbaycan xalqına qarşı açıq hərbi təhdid idi. 1993-cü ilin iyununda imzalanması nəzərdə tutulan müqavilənin şərtləri Azərbaycan Respublikasının bütün maraqlarına heç də tam şəkildə cavab vermirdi. Bu şərtlərə görə ARDNŞ-in payı 70 faiz, xarici şirkətlərin payı isə 30 faiz təşkil edirdi. 1993-cü ilin mayında ARDNŞ ilə xarici şirkətlər arasında “Azəri”, “Günəşli” və “Çıraq” yataqları üzrə birgə fəaliyyət haqqında 6-cı memorandum imzalandı və həmin il iyunun 4-də ARDNŞ-in Direktorlar şurası birgə fəaliyyət haqqında bəyannamə qəbul etdi.
AXC - Müsavat rəhbərliyinin daxili və xarici siyasətdəki kobud səhvlər, səriştəsizlik, dövlət idarəçiliyində təcrübəsizlik və xəyanət 1993-cü ilin iyununda ölkədə ağır siyasi-ictimai və hərbi böhranın yaranmasına səbəb oldu. Ölkə daxilində vətəndaş müharibəsinin başlanması təhlükəsinin artmasını görən xalqın görkəmli ziyalıları təcrübəli dövlət xadimi Heydər Əliyevi Bakıya dəvət etdilər. 1993-cü il iyulun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən Heydər Əliyev elə ilk günlərdən çox ağır və həlli çətin olan məsələləri öz üzərinə götürdü, ölkə tədricən siyasi və hərbi böhrandan çıxmağa başladı. O, 1993-cü ilin ikinci yarısında respublikada yaranmış siyasi-iqtisadi və hərbi böhran şəraitində AXC-Müsavat hakimiyyətinin hazırladığı neft müqaviləsinin imzalanmasını təxirə saldı. Bir il müddətində gedən danışıqlarda Prezident Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, Azərbaycan xalqının mənafeyinə xələl gətirə biləcək hər hansı işbirliyinə imza atmadı, yeni müqavilənin hazırlanması ilə bağlı nəzarəti öz əlində saxladı və bu işə yüksək ixtisaslı mütəxəssisləri cəlb etdi. Bundan əlavə, o, hazırlanmış yeni müqavilənin çox böyük dəqiqliklə yoxlanılması üçün xarici ölkələrdən də ekspertlərin daxil olduğu komissiya yaratdı. Prezidentin göstərişi ilə ARDNŞ-in rəhbərliyinə də təcrübəli mütəxəssislər cəlb olundu. Aparılan danışıqlarda əvvəlkindən fərqli olaraq, üç deyil, iki neft yatağı - “Azəri” və “Çıraq” yataqlarından söhbət gedir, pay bölgüsündə isə Azərbaycan Respublikasının payı 80 faiz təşkil edirdi. Xarici şirkətlər tərəfindən ödəniləcək bonusun həcmi 500 milyon dollar müəyyən olundu ki, bu məbləğin də yarısı müqaviləni imzalayan şirkətlərin ölkələrinin parlamentində ratifikasiya edildikdən sonra dərhal ödənilməli idi.
Azərbaycanın müstəqil xarici və daxili siyasət yeridəcəyini yəqin edən Rusiyanın militarist qüvvələri Ermənistan “dövlətinə” hərbi yardımı gücləndirərək, 1993-cü ilin yay-payız aylarında respublikamızın Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğal olunmasına şərait yaratdı. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Rusiya Federasiyasının təcavüzkar dairələri müstəqillik əldə etmiş keçmiş sovet respublikalarında siyasi nəzarəti itirsələr də, hərbi və strateji mövqeni itirmək istəmirdilər. Bu baxımdan həmin dövrdə Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında təşkil edilmiş Müdafiə Tədqiqatları İnstitutunda hazırlanmış “Rusiya Federasiyasının milli təhlükəsizliyi üçün yaranan əsas xarici təhlükələrə qarşı müqavimət strategiyasının konseptual qaydaları” adlı sənəd diqqəti cəlb edir. Bu sənəddə açıq-aydın deyilir: “Mühüm vəzifə “Xəzər neft müqaviləsi”nin hazırkı şəkildə reallaşmasına imkan verməməkdir. Bunun üçün aşağıdakı bir sıra kompleks tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur:
I. Xəzərin Azərbaycana məxsus hissəsini rəsmi olaraq hüquqi cəhətdən tanımaqdan imtina etmək;
II. Praktik olaraq bir sıra tədbirlər görmək, lazım gələrsə, Xəzərin statusu müəyyən olunanadək onun keçmiş sovet hissəsində xarici neft şirkətlərinin fəaliyyətlərinə imkan verməmək üçün güc tətbiq etmək;
III. Azərbaycan Respublikasının əsas ərazi hissəsi ilə Türkiyə Respublikasının ərazisi arasında birbaşa əlaqənin yaradılmasına imkan verməmək;
IV. Erməni hərbi hücumunu Gəncə və Yevlax istiqamətində gücləndirmək yolu ilə Bakıdakı rejimə təzyiq göstərmək”.
Göründüyü kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onu əhatə edən rayonların işğalı sənəddə göstərilən tədbirlərin tərkib hissəsi idi. Çünki onların həyata keçirilmədiyi təqdirdə Azərbaycan Respublikasının Cənubi Qafqaz regionunda nüfuzunun artacağı və tezliklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini öz xeyrinə həll edəcəyi aydın idi. Digər tərəfdən, o vaxt Türkiyə Cümhuriyyəti hökuməti Bosfor və Dardanel boğazlarından keçən neftdaşıyan tankerlərin sayının azaldılması tələbi ilə çıxış edərək, tez-tez baş verən qəzalar nəticəsində İstanbul şəhəri və digər yaşayış məntəqələri üçün təhlükə törəndiyini bəyan etmişdi. Türkiyə Cümhuriyyəti hökuməti 1994-cü ilin martında boğazlardan gəmilərin keçməsi üçün yeni cədvəl tərtib edərək, Beynəlxalq Dəniz Təşkilatına təqdim etdi və onun qəbuluna nail oldu. Bu isə Orta Asiya və Azərbaycan neftinin Novorossiysk vasitəsilə ixrac olunması ehtimalını heçə endirirdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il mayın 12-də Ermənistanla müharibədə atəşkəs əldə edilməsinə nail oldu. Bu, Azərbaycan Respublikasının ağır sosial-iqtisadi böhrandan çıxmağa başlamasının təsdiqi idi. Qərb ölkələrinin neft şirkətləri ilə 1994-cü ilin mayında Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində aparılan danışıqlar çox ağır gedirdi. Prezident Heydər Əliyevin gərgin siyasi və diplomatik səyləri nəticəsində daxili ictimai-siyasi sabitliyin bərpası Azərbaycan Respublikası ölkənin milli mənafelərini təmin edə biləcək müqavilənin imzalanması üçün danışıqlar prosesini sürətləndirdi. Aparılan danışıqların daha nəticəli olması üçün Prezident Heydər Əliyevin fərmanı ilə 1994-cü il martın 1-də İlham Əliyev ARDNŞ-in birinci vitse-prezidenti təyin edildi. İlham Əliyev sonralar “Caspian energy” jurnalına verdiyi müsahibəsində deyirdi: “Bu zaman bizim qarşımızda bir neçə əsas vəzifə dayanmışdı: birincisi, müqavilənin imzalanmasına nail olmaq. İkincisi, müqavilədə Azərbaycan üçün ən əlverişli şərtlər - həm hüquqi, həm də iqtisadi- yaratmaq. Üçüncüsü isə, müqavilənin işləməsinə nail olmaq”.
O vaxt çox ağır vəziyyətdə olan Azərbaycan Respublikası üçün bu vəzifələri yerinə yetirmək heç də asan deyildi. Danışıqların son mərhələsində xarici şirkətlərin nümayəndələri müqavilənin qüvvəyə minməsini onun imzalanmasından və ölkə parlamentində ratifikasiyasından sonra deyil, yalnız Xəzər dənizinin statusunun həll olunmasından sonra qəbul edəcəklərini söylədilər. Təbii ki, Azərbaycan Respublikası hökuməti buna razı ola bilməzdi. Çünki bu şərtin qəbul edilməsi müqavilənin kağız üzərində qalacağı demək idi. Buna görə də, Prezident Heydər Əliyevin tapşırığı ilə ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev ABŞ-ın hökumət nümayəndələri ilə danışıqlar aparmaq üçün Vaşinqtona yollandı və danışıqlar öz müsbət nəticəsini verdi.
Yuxarıda deyildiyi kimi, Rusiya Federasiyasının təcavüzkar dairələri Azərbaycanın Xəzər dənizində xarici şirkətlərlə neft hasilatına dair müqavilə imzalamasına yol vermək istəmirdilər. 1993-cü ilin yazında Xəzərin Azərbaycan Respublikası sektorunda neft yataqlarının xarici ölkələrin neft şirkətlərinin birgə işlənməsinə dair müqavilənin imzalanmasına dair müəyyən irəliləyişlər nəzərə çarpmağa başladı. Vəziyyətin bu istiqamətdə dəyişdiyini görən Moskva, Ermənistan və Azərbaycan Respublikası arasındakı özünün erməniləri təhrik etməklə yaratdığı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan Respublikasının dövlət müstəqilliyinə zərbə vura biləcək təkliflər irəli sürərək, onun iqtisadi maraqlarının dənizin yalnız 12 millik zona çərçivəsində məhdudlaşacağını bildirdi. Bu isə Azərbaycan Respublikasının öz sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqları üzərində nəzarətini itirməsi demək idi. 1994-cü ilin yazında Rusiya Federasiyası bu məsələ ilə bağlı çox fəal diplomatik addımlar atmağa başladı. Həmin il aprel ayının 27-də RF XİN-nin Böyük Britaniya XİN-ə nota göndərərək Azərbaycan Respublikasının müstəqil olaraq Xəzər dənizində yerləşən neft yataqları ilə bağlı hər hansı bir müqavilə imzalamaq hüququ olmadığını bildirdi. 1994-cü ilin yazında isə RF XİN-nin təqdimatı əsasında B.Y.Yeltsin Azərbaycan Respublikasına qarşı sanksiyalar nəzərdə tutan 396 RPS saylı sərəncam imzaladı. Buna görə də Rusiya Federasiyası hökuməti Xəzər dənizinin statusu məsələsini ortaya ataraq, Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında 1994-cü ildə imzalanmış “Energetika sahəsində əməkdaşlıq haqqında” memorandumda “Xəzər dənizinin Azərbaycan sektoru” ifadəsinin işlədilməsini qəbul etmədiyini bəyan etdi. Böyük Britaniya səfiri Brayan Folla verilən notada həmçinin Xəzər dənizində neft yataqlarının işlənilməsinə dair hər hansı bir müqavilənin Rusiya Federasiyası hökuməti tərəfindən tanınmayacağı bildirilirdi. Böyük Britaniyanın energetika naziri Tim Eqqar Bakıya səfər edərək Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə, Xarici İşlər Nazirliyinin və ARDNŞ-in rəhbərliyi ilə apardığı danışıqlardan sonra “RF XİN-in notasına əhəmiyyət verməmək” və əməkdaşlığın davam etdirilməsi haqqında qərar qəbul edildi. Prezident Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Böyük Britaniya, ABŞ, Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası və başqa ölkələrin neft şirkətləri ilə aparılan intensiv danışıqlar 1994-cü il sentyabrın 20-də Azərbaycan dövlətinin iqtisadi və siyasi həyatında mühüm bir hadisə ilə başa çatdı. ARDNŞ ilə neft hasilatında böyük təcrübəsi olan ABŞ, İngiltərə, Rusiya Federasiyası, Norveç, Türkiyə Cümhuriyyəti və Səudiyyə Ərəbistanının (“Amoko”, “Penzoyl”, “Yunokal”, “Ekson”, “Remko”, “MakDermott”, “Lukoyl”, “Britiş-Petroleum”, “Stat-Oyl”, “Türkiyə Petrolleri AO”, “Delta”) iri neft şirkətləri arasında 30 il müddətinə ilk müqavilə imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu müqavilənin şərtlərinə görə, 30 il ərzində Xəzər dənizinin “Günəşli”, “Çıraq”, “Azəri” neft yataqlarından 511 milyon ton neft çıxarılması, bunun həyata keçirilməsi üçün 7,4 milyard dollar məbləğində sərmayə qoyulması nəzərdə tutulurdu.
Yuxarıda qeyd olunduğu kimi, Rusiya Federasiyasının təcavüzkar dairələri Azərbaycan xalqının öz təbii sərvətindən özünün istifadəsinə yol verməmək üçün istər diplomatik və istərsə də hərbi-siyasi vasitələri ilə Azərbaycan dövlətinə təzyiqi davam etdirirdilər. Bu fikri təsdiq edən faktlar aşağıdakılardır: Rusiya Federasiyasının Prezidenti Boris Yeltsin: “...Xəzərin statusu müəyyən edilməyənə qədər heç kim hər hansı bir müqavilə imzalaya bilməz”. Rusiya Federasiyasının vitse-prezidenti Aleksandr Rutskoy: “Azərbaycan çox nahaq yerə hesab edir ki, Xəzərin neft yataqları ona məxsusdur. Rusiyasız heç kim öz burnunu ora soxa bilməz”; Rusiya Federasiyasının Xarici İşlər naziri Andrey Kozırev: “əgər Bakı Xəzər neft yataqlarını mənimsəməyə başlasa ona qarşı iqtisadi və başqa sanksiyalar tətbiq etmək lazımdır”, Rusiya Federasiyasının Müdafiə naziri Pavel Qraçov: “Heydər Əliyevi, vəziyyət mürəkkəbdir, əgər kontraktların imzalanması ilə bağlı problemlər yaransa, erməni tankları bir gündən az müddət ərzində Bakıya çatacaqdır”; Rusiya Federasiyası Dövlət Dumasının üzvü, RLDP-nin rəhbəri Vladimir Jirnovski: “Bakı bilməlidir ki, əgər o amerikanlılarla birlikdə Xəzərdə mədənlər qazmağa başlasalar, onda biz həmin mədənləri bombalayacağıq, onları yandıracağıq. Xəzər bizimdir, bu rus Xvalın dənizidir. Xəzərin qapısını Bakı üçün bağlamaq lazımdır - oraya neftçıxarma üçün avadanlığı buraxmamaq, batırmaq və hər şeyi birbaşa yandırmaq lazımdır”; Qondarma dövlət olan Ermənistan Respublikasının Prezidenti Robert Koçaryan: “Azərbaycan neftinin bir barreli də beynəlxalq bazarlara çıxmayacaq - biz buna imkan verməyəcəyik”. Bütün bunların dedikləri Rusiya Federasiyası dövlətini idarə edənlərin və onların əlində ölüm aləti olan koçaryanların Azərbaycan xalqına olan düşmən münasibətlərinin açıq təzahürüdür. Bu təzyiqlər indi də davam edir. Belə ki, 1997-ci ildən başlayaraq bu günədək erməniləri və qondarma “Ermənistan dövləti”ni əlində ölüm alətinə çevirən Rusiya Federasiyasının təcavüzkar dairələri təmannasız olaraq ən müasir silahlarla təmin edir. Belə ki, RF-nin Ermənistana pulsuz olaraq verdiyi silahların ümumi dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Rusiya Federasiyasının nasist Ermənistana 2020-ci il iyulun 17-dən başlayaraq avqustun 12-nədək göstərdiyi son hərbi yardımın həcmi 400 ton təşkil edir. Buradan təbii olaraq sual doğur: özünü faşizmə və nasizmə qarşı bir nömrəli mübarizə aparan dövlət elan edən bu nüvə dövlətinin nasizmi milli ideologiya elan edən, nasist cəlladına paytaxtında heykəl ucaldan Ermənistan kimi faşist rejimini təmənnasız silahlandıran və eyni zamanda özünü Azərbaycan Respublikasının “strateji partnyoru” bəyan edən bu dövlətə etibar etmək, inanmaq olarmı? Güman edirəm cavab məlumdur və şərhə ehtiyac yoxdur. Lakin bu da bir həqiqətdir ki, artıq bütün dünyaya məlum bu təcavüzkar dairələrin göstərdikləri bütün cəhdlər boşa çıxmışdır, ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və Prezident İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilən Azərbaycan Milli Neft Strategiyası bu gün Azərbaycan xalqının mili mənafelərinin qorunub saxlanılması və onun mili dövlətçiliyinin əbədi olmasına xidmət edir.
Cəbi BƏHRAMOV,
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun elmi işlər üzrə
direktor müavini, t.ü.f.d., dosent.
Respublika.- 2020.- 5 sentyabr.- S.6.