Yurda dönüş
özünə qayıdışdır
Min
illərdir xalqımızın düşüncəsində
belə bir fikir formalaşıb: Dünya bir pəncərədir,
hər gələn baxar, gedər...
Hara gedər, atam
balası, hara gedər? İnsan bu dünyanın
əzəlliyini özündən,
gözəlliyini gözündən
keçirməmiş hara
gedər?! İnsanın
bu torpağın üstündə iməkləməyi,
bu torpağa dirsəklənib ayağa qalxmağı, addımlamağı,
zümrüd meşələri
seyr etməyi, uca dağlara söykənib çölün-düzün
təmiz havasını
ciyərdolusu içərisinə
çəkməyi var. İnsan
oğlu bu dünyanı dərk etməmiş, bu dünyanın iç üzünə bələd
olmamış, bu dünyanın astarını
üzünə çevirməmiş
hara gedər? Dünyanın vərdişi də,
gərdişi də insanın içindən keçir - dünya elə insanın özüdür.
...İnsan öz
ömrünü mənalı
yaşayanda gözəl
olur. 65 yaşını bu
günlərdə qeyd
etdiyimiz Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar
birliklərinin üzvü,
Prezident təqaüdçüsü
Salman Alıoğlunun
ömrünün görünən
və yaşanan anlarının qısa xronikasına diqqət yetirəndə bir daha əmin oldum ki, əsl
insan dünəni ilə fəxr etməli, bu gününü şərəflə
yaşamalı, sabahını
düşünməlidir...
...Salman müəllimin baxdığı bu pəncərənin şüşələri
adi şüşə
deyil və adi olmadığı üçün adi zərbələrdən də
dağılan deyil. Ona görə ki, o, vicdanının gözü
ilə bu pəncərədən baxır.
O pəncərənin şüşəsi
haqdan, ədalətdən,
insanlıqdan yapılmışdır.
Adını unutduğum yaradıcı
şəxslərdən birinin
dediyi kimi haqqın, ədalətin, vicdanın yaşa dəxli yoxdur. Vicdan ölmür ki, haqq-ədalət korşalmır ki, insanlıq dəbdən düşmür ki...
Adətən bir şəxs haqqında yazı hazırlanarkən onun tərcümeyi-halı barədə
məlumat verilir. Mən də
bu “klassik” ənənədən istifadə
edərək qəhrəmanımı
oxuculara təqdim edirəm.
Babayev Salman Alı oğlu (Salman Alıoğlu) 1 sentyabr 1955-ci ildə Ağdam rayonunun Əliağalı kəndində
anadan olub. Əliağalı kənd orta məktəbini bitirdikdən
sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində
təhsil alıb.
Ağdam
rayonunda çıxan
“Lenin yolu” qəzetində
ədəbi işçi
vəzifəsində işləyib.
1990-cı ildə “Qarabağ”
qəzetində publisistika
şöbəsinin müdiri
vəzifəsinə təyin
olunub. 1993-cü ildən “Respublika” qəzetində jurnalist fəaliyyətini davam etdirib. 1996-cı ildə “Respublika” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri təyin olunub və hazırda da həmin vəzifədə
çalışır.
Salman Alıoğlu
1971-ci ildən dövri
mətbuatda çıxış
edir. Onun indiyə kimi
üç mindən artıq məqaləsi 25 adda qəzet və jurnallarda dərc edilib. O, jurnalist fəaliyyətilə
yanaşı, bədii
yaradıcılıqla da
məşğul olur.
İndiyədək Qarabağ
mövzusunda və müharibə faciələrinə
həsr olunmuş “Müharibə”, “Ayrılıq
olmayaydı”, “Bura Vətəndir”, “Göz yaşı qurumur”, “Yeri görünən insan”, “Gözü yolda qalan var”
adlı kitabları nəşr edilib. “Müharibə” kitabı
1995-ci ildə bu mövzuda yazılmış
əsərlərin müsabiqəsində
ikinci yerə layiq görülüb.
Bədii-publisistik yaradıcılıqla məşğul
olan Salman Alıoğlunun qəhrəmanları
yaxşılığından qalmayan, ürəklərində
gələcəyə inam
toxumunu cücərdən,
haqq-say itirməyən,
həyatını vətəninin
inkişafına həsr
edən insanlardır.
Onun əsərlərində Qarabağın
işğalı, qədim
yurd yerlərindən didərgin düşən
insanların taleyi, erməni faşizminin qəddarlığı, qarabağlıların
üzləşdiyi haqsızlıq
və 30 ilə yaxın Ermənistanın
işğalı altında
inildəyən torpaqların
harayı geniş təsvir olunub. Bunu müəllifin axarıncı
kitabı olan “Gözü yolda qalan var”da (Bakı,
“Maarif” - 2019) çap
olunmuş publisistik məqalələrin sərlövhəsindən
də duymaq mümkündür. “Qarabağın
göz yaşları”,
“Xocalı strateji hədəf kimi”, “Xocalı faciəsinə gedən yol”, “Qaradağlı faciəsi:
unudulmayan kədər”,
“Mənəvi və maddi dəyərlərin nisgilli ünvanı - Ağdam”, “Deportasiya, qaçqınlıq, məcburi
köçkünlük”, “Füzuli - qələbəyə
aparan yol”, “Laçın - qeyrət qalamız” və s.
Sözünün, kəlməsinin əvvəli
də, axırı da Azərbaycanın ərazi bütövlüyünün
bərpası, Qarabağın
işğaldan azad edilməsi olan Salman Alıoğlu 30 ildir haray çəkir,
dünya ictimaiyyətinə
çatdırır ki,
Ermənistan ordusu Azərbaycanda soyqırımı
törədib. Torpaqlarımızın 20 faizini işğal edib. Bir milyon soydaşımız
qaçqın və məcburi köçkün
vəziyyətinə düşüb.
Soyqırımı Azərbaycan xalqına
ölçüyəgəlməz dərəcədə siyasi,
maddi və mənəvi zərbələr
vurmuşdur. XX əsrdə azərbaycanlılara
qarşı terror aktları,
deportasiya, soyqırımı,
qətllər, qarətlər
dünya ictimaiyyətinin
gözləri qarşısında
baş versə də dünya hələ də susur.
Bu gün dünyanın
digər ölkələrində
insan hüquqlarının
qorunmasında ciddi məsələlər həll
edilir. Lakin doğma yurd-yuvalarından
zorla qovulmuş, erməni qəsbkarları
tərəfindən hərbi
və mənəvi təcavüzə məruz
qalmış bir milyon Azərbaycan vətəndaşının hüquqları
tapdalanmış taleyinə
səlahiyyətli beynəlxalq
təşkilatlar dünyada
demokratiya, sülh və insan hüquqlarının
təminatçısı kimi
çıxış edən
qüdrətli dövlətlər
biganədirlər. Bütün bunlar
yazıçı-publisistin əsərlərində açıq-aşkar
ifadə olunub.
Erməni özbaşınalığına kəskin etirazını bildirən müəllif qətiyyətlə yazır
ki, heç kəs insan ləyaqətini alçaldan
hərəkətlərə, qeyri-insani cəza və işgəncələrə
məruz qala bilməz. İşğalçı dövlətin törətdiyi
cinayətlər göstərir
ki, Ermənistan hökuməti “Müharibə
zamanı mülki şəxslərin müdafiəsinə
dair” IV Cenevrə Konvensiyasının maddələrini
kobudcasına pozur.
Mülki əhalinin həyatına və təhlükəsizliyinə
qəsd, o cümlədən
onların öldürülməsi,
şikəst edilməsi,
soydaşlarımızla qəddar
davranış, onlara əzab və işgəncə verilməsi,
insan ləyaqətinə
qəsd, təhqir və alçaldıcı
hərəkətlər erməni
əxlaqına xas olan xüsusiyyətlərdir.
Təbii ki, bu hadisələrin
ağır nəticələrini
unutmağa haqqımız
yoxdur. Salman müəllimin dedikləri
intiqam üçün
deyil, yaddaş üçündür. Korşalmış yaddaşların itilənməsi
üçündür.
Yazıçı-publisist S.Alıoğlu əsərlərində göstərir ki, vətən oğlunun müqəddəs vəzifəsi yurdunu, torpağını qorumaqdır. Çünki, insani keyfiyyətlərin içərisində ləyaqət, şərəf və namus, bir də Vətən sevgisi xüsusi önəm daşıyır. İnsan harada və nə işlə məşğul olmasından asılı olmayaraq, həm fiziki, həm də mənəvi cəhətdən vətənini qorumağa qadir olmalıdır. Vətənpərvərlik kimi ali keyfiyyəti qanında, canında daşımalıdır.
S.Alıoğlunun əsərlərini oxuyanda bir daha əmin olursan ki, hər bir kəs vətəninə yaxşı övlad olmalıdır. Yaxşı övladlar yalnız əslinə-nəcabətinə deyil, bütün xalqa məxsusdur. Bəşəriyyətə xidmət, cəmiyyətin inkişafına dəstək müəllifin həm şəxsi həyatını, həm də yaradıcılığını rövnəqləndirən ali prinsipdir.
Vətəninə, el-obasına qəlbən bağlı olan müəllifin qəhrəmanlarında vətəndaşlıq hissi daha güclüdür. Bu qəhrəmanlar ana yurdun daşını-kəsəyini, tozunu-torpağını, quruyub xəzana dönmüş yarpağını belə, hər şeydən üstün tuturlar. Onun mövzu, məzmun, mündəricə, hadisələrə yanaşma tərzi ilə seçilən əsərlərində Qarabağın ruhu, ab-havası odlu xətlə keçir.
Dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərə ehtiram S.Alıoğlunun oxuculara aşıladığı dəyərlərdir.
Bu gün Qarabağ dağlarına, işğal altında qalan yurd yerlərimizə sarı həsrətlə boylanan narahat qəlbli yazıçı-publisist Salman Alıoğlunun 65 yaşı tamam oldu. Onu səmimi-qəlbdən təbrik edir, həmkarımıza Qarabağda görüşmək arzusu ilə möhkəm cansağlığı, yaradıcılıq uğurları diləyirəm.
Faiq ŞÜKÜRBƏYLİ,
filologiya üzrə fəlsəfə doktoru.
Respublika.- 2020.- 6 sentyabr.- S.3.