GÜLDÜRMƏYİ BACARAN RƏSSAM

 

Hafiz Nəsiroğlu imzası ilə mətbuat səhifələrində görünən, yetmiş yaşına uyuşmayan çevikliklə yürüyən, həddindən artıq təvazökar, utancaq, qarayanız ağsaqqal kişi Bakının küçələrində adi adamlar kimi gəlib yanımızdan ötüb keçir. Tanımayan bilməz ki, bu kişi dünya miqyasında sayılıb-seçilən ən səviyyəli, nüfuzlu beş-on karikaturaçıdan biridir. O, ən sanballı beynəlxalq karikaturaçılar yarışmasında ölkəmizi yüksək səviyyədə təmsil edib, həmişə də alnıaçıq, üzüağ qalib kimi qayıdıb.

 

 

 

Jurnalist yoldaşları nə qədər üz vursalar da, mətbuatda özü haqqında yazıların getməsinə maraqlı olmayıb. “Mən fövqəladə nə etmişəm ki? Sadəcə öhdəmə düşən borcumu keyfiyyətlə yerinə yetirməyə çalışıram” - deyərək söhbəti dəyişib. Bu səbəbdən də, onun beynəlxalq sənət uğurları barədə informasiya xarakterli bir-iki xəbər istisna olunmaqla, mətbuatda geniş işıqlanma yoxdur.

 

Hafiz Nəsiroğlunun necə işlədiyinin dəfələrlə şahidi olmuşam. 3x3 metr darlığında olan redaksiya otağında onunla tez-tez görüşürdük. Maraqlı söhbətlərinə, işıqlı fikirlərinə görə, heç qəbul etmədiyim siqaret tüstüsünə dözüb oturmağa səbrim çatırdı. Qarşısına səliqə-sahmanla vərəqlər, müxtəlif ölçülü fırçalar, rənglər, içində bulanıq su və fırça olan şüşə bərni, fırçaları silmək üçün rəngi bilinməyən əski parçası, pozan,  yumşaq karandaş qoyduğu rəssam əgər çox ciddi fikirlidirsə, deməli hansı bir mövzusa onu möhkəm tutub. Söhbət eləyə-eləyə əlinə qələm götürüb onu  bir neçə saniyə ərzində kağız üzərində gəzişdirir, sonra başını bir az geri çəkib işinə “düşmən” gözü ilə baxır. Ya əzib yanındakı səbətə atır, ya da gülümsəyir. Bəyəndiyini göstərib xəbər alır “necədir?” Sözün düzü, bir qədər əvvəl tamam ayrı mətləblərdən danışmağımıza baxmayaraq, günümüzün aktual mövzusunun bir neçə ştrixlə dolğun təqdim olunduğu rəsmə baxanda adamı heyrət alır. Daha sənə sözüm yoxdur,  - deyirsən... O da bu sözdən ruhlanır, daha həvəslə işləyir. Gülümsəyir, sən də məmnunluğunu təbəssümünlə bildirirsən...

 

Gülüş” əslində çox poetik sözdür,  kökügül” feilindən yaranıb. Gülən  gözəllərin dodaqlarını babalarımız qızılgül ləçəyinə bənzədib. “Gülmək” sözü gül olmaq anlamına gəlir. Təbiblər deyir ki, gülmək orqanizmdə maddələr mübadiləsini asanlaşdırır, ömrü uzadır. Narazılığı qəzəbə çevirməmək üçün Avropa siyasətçiləri sosial idarəetmədə gülüşdən çox istifadə edirlər, belə deyirlər ki, romantiklər daha çox musiqiyə, qəzəbli adamlar isə gülməyə meyilli olurlar.

 

Dünyanın ən qəzəbli imperiyası olan  çar zamanında RusiyadaSatirikon” (Gülüş mələyi 1897-1918), “Budilnik” (Oyadan 1884), “Strekoza” (Cırcırama 1900) jurnalları ilə yanaşı Azərbaycanda da  Molla  Nəsrəddin” (1906-1931), “Bəhlul” (Təlxək 1907),  “Zənbur” (Eşşək arısı 1909-1910, 1919-1920), “Mirat” (Güzgü 1910), “Arı” (1910-1911), “Kəlniyyət” (Keçəl niyyətli 1912-1913), “Ləklək” (Leylək 1914), “Tuti” (Tutuquşu 1914-1917), “Məzəli” (1914-1915), “Babayi-Əmir” (1915-1916), “Şeypur” (1918-1919), “Tartan-partan” (1918), “Məşəl” (1919-1920) kimi mətbuat orqanları çıxırdı. Rus dilində isə “Djikit” (İgid 1907-1918), “Vay-vay” (1908), “Biç” (Qırmanç 1909-1916), “Adskaya poçta” (Cəhənnəm poçtu 1910), “Bakinskoe qore” (Bakının dərdi 1908-1909), “Baraban” (Təbil 1912-1913) jurnalları da işıq üzü gördü. Erməni və yəhudilərin rusca nəşr etdiyi bu jurnalların heç biri Azərbaycan məfkurəsinə uyğun deyildi.

 

Sovet dövründə “Krasnıy diyavol” (Qırmızı iblis 1917-1919),  Projektor”, “Zanoza” (Tikan), “Krokodil” (Timsah 1922), “Smexaç” (Güləyən 1922), “Krasnıy perets” (Qırmızı istiot 1924), “Begemot” (1923-1928), “Bezbojnik” (Allahsız 1927) satira jurnalları meydana gəldi. Fikir verilirsə, ilk sovet gülüş dərgisi “Qırmızı iblis”lə başladı. Sovetlər birliyində və xaricdəki sosialist dövlətlərində bir mənbədən idarə olunan gülüş orqanları yarandı.

 

Xarici sosialist ölkələrində: Çexoslavakiyada çexcə “Dikobraz” (Oxlu kirpi),  slovakcaRohac” (Buynuzlu), Yuqoslaviyada serbcə “Jej” (“Kirpi”), slovencə “Pavliha” (“Zarafatcıl”), makedoncaOsten” (“Kirpi”), Macarıstanda  Ludas Matyi” (“Qazotaran Matimacar nağıl qəhrəmanı, yeganə qazıyla ölkəni dolaşan dilənçi, ancaq azad uşaq Mati), “Pajtas” (“Həmdəm”), Almaniya Demokratik Respublikasında  Eulenspiegel” (“ulen” -yuyub təmizləmək, “spegel” - güzgü, alman ovçularının jarqonundadal”), KubadaPalante” (İrəli), Bolqarıstanda “Stırşel” (“Mozalan”), Monqolustanda  Tonşuul” (“Ağacdələn”), Rumıniyada  Urzica” (“Gicitkən”), Polşada  Szpilki” (“Sancaqlar”) iKaruzela” (“rusel”)  jurnalları nəşr olunub bütün sosialist respublikalarına, o cümlədən Bakıya da göndərilirdi. O vaxtlarKirpi” jurnalının baş redaktoru Seyfəddin Dağlının rəhbərliyilə redaksiyanın nəzdində “Gənc satiriklər” dərnəyi təşkil olunmuşdu. Biz gənc satiriklər hər gün köşklərdən bu gülgü dərgilərini soraqlayır, cibimizi çırpıb onları alırdıq. Lüğətlərin köməyilə əvvəlcə şəkilaltı yazıları, sonra qısa lətifələri oxuyub başa düşürdük. Biz lüğətlərlə məşğul olurkən karikaturaçılarımız şəkillərə baxıb hər şeyi anlayırdılar. Öz sənətlərini inkişaf etdirmək üçün çox şey öyrənirdilər.

 

Sovet İttifaqının bütün respublikalarında satira jurnalları nəşr olunurdu. MoldaviyadaKipgruş” (“Filfilə, istiot”), Özbəkistanda  Muştum” (“Yumruq”), Gürcüstünda  Nianqi” (“Timsah”), Qazaxıstanda “Ara” (“Eşşək arısı”), LitvadaSluota” (“Süpürgə”), LitvadaDadzis” (“Pazı”), EstoniyadaPikker” (“İldırımötürən”), UkraynadaPereüğ” (“İstiot”), Türkmənistanda “Tokmak” (“Toxmaq”), Qırğızıstanda  Çalkan” (“Gicitkən”), Rusiyanın muxtar vilayətlərində Komidə “Çuşkanzi” (“Arı”), Tatarıstanda “Çaən” (“Əqrəb”), ÇuvaşiyadaKapkan” (Tələ), Maridə “Paçemış” (“Arı”), Başqırdstanda “Xgngk” (“Yaba”), Udmurtiyada  “Şekıç” (“Mığmığa”) nəşr olunurdu. Bunlardan dördüKirpiidi. Kirpilərin ən qədimi Belorusiyada 1941-ci ildən çıxan “Vojık”, sonra 1952-ci ildən çıxan bizimKirpi”, 1953-cü ildən Tacikistanda nəşr olunanXorpuştak”, ən axırda 1956-cı ildə bədnam qonşumuzunVozni” adlı jurnalı idi. Serbcə “Jej”, makedoncaOsten” jurnallarını da bura əlavə etsək, “Kirpi” jurnallarının sayı 6 olur. Sovet İttifaqı çökəndən sonra, onun gülgü dərgiləri də gərəksizləşdi. Adı sadalanan jurnalların heç biri indi nəşr olunmur. Rəssam redaksiyada işlədiyi müddətdə, vaxtilə bu sadalanan gülgü jurnallarının hər birinin hər sayını müntəzəm surətdə izləyirdi.

 

Hafiz Nəsiroğlu vətənini, xalqını, dövlətini canından artıq sevən sənətkardır. Onun çəkdiyi karikatura, komiks, manqalar günümüzün reallıqlarını bu mövqedən gün işığına çıxarır. Sevib hörmət bəslədiyi ziyalılarımızın şarjlarını elə xarakterik, elə zərgər dəqiqliyilə işləyir ki, sanki bu rəssamın beyni ən müasirkamil proqramla yüklənmiş kompüterdir. Müxtəlif sosial statuslu bu adamlar Hafiz Nəsiroğlunun təqdimatında özlərinə fotoşəkillərindən daha çox oxşayır.

 

Keçmiş Sovet İttifaqının baş gülgü jurnalı olmuşKrokodilmaddi çatışmazlıq ucbatından 2008-ci ildən öz fəaliyyətini dayandırıb. Bu qəziyyəni sovet satira dərgilərinin hamısı yaşadı. Ən uzunömürlü jurnal isə baş rəssam Hafiz Nəsiroğlunun sayəsində bizimKirpioldu. Jurnalı əlinə alan oxucu ilk növbədə orda dərc olunmuş karikaturalara baxır, sonra yazıları oxuyur. Karikaturalar yenigülüş doğurandırsa,  jurnal uğurlu sayılır. Hafiz Nəsiroğlunun istedadı, qələminin itiliyi sayəsində maddi  çətinliklərə baxmayaraq, jurnal son illərədək yaşadı. Heç kəs də bilmirdi, bilsəydi də dərk eləməkdə çətinlik çəkərdi ki, Hafiz ailəsinin ən dözülməz  məişət problemlərilə kirayədə qaldığı dar otaqda bu qədər çoxçeşidli mövzuları necə düşünüb tapır  və nikbinliklə işıqlandıra bilir?

 

Hafiz Nəsiroğlunun karikaturalarını çəkildiyi zamana görə xronoloji ardıcıllıqla düzəndə çoxcildliklərə sığan keşməkeşli tariximizi ən səmimi şəkildə təbəssümlə öyrənə bilərik. Nə qədər kəskin, münaqişəli, təzadlı mövzular olsa da, dahi rəssam onlara öz istedadından elə bir ustalıqla təravət verir ki, hansı sosial mövqedə olmağından  asılı olmayaraq, hamı onu məmnuniyyətlə, təbəssümlə qəbul edir. Bu, Hafiz Nəsiroğlu istedadının möcüzəsidir! Başda Əzim Əzimzadə və Domye karikatura məktəbi olmaqla, günümüzədək gələn karikaturaçı korifeylərin əsərlərindən bəhrələnən Hafiz Nəsiroğlu sənəti həm jurnalistika, həm də incəsənət tariximizin inciləri sırasındadır.

 

İndi bütün dünya üçün aktual olan problemlər xalqımızı da məşğul edir, bu mövzuları satirayumor aspektindən işıqlandıracaq nəşrlərə böyük tələbat var.  Bu mənada istənilən tikanlı mövzunu gülə çevirməyi bacardığı üçün Hafiz Nəsiroğlu qələminə, fırçasına cəmiyyətdə böyük ehtiyac duyulur. İstərdim ki, şair ruhlu xalqımız uzun illər gülüş payını aldığı jurnal yenidən işıq üzü görsün.

 

Firudin QURBANSOY.

 

Respublika.- 2020.- 9 sentyabr.- S.6.