Mükəmməl təhsil, inkişaf etmiş mədəniyyət qüdrətli ölkənin təminatıdır

 

Bu günlərdə əməkdaşımız respublikamızda bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan, rəssamlıq üzrə ilk ali təhsil müəssisəsi olan Azərbaycan Rəssamlıq Akademiyasında olmuş, Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış, dərin məzmunlu monumental əsərləri ilə Azərbaycan heykəltəraşlıq məktəbini zənginləşdirmiş, heykəltəraşlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla gorüşüb söhbət etmişdir. Həmin söhbəti oxucularımıza təqdim edirik.

 

 

—Ömər müəllim, sizinlə yeni dərs ili ərəfəsində görüşürük. Bu münasibətlə sizibütün müəllim-tələbə kollektivinizi təbrik edirik. İstərdim, söhbətimizə bir neçə ay əvvəldən başlayaq. Ötən dərs ilinin ikinci yarısında dünyanı lərzəyə gətirən pandemiya səbəbindən bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən problemlər yarandı. Ortaali təhsil müəssisələrində onlayndistant dərs rejimi tətbiq edildi. İmtahan sessiyası onlayn aparıldı. Bu kimi problemlər Rəssamlıq Akademiyasında öz həllini necə tapdı?

 

—Əvvəla, onu qeyd edim ki, Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq bütün təhsil müəssisələrində olduğu kimi, Rəssamlıq Akademiyasında da dərslər onlayn rejimə keçirildi. Deyilən qaydalara tamamilə riayət edərək yay imtahan sessiyasını başa vurduq. Lakin açığını desəm, onlayn rejimdə tədrisin keyfiyyəti qənaətbəxş olmadı. Belə ki, tələbələrin bir qismi dərslərdən yayındı, bir qismi dərslərə həvəssiz yanaşdı, hətta akademik məzuniyyət götürmək istəyən tələbələr də oldu. İmtahan sessiyasında isə tələbə heç bir təqdim etmədən əvvəlki sessiyanın nəticələri ilə qiymətləndirildi. Bu da ümumilikdə tədrisin keyfiyyətinə öz mənfi təsirini göstərdi. Bizdə isə bu, özünü daha qabarıq göstərdi. Bilirsinizmi, Rəssamlıq Akademiyasında təhsil alan tələbə digər universitetlərdə təhsil alan tələbədən fərqli olaraq yaradıcı insandır. Axı, onlayn təhsili yaradıcılıq sahəsinə necə tətbiq etmək olar? Bununla bağlı mən Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə müraciət etdim. Bildirdim ki, bizdə ixtisas qruplarında çox az sayda tələbə təhsil alır. Məsələn, heykəltəraşlıq ixtisası üzrə qrupda tutaq ki, 5 tələbə təhsil alırsa Operativ Qərargahın qaydalarına tam riayət edərək distant təhsil tətbiq etməklə tədrisi davam etmək olar. Çox təəssüf ki, təklifimə müsbət cavab almadım. Buna baxmayaraq, bacardığımız qədər tələbələri onlayn dərslərə cəlb edərək ruhdan düşməməyə, imtahanları məsuliyyətlə verməyə, problemləri birlikdə həll etməyə nail olmağa çalışdıq.

 

—Artıq yeni dərs ili başlayır. İstərdim ki, qəbulun nəticələri və eyni zamanda yeni tədris ilinə hazırlıqla bağlı məlumat verəsiniz. Bu tədris ilində Akademiyada yeni ixtisaslar açılıbmı, ümumiyyətlə, tələbələri hansı yeniliklər gözləyir?

 

Xeyr, yeni ixtisaslar açılmayıb, elə bir yenilik də gözlənilmir. Mövcud şəraitə uyğun olaraq tədris ilinə başlayacağıq. Qəbulun nəticələrinə gəlincə isə həmişə olduğu kimi təkcə rektor kimi deyil, eyni zamanda bir incəsənət adamı olaraq məni narahat edən məsələ bu ilöz həllini tapmadı. Dəfələrlə bildirmişəm ki, rəssam, heykəltəraş, musiqiçis. olmaq istəyən tələbənin DİM imtahanından yüksək bal toplaması o qədər də vacib deyil. İlk olaraq tələbənin qabiliyyəti yoxlanmalıdır və qabiliyyət imtahanlarından əvvəl mütləq seçim turu keçirilməlidir. Əvvəllər bu prosedur var idi. Lakin 2016-cı ildən nədənsə ləğv olundu. Qabiliyyət imtahanında əl qabiliyyəti çox zəif və ya heç olmayan abituriyentlər iştirak etməyə başladı.

 

Bir fikrimi də bildirmək istəyirəm ki, bizim Akademiyanın nəzdində İncəsənət Kolleci fəaliyyət göstərir. Dövlət İmtahan Mərkəzinin keçən il olduğu kimi, bu il də keçirilən qabiliyyət imtahanları zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarının 3.5 bəndinə əsasən kolleci bitirən subbakalavrlar müsabiqəyə 60 balla və qabiliyyət imtahanlarının nəticələrinə əsasən yalnız ümumi abituriyentlər yerləşdirildikdən sonra ali məktəblərə boş qalan yerlərə müsabiqəyə buraxılacaqlar. Bu zaman Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində olan, dövlət büdcəsi tərəfindən maliyyəşdirilən İncəsənət Kollecinin fəaliyyəti sual altında qalır. Axı, İncəsənət Kolleci bizim baza müəssisəmizdir və kolleci bitirən subbakalavrlar növbəti mərhələdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olacaqlar. Buna görə də, məncə, tam əksinə olaraq, subbakalavrlar müsabiqəyə ilk növbədə buraxılmalıdırlar. Hətta mən belə bir təkliflə də Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinə müraciət etmişdim ki, İncəsənət Kollecini bitirən subbakalavrlar eyni ixtisas üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunarkən, ümumiyyətlə qabiliyyət imtahanı verməsinlər. Lakin bu təklifim mənə məlum olmayan səbəbdən qəbul edilmədi. Onu da bildirirəm ki, dünyanın heç bir ölkəsində yaradıcı ixtisaslar üzrə kolleci bitirən subbakalavrlar eyni ixtisas üzrə ali məktəbə daxil olarkən qabiliyyət imtahanı vermirlər.

 

Dünya universitetləri demişkən, Rəssamlıq Akademiyasında beynəlxalq əlaqələr necə qurulur? Xarici ölkələrin universitetləri ilə tələbə mübadiləsi aparılırmı?

 

—Akademiyanın dünyanın bir çox tanımış universitetləri ilə geniş əlaqələri var. Bəli, tələbə mübadiləmiz də olur. Başqa ölkələrdən müəllimlər də dəvət edirik. 2019-2020-ci tədris ilində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına müxtəlif ixtisas və pillələr üzrə 122 nəfər əcnəbi tələbə qəbul olub. Hazırda Akademiyada 206 nəfər əcnəbi tələbə təhsil alır. Tələbələrin təhsili, davamiyyəti, ölkədə yaşama icazəsi və şəraiti daimi olaraq Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları tərəfindən yoxlanılır və nəzarətdə saxlanılır. Keçən dərs ili ərzində Akademiya Rusiya Federativ Respublikası, Çin Xalq Respublikası, Almaniya Federativ Respublikası, Türkiyə Cümhuriyyəti, Misir Ərəb Respublikası, Latviya Respublikası, İtaliya, Hindistan, Qırğızıstan, Şimali KiprSerbiya ilə əməkdaşlığın nəticəsi olaraq bir çox sərgi və layihələri həyata keçirib. Demək olar ki, hər tədris ilində bir neçə xarici ali təhsil müəssisələri və mədəniyyət mərkəzləri ilə yeni əməkdaşlıq müqavilələri bağlanılır. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə mütəmadi olaraq görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq mövzusunda müzakirələr aparılır.

 

Ötən dərs ilində “Almaniya - bir rəssamın gözü ilə” sərgisinin qalibləri və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Berlinə səfər etdilər. Səfər çərçivəsində Akademiyanın nümayəndələri Berlin Vaysense Akademiyası ilə gələcək əməkdaşlıq barədə müzakirələr aparmış, Akademiyanın tədris prosesi ilə tanış olmuşdular. Görüşün nəticəsi olaraq ADRA və Berlin Vaysens Akademiyası arasında əməkdaşlıq müqaviləsi bağlanıldı.

 

2019-cu tədris ilində Beynəlxalq Əlaqələr Şöbəsinin təşəbbüsü ilə Almaniyanın Berlin şəhərində “Qgallery - Berlin” qalereyasında Xocalı soyqırımına həsr olunmuş sərgi keçirildi. 9 nəfər tələbə və 6 nəfər işçi heyətinin iştirak etdiyi sərgidə Akademiyanın 40-a yaxın tələbəsinin əl işi sərgiləndi. Elə həmin il Serbiyanın paytaxtı Belqradda Dünya İncəsənət Oyunları (DİO) Beynəlxalq Rəssamlıq Təşkilatının təşkilatçılığı ilə V Beynəlxalq festival keçirildi. Festival çərçivəsində mühazirələr, dəyirmi masalar, ekskursiyalar təşkil olunmuş, təcrübə mübadiləsi aparılmışdı. Festivalda iştirak etmək üçün təşkilat tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına dəvət məktubu göndərilmişdi. Tələbələrdən ibarət nümayəndə heyətimiz festivalda Akademiyanı təmsil edərək əl işlərindən ibarət rəsmləri sərgiləmişdilər. Tədbirdən sonra isə Dünya Oyunları Təşkilatının rəhbərliyi tərəfindən Akademiyaya festivalda fəal iştirakı üçün  təşəkkür məktubu ünvanlamış və alman rəssamı İnga Shmit “Rəngkarlıq” ixtisasının tələbələrinə master-klas keçmişdi. Bir həftə ərzində master-klasda iştirak edən fəal tələbələrə sertifikatlar verilmişdi.

 

Mevlana Değişim” proqramı çərçivəsində əməkdaşlıq etdiyimiz Qazi Universiteti ilə müqavilənin müddəti daha beş il müddətinə uzadılıb. Akademiyanın bir neçə tələbəsi mübadilə proqramı çərçivəsində xarici ölkə universitelərində birillik təhsil alma haqqı qazanıblar.

 

Onu da qeyd edim ki, “British Council”ın nümayəndəsi ilə görüşərək təşkilat tərəfindən həyata keçirilən layihələrdə iştirakımız barədə müzakirələr aparmışıq. Artıq British Councilin təşəbbüsü ilə həyata keçirilən “Creativ Spark” - yəni “Yaradıcılıq sıçrayışı” layihəsinə qoşulacağıq. Layihənin məqsədi gənclərin kölgədə qalan bacarıqlarını üzə çıxartmaq və inkişaf etdirməkdir. Layihə çərçivəsində Böyük Britaniyanın Malbro Kolleci ilə əməkdaşlığa da start verilib.

 

Bu istiqamətdə görülən işlərimiz çoxdur. Bir sözlə, qeyd etmək istəyirəm ki, Azərbaycan Rəssamlıq Akademiyası milli təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində uğurlu layihələr həyata keçirir. Əminəm ki, görülən işlər yaxın gələcəkdə Azərbaycan mədəniyyətinə, incəsənətinə öz töhfəsini verəcək.

 

Bildiyimiz kimi, 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası ulu öndər Heydər Əliyevin Sərəncamı ilə yaradılıb. Bu il Akademiyanın 20 yaşı tamam oldu. Bu illər ərzində təsviri sənətimizdə milli kadrların yetişməsində, mədəniyyət və incəsənətimizin inkişafında əvəzsiz rol oynayan Rəssamlq Akademiyasinda yaxın gələcəkdə görüləcək işlər barədə fikirlərinizi eşitmək maraqlıdır.

 

—Azərbaycan Dövlət Rəssamlıq Akademiyası dizayn, rəsm, teatr dekorasiyası sənəti, qrafika kimi ixtisaslar üzrə mütəxəssislər yetişdirən aparıcı ali məktəbdir. Müasir rəssamlıq sənətinin elə bir sahəsi yoxdur ki, bu sahədə mütəxəssis hazırlanmasın. Ölkə başçısı cənab İlham Əliyevin incəsənətimizə, mədəniyyətimizə göstərdiyi diqqət və qayğının nəticəsində Akademiyamız ildən-ilə genişlənir. Zamanın tələbinə uyğun yeni ixtisaslar açılır, inkişaf etmiş ölkələrin təcrübələri tədris sistemimizə tətbiq edirik. Bu gün ölkəmizdə gedən böyük quruculuq işləri bizim kadrlara ehtiyacın artdığını bir daha təsdiq edir. Odur ki, pedaqoji kollektivimiz gənc rəssamların yetişməsi, onların ixtisas fənlərini daha yaxşı mənimsəmələri üçün əllərindən gələni əsirgəmirlər. Çünki mükəmməl təhsil, inkişaf etmiş mədəniyyət qüdrətli ölkənin təminatıdır. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq və Azərbaycan Rəssamlıq Akademiyasının adını nəinki ölkəmizdə, bütün dünyada tanınmış təhsil ocaqları siyahısına salaq.

 

—Ömər müəllim, səmimi söhbətə görə Sizə təşəkkür edir, yeni tədris ilində nailiyyətlər arzulayırıq.

 

Söhbəti yazdı:

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2020.- 11 sentyabr.- S.4.