Nuru Paşanın Bakı zəfəri

 

1918 -ci il sentyabr ayının 15-də Bakı şəhərinin yabançı qüvvələrin işğalından azad edilməsi Cümhuriyyət tarixinin, bütünlükdə Azərbaycan tarixinin çox şərəfli səhifələrindən birini təşkil edir. Həmin gündən etibarən Bakı şəhəri tarixdə ilk dəfə mərkəzləşdirilmiş Azərbaycan dövlətçiliyinin paytaxtına çevrilməklə inkişafının tamamilə yeni bir mərhələsinə qədəm qoydu. Azərbaycanın milli hərbi qüvvələrinin və eləcə də Azərbaycan xalqının köməyinə gəlmiş Osmanlı Türkiyəsinin hərbi qüvvələrinin böyük fədakarlıqları, qəhrəmanlıqları və xatirələrin heç zaman unudulmayacaq qurbanları hesabına qazanılmış bu tarixi hadisədən söz açarkən minnətdarlıqla anılan şəxsiyyətlərdən biri heç şübhəsiz ki, Nuru Paşadır.

 

 

 

Bu da təsadüfi deyil, çünki Nuru Paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusunun Azərbaycandakı bir neçə aylıq fəaliyyəti minlərlə insanı genişlənməkdə olan bolşevik-daşnak qırğınlarından qurtarmaqla bərabər, Azərbaycanın müstəqil dövlətçiliyi üzərində mövcud olan real təhlükəni də aradan qaldırdı. İndi yaxşı məlumdur ki, Azərbaycan tarixinin ən dəyərli səhifələrindən biri olan və bütünlükdə Şərqdə demokratik dövlət quruculuğunun əsasını qoyan Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunda Azərbaycan və Türkiyə hərbi əməkdaşlığının da mühüm rolu vardır. Həmin əməkdaşlığın həyata keçirilməsində isə Nuru Paşanın xidmətləri danılmazdır.

 

Azərbaycan milli azadlıq hərəkatının fəalları və liderləri Nuru Paşanın şəxsiyyətini və onun rəhbərliyi altında Qafqaz İslam Ordusunun Azərbaycanın müstəqilliyinin qorunması istiqamətindəki tarixi fəaliyyətini yüksək qiymətləndirirdilər. Bunu onların əsərlərində və dövrün mətbuat səhifələrində də görmək mümkündür. Nuru Paşa əslində, elə Azərbaycanın milli azadlıq hərəkatının rəhbərləri tərəfindən Qafqaz İslam Ordusunun komandanı vəzifəsinə təklif olunmuşdu. Türkiyədən hərbi kömək almaq məqsədilə 1918-ci ilin yanvar ayında İstanbulda olan Azərbaycan nümayəndə heyətinin rəhbəri olan Nağı bəy Şeyxzamanlı belə bir təklifi Osmanlı Türkiyəsinin o zamankı hərbi naziri Ənvər Paşa qarşısında qaldırmışdı. Ənvər Paşa da əvvəlcə kiçik qardaşı Nuru bəyin cavanlığına görə tərəddüd etsə də, sonradan onun bu vəzifəyə təyin olunmasına mənfi yanaşmamışdı.

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də Nuru Paşanın və onun silahdaşlarının Azərbaycandakı fəaliyyətinə böyük dəyər verirdi. Bakıda Türk şəhidliyinin açılış mərasimindəki çıxışında o deyirdi: “Bəli, o zaman Azərbaycan, Bakı bir çox ölkələrin maraq dairəsinə çevrilmişdi. Burada, azərbaycanlıların qədim torpağında yadellilər hökm sürmək istəyirdilər. O vaxt döyüşlərdə bizə yardım etməyə gələn türk ordusunun cəngavər, qəhrəman oğulları olmuşdur. ...Nuru Paşanı, Xəlil Paşanı Bakıda indiyə qədər hamı xatırlayır. Vaxt keçib, zaman keçib, sovet hakimiyyəti illərində bu tarix tamamilə pozulub, qaralanıb, bu tarixi öyrənməyə insanların imkanları olmayıb. Ancaq o adlar, həmin adların arxasında olan qəhrəman türk əsgərləri xalqımızın qəlbində yaşayacaqdır”.

 

Əslində, Azərbaycanın ictimai-siyasi xadimlərinin və adi adamlarının Nuru Paşa haqqında söylədikləri və yazdıqları bu insana olan ümumxalq ehtiramının bir təcəssümüdür. Çox mürəkkəb tarixi şəraitdə Türkiyənin Azərbaycana hərbi yardımı Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun timsalında həyata keçirilirdi. Buna görə də Nuru Paşanın şəxsində bir tərəfdən göstərilən qardaş köməyinə görə Azərbaycan xalqının bütün Türkiyəyə olan minnətdarlıq duyğuları öz əksini tapmışdısa, digər tərəfdən bu insanın özünə qarşı olan şəxsi hörmət və ehtiram duyğuları cəmləşmişdi. Nuru Paşa Azərbaycanın ağır günlərində türk xalqının  göstərdiyi qardaşlıq yardımının timsalıdır. Yəni Türkiyənin yardımı deyiləndə sadə xalq kütlələri tərəfindən ilk növbədə Nuru Paşanın obrazı, onun komandanlığı, şəxsi keyfiyyətləri və bu keyfiyyətlərlə möhkəm çulğaşan türklüyü göz önünə gəlir.  Nuru Paşaya bəslədiyi hörmət və ehtiramı ilə xalq eyni zamanda onun dərdini öz dərdi bilən bütün türk xalqına öz minnətdarlığını və hüsn rəğbətini ifadə edirdi. Ona görə də Nuru Paşa indi xalq arasında  böyük hörmət və minnətdarlıqla xatırlanmaqdadır.

 

Nuru Paşanın zabitlik həyatı demək olar ki, elə Azərbaycanda da başa çatdı. Doğrudur, Qarabağda iştirak etdiyi antisovet üsyanları yatırıldıqdan sonra Nuru Paşa onunla Türkiyə ərazisinə keçmiş Azərbaycan milli süvari alayı ilə İstiqlal mübarizəsində iştirak etdi. Amma onun bu mübarizədəki iştirakı mövcud tarixi şəraitə görə elə də uzun çəkmədi.  Azərbaycandakı fəaliyyəti Nuru Paşanın bir türk zabiti kimi xidməti həyatının heç şübhəsiz ki, ən yaddaqalan səhifəsi idi. Nuru Paşa sonrakı həyatı boyu həmişə Azərbaycanda keçirdiyi həyatını xoş duyğularla xatırlayırdı və bu xatirələrini öz dostları ilə də bölüşürdü.

 

Nuru Paşa Azərbaycana yollanmamışdan əvvəl yarbay rütbəsində idi. Amma Osmanlı sultanının fərmanı ilə ona Azərbaycanda Qafqaz İslam Ordusuna komandanlıq etdiyi vaxt ərzində müvəqqəti olaraq general rütbəsi daşımağa icazə verildi. Türkiyəyə geri qayıtdıqdan sonra o, rəsmi olaraq bu rütbəni təhvil verdi və 1929-cu ildə ona hərbi təqaüd yarbay rütbəsi ilə təyin edildi. Yəni Nuru Paşanın “Paşalığı” yalnız Azərbaycanla bağlı idi və Türkiyə ərazisində o, rəsmi Paşa deyildi. Buna baxmayaraq, Nuru Paşa Azərbaycanda göstərdiyi xidmətlərinə görə, Türkiyədə həmişə “Paşa” deyə çağırılmışdı. Bu məqam da onun Azərbaycanla olan bağlılığının başqa bir nümunəsidir.

 

Nuru Paşanın şəxsiyyətinə yüksək ehtiramın ifadəsi heçonun şəxsiyyətinin ideallaşdırılması demək deyildir. Cümhuriyyət dövrünün tarixindən məlumdur ki, Nuru Paşanın Azərbaycana gəlişinin ilkin dövründə onun verdiyi bəzi qərarların aydınlaşdırılmasına ehtiyacı olan məqamları, tarixi şəraitə heç də tamamilə uyğun atılmayan addımları olmuşdusa da, bunun müəyyən səbəbləri vardı. Nəzərə alınmalıdır ki, Qafqaz İslam Ordusunun komandanı kimi Azərbaycana gələndə Nuru Paşanın cəmi 29 yaşı var idio, Afrika cəbhəsindən çağırılaraq Azərbaycana göndərilmişdi. Nuru Paşa tamamilə fərqli olan, dolaşıq, ziddiyyətli siyasi hadisələrin cərəyan etdiyi bir şəraitə düşmüşdüburada gedən proseslərə bütünlüklə bələd olmaq üçün müəyyən vaxt lazım idi. Digər tərəfdən, Nuru Paşa Azərbaycana gələndə Azərbaycanın qurtuluşunu Türkiyəyə birləşməkdə görənlər də burada kifayət qədər ciddi bir siyasi qüvvəni təşkil edirdilər və onların da Nuru Paşaya və ətrafındakılara müəyyən təsiri var idi. Ancaq heç şübhəsiz ki, Nuru Paşanın şəxsiyyətinə qiymət təkcə onun atdığı ilk addımlara görə deyil, bütünlükdə fəaliyyətindən miras qalan nəticələrə görə verilməlidir. Bu nəticələr isə Azərbaycan xalqının ümidində olduğu yardımların göstərilməsindən, bolşevik-daşnak zülmünə qarşı mübarizədən və s.-dən ibarət idi.

 

1918-ci il sentyabr ayının 15-də Bakı şəhərinin yad qüvvələrin işğalından azad edilməsi Nuru Paşanın Azərbaycandakı fəaliyyətinin zirvəsini təşkil edir. Türkiyədən hərbi köməyə gəlmiş Osmanlı hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin və könüllü dəstələrinin fədakarlığı nəticəsində iki gün ərzində davam edən ağır döyüşlər məntiqi sonluğa çatdı.  Bütün cəbhədə olduğu kimi, bu tarixi döyüşdə də Nuru Paşa görkəmli hərbçi Əliağa Şıxlinski və digər Azərbaycan zabitləri ilə birlikdə idi. Onların, bütünlükdə isə Azərbaycanın qardaş Türkiyənin Azərbaycan üçün canından keçməyə hazır olan hərbi qüvvələri ilə əldə etdikləri o böyük zəfər tarix boyu minnətdarlıqla xatırlanacaq bir zəfərdir.

 

Sentyabrın 16-da səhər Qafqaz İslam Ordusunun Bakının asayişində dayanan hissələrindən başqa qalan qüvvələrin rəsmi keçidi oldu. Bu rəsmi keçid Qırmızı Qışla adlanan məntəqədə təşkil olundu (həmin dövrdən qalma sxemlərə görə təxmin etmək olar ki, Qırmızı Qışla indi Bakı Dövlət Universiteti yerləşən yerdən Biləcəri yolunadək olan sahədə idi). Rəsmi keçiddə Nuru Paşa, Xəlil Paşa, Əliağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan parlamentinin və hökumətinin bir sıra üzvləri iştirak edirdilər.

 

Rəsmi keçid bitəndən sonra adları çəkilən şəxslər, qonaqlarqoşun hissələri şəhərə daxil oldular. Generallar və bəzi şəxslər at belində idilər. Onların ardınca isə nizami şəkildə piyada, topçu, süvari və köməkçi hissələr hərəkət edirdi. Bütün xalq küçələrə çıxaraq Qafqaz İslam Ordusunun qalib qoşunlarını salamlayırdı. Mövcud olan bəzi məlumatlara görə, qoşunlar və onların pişvazına çıxan xalq Azadlıq meydanına (indiki Sahil bağı) toplaşdılar, Nuru Paşa onların qarşısında çıxış etdi. Qeyd etdi ki, bundan sonra din, dilirq ayrılığına yol vermədən hər bir insan bərabər olacaq, onların canlarını və mallarını təminat altına alacaq, bütün insanlara qarşı  eyni  qanunlar tətbiq  ediləcək və  duruma nəzarəti Azərbaycan hökuməti öz üzərinə götürəcəkdir.

 

Bakı şəhərinin azad edilməsi Nuru Paşanın həyatının ən yaddaqalan səhifəsi idi. O burada zabit kimi ən böyük qələbəsini əldə etmişdi. Bu elə bir qələbə idi ki, onun sevincindən bütün Azərbaycan xalqına pay düşmüşbu zəfər iki qardaş ölkənin qəhrəmanlıq tarixinə həkk olunmuşdu. Nuru Paşa Bakının azad edilməsi ilə bir sərkərdə kimi nəyə qadir olduğunu nümayiş etdirmişonun şəxsiyyətinə, eləcə də hünər və qabiliyyətinə bağlanan ümidləri, etimadı doğrultmuşdu. Yorulmaz, coşqun fəaliyyəti, sönməz enerjisi ilə bu insan bütünlükdə türk xalqının müstəqil Azərbaycana olan bağlılığını əməli şəkildə nümayiş etdirmişdi. Şərq Ordular Qrupunun komandanı Xəlil Paşa Nuru Paşanın bu məqamda yaşadığı hissləri çox incəliklə duymuşonu cəmi bir cümlə ilə çox dəqiqliklə ifadə etmişdi:

 

Nuru Paşa məndən daha öncə şəhərə girərək böyük bir oteli özünə qərargah olaraq seçdi. Mən daha sonra şəhərə girdim. Cəngavər ruhluböyük vətənpərvər Nuru Paşanın bu, bəlkə də həyatının ən gözəl günüydü”.

 

Osmanlı Türkiyəsi Birinci Dünya müharibəsində məğlub duruma düşəndə Qafqaz İslam Ordusu ləğv edildibunun nəticəsi kimi Nuru Paşa da Azərbaycanı tərk etməli oldu. Əslində Nuru Paşaonun çoxlu sayda silahdaşı Qafqaz İslam Orudusu ləğv ediləndən sonra da Azərbaycanda qalmaq, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi  işinə  qatılmaq istəyirdi. Lakin Birinci Dünya müharibəsinin qalibi olan İngiltərə və onun müttəfiqləri türk hərbçilərinin Azərbaycanda qalmasına icazə vermədilər. Buna baxmayaraq, 1919-cu ilin sonlarında Nuru Paşa yenidən Azərbaycana döndü. Bu dəfəki dönüş Türkiyənin böyük dövlətlər tərəfindən parçalanmasının qarşısını almağa çalışan milli qüvvələr tərəfindən irəli sürülmüş ona belə bir tapşırıq verilmişdi ki, bölgədə fəaliyyət göstərən bolşevik qüvvələri ilə təmaslar qurmağabu qüvvələrin türk xalqının İstiqlal mübarizəsinə kömək göstərməsi imkanlarını aramağa çalışsın.

 

Bu tapşırığın icrasının mümkünlüyünü müəyyənləşdirmək üçün Nuru Paşa Bakıdan Dağıstan ərazisinə yollandı. Lakin bölgədə baş verən prosesləri müşahidə edəndən sonra Nuru Paşa birdəfəlik qərarlaşdırdı ki, Azərbaycanın istiqlalı üzərindən bolşevik qüvvələri ilə əməkdaşlığa gedə bilməz və bir çox yurddaşlarından fərqli olaraq o, Azərbaycanın istiqlaliyyətinə həyatı boyu sədaqətli qaldı. Azərbaycan bolşevik qüvvələri tərəfindən işğal ediləndən sonra Nuru Paşa Qarabağa çəkildi orada sovet işğalına qarşı baş qaldırmış xalq üsyanına rəhbərlik etdi. Çox böyük hərbi qüvvələr çəkib gətirməklə və xeyli sayda da erməni silahlı dəstələrini cəlb etməklə sovet hökuməti bu üsyanı yatırmağa müvəffəq oldu.

 

Nuru Paşa Azərbaycanın istiqlaliyyətinin bərpası naminə hətta İkinci Dünya müharibəsi illərində Hitler Almaniyasının hökumət nümayəndələri ilə müzakirələr aparmağa da cəhd göstərdi. Lakin sonradan alman faşizminin mahiyyəti aydınlaşanda Nuru Paşa bu niyyətindən əl çəkməli oldu.

 

Mehman SÜLEYMANOV,

 

Silahlı Qüvvələrin Hərbi

 

Akademiyasının professoru,

 

tarix elmləri doktoru.

 

Respublika.- 2020.- 15 sentyabr.- S.6.