Qarabağın xilas
edilməsi
1918
-ci ilin bahar aylarında Andranik Ozanyan Gorusda ikən Bakıdan
Azərbaycanın bir nömrəli cəlladı
Şaumyanın adından iki daşnak erməni bir məktub gətirmişdi.
Bolşevik libasına bürünən daşnak Şaumyanın məktubu: “dünyanın bir ucunda rus Romanovlar imperiyası dağılmış, hakimiyyət bolşeviklərin rəhbəri Leninin, yəni bizim əlimizdədir; digər tərəfdən Osmanlı səltənəti tar-mar olmaq üzrədir. Bir azdan sonra türklər bir dövlət kimi tarix səhnəsindən çəkilmək məcburiyyətində qalacaq.
Yəni Türkiyənin İngiltərə, Fransa, İtaliya, Yunanıstan bir sözlə Antantanın məngənəsindən çıxmaq ehtimalı yox. Amma biz hələ ki, Karsı, Əhdəhanı, Ərzurumu türklərdən qopara bilməyəcəyik. İlk növbədə Bakıda hakimiyyət əlimizdə ikən Gorus-Laçın yolu ilə Qarabağa, ordan da özünü Bakıya çatdırmalısan. Əhsən! Min əhsən sənə! Urmiya, Xoy, Səlmas şəhərlərini və kəndlərini darmadağın edib 10 minlərcə türkü məhv etdin. Ermənilərin say çoxluğunu bərqərar etdin. Amma Bakıya gəlməyin vacibdir. Belə tarixi fürsət yüz ildə bir ələ düşər. Dünya çox qarmaqarışıqdır. Türklərin də Azərbaycana yardım etmələri məchul görünür. Biz 30-31 mart və 1 aprel ayında Bakıda Azərbaycan türklərinə yaxşıca qanlı bir ziyafət çəkdik. Sağ olsun gürcü pinəçi Caparidze. Adam qırmaqda usta bir təşkilatçı olduğunu nümayiş etdirdi. Sən də 4-5 min ordu ilə Bakıya tələs. Bakını tamam erməniləşdirmək borcumuzdur. Qəhrəman ermənilərin Gorusdan, Qarabağdan Bakıya qədər zəfər yürüşləri Azərbaycan türklərinin cəsədləri və yanan xərabələr üzərindən keçməlidir ki, Azərbaycanın biləyi, yəni gücü deyil, ruhu da bu xərabələr altında gömülmüş olsun. Azərbaycanın ruhu isə Türkiyədir. Ruh isə gücdür, qüdrətdir. Bir millətin ruhunu məhv etmək, onun mənəvi qüdrətini, cəsarətini öldürməkdir. Türkiyə var olduqca, biz Azərbaycana sahib ola bilməyəcəyik. Ona görə də nə qədər ki, Türkiyənin başı dərddədir, yəni başı qarışıqdır, Azərbaycanın ümidini öldürmək lazımdır. Bir sözlə: Tez özünü Bakıya çatdır...” Andranik Şaumyanın məktubunu alan kimi gecə-gündüz baş sındırırdı ki, Laçın, Şuşa, Qarabağ mahallarının bükülməz qolu, əyilməz dizi olan kürd Sultan bəyi necə tovlaşdırsın ki, Gorus ilə Laçın arasında uzanan Zabux dərəsindən Qarabağa, Qarabağdan da Bakıya keçib getmək üçün ermənilərə yol versin. Andranik hiylə ilə kürdləri, yəni Sultan bəyi yoldan çıxarmağa çalışırdı: o, Sultan bəyə Azərbaycan türklərinin kürdlərə düşmən olduqlarını, ermənilərlə kürdlərin əzəldən qardaş yarandıqlarını, bir kökdən, bir soydan gəldiklərini, güclü bir Ermənistan dövləti yaranarsa, ermənilər Kürdüstan dövləti qurmaq üçün kürdlərə əllərindən gələni əsirgəməyəcəklərini cidd-cəhdlə sübuta yetirməyə çalışırdı. Mərd və cəsarətli Sultan bəy ermənilərin hansı rəzalət mayasından yoğrulduğunu və Andranikin nə qədər qaniçən, namərd və alçaq olduğuna yaxşı bələd idi. Qanında zərrə qədər alicənablıq hissi olmayan, yalnız məkr və xəyanət mayasından yoğrulan erməni generalları və Şaumyan kimi rəhbərləri düşünürdülər ki, Bakının işini bitirdikdən sonra, yox etmək üçün sıra Sultan bəyə də gələcəkdi.
Qırx il Qarabağ mahallarında at oynadan Sultan bəyə gözünün üstündə qaşın var deyən bir igid var olmamışdı.
Andranikin Sultan bəyi öz alçaq qanlı cinayətlərinə ortaq etmək xəyalları saf, mərd və məğrur kürdü çilədən çıxarmışdı. O, bütün yaylaqlara yayılan Qarabağ tərəkəmələrinin başçılarını başına topladı və ermənilərin xəyanətlərindən onları agah etdi. Bir neçə gün ərzində altı min səkkiz yüz süvari qoşun hazır oldu.
Sultan bəy Qarabağ tərəkəmə tayfalarının böyükləri ilə məşvərətdən sonra ermənilərin Zabux dərəsindən keçmələri barədə razılığa gəldilər.
Ancaq Sultan bəy Andranikə xəbər göndərdi ki, azərbaycanlılar duyuq düşməsinlər deyə top-topxana, top mərmiləri, qumbara-patron, pulemyot və s. hərbi sursat sökülüb xurcunlarla atlara, ulaqlara, qatırlara yüklənib gecənin bir vədəsində bir iz buraxmadan Zabux dərəsindən keçib getsinlər.
Sultan bəyin tuzağına-hiyləsinə düşməmək üçün Andranikin casusları Laçını, Gorusu, Şuşanı ələk-vələk etdilər. Amma Sultan bəy erməniləri elə uyutmuşdu ki, ermənilər özləri özlərini fəlakətin girdabına atdılar. Bir də Bakını işğal etmək ehtirası Andranikin ağlını-huşunu başından elə almışdı ki, özünü Bakının Fatehi kimi görürdü... Və...
Erməni qoşununun son dəstəsi Zabux dərəsinə enəndə dörd minlik erməni ordusu ölüm atəşlərinə tutuldu...
...Qaş qaralanda, qıpqırmızı günəş dağların arxasına çəkiləndə Zabux dərəsi Azərbaycanın göz bəbəyi Bakını işğal etməyə can atan erməni işğalçılarının məzarı oldu...
***
Qafqaz İslam ordusu Nuru Paşanın komandanlığında Bakını erməni daşnak və rus bolşeviklərindən azad edərkən, Andranik quldurları Qarabağ və Zəngəzurda bir çox kəndləri atəşə vermiş, beş yüzdən də artıq Azərbaycan türklərini qətl etmişdilər. Bundan xəbər tutan Nuru Paşa və Kazım Qarabəkir Paşa Türk Şərq ordularının komandanlığına Qarabağı ermənilərdən xilas etmək barədə müraciət etdilər. Şərq Ordularının komandanlığından cavab: Bakını tamamən düşmənlərdən təmizləməyincə Bakıdan çıxmaq məqsədəuyğun deyil.
Nuru Paşa yalnız Bakını düşməndən azad etdikdən sonra Qarabağa hərəkət edə bildi. Nuru Paşa Qarabağ ermənilərinə silahlarını buraxmalarını, təslim olmalarını və Azərbaycan hökumətinə itaət etmələri barədə ultimatum göndərdi. Ermənilər ultimatumu rədd etdilər və Ağdam ilə Şuşa qalası arasındakı Əskəran boğazını ələ keçirərək, Şuşa qalasında yerləşən iyirmi min Azərbaycan türklərini mühasirəyə aldılar. Bu 20 min böyüklü-kiçikli qadınlı-kişili Şuşa sakinlərinin ölüm fərmanı idi.
Nuru Paşa vaxt itirmədən 1918-ci ilin 1 oktyabr ayında Ağdama qoşun yeritdi. İkinci dəfə ultimatum göndərdi.
Ermənilər Azərbaycan hökumətini tanıdıqlarını, ancaq tərk-silah olmayacaqları haqda bəyanat verdilər.
Nuru Paşa Şuşaya hücum əmrini verdi. Səkkiz oktyabr günü Türk birlikləri Şuşaya daxil oldu. Şuşa xalqı türk əsgərlərini böyük bir sevinclə əllərində türk bayraqlarıyla, duz-çörəklə, hədiyyələrlə qarşıladı.
Birinci Azərbaycan tümən komandanı albay Cəmil Cahid bəy xalqa müraciət edərək: bizim məqsədimiz - dedi - qan tökmək deyil, ermənilərlə azərbaycanlılar arasında huzur və barış yaratmaqdır. Azərbaycan və Qarabağda bütün xalqlar bərabər hüquqa sahib olacaqlar. Azərbaycan dövlətini tanıyanlar can-mal güvənliyi ilə təmin ediləcək, itaət etməyənlər hərbi rejimin qayda-qanunlarına məruz qalacaqlar. Ermənilərin Şərqi Anadoluda, Naxçıvan, Qarabağ, Quba, Zəngəzur və başqa bölgələrində törətdikləri vəhşiliklərə, zülm və işgəncələrə rəğmən türk ordusu tarixin hər dövründə olduğu kimi böyük dövlət olmanın özəlliklərini, yəni haqq, ədalət və hüququn gücünü o illərdə Qarabağda da təmin etdilər.
Nuru Paşanın Qarabağ hərəkatı ermənilər tərəfindən ölüm çənbərində qalan Azərbaycan türkləri böyük bir qətliamın dəhşətindən xilas olmuş, bölgədə huzur, barış və asayiş bərqərar olmuşdu...
Bütün bunlara baxmayaraq, 70 ildən sonra, yəni 1991-ci ilin avqust ayında sovet hakimiyyəti dağılandan sonra, ermənilərin Qarabağda, xüsusilə 1992-ci ilin 26 fevral gecəsində Xocalıda törətdikləri soyqırımı erməni vəhşiliyinin bariz nümunəsi idi.
Oqtay MəmmƏdoğlu
Respublika.- 2020.- 15 sentyabr.- S.6.