20 Sentyabr — “Neftçilər Günü”

 

 “NEFTÇİLƏR GÜNÜ” – ULU ÖNDƏR HEYDƏR ƏLİYEVIN AZƏRBAYCAN NEFTÇİLƏRINƏ BÖYÜK HƏDİYYƏSİ

 

Azərbaycan dövlətinin aparıcı beynəlxalq şirkəti olaraq ölkənin iqtisadiyyatında geniş fəaliyyət istiqamətlərinin müxtəlifliyinə və yaratdığı maddi-mənəvi dəyərlərinə görə SOCAR-ın rolu əvəzolunmazdır. Şirkət ölkə ərazisində, dənizdə və quruda neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, ölkə ərazisində sənayenin və əhalinin təbii qaz təchizatı ilə məşğul olur.  SOCAR təkcə ölkənin daxili tələbatının böyük hissəsini neft-qaz, həmçinin geniş çeşidli neft məhsulları ilə təmin etməklə kifayətlənmir, bundan əlavə olaraq, həmin məhsulların izafi hissəsini xarici bazarlara çıxarmaq işləri ilə də fəaliyyətini davam etdirir. Bütün bunların təməlində isə ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycanın Yeni Neft Strategiyasının uğurlu icrası durur.

 

 

 

Respublikanın iqtisadi-siyasi həyatında Yeni Neft Strategiyasının, onun  əsas tərkib hissəsi olan ulu öndər Heydər Əliyevin gərgin zəhmətinin, siyasi iradəsi və şəxsi nüfuz və hörmətinin  sayəsində 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin rolu danılmazdır.

 

Məhz buna görədir ki, ulu öndər 2001-ci ildə 20 sentyabr gününün Azərbaycan neftçilərinin peşə bayramı günü kimi qeyd olunması barədə fərman verdi.

 

Beləliklə də, 20 sentyabr günü Azərbaycan iqtisadiyyatında, ölkəmizin ictimai-siyasi və sosial həyatında parlaq bir səhifə açmış  Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi üzrə imzalanmış  “Əsrin müqaviləsi”nə və ümummilli liderin neft-qaz strategiyasını var qüvvə ilə həyata keçirən neftçilərin əməyinə verilən yüksək dəyərin rəmzi oldu.

 

Elə ona görə də, biz də hər il “Neftçilər Günü”nü qeyd edəndə diqqəti ən əvvəl “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində görülmüş işlərə cəlb edirik.

 

İşlənmənin əvvəlindən bu il sentyabrın 1-dək “Azəri-Çıraq-Günəşli” yataqlarından 516,0 milyon ton neft və 172,0 milyard kubmetr qaz hasil olunub. Hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi  “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları hesabına əldə edilir.

 

Artıq 21-ci ildir ki, Azəri-Çıraq-Günəşli layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. 2020-ci il sentyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 305 milyon ton “mənfəət nefti” satılmışdır ki, bu da həmin vaxtadək çıxarılmış “Azəri-Çıraq-Günəşli” neftinin  59,0 faizini təşkil edir. Mənfəət neftinin həcmi ilbəil artır. Bu ilin 8 ayında “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilmiş 16 milyon ton neftin 12 milyon tonu, yəni 75 faizi Azərbaycanın payına düşən mənfəət nefti olmuşdur. Hazırda  26 ildir ki, “Əsrin müqaviləsi” çərçivəsində işlər uğurla davam etdirilir. “Əsrin müqaviləsi”nin  Azərbaycan üçün çox böyük əhəmiyyəti oldu.  Mən yalnız  bir neçə əsas  məsələni qeyd etmək istəyirəm.

 

Siyasi cəhətdən müqavilənin əhəmiyyəti ondadır ki, dünyanın aparıcı dövlət və şirkətləri bir daha əmin oldular ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Heç də təsadüfi deyil ki, bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 35 saziş bağlandı.

 

Müqavilənin iqtisadi əhəmiyyəti isə odur ki, neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Beləliklə,  neft hasilatı 5,6 dəfə  artdı. Bu layihə hələ çox illər Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcəkdir. Belə ki, 2017-ci il sentyabrın 14-də Bakının Heydər Əliyev Mərkəzində “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsinə dair 1994-cü ildə 30 il müddətinə bağlanmış sazişin, yəni “Əsrin müqaviləsi”nin vaxtının uzadılması haqqında müqavilə imzalandı.

 

Ölkə Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən mərasimdəki nitqində “Əsrin müqaviləsi” çərçivəsində görülmüş işləri yüksək qiymətləndirdi, yeni müqavilənin şərtləri barəsində danışdı. Azərbaycan ictimaiyyətinə bu barədə geniş məlumat verildiyindən mən unikal AÇG yataqlarının və yeni sazişin respublikamız üçün əhəmiyyətini yalnız bəzi fakt və rəqəmləri xatırlatmaqla göstərmək istəyirəm.

 

Yeni müqavilədə Azərbaycan üçün olduqca sərfəli şərtlər müəyyən edilmişdir. Məsələn, mənfəət karbohidrogenlərinin bölgüsü bu günədək mövcud olan nisbətdə qalır. Yəni Azərbaycana 75 faiz, podratçı tərəflərə 25 faiz. Bu bölgü 2050-ci ilədək dəyişməyəcək. Podratçı qismində çıxış edən Azərbaycan AÇG şirkətinin mövcud layihə üzrə payı 11,6 faizdən 25 faizə, yəni 2 dəfədən də çox artırılır. Müqavilə çərçivəsində yataqlardan hasil edilən səmt qazı əvvəlki tək bütünlüklə Azərbaycana qalacaqdır. Müqavilə çərçivəsində tərəfdaş şirkətlər Azərbaycan hökumətinə 3,6 milyard dollar həcmində bonus ödəyəcəklər. 2050-ci ilədək AÇG-dən daha 500 milyon tona qədər neft hasil ediləcək və o vaxtadək bu yataqlara indiyədək qoyulduğu qədər, yəni daha  43 milyard dollar sərmayə qoyulacaqdır.

 

“Əsrin müqaviləsi”nin ən böyük nailiyyətlərindən biri də odur ki, bu müqavilə yalnız AÇG yataqlarının işlənməsi ilə məhdudlaşmadı. Bu böyük layihənin törəmələri meydana gəldi ki, onların da birincisi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri oldu.

 

“Əsrin müqaviləsi” ümummilli liderimiz Heydər Əliyevin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri onun ikinci şah əsəri oldu.

 

2020 -ci il sentyabrın 1-dək dünya bazarlarına 579 milyon ton Azərbaycan nefti çıxarılmışdır ki, bunun da 162 milyon tonu Bakı-Supsa, Bakı-Novorossiysk kəmərləri və dəmiryolu ilə, 417 milyon tonu isə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilmişdir.

 

Bu vaxta qədər AÇG-yə 43 milyard dollardan çox sərmayə qoyulmuş, bundan sonra da bir o qədər sərmayə qoyulması nəzərdə tutulur.

 

“Əsrin müqaviləsi”nin imzalanması gününün neftçilərin peşə bayramı kimi qeyd olunduğu bir gündə biz “Şahdəniz” epopeyasından da danışmaya bilmərik. Çünki “Əsrin müqaviləsi” olmasaydı, “Şahdəniz” də olmayacaqdı. “Şahdəniz” layihəsi ulu öndərimiz Heydər Əliyevin üçüncü şah əsəridir.

 

“Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdırdı.

 

İşlənmənin əvvəlindən “Şahdəniz” yatağından 129 milyard kubmetrdən çox qaz və 29 milyon tondan artıq kondensat hasil edilmişdir. 2020-ci il sentyabrın 1-dək     “Şahdəniz-1” layihəsi üzrə Cənubi-Qafqaz Boru Kəməri ilə Gürcüstana 9,8 milyard kubmetr və Türkiyəyə 73,7 milyard kubmetr qaz ixrac edilmişdir.

 

“Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəql edilməsi və bu məqsədlə “Cənub Qaz Dəhlizi”nin çəkilməsi bizim müasir qaz epopeyamızın ən parlaq fəslidir.

 

“Cənub Qaz Dəhlizi”nin açılışı 2018-ci il mayın 29-da Səngəçal terminalında  oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən təntənəli mərasimdəki nitqində dedi ki, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu icrası sayəsində ölkəmizin həyatında, neft-qaz sənayesinin inkişafında yeni dövr başlanır.

 

2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslərin iştirakı ilə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi.

 

Mərasimdə cənab İlham Əliyev qeyd etdi ki,... “Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan “Cənub Qaz Dəhlizi” vaxtında istismara veriləcəkdir. Layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin qələbəsidir, eyni zamanda, biz bunu digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırdıq. Bu gün “Cənub qaz dəhlizi” özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaqdır”.

 

İlkin mərhələdə “Cənub Qaz Dəhlizi” ilə ixrac ediləcək 16 milyard kubmetr “Şahdəniz” qazının 6 milyard kubmetri Türkiyə Respublikasına, 10 milyard kubmetri isə Avropa ölkələrinə ötürüləcəkdir.

 

Artıq “Cənub Qaz Dəhlizi”nin növbəti mərhələsinin - TAP adı ilə tanınan Trans-Adriatik qaz boru kəmərinin tikintisi də tamamlanmışdır. 878 kilometr uzunluğunda kəmər Yunanıstan və Albaniyadan, Adriatik dənizindən keçəcək və İtaliya torpağında yenidən quruya çıxacaq, bu ölkələrə qaz nəql etməyə başlayacaqdır. Artıq Azərbaycan təbii qazını Avropaya çatdıracaq TAP boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 97 faizi yekunlaşmışdır. Hazırda boru kəmərinin inşasının son mərhələsi həyata keçirilir. Belə ki, boruların son qaynaq işləri yekunlaşmış və TANAP boru kəmərindən İtaliyadakı qəbul terminalınadək 878 kilometrlik boru kəməri artıq birləşdirilmişdir. Bu isə “Cənub Qaz Dəhlizi”nin açılması istiqamətində daha bir yekun mərhələdir.

 

2019-cu il sentyabrın 20-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Əsrin müqaviləsi”nin 25 illiyi Heydər Əliyev Mərkəzində təntənəli surətdə qeyd edildi. Tədbirdə cənab İlham Əliyev “Əsrin müqaviləsi”nin tarixi, iqtisadi-siyasi əhəmiyyəti barədə məruzə ilə çıxış etdi və SOCAR ilə xarici şirkətlərin birgə əhəmiyyətini vurğuladı.

 

O qeyd etdi ki, “Əsrin kontraktı” Ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin kontraktı”nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılmışdır. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni “Əsrin kontraktı”nın çox böyük faydası var”.

 

Mərasimdə  Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə BP-nin  prezidenti, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının rəsmiləri və mən  çıxış etdim.

 

Mən çıxışımda  “Əsrin müqaviləsi”nin imzalanana qədər necə çətinliklə başa gəlməsindən,  cənab İlham Əliyevin ABŞ-ın Hyuston şəhərində bu müqavilənin  ərsəyə gəlməsindəki fədakar zəhmətindən, birinci xanım Mehriban Əliyevanın bizi necə ruhlandırmağı və işlərimizə hər gün xeyir-dua verməsindən və nəhayət, ulu öndər Heydər Əliyevin   iradə və şəxsi nüfuzu sayəsində 7 ölkənin 11 tanınmış  şirkətinin bu müqaviləni Bakıda imzalaması ilə bağlı xatirələrimi yada saldım.

 

Keçən dövr ərzində əlamətdar hadisələrdən biri də 2019-cu il noyabrın 6-da əfsanəvi “Neft Daşları”nın 70 illik yubileyinin təntənəli qeyd edilməsidir.

 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva iştirakçıların diqqətinə çatdırdı. SOCAR-ın prezidenti Rövnəq Abdullayev, mən, Azərbaycan “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev və başqaları çıxış etdik.

 

Mən “Neft Daşları” yatağının kəşf olunmasının tarixindən, onun dəniz akvatoriyasında,  dünyada açıq dənizdə istismar olunan ilk yataq olduğunu, bu yatağın işlənməyə verilməsi ilə neft sənayesinə verdiyi töhfənin əvəzedilməz olduğundan, oradakı iş fəaliyyətim və  xatirələrimdən danışdım. Qeyd etdim ki, işlənmənin əvvəlindən yataqdan  təxminən 176,4 milyon  ton neft və 14 milyard kubmetr qaz hasil edilmişdir. Hazırda yataqda illik neft hasilatı 945-950 min ton, qaz hasilatı isə 85 milyon kubmetr həcmindədir. Bu yataq Azərbaycanı dənizdə neft hasilatının vətəni, “Neft Daşları”nı isə dünyanın 8-ci möcüzəsi kimi tarixə salmışdır. “Neft Daşları” yatağının kəşfinin və işlənilməsinin Azərbaycanda neft sənayesinin inkişafında və dünyanın yanacaq-energetika potensialının artırılmasında rolu barəsində aşağıdakı fikirlərimi diqqətə çatdırdım:

 

- Bu yataq neft-qaz sənayesinin inkişafında yeni mərhələnin - dəniz yataqlarının mənimsənilməsi mərhələsinin başlanğıcını qoydu;

 

- Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikildi. Ötən illərdə “Neft Daşları”nda meydançalarla birlikdə təxminən 300 kilometr estakada inşa edilmişdir;

 

- “Neft Daşları” Azərbaycanda neft hasilatının artmasına təkan verdi. Respublikada illik neft hasilatı 1948-ci ildəki 14 milyon tondan 1966-cı ildə 22 milyon tona çatdı;

 

- Dünya təcrübəsində ilk dəfə olaraq dənizdə laylara suvurma metodu  məhz “Neft Daşları”nda tətbiq edildi. İşlənmənin əvvəlindən bəri “Neft Daşları”nda laylara 270 milyon kubmetrə yaxın su vurulmuş, bunun da nəticəsində quyuların fontan üsulu ilə işləməsinin müddəti xeyli uzadılmışdır və layların neftvermə əmsalı xeyli artmışdır;

 

- “Neft Daşları” açıq dənizdə təcrübəli kadrların hazırlanması üçün praktiki bir məktəb oldu. Həmin mütəxəssislər nəinki Azərbaycanda və keçmiş SSRİ-də, həmçinin dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə işləyirdilər;

 

- Abşeron-Balaxanıyanı qalxımından neft alınması sonradan “Azəri-Çıraq-Günəşli” kimi yataqların açılmasına zəmin yaratdı;

 

- Dünyada dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının əsasını qoymuş “Neft Daşları”nın kəşfi təkcə keçmiş SSRİ-də - Xəzərdə, Oxot, Barents dənizlərində, Qara dənizdə deyil, həm də dünyanın bütün dəniz və okean akvatoriyalarında - Meksika körfəzində, Şimal dənizində axtarış-kəşfiyyat işlərinin inkişafına güclü təkan verdi. Hazırda dünya üzrə axtarış-kəşfiyyat işlərinin və karbohidrogen hasilatının böyük bir hissəsi dəniz akvatoriyalarının payına düşür. Dünya okeanları və dənizlərinin şelfində işlərin miqyası sürətlə genişlənir. Suyun dərinliyi min metrdən çox olan sahələrdə karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesi gedir və biz fəxrlə deyə bilərik ki, bu böyük prosesin təməlini Azərbaycan neftçiləri qoymuşlar.

 

Son bir ildə baş verən əsas hadisələrdən biri də, 2020-ci il avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağında qoyulacaq platformanın dayaq blokunun dənizə yolasalınma mərasimi oldu.

 

“Qarabağ” yatağında qoyulacaq platformanın dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilmişdir. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanmışdır. Bu blok dəniz suyunun dərinliyi 182 metr olan, bu vaxta qədər Xəzər dənizində ən dərin sahədə quraşdırılacaq stasionar dəniz özülü olacaqdır. Dayaq blokunun quraşdırılması “Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq və Azərbaycanda neft-qaz hasilatının stabil saxlanılmasına əlavə stimul verəcəkdir. 

 

SOCAR-da yeni texnika və texnologiyaların istehsalata tətbiqi istiqamətində də işlər aparılır. Həm öz institutumuzun, həm də respublikada fəaliyyət göstərən elmi müəssisələrin alim və mütəxəssisləri tərəfindən elmi araşdırmalar aparılır və tətbiq sayəsində müsbət nəticələrə nail olunur.

 

SOCAR-ın ayrı-ayrı neft-qaz yataqlarında Elm, texnika və nanotexnologiyalar departamenti tərəfindən nanosistemlər tətbiq olunur və nəticədə quyuların təmirarası müddəti artır, yanalmalarla bağlı vaxt itkisi məhdudlaşır, əlavə xərclər və əmək məsrəfləri azaldılır, quyuiçi avadanlığın və kollektorların istismar müddəti uzadılır.

 

2019-cu ildə Departamentdə ştuserlərin yeyilməyə dayanıqlığını artırmaq məqsədilə nanohissəciklərin tətbiqilə tədqiqatlar aparılmış, aqressiv mühitin təsirinə davamlı nanostrukturlu ştuserlər hazırlanmış və elektrik dalma nasoslarının yeyilməyə məruz qalan avadanlıq hissələri nanoörtüklə cilalanaraq quyularda müvəffəqiyyətlə tətbiq edilmişdir. Eyni zamanda 2019-cu ildə respublikamızda ilk dəfə metal nanohissəciklərin istehsal texnologiyası əsasında işləyən qurğuda 40-60 nm ölçülərdə Al, Cu və Fe nanohissəcikləri istehsal olunmuş və istehsalata tətbiq edilmişdir.

 

2019-cu ildə Departamentdə beynəlxalq əlaqələrin qurulması və birgə fəaliyyət sahəsində bir sıra işlər görülmüş, Almaniya, Rusiya, İtaliya, Lüksemburq, Fransa və Kanadanın nanotexnologiyalar sahəsində fəaliyyət göstərən müvafiq qurumları ilə imzalanmış Anlaşma Memorandumları çərçivəsində mövcud əməkdaşlıqlar daha da inkişaf etdirilmişdir.

 

SOCAR Azərbaycanda elmin inkişafına yönəldilmiş aparıcı layihələrə də öz töhfəsini verir.

 

Son illər Azərbaycanda neft, qaz və neft-kimya sənayesi ilə əlaqədar elmi araşdırmaları inkişaf etdirmək məqsədilə SOCAR-la Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Milli Aviasiya Akademiyası arasında Anlaşma memorandumları imzalanıb, müvafiq olaraq “SOCAR-ın Elm Fondu” və “SOCAR-ın Elmi-Tərəqqi Fondu” yaradılıb. İndiyədək 5 layihə müsabiqəsi keçirilib. Bu müsabiqələrə ümumilikdə 612 layihə təqdim olunub.  221 layihə qalib hesab edilib ki, bunlar da SOCAR üçün mühüm əhəmiyyət kəsb edir. Layihələr çərçivəsində 70-ə qədər məqalə impakt faktorlu jurnallarda dərc olunub. Əminəm ki, elmi-texniki yeniliklərin, müasir texnika və texnologiyaların tətbiqi sayəsində Azərbaycanın neft və qaz sənayesi qarşısında açılmış üfüqlər daha da genişlənəcəkdir.

 

Əldə edilmiş bütün bu nailiyyətlər və uğurlar onu göstərir ki, Azərbaycan Respublikası və onun neft-qaz sənayesi ümummilli lider Heydər Əliyevin başladığı  və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davam etdirdiyi “Neft strategiyasının” həyata keçirildiyi  dövr ərzində əsrə bərabər bir inkişaf yolu keçmişdir. Əminəm ki, bu böyük tərəqqi yolunda xalqımız hələ çox qələbənin, yeni parlaq nailiyyətlərin şahidi olacaqdır.

 

Son bir il mənim də həyatımda unudulmaz, qürurverici bir hadisə ilə yadda qalıb.  Bu il 14 yanvarda mənim 90 illik yubileyim ölkə Prezidentinin sərəncamı ilə böyük təntənə ilə qeyd edildi.

 

Hörmətli Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etdiyi mərasimdə mənim neft sənayesindəki xidmətlərim bir daha xatırlandı, ünvanıma çox xoş sözlər səsləndirildi. Mən də cavab nitqimdə qeyd etdim ki, “Prezidentimiz burada mənə elə bir mükafat təqdim etdi ki, bu mükafat ömrümün sonuna qədər sinəmin üstündə günəş kimi parlayacaq. “Heydər Əliyev” ordenini Prezidentimizdən qəbul edərkən sanki öz üzərimdə ulu öndərimizin unudulmaz baxışlarını yenidən hiss etdim, onun doğma səsini yenidən eşitdim. Ruhu şad olsun!

 

Sonda  Azərbaycan neftçiləri üçün çox əziz bayram olan 20 Sentyabr - “Neftçilər Günü” münasibətilə bütün həmkarlarımı təbrik edir, onlara uzun, sağlam və mənalı həyat arzu edirəm.

 

Xoşbəxt YUSİFZADƏ,

Azərbaycan Respublikası

Dövlət Neft Şirkətinin birinci

vitse-prezidenti,

Azərbaycan Milli Elmlər

Akademiyasının akademiki.

 

Respublika.- 2020.- 16 sentyabr.- S.2-3.