ƏŞRƏF HACIYEV: KAVALER ARMED MİŞEL

 

Alman faşizmi üzərində qələbədən 20 ilə yaxın bir vaxt keçmişdir. Lakin döyüşçülərimizin qəddar və hiyləgər düşmənlə üz-üzə durarkən necə böyük iradə, mərdlik və şücaətlə vuruşduqları nəinki unudulmur, hər il onların əfsanələrə sığmayan igidlikləri barədə yeni-yeni faktlar meydana çıxır. Onlar istər cəbhələrdə, istərsə də düşmən arxasında doğma Vətənin şərəfini qoruyub yüksəltmişlər. Sovet əsgərlərinin, o cümlədən azərbaycanlı döyüşçülərin qəhrəmanlıqları Avropa xalqlarının xatirəsində də yaşayır. Hazırda Nuxa şəhəri yaxınlığındakı Oxud kəndində yaşayan, kolxozda baş aqronom işləyən Əhmədiyyə Cərbayılovun həyatı da solmaz qəhrəmanlıq nümunəsidir. Ə.Cəbrayılov fransız müqavimət hərəkatında fəal iştirak etmiş, mənalı bir döyüş yolu keçərək, Fransanın yüksək hökumət mükafatlarına layiq görülmüşdür.

 

Budur, indi ölkəmizin hər yerindən Oxud kəndinə məktublar gəlir, gənclər qəhrəmanın həyatına maraq göstərirlər.

 

İrkutsk Dövlət Pedaqoji İnstitutunun əməkdaşı İvan Mixayloviç Juravlyov yazır:

 

- Hörmətli yoldaş, ölməz qəhrəmanlar haqqında elmi iş üçün material toplayan zaman sizin barənizdə xəbər tutdum. Siz fransızlarla əl-ələ verib, onların torpağı üzərinə düşən cığırlarda alman qəsbkarlarına qarşı vuruşmuş, fransız ordenləri ilə təltif olunmuşsunuz.

 

Tbilisidən Faiq Cəbrayılov yazır:

 

- Təəccüb edirəm, adamda necə bir iradə qüvvəsi gərəkdir ki, belə çətinliklərə dözsün...

 

Leninqrad vilayətindən ordu sıralarında xidmət edən özbəkistanlı gənc Rüstəmov yazır:

 

- Fransa torpağında partizan dəstəsində misilsiz hünər, mərdlik göstərdiyiniz üçün sizi səmimi-qəlbdən təbrik edirəm. Yüz belə xoşbəxt günlər görüb ömür sürəsiniz.

 

N hərbi hissənin zabiti Salnikov və siyasi şöbə rəisi Rıjenkov yoldaşlar yazırlar:

 

- Biz sizin igidliyinizlə, Vətəndən çox-çox uzaqlarda şərəfimizi qoruya bilmənizlə fəxr edirik. Komandanlıq, partiya, komsomol təşkilatları, hissəmizin döyüşçüləri sizinlə görüşmək istəyirlər.

 

Xarkov vilayətinin İzyum rayonunun Qusarovka stansiyasındakı 8-ci “a” sinif şagirdləri Nina Qerqel və Nadya Taqan yazırlar:

 

- Qəzet məqaləsindən xəbər tutduq ki, siz bizim həmyerlimizsiniz, çünki doğma İzyumşina uğrunda qan axıtmısınız...

 

Məktublar çoxdur. Redaksiyamız da müxtəlif peşə sahiblərindən, əsgərlərdən məktublar alır. Onlar xahiş edirlər ki, Əhmədiyyə Cəbrayılovun döyüş yolu haqqında material verək. Əziz oxucular, xahişinizi yerinə yetiririk.

 

 

 

Ala-qaranlıq zirzəmidən xəstəxana korpusuna doğru uzanan cığırdan kənara çıxmaq olmazdı. Qospital rəisi gecə-gündüz otaqları silib-süpürən, zibil daşıyan, qanı qaçmış dodaqları təbəssümə həsrət qalan 5-6 əsirə sanitariya qaydalarını qorumaq naminə hərbi xəstəxananın həyətindəki şabalıd ağacının dibinə getməyə, orada təmizlənməyə icazə vermişdi. Kürəklərinə nömrə vurulmuş bu adamları günəşin işıq şüaları altında ani dinclik, bir də həyətin o başındakı quyu gözləyirdi. İşgəncəli yollardan keçən, aclıqdan və döyülməkdən taqətsiz hala düşmüş əsirlər hey qırılırdılar. Sağ qalanlar gözətçinin nəzarəti altında meyitləri sürükləyib quyuya atır, üstünə torpaq tökürdülər.

 

24 nömrəli əsir şabalıd ağacının dibində yumşaq çəmənliyə uzanıb işıqdan qamaşan gözlərini yummuşdur. Ağır-ağır nəfəs aldıqca yanaq almacıqları çıxmış üzünün tükləri titrəşir, qara qaşları yumulu gözlərinə kölgə salırdı. Beyni dumanlı idi. Düşünməyə qadir deyildi. Amma bu ağac... Şabalıd ağacı... Qəribə şirin bir röya... Meşəyə şabalıd yığmağa getmişdilər, üstü qırmızı mərcanlarla dolu ağac da vardı, zoğal ağacı... Əsirin alnı qırışır, beynini çulğamış dumanı dağıtmaq istəyir, gücü çatmır. Əlləri sinəsindən sıyrılıb yanına düşür. Duman qatılaşır, qırmızı mərcan dənələri yoxa çıxır, hər şey qaranlığa bürünür...

 

Auf, auf... Qalx!

 

24 nömrəli gözlərin açır, var qüvvəsini toplayıb ayağa duruncayadək qundaq ilə vurulan zərbədən yenə çəmənin üstünə çökür.

 

- İt... auf!

 

O, güc-bəla ilə durur, səndələyə-səndələyə zirzəmiyə tərəf yönəlir, arxasından kürən soldat mırıldanır, yalnız bu an yuxusunu anlayır: şabalıd ağacı da, zoğal da onun uşaqlığı, kəndləridir. Dağlar qoynundakı Oxud kəndi. Ancaq o, bu yerləri bir daha görməyəcək...

 

Yoldaşları onu zirzəminin qapısı ağzında qarşılayıb dəmir çarpayıya uzadırlar, özləri bayıra çıxırlar. Yəqin ki, işləyəcəklər. O qımıldanmır, çalalanmış gözlərini yumur, nə isə ona xoş gələn röyanı bir daha görməyə can atır. Tərs kimi, bu an ağxalatlı fransız qadını gəlir, “Nə istəyirsən, axı, məndən?” - fikri onun beynində oyanır. Əsirlər onu madam Janna deyə çağırırlar. Saçları ağarıb, üzündə dərin qırışlar bir-birinin üstünə yatıb. O, hər gün əsirlərin qaldığı kəsif rütubət qoxusundan baş çatlayan otağı yoluxur, təmizliyə baxır. Qaradinməzdir, işini qurtaran kimi otağı tərk edir. Bir neçə gündür qadın ondan əl götürmür, nə isə deyir. Lakin 24 nömrə heç nə başa düşmür. Əslində başa düşməyə çalışmır da. Onsuz da dərdi başından aşıb. Axı, bir də bu qoca qadından nə imdad gözləyə bilər?! İndi budur, yenə gəldi, çərənləyəcək və başını ağrıdacaqdır.

 

Madam Janna onun üzərinə əyilib, diqqətlə gözlərinə baxır, əvvəlcə onun saçlarına, sonra öz saçlarına əl gəzdirib soruşur. Dünən də, srağagün də o, bu cür etmişdir. Əsirin hafizəsi oyanır, anlayır: “Saçların qaradır, haralısan?” O pıçıldayır:

 

- Qafqaz... Qafqaz... Bakı...

 

Qarının dodaqları qaçır, qoltuğundan bir dənə həb, bir parça üstünə mət yaxılmış çörək verir. Gözləri deyir ki, həbi at, çörəyi də ye, yaxşı olarsan.

 

Günlər ötüb keçir, madam Janna xəlvətcə ona qulluq edir, sönən bir həyatı yavaş-yavaş dirçəldir. Əsir hərdən fikirləşir: “Nə üçün dərman içib sağalıram, ölməliyəm, yerim quyudur”. Ancaq haradansa, qəlbinin dərinliyində ümid qığılcımı yanır. Qiyamçı bir səs eşidir: “Yox, yox, dözməlisən”. Artıq o, işə çıxa bilir, madam Janna təlaş keçirir. Bir gün madam Janna ona şabalıd ağacını, hasarı göstərib başa salır ki, gecə qaçmaq lazımdır, o biri üzdə gözləyəcək. Əsir başı ilə razılığını bildirir.

 

Qaranlıq gecədir. Göydə göz qırpan ulduzların zəif qırmızımtraq işığı yerə yetişmir. Faşist çəkməsi qaranlığa bürünmüş torpağı döyəcləyir. Keşikçi gecənin vahiməsindən ulduzlara atəş açır. 24 nömrəli şabalıd ağacına qısılıb, onun bədəni, əlləri əsir. Eh, hanı onda o güc ki, ağaca dırmaşsın, budaqdan yapışıb divardan aşsın, hanı? İnamsızlıq taqəti kəsilmiş qollarını boşaldır. 10-15 addım o tərəfdə gəzişən gözətçinin addım səsləri isə onu tələsdirir, ürəyi az qalır sinəsini dəlib çıxsın: “Cəld ol, tez, tez, bircə...”

 

Qorxu və təlaş içərisində ağaca necə dırmaşdığını, divarın üstündən aşağı necə sürüşdüyünü, qüvvətli qollar üzərinə necə düşdüyünü hiss etmir. Bir də gözlərini açanda özünü səliqə ilə döşənmiş otaqda görür. Gözlərini ovuşdurur. Madam Janna qapıdan içəri girməsəydi, o, özünü yuxuda sanardı. Onu yedirib içirdirlər, sonra bir oğlan gəlib harasa aparır. Yalnız qəbir daşlarını görəndə o, harada olduğunu anlayır. Gündüzlər boş qəbirdə qalır, axşamlar isə evə gətirilir. Üç-dörd gün keçir, ara sakitləşdikdən sonra madam Jannanın zirzəmisi onun məskəni olur.

 

O, son dərəcə zəifləmişdi. Sağ qalacağına ümid az olsa da, ölümdən qorxmurdu, faşistlərin əlinə keçdiyi andan ölümünü gözlərinin önünə almışdı. Ürəyi nigarançılıqla döyünürdü. Daha nə olacaq? Bu an ağlına gəlmirdi ki, o, hələ uzun zaman bu torpaqda yaşayacaq, hələ öz xilaskarı madam Jannanı qəbir evinə yola da salacaqdır. Həmin hadisədən bir neçə il sonra madam Janna vəfat edərkən, onun dəfn mərasiminə gəlmiş dostları arasında fransız əsgəri qiyafəsində, bəstəboy, dolubədənli bir gənc də vardı. Qara saçları pilotkasının altından çıxıb alnına tökülmüşdü. Sinəsində ordenlər parıldayırdı. Qüssəli gözlərini çevrəyə alan qaşları düyünlənmiş, kirpiklərini yaş damlaları islatmışdı. O, qəbiristanlığı hamıdan axırda tərk etdi. Bir müddət sükut içərisində qəbrin önündə dayandı, diz çökdü:

 

Əlvida, Janna ana, - dedi.

 

Əlvida!

 

Ölkənin cənubunda dağ cığırlarını qarış-qarış gəzmiş, şəhərlər dolaşaraq od-alovdan keçmiş Armed Mişel xilaskarı ilə belə vidalaşdı. Axı, faşistlərin pəncəsindən bu sadə qadının köməyi sayəsində qurtulmuşdu. Şəfqətli Janna ana düz bir aya qədər evinə od vurulacağı təhlükəsi altında 24 nömrəli əsiri bəsləyib həyata qaytarmışdı. O, fransız dilini həmin evdə öyrənməyə başlamışdı, təhqiramiz nömrəni burada çıxarıb atmış, silaha sarılmışdı.

 

Gecələrin birində madam Janna onu gənc leytenantla tanış etdi. Leytenant Bessen uca boylu, qaraşın bir oğlan idi. Onun ifadəli qara gözləri, gülər çöhrəsi vardı. O, əsirlikdən qaçırılmış sovet döyüşçüsünün əlini dostcasına, möhkəm-möhkəm sıxdı, sonra onu qucaqladı, cingiltili səslə təkrarladı.

 

- Maki, maki...

 

Əhmədiyyə razılıq əlaməti olaraq başını tərpətdi, əlini döşünə qoydu:

 

Maki!

 

O bilirdi ki, “maki” fransız dilində partizan deməkdir. Bessen onu partizan olmağa dəvət edir. Əlbəttə, o, buna razıdır, ürəkdən razıdır.

 

Az sonra sükuta dalmış Tuluz şəhərinin küçələri ilə minik avtomobili sürətlə gedir. Əhmədiyyə arxada oturub hər ehtimala qarşı əllərində qumbara tutmuşdur. Bessen sürəti azaldıb, avtomatı götürür, sol qolunun üstünə qoyub, elə bu əli ilə maşını sürətlə sürə-sürə yolu kəsmiş keşikçilərə atəş açır. Vəhşi bir bağırtı gecənin sükutunu pozur. O, cəld avtomatı Əhmədiyyəyə ötürür. Maşın quş kimi uçur. Arxada motosikletlərin gurultusu, it hürüşməsi, alman dilində “təslim ol” çığırtıları eşidilir. Əhmədiyyə təqibçilərin üzərinə od yağdırır...

 

Çox keçmir təhlükə sovuşur, maşın dağlara dırmanır, onları ətrafını seyrək meşəliklər basmış torpaq yolla partizan qərargahına gətirib çıxarır. Həmin saatdan da Əhmədiyyə Cəbrayılovun ikinci bir döyüş yolu başlanır.

 

***

 

Müharibə başlananda Əhmədiyyə 21 yaşın içində idi. Nuxa kənd təsərrüfatı texnikumunu bitirib, təyinatını Quba-Xaçmaz-Dəvəçi rayonlararası ipəkçilik idarəsinə almışdı. Gənc aqronom elə ilk günlərdən işə səylə girişmişdi. Həlim xasiyyəti, cavanlığına baxmayaraq, təcrübəli və qoçaq olan aqronomun kolxozlarda hörməti gündən-günə artırdı. O, böyük arzularla yaşayırdı. Ailə qurmağa hazırlaşırdı. Hətta bir neçə dəst paltarlıq parça almışdı. Neçə illər keçdikdən sonra Parisdən Vətənə qayıtdığı zaman Xaçmaz stansiyasında vaxtilə kirayənişin olduğu evin sahibi parçaları ona qaytaranda çox təəccüb etmişdi və “sizə bağışlayıram” demişdi. Qoca kişi isə etiraz etmişdi: “Elə şey yoxdur, oğul, əmanətə xəyanət olmaz. Özün sağ-salamat qayıtmısan bizə bəsdir”. Doğrudan da onun qayıtması elə bil sehrdir.

 

Onda könüllü olaraq cəbhəyə yola düşən Əhmədiyyə Oxud kəndinə, evlərinə baş çəkməyə macal tapmamış, ancaq qatardan teleqram göndərə bilmişdi. Əsgəri hissəyə gəldikdən sonra, tezliklə onun adını hərbi təyyarəçilər məktəbinin kursantları sırasına yazdılar. Lakin məktəbi qurtarmaq gələcək təyyarəçiyə qismət olmadı. Cəbhə günü-gündən yaxınlaşırdı. Odur ki, kursantların bir hissəsi ön döyüş xəttinə göndərildi. Onlar faşistləri bir neçə yaşayış məntəqəsindən vurub çıxartdılar. Ukraynanın qərbində Qusarovka stansiyası yaxınlığında İzyum qəsəbəsinə hücuma keçdilər. Düşmən quduzlaşmışdı, messerşmidtlər göydən ölüm tökür, “pələnglər” hər tərəfdən nərildəyə-nərildəyə qabağa soxulur, sel-su kimi qan axırdı.

 

İrəli, Vətən uğrunda irəli!

 

Əhmədiyyə atəş aça-aça irəliləyirdi, qəflətən aldığı zərbədən səndələdi. Bu an sanki torpaq başına çevrildi. O, gözlərini açanda, aydın bahar səmasını gördü. Kükürd tüstüsü əriyib itmişdi. Günəş mavi ənginliklərdə soyuq-soyuq parıldayırdı. Havadan bahar ətri duyulmurdu. Onun üst-başı qana bulaşmışdı, beyninin içi sızıldayırdı. Dikəldi, tapdaq edilmiş, yandırılmış otların üzərinə səpələnən cəsədlərə baxdı. Murdar “auf” kəlməsini ilk dəfə burada eşitdi. Sağ qalanları sıraya düzdülər.

 

Birinci növbədə kommunistləri və komsomolçuları ayırıb istintaqa tutdular.

 

Burada əsarətdə, hər addımda təhqir və işgəncələrə məruz qalan 21 yaşlı gəncin zil qara saçlarına dən düşməyə başladı. Onu bir neçə gün dalbadal alman mayorunun yanına aparıb gətirdilər. Mayor ağız-burnunu qana boyayır, dilmanc onu tovlayırdı:

 

- Dünyada yer qalmayıb, hamısı bunların əlindədir. Gəl inad etmə.

 

Əsir susur və zəif səslə deyirdi:

 

- Mən aqronomam.

 

- Yox, sən kommunistsən, təyyarəçisən, zabitsən. Məlumat ver yoxsa...

 

İstintaq bir nəticə vermir. Əhmədiyyəni də başqa əsirlərə qoşurlar. Yol acı bağırsaq kimi uzanır, mədəsi boş, susuzluqdan dili ağzına yapışmış əsirlərin gözü qaralır. Yol bu qədər də uzun olarmı? O, uşaqlıqdan piyadaçılığa öyrəşmişdi. Texnikumda oxuyanda hər gün kənddən şəhərə gedib-gələrdi. Sular daşıb çaylardan keçən cığırın iz-tozunu itirəndə, o, birinci Kiş çayından təzə cığır salardı. Axşamüstü dərsdən qayıdanda bunun işlək cığıra çevrildiyini görüb sevinərdi...

 

Silahla dövrəyə alınmış silahsız adamlar aramsız surətdə, durmadan addımlayır. Altı çıxmış çəkmələrdən qopan qarışıq tappıltı səsləri ürəklərdə qüssəli əks-səda verirdi. Kimsə huşunu itirir. Avtomatın lüləsindən qopan qaynar qurğuşun onu şoseyə mıxlayır.

 

Kaput... ha... ha...

 

Yıxılan bir daha ayağa qalxmır. Durmaq, danışmaq, bir-birinə kömək etmək olmaz. Əhali yola bişmiş kartof, bir parça çörək qoyur. Lakin əyildinmi, səni güllə gözləyir, ölüm hədələyir. Sönük baxışlarda kin od tutub yanır. Hava qaralan kimi çölün ortasında tikanlı məftildən hasar çəkilir, vışkalar qurulur, projektorun parlaq şüaları quru torpaq üzərinə uzanmış adamlara göz qoyur.

 

Lvov şəhərinə qədər yol, yük vaqonlarında ac, susuz keçən gecələr, müxtəlif yerlərdə ağır iş, nəhayət, Fransa torpağı, hərbi xəstəxana...

 

 Vətəndən uzaqlarda, faşist əsarətinin dəhşətləri onun beynində qarmaqarışıq bir mənzərə cızır. Hər şeyin həddi var, hüdudu var. Faşist qəddarlığının həddi-hüdudu yoxdur. Vəba xəstəliyi kimi qorxunc və murdardır. Məgər insan şərəfini və ləyaqətini ayaqlar altına atmaqdan zövq duyan insan sayıla bilərmi? Aclıq da, susuzluq da, döyülüb-söyülmək də ötüşəcək, alçalmağa dözmək olarmı? Kim deyib ki, azadlıq namuslu olmaq hüququdur. Bəli, namuslu, insan gərək necə olursa-olsun, namusunu qorusun.

 

***

 

Axşama xeyli vaxt qaldığına baxmayaraq, on addımlıqda heç nə görünmürdü. Qatı duman dağları qoynuna almışdı. Narın çisəkdən islanan palıd ağacının sarı-qırmızı rəngə çalan yarpaqları tutqun-tutqun parıldayırdı. Vələs ağaclarının kövrək budaqları başlarını aşağı sallamışdı. Çisək ətrafa qəribə, sehrli bir xışıltı yayırdı. Beş nəfər adam nəmiş, sürüşkən cığırla ehtiyatla addımlayırdı. Yamacları örtmüş meşəlik gah sıxlaşır, gah da seyrəlirdi. Cığır üstündəki böyük bir daşa çatanda, Xarqo durdu, astadan dilləndi:

 

Eşidirsinizmi?

 

Hamı nəfəsini qısdı, tezliklə “yox” kəlməsi eşidildi. Təkcə dəstənin ən gənc üzvü Roje:

 

- Parovoz fitinin səsi gəlir, - dedi.

 

Düz tapmısan, yarım saatdan sonra dəmir yolunda olacağıq.

 

Xarqonun göstərişi ilə bir-birlərindən 10-15 addım aralandılar, avtomatları çiyinlərindən çıxarıb əllərinə aldılar. Yamacı asta-asta enməyə başladılar. Xarqo bığ yeri təzəcə tərləmiş, qız kimi nərmə-nazik olan Roje barədə düşündü. Roje onlara keçən həftə, partizanlar gecə ikən kəndə azuqə gətirməyə gedəndə qoşulmuşdu. Onun 17 yaşı vardı. Kənd keşişinin oğlu idi. O, həyatda heç bir ciddi sınaq görməmişdi və olsun ki, indi ölümə getdiklərini də yaxşıca dərk etmirdi. Fikri kənd meyxanasında, qızların yanında qalmışdı. Rəqs etməkdə kənddə birinci olması ilə elə hey öyünürdü. İki saat əvvəl, Xarqo növbəti tapşırıq alanda öz dəstəsinə onu da götürmüşdü: oğlan çevik idi. Həm də düşmənlə üzləşib igidlik göstərmək həsrəti ilə yaşayırdı. O, Xarqoya yaxın məsafədə addımlayırdı.

 

Dağın ətəyinə yetişhayetişdə alman dilində aydın danışıq səsləri eşidilməyə başladı. Xarqonun işarəsindən sonra onlar bir yerə toplaşdılar. Qısa müşavirənin qərarı belə oldu: Xarqo Roje ilə dəmiryolu körpüsünü minalamalı. Pavel iki fransız yoldaşla pusquda durub gözləməlidir. Almanlar ayıq düşsələr, atəş açıb onların başını qatacaq, Xarqogil fürsətdən istifadə edib geri dönəcəklər.

 

Onlar bir-bir qucaqlaşıb öpüşdülər. Kim bilir?!

 

- Yaxşı olar, - deyə Xarqo dostlarını ürəkləndirib qabağa düşür.

 

Taybe ilə Bordonu birləşdirən dəmiryol xətti dağların arasından, meşəlikdən keçdiyinə görə almanlar hər ehtimala qarşı güclü keşik dəstəsi qoyublar. Hər əlli addımdan bir soldat dayanmışdır. Körpünün ətrafına isə üstəlik tikanlı məftildən hasar çəkilib. Məlumata görə, hərbi sursat qatarı buradan səhər açılhaaçılda keçəcəkdi. Faşistlər şərq cəbhəsinə çoxlu tank, pulemyot göndərirlər.

 

Xarqo, onun ardınca Roje cəngəllikdə gözdən itirlər. Onlar gəlib dəmiryolu üstündəki kolluqda gizlənirlər. Çisək şiddətli yağışa çevrilir, elə yağır ki, tut ucundan göyə qalx. Səma guruldayır. Şimşək odlu qılıncını sıyırıb göyü doğrayır. Hər yanı nura boyayan ani işıqda başını şinelin içinə çəkmiş alman soldatı kölgə kimi görünür. Sanki yağış onu qovur, hey o tərəf-bu tərəfə qaçır. Soldatın üzü o tərəfə dönən kimi iki qaraltı relslərin üzərindən aşır. Bir qədər sonra əsas postun yaxınlığında iş qızışır, bıçağı xatırladan qarmaqlar relsin altını qazır. Xarqo Rojenin açdığı oyuğa minanı ehmallıca yerləşdirir, minanın kapsulu relsə sürtünür. Üzərinə ağırlıq düşməsi kifayət edər...

 

Beş dəqiqədən sonra onlar işlərini qurtarıb yolun üstündən aşırlar, bu an meşəni boğuq atəş səsləri bürüyür. Xarqo sıx ağaclar arasında burulan cığırla yamaca doğru yüyürür. Roje də onun dalınca. Onlar görüş yerinə çatanda vəziyyət gərgin hal almışdı. Faşistlər üç yoldaşı yaxalayıblar. Xarqo ilə Rojenin gözlənilməz zərbəsi almanları çaşdırır.

 

- Çəkilin, - deyə o, ayaqüstü yoldaşlarını tələsdirir.

 

Lakin partizanlar tərpənmədilər, axı, ağır yaralanmış Pavel can verir. Fransızlar öz atəşləri ilə həmyerlisini çiyninə almış Xarqonu qoruyur, eyni zamanda addım-addım dağın zirvəsinə doğru geri çəkilirdilər. Partizanlardan biri məlumat verir ki, almanlarla qəflətən rastlaşıblar. Heç demə faşistlər qatar gəlməzdən qabaq meşəni gözdən keçirməyi qət ediblərmiş. Partizanlarla üzləşiblər. Görünür, şiddətli yağış, meşədəki qarışıq atəşlər almanları karıxdırmışdır. Ona görə də az sonra təqibi dayandırmağa məcbur qalırlar. Yalnız dağın zirvəsinə yetişdikdə Xarqo və yoldaşları dayanıb nəfəslərini dərirlər.

 

Pavel gözlərini açdı, qüssəli nəzərlə Xarqoya baxdı.

 

- Mən ölürəm, - dedi. - Səndən xahişim var, vətənə qayıdanda evimizə get, Nataşkaya da məndən salam yetir.

 

Nataşa nişanlısıydı. Pavel ondan ötrü yaman darıxırdı. İndi ölüm ayağında onu yad edir. O, bir xeyli daha nə isə pıçıldadı. Lakin sözlərini başa düşmək çətin idi. Qurumuş dodaqları güclə açılıb yumulurdu. Dan yeri ağarmağa başlayanda mavi gözlər yumuldu. Axırıncı dəfə sinəsindən inilti qopdu. Vətəndən çox-çox uzaqlarda, Taybe dağlarında həlak olan Pavelin qarşısında papağını götürən partizan Xarqonun - Əhmədiyyənin ürəyindən qara qanlar axdı.

 

- İnan, yoldaş, - dedi. - Qanını alacağam!

 

Dərədə sürətlə gələn qatarın fit səsi kəsilməmiş dəhşətli partlayış dağları titrətdi. Zirvədən körpüdə kibrit qutusu kimi üst-üstə yığılıb uçuruma yuvarlanan vaqonlar aydın görünürdü.

 

Sağ ol, Roje!

 

Oğlan bu qələbədən sevinməkdənsə, qüssəli baxışlarını həlak olmuş partizan yoldaşının meyitinə dikdi. Avtomatını havada yellədərək:

 

- Qatillər, - deyə çığırdı.

 

Az sonra dəstə yola düşdü. Paveli ağacdan düzəltdikləri xərəyə uzadıb özləri ilə qərargaha apardılar. Səhərçağı, yuyulmuş kimi tərtəmiz mavi səmanı al şəfəqlər bürüyəndə, onu dağ yamacında dəfn etdilər. Payız küləyi təzə qəbrin üzərinə sarı yarpaqlar səpdi.

 

Kapitan Delplanq sıra qarşısında əməliyyatı müvəffəqiyyətlə yerinə yetirdiyi üçün Xarqoya təşəkkür edib dedi:

 

- Fransızlar sənin igidliyini unutmayacaqlar. Armed! Bizi faşizmə qarşı mübarizə birləşdirir...

 

Hər yerdə faşist cəza dəstələrinin əli boşa çıxırdı, çünki partizanların sorağı hər dəfə ayrı kənddən, başqa şəhərdən gəlirdi. Hər bir mühüm əməliyyatdan sonra səfər başlayır, meşələrdən, dağ aşırımlarından keçən yollar müqavimət hərəkatı iştirakçılarının həmdəmi olurdu. Faşistlər güclü cəza dəstələri göndərirdilər. Bu dəstələrdə olan soldatların yarısı geri qayıtmırdı. Onlar nəinki gözəgörünməz intiqamçıların izinə düşə bilir, çox vaxt üstlərini təhlükə alırdı. Cəza dəstələri Taybe ətrafında dağları axtaran zaman kapitan Delplanqın döyüş dostları Monmarsan yaxınlığında qaya altında ocaq qalayıb dincəlirdilər. Avtomatlar sıra ilə qayaya söykənmişdi. Qaya onları gecənin şaxtasından qoruyur, alov dilləri üzlərini işıqlandırır.

 

- Könlümə yaman rəqs eləmək düşüb, - deyə Roje köksünü ötürdü.

 

- Elə fikrin-zikrin qızlardır. - Kimsə ona sataşdı.

 

- Yoxsa sən qızları unutmusan?

 

- Allah eləməsin, onlarsız nə günümüz.

 

- Görün nə deyirəm, - Monmarsandan gəlmiş şofer sözə başladı. - Yolda faşistlər maşını saxladılar. Soruşurlar: “Haraya?” Deyirəm “Bordoya”. “Bizi də götür”. “Buyurun”. Mənimki də örtülü maşındır. İçəri doluşdular. Qapını örtüb cəftəsini vurdum: düz buraya sürdüm...

 

- Axmaqlığa bir bax!

 

Həmişə özünə Xarqonun böyründə yer eləyən Roje lovğalanır.

 

- Eh, bu nə böyük iş imiş? Qarmaqların nə etdiyini eşitmisənmi?

 

- Xəbərim var.

 

- Haradan xəbər tutdun? Sən ki yolda qalmamısan?

 

- Eşitmişəm, şəhərə tikanlı qarmaq səpmisiniz. Maşınlar sıradan çıxıb...

 

- Eh, bir həngamə var ki... Maşınlar dayanmışdı. Qarışıqlıq düşmüşdü.

 

O, ləzzətlə əllərini ovuşdurdu. Şofer üzünü Xarqoya tutdu:

 

- Yəqin, bu, yenə sənin əməlindir.

 

Xarqo gülümsədi.

 

- Yox, bax, bu qoçağın işidir, - deyə sağ əlini Rojenin çiyninə qoydu. - Uşaqlıqda çox dəcəllik edib. Atasından qulaqburması da alıb. Amma indi atası eşitsəydi, başını sığallardı, “sağ ol” oğlum deyərdi.

 

 Bu an kapitanın köməkçisi gəldi.

 

- Səni qərargahda çağırırlar, Xarqo, - dedi. - Görünür, nə isə ciddi bir iş var.

 

Köməkçi mənalı-mənalı gülümsəyib:

 

- Özü də əntiqəsindən, - dedi.

 

Xarqo dinməz-söyləməz avtomatını götürüb, onun dalınca yollandı, qaranlıqda yola çıxdı.

 

Kapitan çadırda əyləşib, şam işığında xəritəyə baxırdı. O, səsə başını qaldırdı, mehribanlıqla:

 

- Gəl, gəl, Xarqo, - dedi, - Yaxın dur.

 

- Dinləyirəm.

 

- Bax, bu nöqtəni görürsənmi?

 

- Orada nə var ki?

 

- Burada hündür hasar, hasarın içərisindəki meydançanın ortasında ikimərtəbəli bina var. Zirzəmisi silah anbarıdır. Yuxarı mərtəbələrdə zabitlər yaşayır.

 

- Partladaq, - deyə Xarqo xəbər aldı.

 

- Tələsmə, çox çətin tapşırıqdır. Birincisi, ona görə ki, anbar şəhərin lap göbəyindədir. İkincisi, hasar çox hündürdür, tikanlı məftillə qorunur. Məftilə cərəyan buraxılıb. Üçüncüsü, darvazada olan keşikçilərdən savayı, içəridəki binanın özü də güclü keşikçi dəstəsi tərəfindən qorunur. Hələ iş vaxtı qarşıya nə qədər əngəl çıxacaq.

 

- Anlayıram, - deyə Xarqo dilləndi. - Hər şeyi ölçüb-biçmək lazımdır.

 

 

 

(davamı növbəti saylarımızda)

 

 

 

 

 

* Bu diqqətəlayiq sənədli povest ilk dəfə “Azərbaycan gəncləri” qəzetinin 20, 22, 25 və 27 noyabr 1964-cü il tarixli saylarında dərc olunmuşdur.

 

Respublika.- 2020.- 17 sentyabr.- S.3;5.