Qafqaz İslam Ordusunun
komandanı Nuru Paşanın məzarı
ziyarət olunub
1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdən biridir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra xarici qüvvələr onun devrilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışarkən Osmanlı Türkiyəsinin göstərdiyi hərbi və siyasi yardım milli dövlətçilik tariximizdə çox mühüm rol oynadı.
Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid versə də, qarşıya qoyduğu missiyanı uğurla başa çatdırdı. Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfəsini verdi. Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. “Böyük Ermənistan” xülyasına qapılan daşnaklar Bakıya göz diksələr də, bir millətin qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi”. Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan soydaşlarımıza dəstək göstərən, bolşeviklərin və erməni millətçilərinin həmyerlilərimizə qarşı törətdikləri soyqırımların qarşısını alan, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun qəhrəmanlığının nümayişi olan 15 sentyabr 1918-ci il zəfər günü, türk birliyinin, qardaşlığının nümunəsi oldu. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır, dostluqları, qardaşlıqları əbədidir, sarsılmazdır, ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” tezisi bütün dövrlər üçün aktualdır, illər keçdikcə daha da möhkəmlənir.
Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunmasının 102-ci ildönümü münasibətilə Türkiyədə də anım mərasimləri keçirilib. İstanbulun Edirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və onunla birlikdə döyüşən 27 əsgərin dəfn edildiyi məzar-abidə kompleksi ziyarət olunub. İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları Nuru Paşanın abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Tədbirdə çıxış edən Səfər Qaraqoyunlu Nuru Paşanın qələbədəki tarixi rolundan danışıb, onun Türkiyədən Azərbaycana uzanan qəhrəmanlıq yolundan bəhs edib. Natiq, 1918-ci ildə Bakının azad edilməsini tarixin ən böyük zəfərlərindən biri adlandırıb. Türkiyə və Azərbaycan arasında dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin əbədiyyətə qədər davam edəcəyini və regionumuza daha böyük faydalar gətirəcəyini bildirib.
Mərasimdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, “Qəhrəman övladlarımız 102 il əvvəl Bakını düşmən işğalından azad edərək qanları və canları ilə bizə böyük bir miras əmanət ediblər. İndi Azərbaycan və Türkiyə ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq birgə inkişaf edir, birlikdə güclənir, birlikdə böyük bir coğrafiyada rifaha və tərəqqiyə töhfələr verir”. Digər çıxış edənlər aradan uzun illərin keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusunun qardaşlıq köməyinin heç vaxt unudulmayacağını, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacağını və Bakının daşnak işğalından azad olunmasında böyük rol oynayan Nuru Paşanın və əsgərlərinin dərin ehtiramla anılmasının hər iki qardaş ölkənin vətəndaşlarının onlara vəfa borcu olduğunu bildiriblər. Tədbirdə hər iki ölkədən olan ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Esmira YAZKAN Aslanova,
“Respublika”qəzetinin
Türkiyə üzrə müxbiri.
Respublika.- 2020.- 17 sentyabr.- S.5.