Vətən uğurunda canını fəda edənlər ən ali hörmətə layiqdirlər

 

Məhərrəm Məmmədovun şəhadətindən 27 il ötür

 

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. İllər ötsə, nəsillər bir-birini əvəz etsə belə, öz qanları ilə tarix yazan qəhrəman Vətən övladları heç vaxt unudulmurlar. Ən şərəfli zirvə - şəhidlik məqamına yüksələnlər daim qəlblərdə yaşayırlar. Vətən uğurunda  canını fəda edənlər ən ali hörmətə layiqdirlər. Bu amal uğrunda ölümün gözünə dik baxaraq, canını Vətən uğrunda fəda edənlərdən biri də şəhid Məhərrəm Məmmədov idi.

 

AZƏRTAC yazıçı-publisist Kənan Hacının Məhərrəm Məmmədov haqqında yazısını oxuculara təqdim edir.

 

 

 

Kim bu cənnət vətənin uğruna olmaz ki fəda?

 

Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!

 

Canı, cananı, bütün varımı alsın da Xuda,

 

Etməsin tək vətənimdən məni dünyada cüda.

 

Mehmet Akif Ərsoy

 

“Bütün yollar Qarabağa aparır”. Bu ifadə çox işlənsə də bircə cümlənin enerjisi insanda yüzlərlə şeirin aşılaya bilməyəcəyi bir ruh yüksəkliyi yaradır. Sentyabr ayı olsa da hava çox bürkülüdür. Biz tanınmış vəkil, hüquqşünas, yazıçı Adəm Məmmədovla birlikdə Zərdab rayonuna gəlmişik. Gəlişimizin məqsədi onun atası, Qarabağ döyüşlərində şəhid olmuş Məhərrəm Məmmədovu tanıyan, onunla ünsiyyətdə olmuş insanlarla görüşüb onların xatirələrini dinləməkdir. Məhərrəm Məmmədov nadir şəxsiyyətlərdəndir ki, 90-cı illərin əvvəllərində Zərdab rayon Məhkəməsinin sədri işlədiyi dövrdə Qarabağda şiddətli döyüşlər gedərkən daim cəbhənin ön xəttində olub, Kəlbəcər döyüşlərində iştirak edib. Sonda Füzuli rayonuna erməni hücumları zamanı dinc əhalinin təhlükəsiz yerlərə köçürülməsini təmin edərkən Əhmədbəyli kəndinin yolayrıcında, Kültəpə deyilən yerdə düşmən tərəfin atdığı qrad mərmisinə tuş gəlib.

 

M.Məmmədov Cəbrayılın Böyük Mərcanlı kəndində doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Erkən yaşlarından Qarabağda və hakim kimi çalışdığı Zərdab rayonunda böyük hörmət və nüfuz qazanıb. Şəhidlik məqamına yetişdiyi vaxtdan iyirmi yeddi il ötsə də, bu gün Qarabağ və Zərdab camaatı onu minnətdarlıqla xatırlayır. Zərdab rayonunda işlədiyi illərdə o, insanların yaddaşında ədalətli hakim kimi qalıb. Zamanında onunla birlikdə çalışmış insanlarla görüşdüm, bu insanlar vaxtilə polis rəisi, hakim, prokuror işləyib və M.Məmmədovla gündəlik təmasda olublar. Onunla bağlı danışılan xoş xatirələrdən sonra bir daha əmin oldum ki, bu insan dünyaya xeyirxahlıq etmək üçün gəlib. Sadə Zərdab camaatı ilə görüşlərdə M.Məmmədovun adı çəkilən kimi dərhal insanların çöhrəsində bir təəssüf hissi közərir, onun erkən ölümünə heyifsilənirlər, onun haqqında doğma, əziz adamları kimi danışırlar, hələ də bu itki ilə barışa bilmirlər. O qədər maraqlı, qeyri-adi əhvalatlar danışırlar ki, bu əhvalatların hər biri ayrılıqda bir roman mövzusudur. Bir hakimin insan taleyinə qarşı bu qədər həssaslıq göstərməsi, cinayət törətmiş adamın içində mənəvi hisləri oyatmaq metodu sözün əsl mənasında heyrətamizdir. Onun yaşadığı evdən Məhkəmə binasına qədər yolu piyada keçib gəlirəm. Danışırlar ki, o, həmişə evdən işə piyada gəlirmiş və yol boyu adamların dərd-sərilə maraqlanır, məsləhətlər verirmiş. Üzəri qağayılı, suları durğun Kür çayının sahilindən keçirəm. M.Məmmədov Kürün sahilində gərdiş edə-edə verəcəyi qərarlar haqda düşünürmüş. O, hansısa səbəbdən cinayət törətmiş adama islah olunmaq üçün şans verirdi və verəcəyi qərarın ədalətli olması onun üçün hər şeydən vacib idi. Bu, onun dəyişməz prinsipi idi. Heç bir qüvvə onun verəcəyi qərarı dəyişmək iqtidarında deyildi. O, həmişə güclünün deyil, zəifin yanında olub, ona arxa-dayaq olmağa çalışıb. Haqlı cəza alan adam da törətdiyi əməlin mahiyyətini dərk edərək ondan razılıq edirdi. Onun tərbiyə metodu, insanda insani hissi oyatmaq cəhdi heyrətamiz idi.

 

Həsən bəy Zərdabi parkında mətbuatımızın bünövrəsini qoymuş ustadın heykəli ilə üz- üzə dayanmışam. Zərdabi əlini çənəsinə dayayıb dərin düşüncələrə qərq olub. Zərdabi Moskvada təhsilini başa vurandan sonra ona təklif etmişdilər ki, orda qalıb müəllimlik etsin. Amma o, bu təklifdən imtina edib vətəninə dönüb. Öz məmləkətində uzun bir yola çıxıb. O, millətin kasıb balalarının təhsil almasını təmin etmək üçün xeyriyyə cəmiyyəti yaratmağı düşünürdü. Azərbaycanı qarış-qarış gəzərək bütün imkanlı, nüfuzlu bəyləri, mülkədarları bu müqəddəs işə cəlb etmək istəyirdi. Bu yolda çoxlu məşəqqətlər çəkib. Həsən bəy tək qalmışdı, yığılan pul isə uşaqların uzun müddətli təhsili üçün yetərli deyildi. Hənifə xanım öz ömür-gün yoldaşını ruhdan düşməyə qoymur, çiyin-çiyinə verib öz evlərində imkansız uşaqlara dərslər keçirlər. Hənifə xanım uşaqlar üçün qış geyimləri tikir, onları yedizdirib-içizdirir, öz övladlarından ayırmır. Həsən bəyin sarsılmaz iradəsi, millət sevgisi olmasaydı, başladığı işlər də yarımçıq qalacaqdı. Zərdabinin xeyirxah missiyası uğursuzluğa düçar olsa da, “Əkinçi”nin toxumları səpilib. Bu gün Zərdabda “Əkinçi” qəzeti nəşr olunur, qəzetin baş redaktoru İsaməddin Əhmədovla söhbətimiz Həsən bəy Zərdabidən başlayıb Məhərrəm Məmmədova qədər gəlib çıxır. İsaməddin müəllim deyir ki, Zərdabinin açdığı yoldan çox insanlar keçib ki, onlar məmləkətimizin işıqlı sabahlara çıxması üçün fədakarlıqlar ediblər, ömürlərini şam kimi əridiblər. O insanlardan biri də M.Məmmədov idi. Onun dəyişməz əxlaq prinsipi vardı: insanlara təmənnasız xidmət etmək, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban vermək. Belə insanlar heç vaxt unudulmur, onların yaxşılıqları nəsildən-nəslə ötürülür, sağlam cəmiyyətin qurulmasına xidmət edir. Nəsillər dəyişir, amma bu qəbil insanların əməlləri xalqın yaddaşına köçür.

 

***

 

...O zaman hələ Füzuli işğal olunmamışdı. M.Məmmədov hər həftə xidməti maşını ilə Füzuliyə, Cəbrayıla baş çəkir, vətəni qoruyan əsgərlərə yardımlar aparırdı. Əsgərlərlə görüşüb söhbətlər aparır, onlarda ruh yüksəkliyi yaradaraq qələbəmizə inandırırdı. Bu yardımların içində silah-sursatdan tutmuş pal-paltara, ərzağa qədər əsgərə lazım olan bütün zəruri əşyalar olurdu. Dəfələrlə ona xəbərdarlıqlar edilmişdi ki, “özünü təhlükəyə atırsan, balaların var, onları yetim qoya bilərsən, mümkün qədər özünü qoru”. Hər dəfə də cavabı eyni olurdu: “O torpaqları balalarımız üçün qorumalıyıq. Torpaq dədə-babalarımızın bizə əmanətidir, hər birimiz canımız bahasına olsa da onu qorumalıyıq. Orda döyüşənlərin hər biri bizim qardaşımızdır, oğlumuzdur. Biz onların yanında olmalıyıq”.

 

Zaman o zaman idi ki, topların mərmisi kimlərinsə eyvanına düşürdü, kəndlər erməni işğalçıları tərəfindən viran qoyulurdu, qəbir qazmağa da vaxt tapılmırdı, insanlar doğmalarını, əzizlərini dəfn etməyə macal tapmırdı, həyətlər, bağçalar məzarıstana çevrilirdi. 

 

*****

 

Zərdabdan unudulmaz təəssüratlarla ayrılırıq. Yolumuz Qarabağadır. Ağcabədini keçirik, Beyləqandan Füzuliyə yol görünür. Adəm Məmmədov sükan arxasındadır və onun daxilindəki təlatümlər mənə də sirayət edir. M.Məmmədovun şəhid olduğu yerə gedirik. Kültəpə deyilən əraziyə...

 

Polkovnik-leytenant Asif Məmmədovla görüşürük. 90-cı illərin əvvəllərində Füzuli rayon Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Cəbrayılı, Füzulini ovcunun içi kimi tanıyır. Məhərrəm Məmmədovla yaxın dost olublar. Bizi Əhmədbəyliyə, Kültəpə deyilən yerə apardı.

 

Asif Məmmədov bu yerlərdə şiddətli döyüşlər gedən vaxtları xatırlayır. Əlini hündür təpələrə tərəf uzadaraq “baxın, ən qızğın döyüşlər bu yerlərdə gedirdi” - deyir. Nə qədər əzizsən, müqəddəssən, ey Vətən torpağı! Canımızla, qanımızla düşmən tapdağında qalan yurd yerlərini azad edəcəyik. Məhərrəm Məmmədovu rahat kabinetində oturmağa qoymayan hiss məhz bu duyğu, bu istək idi.

 

Görəsən, son dəfə bu yolu gələndə hansı hissləri keçirib, nələri düşünüb? Empatik duyğulara qapılıram, onun həmin vaxtdakı emosional halını təsəvvür etməyə, onunla ruhi bağlılıq qurmağa çalışıram. İnanıram ki, ruhu bizi müşayiət edir.

 

Quru çaydan keçib Birinci Mahmudluya dönən yolda maşını saxlayırıq. Kültəpə... Mərminin düşdüyü ərazi... İzaholunmaz hisslər keçirirəm. Məhz bu yerdə, bu torpaqda Məhərrəm Məmmədovun ruhu bədənindən ayrılıb, son dəfə məhz bu səmanı seyr edib, dağların dəyişməz əzəmətini öz ruhuna köçürüb. Yanıb külə dönən maşının içində anası da varmış. Bütövlükdə dörd nəfər...

 

Adəm onların vurulduğu ərazidə addımlayır. Hiss edirəm ki, ürəyində atası ilə danışır. Sonra Cocuq Mərcanlıya getdik, ürəyimiz bir az toxtaq tapdı. Burada həyat qaynayır, insanların əhval-ruhiyyəsi yüksəkdir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini, Prezident İlham Əliyev tərəfindən birinci dərəcəli “Əmək” ordeninə layiq görülmüş Oqtay Həziyevin evində olduq. Yol kənarında iki yeniyetmə oğlan uşağı ilə rastlaşanda Adəm maşını saxlayıb onları sorğu-sual etdi. “Cocuq Mərcanlıdanıq” deyirlər. O uşaqların üzündə intiqam hissi gördüm. Onlar bəbir kimi hər an döyüşə atılmağa hazırdırlar. Qürur hissi keçirdik.

 

Axşam düşəndə Adəm atasının vurulduğu yeri bir də görmək istədiyini bildirdi. Gecənin qaranlığında maşın sürətlə Əhmədbəyliyə şütüyür. İstəyirəm soruşum ki... ürək eləmirəm. İçimizdə qövr edən qəhər burulğan kimidir. Gecənin zülmətini yaran maşın arxasınca sanki bir qəzəb şırımı açır.

 

Məhərrəm Məmmədovun uyuduğu məzardan bizi cəmi 5 kilometr məsafə ayırır. Amma biz o məsafəni adlayıb keçə bilmirik...

 

Lələtəpədə Azərbaycan bayrağı dalğalanır. And yerimiz, qürur mənbəyimiz! O tayda dağlarımız, kəndlərimiz görünür.

 

-Ən qısa zamanda o yerlərə qayıdacağıq! - deyirəm.

 

-Mütləq qayıdacağıq! - Adəm Məmmədov ötkəm səslə dillənir.

 

Maşınımız Bakıya istiqamət götürür. İçimdə yenilməz bir inam hissi var: növbəti gəlişimizdə birbaşa şəhidimiz, qəhrəmanımız Məhərrəm Məmmədovun məzarını ziyarətə gedəcəyik.    

 

 

 

AZƏRTAC

 

Respublika.- 2020.- 17 sentyabr.- S.6.