Vaqif sənəti yaşayır, yaşadır...

 

1980-ci il idi... Vaqif Mustafazadənin ölümünün bir illiyi ərəfəsində Azərbaycan Televiziyasının “Günün ekranı” xəbərlər proqramı üçün dəqiqə yarımlıq süjet hazırlamalıydım. ÖzüVaqifin doğulduğu evdə... Burada Vaqifə məxsus otaqda kiçik bir guşə yaradılmışdı. Eksponatlar hələ bütünlüklə toplanmamışdı. Bunu ustadın anası Zivər xanım da vurğuladı öz çıxışında... Kövrəlsə də, ağlamadı, özünü şax tutdu. Gənc övlad itirsə də, o anda dünyanın ən xoşbəxt anası kimi görünmüşdü mənə Zivər xanım. Bu, doğrudan da belə idi. Gözünün ağı-qarası, bircə Vaqifi dünya musiqi mədəniyyətinə ən gözəl töhfə idi. Onu bütün dünya musiqisevərləri sevirdi. O süjetdə sevimli bəstəkarımız Tofiq Quliyev də danışdı. Vaqif sənətinin möcüzəsindən söz açdı. Hələ də anlaya bilmirəm ki, Vaqif Mustafazadənin sənət möcüzəsinin sirrini, sehrini bu kiçik kadrlara necə sığışdıra bilmişdim. Amma təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, istədiyimi ala bilmişdim. “Düşüncə”nin melodiyası fonunda ekranda nümayiş etdirilən süjet bəyənilmişdi. Vaqif sənətini mənə sevdirən “Düşüncə”nin...

 

 

Üstündən 40 il ötəndən sonra qələmə aldığım bu yazımla sağlığında dəyər verə bilmədiyimiz bənzərsiz, təkrarsız sənətkara bir üzr borcumu yerinə yetirmək istəyi keçdi qəlbimdən.

Barmaqlar sirmayi dillərin üzərində gəzdikcə insan vəcdə gəlir. Bax, Novruza az qalır, səmənilər cücərdilib, dadlı, ləziz bayram şirniyyatı bişirilib. Su, torpaq, hava çoxdan oyanıb, Novruzgülü qar altından çoxdan baş qaldırıb, qaranquşlar müjdəsini gətirib. Axar çayların, bulaqların, şəlalələrin şırıltısı bir yaz nəğməsi oxumaqdadır. Dünyaya yenicə gələn körpənin çığırtısı da qarışır bu səsə. Hər şey daha gözəl olur. Bu Vaqifdir, sanki anasına bayram hədiyyəsi olaraq bu məqamda doğulub... Vaqif çalır, isti yay günlərində şıltaq Xəzərin sahillərini bürüyən xoşbəxt gülüşlərə qarışır musiqi... Sonra qızılı payızın düşüncələri alır səni ağuşuna. Xəzan yelinin saraldıb yerə tökdüyü yarpaqların xışıltısı, çiskin yağış, Bakı küləyi... Qışa yol qısalır, az keçmir hər tərəf bəmbəyaz yorğana bürünür. Bu soyuğun içində canından bir istilik keçir. Az qalır, Bahara az qalır. Yenə Bahar! Artıq o bahardan 80 il keçir. Yarıda qalan ömrü də elə bu yaşın yarısı qədər idi. 1979-cu il dekabrın 16-da bu dünya ilə vidalaşanda cəmi 39 yaşı vardı Vaqifin...

Vaqif Əziz oğlu Mustafazadə 1940-cı il mart ayının 16-da Bakıda İçərişəhərdə doğulub, orta musiqi təhsilini başa vurduqdan sonra A.Zeynallı adına musiqi məktəbini və konservatoriyanı bitirib. Musiqi təhsilinin bu pillələrində nəzəriyyə, solfecio, harmoniya üzrə məşğələlər, dünya musiqi mədəniyyətinin ən yaxşı nümunələri ilə tanışlıq onu sevdiyi sənətin zirvəsinə doğru addım-addım yaxınlaşdırırdı. Bu sahədə ilk müəllimi anası Zivər xanım olmuşdu. Doğulandan onun zərif barmaqlarının toxunuşundan süzülüb gələn gözəl musiqinin, əsasən də muğamın təsiri altında böyümüşdü. Ona görə də hələ məktəb yaşına çatmadan fortepiano ilə sıx ünsiyyət bağlamış, sonralar Zivər xanımın şagirdi olmuşdu. Onun damarlarında muğamlarımızın gözəl ifaçısı Zivər xanımın qanı axırdı, odur ki, muğam onun doğması, həmdəmi idi. 3 yaşından pianoya könül verən Vaqif, sənətə gəlişini belə səciyyələndirmişdi:Anam, dəniz və İçərişəhər”... Onun uşaqlıq dostu, telerejissor Vasif Babayev xatirələrində belə deyirdi: “Zivər xanım çox tələbkar qadın idi. Vaqif pianoda məşq edən zaman heç kəs onu narahat edə bilməzdi. O, hətta oğlunu parkdan, bal rəqslərindən ayırıb aparardı ki, məşqinə davam etsin. Qəti əminliklə deyirdi ki, bir gün gələcək, Vaqif çox məşhur pianoçu olacaq”.

Bəzən əyrini düzdən, yaxşını pisdən, yeniliyi köhnəlikdən, möcüzəni, istedadı, Allah vergisini adilikdən ayıra bilmirik. Sonra da oturub düşünürük: görəsən bu, belə olmasaydı, onu belə etməsəydik... nələr baş verərdi. Bu, daldan atılan daş kimidir... Bir insanı dahiliyin zirvəsindən yerə endirib, heçə saymaq, dünyanın ədalət deyilən mizanını pozmaq günahmı, cinayətmi, bilmirəm. Onu bilirəm ki, bu, onun üçün ölümdən də betərdir. Və hər ürəyin dözüb çəkə bilməyəcəyi qədər ağır bir yükdür. Ətrafın səni anlamırsa, başa düşmürsə, yox, anlayıb, başa düşmək istəmirsə, yaşamaq da mənasız olur. Halbuki, yaratdıqlarının məğzində dünyanı, onun gözəlliklərini duymaq, sevə-sevə, həzz alaraq yaşamaqdan başqa bir şey dayanmırdı.

Muğamla doğulan, onunla nəfəs alan, böyüyən, musiqi dünyasına birgə baş vuran, yaşadığı qısa ömrünü onunla bağlayan, dünyadan onunla köçən bir insanı milli ruhdan uzaq saymaq sənətkarın sənətinə, şəxsiyyətinə, mənəvi dünyasına vurulan zərbə deyildimi? Başqa sözlə, millətin qədim mədəniyyətinin nümunəsi olan muğama qanı-canı ilə bağlılığına ikrah etmək, elə millətin özünə təhqiramiz yanaşma deyilmi? Kiminsə zövqünə uyğun deyildisə, millətin adından danışmağa ona heç kəs haqq verməz axı! Bir zamanlar bütün dünyanın qarşısında baş əydiyi, səcdə etdiyi bir sənətin incilərini ekrandan, efirdən, tamaşa salonlarından yığışdırmaq o zaman kimə əl verirmiş? Böyük bir istedadı elə beşiyindəcə boğmaq kimə sərf edirmiş? Və nə yaxşı ki, gücləri yetmədi, bacarmadılar, çünki bu istedadı Tanrı vermişdi. O, bir möcüzə idi...

Dünya musiqi mədəniyyətinin bir-birinə əks olan iki təzahürü — cazmuğam. Bu iki sənətin heç birinin yaranma tarixi dəqiq bəlli deyil. Əgər, əks qütblərin birləşməsi heç vaxt mümkün deyildisə, bir-birinə əks olan bu iki sənətin birləşməsi, qovuşması, bir-birinə bu qədər gözəl şəkildə uyuşması möcüzə deyildimi?idi onları bir-birinə belə yaxınlaşdıran, doğmalaşdıran?

1977-ci ildə Xarkovda bir konfrans keçirilirdi. Bax, bu suala orada cavab aranırdı. Sən demə, cazın da, muğamın da əsasını improvizə təşkil edir, hər ikisində müəyyən lad dairəsində melodiyanın sərbəst inkişafı əsas yer tutur. Bu gün bunlar adi, sadə görünə bilər. O vaxt üçün isə... Söhbətlərinin birində Vaqif deyirdi: “Bu barədə nəsə aydınlaşdırmaqda çətinlik çəkirəm. Mən Ellinqtona Qudmenə, Parker Gilesipiyə, Evans Brubekə minnətdaram. Koltreynə səcdə edirəm. Estrada kompozisiyalarına muğam elementləri daxil etdikləri üçün Rauf Hacıyevə, Tofiq Quliyevə, Pərviz Rüstəmbəyova minnətdaram”.

Vaqif Mustafazadəni Azərbaycan cazının banisi, yeni caz-muğam üslubunun yaradıcısı kimi ən yüksək zirvəyə qaldıran, ona Tanrı tərəfindən lütf edilən fitri, doğal istedadı idi. Qəribə sənət taleyi vardı, Vaqifin qədrini kənarda daha çox bilirdilər, nəinki öz doğma Vətənində. Dünyanın ən görkəmli musiqiçiləri onun haqqında yüksək fikirlər söylədikləri halda, doğma Vətənində çoxları Vaqifi anlamırdı... Fərqində deyildilər ki, V.Mustafazadə öz ifaları ilə Azərbaycanı tanıdırdı dünyaya... Vaqifin musiqisi caz stilinə əsaslansa da, tamamilə başqa qaynaqlara, qədim dövrlərə, Nizamiyə, Nəsimiyə, Füzuliyə, bəlkə daha uzaq zamanlara gedib çıxırdı... Məhz elə buna görə ona yad olan mədəniyyətə - caza yeni bir üslub - muğam təfəkkürü, nəfəsi gətirə bilmişdi. Təəssüf ki, o, öz cazını daha geniş məkanda təbliğ edə bilmədi, dünya caz səhnəsində öz məharətini, muğamın gücünü, sehrini, sirrini, möcüzəsini istədiyi kimi göstərə bilmədi, çünki ömür vəfa etmədi. Bütün qovğa qadağaları aşaraq sənətini daha yeni, hələ fəth olunmamış yüksəkliyə qaldıra bilərdi, kaş ki ömür vəfa qılaydı... Amma kim necə düşünür, deyir-desin, Vaqif cazla muğamın sintezindən yaratdığı fövqəl sənətinin ən uca mərtəbəsində idi.

Bəstəkar Faiq Sücəddinov xatırlayır ki, 1950-1960-cı illər Bakı pianolu şəhər idi. Az qala hər evdə, hər ailədə piano pianoçalan vardı. O illərdə zövqlü musiqi ilə nəfəs alan pianolu Bakıda lap əla çalanlar da az deyildi. Lakin Vaqif birinci idi bu qədər zaman keçsə , o, yenə birinci olaraq qalır. Şair, mahir pianoçu Vaqif Səmədoğlu da eyni dəyərləndirməni verərək söyləyirdi ki, bu qədər pianoçu gəldi, hətta eynən Vaqif yolu, Vaqif barmaqları ilə çalanlar da var, amma Vaqif yüksəkliyinə ucala bilən olmadı.

Çünki Vaqif pianonu çalmırdı, pianonu, onun şirmayi dillərini, o dillərdən qopan səsləri yeyirdi. Hər səsi barmaqlarından, ürəyindən, beynindən, lap yerin təkindən saf bulaq kimi çıxarırdı. Yenə düşüncələr... Hardansa, tanış, doğma musiqi səsi gəlir... Vaqifin ifasıdır:

Dünya bir pəncərədir, hər gələn baxar, gedər...

O da bu pəncərədən baxıb keçdi, amma sadəcə keçmədi emosiya gərginliyi ilə dolu bir həyat yaşadı. Bu həyat daim hərəkətdə, dinamikada idi, yanır-yanırdı, daim axtarışlara, yeniliyə, mübhəmliyə can atırdı. Bəlkə elə buna görə muğam da, caz da həyatının mənası olmuşdu...

Vaqif sənəti yaşayır, yaşadır. Bir vaxt doğulub boya-başa çatdığı mənzilin pəncərələrindən süzülüb gələn melodiya xəfif Bakı küləyinin qanadlarında İçərişəhərin əyri-üyrü dalanlarından keçib dənizə doğru can atır, Xəzərin şıltaq ləpələrinə qarışıb qumlu sahilə çırpılır... Təzə bir sənət əsəri yaranır: fərqli ecazkar... Musiqi dünyası yeni bir Vaqifin doğuşunu gözləyir...

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2020.- 18 sentyabr.- S.4.