Azərbaycan dövlətçiliyi
tarixinin öyrənilməsində iki böyük numizmat
alimin rolu
Hər bir xalqın mədəniyyət göstəricisi onun mədəni irsinin zənginliyi ilə ölçülürsə, bu xəzinənin nə dərəcədə zəngin olması onu kimin yaratmasından asılıdır. Yaradılan maddi-mənəvi irsin tədqiq edilərək qiymətinin ortaya çıxarılması isə mürəkkəbinin bir damlası 70 şəhid qanına bərabər alimlərin əlindədir.
Bu alimlərdən biri 55 il bundan öncə dünyasını dəyişmiş və iki min ildən artıq bir dövr dövlətçiliyimizi müşayiət edən Azərbaycan sikkələrinin öyənilməsində böyük rolu olan Yevgeni Paxomov, digəri isə onun davamçısı, uzun mənəvi ömrünü bu gün də dövlətçiliyimizin öyrənilməsinə həsr etmiş, hazırda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi, Bakıxanov adına mükafat laureatı, professor Əli Rəcəblidir.
Azərbaycan Respublikasının numizmatik irsi çox zəngindir. Onun ərazisindən
tapılmış sikkə dəfinələri dövlətimizin
pul təsərrüfatı, əmtəə-pul dövriyyəsi,
iqtisadi-siyasi durum, daxili və xarici ticarət əlaqələri,
ictimai-siyasi və dini proseslərin öyrənilməsində
əhəmiyyətli rol oynayır. Digər
maddi-mənəvi abidələr kimi, onları tədqiq edərək
ikinci həyat vermək işində ən böyük məsuliyyət
də bu iki məşhur numizmatın üzərinə
düşür. Müəlliminin
başladığı işi layiqincə yerinə yetirən
Əli Rəcəbli hazırda Azərbaycanda numizmatika üzrə
bir nömrəli mütəxəssis sayılır və bu
sahədəki müxtəlif mübahisəli məsələlərdə
son nöqtəni o qoyur.
İlk
addımlarını Azərbaycan Cümhuriyyətinin dəvəti
ilə 1919-cu ildə Tiflisdən Bakıya, ilk Azərbaycan
Universiteti - Bakı Darülfununda dərs demək
üçün gələn məşhur
kolleksiyaçı, numizmat, arxeoloq alim, Azərbaycan Elmlər
Akademiyasının (indi AMEA) müxbir üzvü, t.e.d.,
professor Yevgeni Aleksandroviç Paxomovun (1880-1965) fəaliyyəti
Muzekskursla (indiki Milli Azərbaycan Tarixi Muzeyi ilə)
bağlı olmuşdur. Onun əsasını
qoyduğu bir neçə sikkədən ibarət azsaylı
numizmatik kolleksiya zaman keçdikcə zənginləşərək,
hazırda sanballı sikkə fonduna - Azərbaycanın
numizmatik irsinin toplanması, qeydə alınması,
qorunması, tədqiqi, nümayişi və nəşri
üzrə respublika mərkəzinə çevrilmişdir.
Professor Y.Paxomov 35 il Numizmatika Fondunun
mühafizi olmuş və eyni zamanda Universitetin tarix fakültəsində
numizmatika və arxeologiya fənləri üzrə mühazirə
oxumuşdur. O, Azərbaycanın və qonşu ölkələrin
ərazisində aşkar olunan sikkə tapıntılarına
xüsusi diqqət yetirmiş, qeydiyyatlarını
aparmışdır. Deyirlər ki, alimdən
sonra qalan üç dəyərdən biri onun öyrətdiyi
elm, yetişdirdiyi davamçıdır. Bu
missiya Y.Paxomovdan sonra Əli müəllimin üzərinə
düşüb. Belə ki, 1951-ci ildə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq
fakültəsini fərqlənmə diplomu ilə bitirən
Əli Rəcəbli görkəmli alim Yevgeni Paxomovun məsləhəti
və Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan
Tarixi Muzeyi) direktoru, məşhur arxeoloq S.Qazıyevin təklifi
ilə “numizmatika” ixtisası üzrə respublikada ilk aspirant
olaraq muzeyin aspiranturasına daxil oldu.
Həmin
illərdə muzeyin Numizmatika Fondunun mühafizi vəzifəsini
(ictimai əsaslarla) icra edən Əli müəllim numizmatik
materiallarla yaxından təmasda olmaq şansı qazanaraq həm
tədqiqat mövzusunu araşdırmağa, həm də
numizmatik təcrübə əldə etməyə nail oldu. O,
elmi rəhbəri Yevgeni Paxomovun məsləhətlərini nəzərə
alır, daim biliyini artırmaq üçün səy göstərirdi.
1953-cü ildən muzeydə kiçik elmi işçi
olaraq fəaliyyət göstərən Əli müəllim,
1963-cü ildə 07.00.06 - “Arxeologiya” ixtisası üzrə “Səfəvilər
dövlətində məskukat işi - XVI-XVIII əsrlər”
(rus dilində) mövzusunda namizədlik dissertasiyasını müdafiə
etmişdir.
Y.Paxomovun tələbəsi, hələ o vaxtlar
1960-cı ildə gənc Əli Rəcəbli numizmatika elmi
sahəsində uğurlar əldə etməyə
başlayır. O, Sovet numizmatikasında 60-cı illərə qədər
öyrənilməmiş Səfəvilər dövlətində
məskukat işinin təşkili məsələsini araşdırmağa
başlayır. “Təzkirət əl-Mülük”, “Ayini
Əkbəri”, gürcü mənbəyi “Düsturlamali”
kitablarından, XVI-XVIII əsrlərdə İranda və Azərbaycanda
olmuş Avropa səyyahları və missionerlərinin xatirələrindən
alınan məlumatları qarşılıqlı surətdə
öyrənən müəllif Səfəvilər zərbxanaları
haqqında yeni maraqlı məlumatlar vermişdir.
Hər bir təltif və ya mükafatın arxasında
görülən işlər, əldə edilən nailiyyətlər
durur. Əli müəllim 1970-ci ildə “Fədakar əməyə
görə” medalı ilə təltif edilmişdir. Bu,
Əli müəllimə muzeyin mövzu-ekspozisiya
planlarının tərtibində, muzey ekspozisiyasının təşkili
və reekspozisiya işlərində, o cümlədən
Naxçıvan, Zaqatala, Hişkədərə-Masallı,
Şamaxı, Gəncə kimi respublikanın bir sıra
diyarşünaslıq muzeylərinin, mövzu-ekspozisiya
planlarının tərtibi, ekspozisiyalarının montajı,
eksponatların təyin və tədqiqi işində bilavasitə
yaxından iştirak etdiyinə görə verilmişdir.
Respublika daxilində və xaricdə keçirilən
elmi yığıncaqlarda müntəzəm olaraq elmi məruzələrlə
iştirak edən Əli Rəcəblinin elmi yaradıcılıqla
bərabər, Azərbaycan irsinin təşviq və təbliğində
bir muzey işçisi kimi rolu böyükdür. O, mətbuat, radio və
televiziya verilişlərində Azərbaycan tarixi və
numizmatikası problemləri üzrə
çıxışlar etmişdir. Dəfələrlə
muzey müdiriyyəti, AMEA-nın Rəyasət Heyəti, Mədəniyyət
Nazirliyi tərəfindən təşəkkürlər
almış Əli müəllim muzeydə böyük elmi
işçi vəzifəsində
çalışdığı 1972-ci ildə “Əməkdar
mədəniyyət işçisi” adına
layiq görülmüşdür.
1968-ci ildən
hazıradək Azərbaycan Tarixi Muzeyinin numizmatika və epiqrafika
şöbəsinin müdiri vəzifəsində işləyən
Əli müəllim həm də pedaqoji fəaliyyət
göstərərək respublikamızın bir sıra ali təhsil
ocaqlarında (BDU, LDU, ADMİU) “Tarixə yardımçı
fənnlər”, “Azərbaycan numizmatikası” və d. fənnlər
üzrə mühazirələr edir, bir sıra metodik
tövsiyələrin, dərs proqramlarının müəllifidir.
Onun 1997-ci ildə çap edilmiş “Azərbaycan
numizmatikası” (rus dilində) dərsliyi dəyərli və
təcrübi əhəmiyyətli əsərlərdəndir.
Əli müəllim 2000-ci ildə 07.00.06 - “Arxeologiya”,
07.00.02 - “Vətən tarixi” ixtisasları üzrə “Azərbaycan
numizmatikası” (rus dilində) mövzusunda doktorluq
dissertasiyasını müdafiə etdi. Hazırda
Əli müəllim Azərbaycanın numizmatik abidələrinə
həsr edilmiş 100-dən artıq yerli və xarici mətbu
orqanlarında işıq üzü görən elmi məqalələrin
müəllifidir.
2006-cı
ildə AAK-ın qərarı ilə professor elmi adına layiq görülmüş Əli
müəllim, 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif
edilmişdir.
Öz
ixtisasını sevən, daim elmi axtarışlarda olan,
müasir metodikaya əsaslanaraq numizmatika elminin inkişaf
tapmasına çalışan alim, bacarıqlı,
işgüzar muzey işçisi olan professor Əli Rəcəbli
muzey kollektivinin və həmkarlarının dərin hörmətini
qazanmış və dəfələrlə muzey müdiriyyəti,
AMEA-nın Rəyasət Heyəti, Mədəniyyət
Nazirliyi tərəfindən təşəkkürlər almışdır.
Onun rəhbərliyi və məsləhəti ilə
bir sıra dissertasiya işləri müdafiə edilmiş,
çoxsaylı tədqiqatçılara əməli və
elmi yardım edilmişdir.
Alimin mütəxəssis-numizmatlar, tələbələr
və Azərbaycan numizmatikası ilə maraqlanan şəxslər
üçün nəzərdə tutulmuş əsərləri
daim aktuallığını qoruyur.
Professor
Əli Rəcəbli əldə etdiyi nailiyyətlərə
görə AMEA Rəyasət Heyətinin qərarı ilə
2017-ci ildə A.A.Bakıxanov adına
mükafata layiq görülmüşdür.
Onun uzun illər boyu apardığı elmi
axtarışları və numizmatika fondunda toplanmış
faktik material əsasında yazdığı və Azərbaycanın
numizmatik abidələrinə həsr edilmiş 100-dən
artıq elmi məqalələrdə və sanballı əsərlərdə
öz əksini tapmışdır. Müəllif “Azərbaycan
numizmatikası” Bakı, 1997; “Azərbaycan qədim və orta
çağ sikkələri”, “Azərbaycan sikkələri” (Azərbaycan
və rus dillərində), “Azərbaycan Səfəvilər
dövlətinin məskukat (sikkə) işi”,
“Şirvanşahlar dövlətində sikkə zərbi”,
“Qafqaz pulları” kitab-albomlarında Azərbaycan
numizmatikası layiqli şəkildə təmsil edilmişdir.
Elm aləmində müəllim-tələbə
qarşılıqlı əlaqələri bütün
dövrlərdə mövcud olmuşdur. Orta əsrlərdə
də, bu gün də yaxşı müəllim tələbələrinə
təmənnasız elm öyrədir, bilgi verir, yaxşı tələbə
isə müəlliminin başladığı, lakin sona yetirə
bilmədiyi, yarımçıq qoyub getdiyi işi davam etdirir,
başa çatdırır. Necə ki,
Şirvanşahlar dövlətçiliyinin sikkələri
vasitəsilə öyrənilməsi ilk dəfə olaraq
böyük numizmat alim prof. Y.Paxomov tərəfindən
başlanmış, lakin, ömür vəfa etməmiş,
iş sona çatdırılmadığından, bu işi
elm aləmində öz dəst-xətti olan professor Əli
müəllim Rəcəbli davam etdirmişdir. O, Azərbaycan ərazisində
fəaliyyət göstərmiş sülalələrdən ən
uzundövrlüsü olan Şirvanşahlar adından kəsilmiş
və Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan
sikkələri tarixin prizmasından öyrənərək tədqiqat
süzgəcindən keçirmiş, “Şirvanşahlar
dövlətinin sikkə zərbi” monoqrafiyasını ərsəyə
gətirmişdir. Monoqrafiyada göstərilir ki,
yüz illər ərzində daxili çəkişmələr
və çoxsaylı hərbi müdaxilələrlə
üzləşən, daha güclü dövlətlərin
hücumuna məruz qalaraq zaman-zaman müstəqilliyindən məhrum
olan Şirvanşahlar bütün çətinliklərə
baxmayaraq, dövlətçilik ənənələrini davam
etdirmişdir. Numizmatik materiallara əsaslanaraq,
yazılı mənbə və arxeoloji materialları əlavə
edərək Əli Rəcəbli belə nəticəyə gəlir
ki, Şirvanşahlar dövləti özünün iqtisadi
potensialı və yüksək sosial-mədəni inkişaf səviyyəsinə
görə III Mənuçehr ibn Əfridunun (1126-1160)
dövründə “Müsəlman intibahı”nın ən
möhtəşəm mərkəzlərindən birinə
çevrilmişdir.
Müəllif
göstərir ki, şirvanşah III Mənuçehr
qonşularla qohumluq əlaqələri yaradaraq ətrafını
möhkəmlətməyə, Azərbaycan Atabəylərinə
xərac verməklə ölkənin əmin-amanlığına
çalışmış, onun siyasəti ölkənin
müstəqilliyinə, sosial-iqtisadi durumunun və mədəni
həyatının çiçəklənməsinə təminat
vermişdir. Müəllifə görə,
müasir dövrə qədər gəlib çatan
çoxsaylı sikkələri və gümüş suyuna
tutulmuş dirhəmlərdən ibarət bütöv bir dəfinə
də, sikkələr üzərindəki kitabələrdəki
şahın dəbdəbəli titulu (ədalətli məlik,
dünya və dinin cəlalı şirvanşah) da onun
müstəqilliyinə dəlalət edir.
Qədim və zəngin dövlətçilik tarixinə
malik Azərbaycan xalqı XX əsrin sonunda Sovetlər Birliyinin
dağıdılmasından sonra öz tarixi
torpaqlarının bir hissəsində yenidən müstəqillik
əldə etdi. Hazırda Anadolu türklərindən
sonra dünyanın ikinci böyük türk xalqı olan Azərbaycan
xalqı bu ərazidə digər postsovet məkanında olan
ölkələr kimi dövlətçilik ənənələri
yaradaraq müvafiq dövlət rəmzlərini də qəbul
etmişdir. Lakin bu dövlətin digərlərindən
fərqli zəngin və özünəməxsus bir mədəniyyəti
və dövlətçilik ənənələri vardır.
Dövlətçilik ənənələri
haqqında bir sıra əsər və məqalələr
yazılmasına baxmayaraq, Əli müəllimin müəllifi
olduğu “Sikkə və dövlətçilik” kitabı
öz spesifik xüsusiyyətləri ilə fərqlənir.
İdarə üsulundan asılı olmayaraq,
bütün dövlətlər öz xüsusi qanun və
prinsiplərini rəhbər tutur, bu da əlverişli şəraitdə
bu və ya digər ölkədə milli dövlətçiliyin
elementlərinin formalaşması üçün zəmin
yaranmasını şərtləndirir. Dövlətçilik
siyasət elminin ən önəmli sahələrindən biri
olan dövlətşünaslıq və dövlət nəzəriyyəsinin
ayrılmaz hissəsidir. İndiyə qədər
elmi ədəbiyyatda “dövlətçilik”
anlayışının dəqiq izahı yoxdur. Azərbaycan tarixşünaslığında
bilavasitə dövlətçilik məsələsinə həsr
olunmuş bir neçə qısa məzmunlu yazılar nəzərə
alınmazsa, bu problemin elmi cəhətdən dərk edilməsi,
onun konseptual-nəzəri əsası, formalaşması,
inkişafı və müasir durumunun əsas aspektləri
haqqında heç bir elmi-tədqiqat işləri
aparılmamışdır. Çoxtərəfli
dövlət və dövlətşünaslıq probleminin
müxtəlif məsələlərinə həsr olunmuş
əsərlərdə tədqiqatçılar, dövləti
“insanların ən mükəmməl ümumi
yaşayış forması kimi xarakterizə edən Aristoteldən
başlayaraq, dövlətçilik anlayışına
ümumdövlət problemi kontekstində, onun tərkib hissəsi
kimi yanaşmışlar, lakin dövlətçiliyin
funksional mahiyyəti və əsas özəllikləri
açıqlanmamışdır. Əli Rəcəbli
uzun illər numizmatik faktlar üzərində
apardığı tədqiqatlara əsaslanaraq qədim və
ortaçağ dövrlər dövlətçiliyin
formalaşmasının çox problematik olduğunu göstərir.
Qədim quldarlıq, hərbi diktatura dövlətlərində
və ya dünya imperiyalarında dövlətçilik
formalaşa bilməzdi. Əhəməni, yunan-Makedoniya,
yaxud yaxın keçmişdə şahidi olduğumuz sözdə
“xalqlar dostluğu” ideyalarını təbliğ edən, lakin
“şər imperiyası” adlanan SSRİ kimi yalnız silah
gücünə yaradılmış dövlət
qurumları-konqlomerat imperiyalar gec-tez ya içəridən
parçalanır, ya da daha güclü hərbi qüvvənin
təzyiqi altında dağılırdı. Bu
gün bəzi dövlətlər nəinki ənənəvi
dövlətçiliklə, heç müasir sabit, təməlli
milli dövlətçiliklə də öyünə bilmirlər.
Əli Rəcəbli dövlətçiliyin
çağdaş durumu ilə bağlı Azərbaycan
Respublikası Prezidentinin “Müraciəti”ndə əks olunan
müddəaların xüsusi önəm
daşıdığını qeyd edir. Müraciətdə
ümummilli lider Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə
dair aktual, ən önəmli məsələlərinə
xüsusi diqqət vermiş, ona göstərilməli olan
şəxsi və ümumxalq qayğısını ön
plana çəkmişdir. Müraciətdə ölkə
Prezidenti “dövlətçilik hissi”ni
xüsusi olaraq qeyd edir; onu dövlətin yaranmasını və
sonrakı inkişafını şərtləndirən
sosial-psixoloji kateqoriya kimi vurğulayır. Bununla
da ümummilli lider siyasət elmində ilk dəfə olaraq,
dövlətçilik anlayışına son dərəcə
aydın və lakonik şəkildə şərh vermiş
oldu. Əli Rəcəbli göstərir
ki, ulu öndərin bəhs etdiyi “dövlətçilik hissi”
milli dövlətçiliyin kvitessensiyasını təşkil
edir. Bu hissi hər bir vətəndaş
könüllü olaraq öz üzərinə
götürür və ona ömrü boyu sadiq qalır.
Müəllif əsərində “dövlətçilik”
termini anlayışına məhz bu baxış bucağı
altında yanaşmışdır. O, göstərir ki,
bu anlayış yalnız suveren hakimiyyətin legitimliyini, onun
yalnız həqiqi status-kvosunu deyil, həm də vətənə
olan ümumxalq sevgisini, onun maddi və mənəvi sərvətlərinin
qorunması və tərəqqisinə yönələn
qayğı, amac və istəyi özündə təcəssüm
etdirir.
Bütün yaradıcı həyatını dövlətçiliyin
öyrənilməsinə həsr etmiş müəllif
dövlətçiliyi xarakterizə edərək göstərir
ki, dövlətçilik-cəmiyyətin müəyyən ərazi
çərçivəsində təşkili dərəcəsidir. O, cəmiyyətin elə
bir inkişaf səviyyəsini göstərir ki, bu zaman
çağdaş dövlətlərdə hakimiyyətin
sabitliyi və irsini xarakterizə edən və şərtləndirən
müəyyən ənənələr, adətlər,
institutlar, atributlar, monarxiya dövlət strukturlarında isə
sülaləlik prinsipləri özünü büruzə
verir.
Hər
hansı bir dövlət və ya ölkədə dövlətçilik
institutu və ya dövlət hakimiyyətinin vəhdət və
sintezindən danışarkən onun bazasını təşkil
edən amilləri-yəni xalq tərəfindən
seçilmiş siyasi hakimiyyətin, ərazi
bütövlüyünün, hegemon titul etnos və dövlət
dilinin, iqtisadi hərbi durumun, valyutanın, dövlət
ideologiyası, yəni azərbaycançılığın
və müvafiq simvolikanın mövcudluğunu nəzərə
almaq gərəkdir. Göstərilən amillərdən
birinin yoxluğu, dəyişməsi və ya əvəz edilməsi
mövcud hakimiyyətdə sabitliyin pozulmasına səbəb
olmaqla, dövlət və dövlətçiliyin əsas
quraşdırıcı bəndi olan vətəndaş cəmiyyətinin
yaranmasında müəyyən fəsadlar törədə
bilər. Müəllifin dövlətçilik
anlayışına verdiyi izah, təbii ki, problemin həllinə
tam cavab verə bilməz. Xüsusilə də,
qədim və orta əsrlər dövlətlərini daha
dolğun şərh etmək üçün dövlətçilik
institutuna və dövlət hakimiyyətinə
ayrılıqda və ümumilikdə xas olan bütün
elementləri tədqiqata cəlb etmək lazımdır.
Siyasət elminin çoxşaxəli sahəsi olan
dövlətçilik institutunun tam mahiyyətini və
çağdaş durumunu tədqiq etmək üçün vətənimizin
müxtəlif dövrləri tarixinə aid, xüsusilə qədim
və orta əsrlər dövrünə aid numizmatik
faktların toplanması və öyrənilməsi çox
vacibdir. Çünki Azərbaycan sikkəsi, bu kitabın
illüstrasiyalarından göründüyü kimi, 2500 ilə
yaxın bir müddət ərzində Azərbaycan dövlətçiliyini
müşayiət və təmsil edir.
Məlumdur ki, Sovetlər Birliyinin dağılması ilə
müstəqillik əldə etmiş suveren respublikalar tezliklə
öz dövlət institutlarını yaratmağa, müvafiq
dövlət hakimiyyət rəmzlərini də qəbul etməyə
başladılar. Lakin Azərbaycana can verməkdə
olan Sovet İttifaqından ağır bir miras da qaldı. Azğınlaşmış erməni separatizmi
mirası. Havadarlarının köməyi
ilə Azərbaycan xalqını qanlı müharibəyə
vadar edən ermənilər ərazimizin bir hissəsini zor
gücünə işğal etdilər. Azərbaycan
ərazilərini özününküləşdirməyə
çalışan erməni saxtakarlarına qarşı bir
cavab da Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi
Muzeyinin əməkdaşı Əli Rəcəblidən gəlmişdir.
Belə ki, 2016-cı il 26-29 sentyabr tarixlərində
Ermitajda keçirilmiş II Beynəlxalq Şərq
Numizmatikası konfransının proqramına A.Akopyanın və
P.Petrovun bir məruzəsi də daxil edilmişdi. Məruzə belə adlanırdı. “Şərqi Ermənistan xanlıqlarında (İrəvan,
Naxçıvan, Qarabağ, Gəncə) sikkə işi
(1747-1827). “Şərqi Ermənistan xanlıqları”
sözündən sonra mötərizədə İrəvan,
Naxçıvan, Qarabağ, Gəncə xanlıqları
yazılmışdı. Bununla
bağlı muzeyin Elmi Şurası Ermitajın direktoru
M.B.Piotrovskiyə və konfransın təşkilat komitəsinə
etiraz məktubu göndərmişdi. Məktubda saxta erməni
iddialarına söykənən məruzə müəlliflərinin
qondarma “Şərqi Ermənistan” adı altında əzəli
Azərbaycan torpaqlarını təqdim etməsinə etiraz
bildirilmiş, A.Akopyan və P.Petrovun məruzəsinin
konfransın proqramından çıxarılması təbəb
edilmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin AMEA Rəyasət
Heyəti və Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi ilə birgə fəaliyyəti nəticəsində
erməni təxribatının qarşısı
alınmış, məruzədən “Şərqi Ermənistan
xanlıqları” ifadəsi çıxarılmış və
həmçinin muzeyin “Numizmatika və Epiqrafika” şöbəsinin
müdiri prof. Əli Rəcəblinin konfransda
çıxış etməsi təmin olunmuşdu. Əli müəllim yaşının çox
olmasına baxmayaraq, riskə gedərək uzaq yola səfər
etmişdi və bu Azərbaycan tarixini təhrif edənlərin
cavabını vermək, erməniləri susdurmaq onun
üçün daha önəmli idi.
Mən orta əsrlər müsəlman mədəniyyəti tədqiqatçısıyam. Bilirəm ki, orta əsrlərdə Azərbaycan alimləri elm öyrənmək üçün hər cür çətinlikləri dəf etmişlər. Əl-Məərrinin “Kitab əl-Təhzib fi-l-luğə” kitabını torbaya qoyub çiyninə ataraq Təbrizdən əl-Məərrəyə aparmış Xətib Təbrizinin kürəklərindən axan tər kitabı islatmışdı. Hadisədən xəbəri olmayanlar ona baxdıqda suya düşdüyünü zənn edirlərmiş. Halbuki, o, yalnız Xətibin təri idi. Sonradan elm sahəsində yüksələrək, hətta Nizamiyyə mədrəsəsində dilçilik kafedrasına rəhbərlik edən bu alimin vaxtilə minik tutmaq üçün pulu yox idi, lakin elm əldə etmək üçün sonsuz həvəsi var idi.
Elə insanlar var çox yaşayır, lakin mənasız yaşayır, elələri də var ki, qısa yaşayır, lakin mənalı yaşayır. Uzun ömrü mənalı yaşamaq isə hər kəsə nəsib olmur. Mən belə uzunömürlü və çox məhsuldar alimlərdən olmuş Y.Paxomova rəhmət diləyir, geniş intellekt və dünyagörüşünə malik, çox savadlı, özünəməxsus dil üslubu olan, dəst-xətti dəst-xəttlər arasında seçilən Əli müəllimə isə bu günə qədər və daha sonra çap olunacaq kitablarının bəhrəsini görməyi və həyatda ən şirin nemət olan möhkəm cansağlığı arzu edirik.
Nərgiz
ƏLİYEVA,
AMEA Milli
Azərbaycan Tarixi Muzeyinin
Elmi
işlər üzrə direktor müavini,
tarix elmləri doktoru.
Respublika.- 2020.- 18 sentyabr.- S.5.