KAVALER ARMED MİŞEL*

 

(əvvəli 17 sentyabr tarixli sayımızda)

 

 

 

- Amma bir yaxşı cəhət var ki, indicə Monmarsandan gələn şofer şəhərə yaxşı bələddir. Onun sənə çox köməyi dəyə bilər...

Bələdçi qabaqda gedir...

Dağlarda ilk baharın təravəti duyulur, daşların arasından otlar qaynayır, ağacların tumurcuqları paralanır. İstəyirsən ki, yamaca uzanıb, günəşin ilıq şüaları altında qızınasan, mürgüləyəsən. Lakin axşama doğru hava soyuyub sərtləşir, ayaz gecə başlayır. Ay yavaş-yavaş göyə dikəlir. Sanki göy qübbəsi alçaq hücrə tağı kimi dağın üstünə çevrilib. Adama elə gəlir ki, əlini uzatsan ay işığında süddə çimmiş açıq mavi rəngli səmaya çatar. Bələdçi ilə birlikdə 10 nəfər adam tələsmədən, asta-asta dağdan enir. Aşağıda, geniş vadidə Monmarsanın qotik üslubda tikilmiş qübbəli evləri görünür. Burada küçə və meydançalar seçilmir. Damlar bir-birinə dayaq vurub, iri daşlar səpələnmiş çay yatağını xatırladır. Şəhər getdikcə dərin yuxuya dalır, bir-iki saatdan sonra isə pəncərələrdə axırıncı işıqlar da sönəcəkdir.

Bələdçi tez-tez dönüb arxaya boylanır. Roje keçi kimi atıla-atıla addımlayır. Xarqo düşüncələrə dalmışdır. Azacıq dalda marselli fəhlə öz ailəsindən söhbət açıbdır.

- Oğlum gələn il məktəbə gedəcək, - deyə o, mühüm xəbəri yoldaşlarına söyləyir.

- Mənimki isə dərsi yarımçıq qoyub işləyir. Nə etsin. Müharibədir, dolanacağın ağırlığı onun üstünə düşüb.

Xarqo düşünür ki, atasının tələb etdiyi kimi texnikumu bitirəndə evlənsəydi, indi onun da uşağı həyət-bacada atılıb düşərdi. Görəsən evimizdə nə edirlər? Yəqin qara kağızımı alıblar. Ürəyinin içi göynəyir. O, həmişə öz-özünü aldadır, böyüyüb boya-başa çatdığı Oxud dağlarından heç nə ilə fərqlənməyən dağları öz doğma yurdu sanıb, qəlbini sakitləşdirir. Lakin vətən buralardan çox uzaqdadır. Ona elə gəlir ki, səmada sayrışan ulduzlar Qafqaz dağlarının ətəklərində sayrışır, parlaq şüalar oradan axıb gəlir ki, onun ürəyini ümidlə doldursun.

Şəhərə yaxınlaşdıqca Xarqo şirin xəyalları özündən uzaqlaşdırıb, diqqətini əməliyyat üzərinə cəmləşdirir. Düzdür, hələ dağlarda əməliyyatın planı tərtib olunmuşdur. Özü də bütün təfsilatı ilə...

İlk binalar, küçələr. Dəstə üç qrupa bölünür. Onlar bir də şəhər meydanında görüşəcəklər...

Həmin gecə Monmarsan sakinlərini yuxudan dəhşətli partlayış oyatdı. Quşun belə uça bilməyəcəyi hündür divarların arxasındakı tikililəri alov bürümüşdü. Partlayışlar ara vermirdi. Yanğınsöndürən maşınların ardınca soldatlarla dolu yük maşınları darvaza ağzında əylənirdi. Maşından tökülüşən zabitlər içəridə, divar dibində keşikçilərin cəsədlərini tapırdılar. Alt paltarında olan keşikçilərin kürəyində bıçaq yarası qızarırdı. Özü də sanki kürəklərə eyni əllə, eyni nöqtəyə sancılmışdı...

Partizan dilində bu, çox təmiz və səliqəli iş idi. Xarqonun dəstəsi əməliyyatı sakitliklə həyata keçirmişdi. Bir qrup meydançanı nəzarət altında saxlamış, ikinci qrup darvaza ağzındakı keşikçiləri gözaltı etmiş, üçüncü qrup isə cərəyan xəttini kəsərək, teleqraf məftilləri ilə sallana-sallana divarların üstündən aşıb içəri düşmüşdü. Əvvəlcə içəridə aradan götürülən keşikçilərin paltarlarında təzə “alman keşikçiləri” qoyulmuş, sonra növbə darvazadakılara çatmışdır. Partizanlar xeyli silah daşıyıb aparmışdılar, qalanı isə göyə sovrulmuşdu.

İndi Xarqo deyə bilərdi ki, düşmənin qəddarlığı ona baha başa gəlir. O, qürurla söyləyə bilərdi ki, işgəncəli yolların əvəzini çıxır, vətən qarşısında öz borcunu yerinə yetirir. Lakin o, sadə adam idi, öyünməyi sevmirdi. Doğma torpağının və faşist köləliyində əzab çəkən insanların intiqamını alırdı. Bu, xalq intiqamı idi. Bəşərə qarşı nifrət toxumu səpən faşizmin kökünü kəsmək istəyən namuslu insanların mübarizəsinin bəhrələri idi...

Artıq Xarqonun adı dillər əzbəri olmuşdu. Müqavimət hərəkatı qəhrəmanının başına böyük mükafat təyin edilmişdi. Faşistlər elə güman edirdilər ki, cəsarətli əməliyyatların müəllifi fransızdır. Axı, onların ağlına haradan gələydi ki, bu, bir vaxt faşist zindanına atılan 24 nömrəli əsirdir.

Monmarsanda silah anbarının partladılması, Cənub şəhərlərinin yollarında maşın karvanlarına qəfləti hücumlar, zabitlərin oğurlanması, xainlərə divan tutulması, vərəqələr, Bordo limanında “ölüm” yüklənmiş gəmilərin göyə sovrulması faşistləri quduzlaşdırmışdı. Lakin Fransa torpağını faşistlərin tapdağına verən Peten hökumətinin satqınlığından qəzəblənən fransızlar müqavimət hərəkatının iştirakçılarına hər cür kömək göstərirdilər. Küçədə gül satan qız “Maki” idi. Malı örüşə çıxarmış naxırçı, qoyun otaran çoban, şəhər ətrafına velosipedlə gəzməyə gələn hər kəs “Maki” idi. Onlar Xarqonu tanıyırdılar, inanırdılar ki, nə isə sehrli bir qüvvə onu hifz eləyib saxlayır, ölüm ondan uzaq qaçır. Ancaq bir dəfə dostları növbəti əməliyyatdan qayıdıb dəhşətli xəbər gətirdilər:

Xarqo döyüşdə həlak olmuşdur.

Kapitan Delplanq partizan dəstəsini toplayıb, bu kədərli xəbəri onlara yetirdi və dedi:

- Bizə böyük itki üz vermişdir. Qəhrəman döyüşçümüz həlak olmuşdur. Onun xatirəsini ani sükutla yad edək və and içək ki, Xarqonun intiqamını faşist cəlladlarından alacağıq.

İntiqam, intiqam.

Yenilməz bir səda dağlara yayıldı. Lakin partizanın dostları qüssəli idilər Kapitan Delator, leytenant Bessen, Roje və Xarqonun digər dostları başlarını aşağı salmışdılar. Təntənəli mərasimdən sonra dəmiryolu rayonuna xüsusi tapşırıqla kəşfiyyatçılar göndərildi: necə olursa-olsun, Xarqonun cəsədi tapılmalıdır.

Lakin axtarışlar bir nəticə vermədi.

***

Bu hadisə belə olmuşdu. Partizan qərargahına məlumat gəlmişdi ki, faşistlər Montaban şəhərində partizanlarla əlaqə saxlayan ailələri, həmçinin şübhələndikləri şəxsləri Almaniyaya həbs düşərgələrinə köçürmək niyyətinə düşmüşlər. Qərargahda belə qət edildi: əsirləri xilas etmək lazımdır.

Xilaskarlar qrupunda Xarqo da vardı. Qrupun üzvləri müxtəlif bəhanələrlə əsirləri aparan qatara minməli, yolda keşikçiləri öldürüb vaqonları açmalıdırlar. Xarqo alman zabiti libası geymişdi. Cibində perrona buraxılış vəsiqəsi vardı. Qatar perronda dayansa da Xarqo vaqona minməyə tələsmirdi. O, vağzal binasından xeyli uzaqda, kafedə oturmuşdu, zəng səsini gözləyirdi. Perronda gəzişsəydi, sənədlərini yoxlayar və şübhələnə bilərdilər. Özünü elə göstərməliydi ki, guya başı kefə qarışmış alman zabitidir, qatara gecikdiyindən son dəqiqədə yüyürüb özünü vaqona yetirir. Belə də oldu. Xarqo qatarın axırıncı vaqonlarından birinin pilləkəninə sıçrayıb mindi. Pilləkəndə dayanmış keşikçi onu qaşqabaqla qarşıladı:

- Bura minmək olmaz, cənab zabit, - dedi.

- Gecikmişəm, mənim vaqonum qabaqdadır, - deyə Xarqo onu sakitləşdirməyə çalışdı.

- Aşağı düşün, olmaz deyirəm!

- Nə haqla zabitlə belə danışırsan?! - deyə o, keşikçinin üzərinə şığıdı.

Lakin şübhələndiyindənmi, ya nədənsə keşikçi inadından dönmürdü. Qatar getdikcə sürətini artırırdı. Artıq Montaban arxada qalmışdı. Onlar isə hələ də çənə-boğaz edirdilər. Xarqo sağ əli ilə qapının dəstəyindən tutmuşdu. Odur ki, sol əli ilə keşikçini itələdi. Keşikçi büdrədisə də yıxılmadı, atəş açıb onu başından yaraladı. Vaqonun üstündə dayanmış partizan gülləsi keşikçini haqladı. Keşikçi ilə bərabər Xarqo da aşağı yuvarlandı, cansız cəsəd kimi düşdüyü yerdə qaldı.

Almaniyaya göndərilən əsirlər azad edildikdən sonra silah dostları Xarqonu axtardılarsa da tapmadılar. Nə Xarqonun, nə də keşikçinin cəsədi vardı. Sürətlə irəliləyən qatardan yuvarlanan yaralı adam sağ qala bilərmi? Sağ qalmış olsa da yəqin faşistlərin əlinə keçib güllələnmişdir.

Bu hadisədən bir ay sonra Xarqo öz ayağı ilə gəlib çıxanda dəstədə hamı mat-məəttəl qaldı. Təəccüb və sevinc hissləri bir-birinə qarışdı. Onu dövrəyə alıb sorğu-suala tutdular. Xarqo isə başına gələn qəribə əhvalatı nağıl etdi.

- Gözlərimi açıb özümü hospitalda gördüm, - dedi. - Vaqondan yıxılanda ürəyim keçib. Hadisə yerinə şəhər komendantı gəlibmiş. Görüblər ki, keşikçi gəbərib, mənim isə nəfəsim var. Yəqin sənədlərimə baxıblar. Axır, şəhər komendantı şəxsən özü məni hospitala gətirib və tapşırıb ki, yaxşı müalicə etsinlər. Sözün gödəyi, hospitalda partizanlar yaraladığı “alman zabitinə” lazımınca qulluq göstərirdilər. Budur, sağ-salamatam, öz ayağımla gəlib çıxmışam.

Hamıdan artıq Roje sevinirdi. O, bir ayın içərisində ilk dəfə ürəkdən qəhqəhə çəkib güldü, Xarqonun boynunu qucaqlayıb:

- Məni özünlə əməliyyata aparacaqsanmı? - deyə soruşdu.

Xarqonun həyatında belə əhvalatlar çoxdur. Məgər bunları sayıb qurtarmaq olarmı? Bordodan, Frestdən, Montabandan, Rodezdən, Dijondan, Liondan, Marseldən keçən döyüş yolu, nəhayət, Paris küçələrində başa çatdı. Faşistlər ölkədən qovuldular. Xarqonun xoşbəxt günləri başladı. İndi, o, partizan dostlarının qonağı idi. Ziyafət və məclislərə gedirdi. Lakin vətən həsrəti ürəyində qövr eləyirdi...

Bir gün Parisdəki sovet səfarətxanasına fransız əsgəri gəldi və səfirlə görüşmək istədiyini bildirdi. Onun ad və familiyasını, nə üçün gəldiyini soruşdular. Əsgər şəxsi vəsiqəsini təqdim etdi. Məlum oldu ki, fransız döyüşçüsü Armed Mişel sovet səfirliyi ilə nə barədə isə ciddi söhbət etmək niyyətindədir. Katibə ortaboylu, dolubədənli fransıza, onun sinəsində parlayan orden və medallara maraqla baxıb:

Bir dəqiqə gözləyin! - dedi.

Az sonra qayıdıb səfirin onu tezliklə qəbul edəcəyini söylədi. Armed geniş qəbul otağında əyləşib makinada nə isə yazan rus qızına tamaşa edirdi. Burada hər şey - gur saçları çiyinlərinə tökülmüş mavi gözlü qız da, divara vurulmuş şəkillər də, hətta, stol-stullar da ona doğma gəlirdi. Axı, Parisin mərkəzində yerləşən bina onun ölkəsini təmsil edirdi. Bu an o, elə bil vətən torpağında idi. Qəlbi həyəcanla döyünürdü. Arada qız başını qaldırıb fransız dilində soruşdu:

- Darıxmırsınız ki?

O, ürəkdən:

Xeyr, darıxmıram, - dedi.

Az sonra səfir onu içəri dəvət etdi, içəriyə tərcüməçi də dəvət olundu.

- Buyurun.

- Mən vətənə qayıtmaq istəyirəm, - deyə fransız soldatı təmiz rus dilində dilləndi.

Tərcüməçinin qaşları dartıldı, səfir heyrətlə xəbər aldı:

- Məgər siz fransız deyilsiniz? Armed Mişel sənədlərini stolun üstünə qoydu. Özü barədə qısa məlumat verdi. Burada Moris Torezin təşəkkürü də vardı. Sənədlərdən birində deyilirdi: “Kavaler Armed Mişel müqavimət hərəkatında lap ilk günlərdən iştirak etmişdir. Mərdliyi, qoçaqlığı, qəhrəmanlığı ilə o, həmişə öz rəislərini heyran qoymuşdur...”

Onun sinəsində parlayan orden, medallar da, xüsusən “hərbi medal” da bunu təsdiq edirdi. Bu medal Fransanın ən yüksək hərbi mükafatı olub, sahibinə paradda generaldan qabaqda getmək hüququ verir.

Ağsaçlı səfir ayağa durub onu qucaqladı, alnından öpərək:

- Sağ ol, yoldaş Əhmədiyyə Cəbrayılov, Siz, Vətənin layiqli övladısınız. Göstərdiyiniz igidlik üçün vətən adından təşəkkür edirəm...

Bir neçə gündən sonra qatar dörd ildən artıq Fransa torpağında mərdliklə vuruşmuş bizim azərbaycanlı balası Əhmədiyyə Cəbrayılovu vətənə doğru apardı.

 

 

 

* Bu diqqətəlayiq sənədli povest ilk dəfə “Azərbaycan gəncləri” qəzetinin 20, 22, 25 və 27 noyabr 1964-cü il tarixli saylarında dərc olunmuşdur.

 

Respublika.- 2020.- 18 sentyabr.- S.5.