“Əsrin müqaviləsi” ilə əsası
qoyulan inkişaf, yüksələn rifah
Strateji baxımdan mühüm geosiyasi məkanda - Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanı əsrlər boyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində saxlamışdır. Əlverişli geosiyasi və coğrafi mövqe Azərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatları qədər yeni dividendlər qazanmaq şansı yaratmışdır. Həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev mövcud reallığı müstəqil Azərbaycan dövləti üçün əsas şanslardan biri kimi düzgün dəyərləndirərək, ötən dövr ərzində həm yeni neft strategiyasının, həm də transmilli nəqliyyat-kommunikasiya siyasətinin həyata keçirilməsində başlıca amil kimi məharətlə istifadə etmişlər.
Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır. 1994-cü ildə Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutan “Əsrin kontraktı”nın imzalanması ölkəmizin yeni mərhələyə qədəm qoymasına şərait yaratdı. Bu kontraktın faydasını bu gün Azərbaycan dövləti və xalqı görür, yeniləşən, müasirləşən, güclənən ölkəmiz bu sözlərin əyani sübutudur. O zaman bu hadisənin geosiyasi çalarları heç də hər kəs üçün bütünlükdə aydın deyildi. Yalnız böyük strateji təfəkkür sahibi olan Heydər Əliyev gözəl bilirdi ki, ölkənin müstəqillik tarixində yeni bir dönəmin bünövrəsi qoyulub. Bu yolda Azərbaycana qarşı təzyiqlər də oldu, qarayaxma və ləkələmə kampaniyaları da aparıldı, müxtəlif iftiralar da uyduruldu. Lakin müstəqil Azərbaycan dövlətinin memarını heç kim, heç bir qüvvə tutduğu yoldan döndərə bilmədi, Heydər Əliyev müstəqil dövlətçilik dəyərini hər şeydən üstün tutdu. Məhz onun cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya nüfuzlu, etibarlı dövlət kimi təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar. Ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artdı, etibarlı tərəfdaş imici tam olaraq formalaşdı və əsas faktorlardan biri kimi, Azərbaycan zəngin məmləkətlərdən birinə çevrildi.
Bütün sahələr üzrə sürətli inkişaf tempi indi də saxlanılır. Dövlət quruculuğunun bütün istiqamətləri üzrə demokratik islahatlar durmadan davam edir. Əldə olunan nailiyyətlər ölkə və xarici KİV-də geniş işıqlandırılır. Analitiklər və ekspertlər Azərbaycanın sürətli tərəqqisinin müxtəlif səbəblərini kifayət qədər dərindən araşdırıblar. Ölkə rəhbəri möhtərəm Prezidentimiz vurğulayıb: “Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün”.
Azərbaycanın karbohidrogen ehtiyatlarını xarici bazarlara çıxarmaq üçün çəkilmiş neft-qaz kəmərləri vasitəsilə ixrac olunan sərvətimiz ölkəyə faydalar gətirib, əhalinin məşğulluğu təmin edilib, bu amil eyni zamanda sosial infrastrukturun tamamilə yenilənməsində, məcburi köçkün, şəhid və aztəminatlı ailələrin sosial problemlərinin həllində, Azərbaycanın kosmik ölkəyə çevrilməsində və respublikamızın beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasında həlledici rol oynayır, neftdən əldə olunan gəlirlər qeyri-neft sektorunun tərəqqisinə də təkan verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində neftdən gələn gəlirlərin də bir qismini cəlb etməklə, ilk növbədə, ölkəni xarici aləmlə bağlayan əksər avtomobil və dəmir yolları, hava və su nəqliyyatı infrastrukturları, quru, hava və su nəqliyyatına aid kommunikasiyalar, rabitə-informasiya texnologiyaları modernləşdirilmiş, yenidən qurulmuş, yaxud hazırda qurulur. Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz dinamik inkişaf yolu keçib, iqtisadiyyatımız sürətlə inkişaf edib, bu illər ərzində beynəlxalq səviyyədə dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən dövləti imicini qazanıb. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, mövqelərinin güclənməsi, qlobal beynəlxalq layihələrdə Azərbaycanın həlledici iştirakçı kimi çıxış etməsi, xalqın maraqlarını təmin edən siyasi fəaliyyətində göstərdiyi iradə və qətiyyət vətəndaşların Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibətini formalaşdırıb. Bu münasibət xalqın sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə inamını ifadə edir. Xalq-iqtidar birliyi, məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir.
Sosial sahə hər bir dövlətin daxili siyasətinin prioritet istiqamətlərindən biridir və bu siyasət əhalinin ayrı-ayrı qruplarının həyat keyfiyyətinin yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Sosial siyasət üzrə dövlətin həyata keçirdiyi proqramlar əhalinin əsas sosial qruplarının marağını ifadə edərək, cəmiyyətdəki münasibətlərin tənzimlənməsində özünü büruzə verir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müasir sosial siyasət bu gün Prezident İlham Əliyev tərəfindən düşünülmüş şəkildə və uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycanda sosial müdafiə, sosial təminat sistemi dayanmadan genişləndirilir, inkişaf etdirilir. Ölkəmizin davamlı inkisafı, vətəndaşların rifah halının yüksəldilməsi yönündə atılan addımlar, ölkənin inkişaf reysindən çıxmaması, bütün digər həyati vacib dövlət işləri ilə yanaşı əhalinin sosial rifahının yaxşılaşdırılması, gələcəkdə daha da yaxşı olması işinə xidmət edir. Azərbaycanın hər bir vətəndaşının problemlərinin mümkün olan ən qısa zamanda və ən yaxşı şəkildə həlli Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində durur. Bu da, ölkədə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlığın təmin edilməsi ilə şərtlənir. Cənab Prezidentin imzaladığı sosialyönümlü sərəncamların insanların həyatına, rifah halının yüksəldilməsinə təsirini özəlliklə pandemiya dönəmində mahiyyəti üzrə görmək mümkün oldu. Hər zaman olduğu kimi, dünyanın bəlasına çevrilən koronavirus pandemiyası dövründə də insanların həyat şəraitinin təmin edilməsi və onların güzəranının yaxşılaşdırılmasını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir. Azərbaycan Prezidentinin tapşırıqları əsasında koronavirus pandemiyasının vətəndaşlara təsirlərinin minimuma endirilməsi ilə bağlı tədbirlər ardıcıllıqla davam etdirilir. Hazırlanmış sosial paket vətəndaşlarımızın sosial təminatlarının gücləndirilməsinə xidmət edir. Ölkəmiz Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində koronavirus pandemiyasının qarşısının alınması və bu xəstəliklə mübarizədə əsl nümunə göstərdi. İnkişaf etmiş ölkələrin bu xəstəliyin qarşısında aciz qaldığı bir vaxtda Azərbaycan sabitliyi qoruyub saxlaya bildi. Bu, qürur duyulası bir haldır. Pandemiya ilə çətin mübarizə şəraitində belə dövlətimizin başçısı vətəndaşını unutmadı, həmişəki kimi, yenə də onların yanında olduğunu, problemləri ilə maraqlandığını sübut etdi. Prezident İlham Əliyev aprelin 14-də keçirilən müşavirədə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirləri ilə görüşündə pandemiyanın təsir etdiyi bütün vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı bir daha göstərişlər verdi. Bu istiqamətdə qarşıya qoyulan vəzifələr daha çox vətəndaşımızın sosial paketdən faydalanmasına imkan verəcək. Dövlətimizin pandemiya dövründə təsdiqlədiyi paketlərdən sahibkarlıq subyektləri və fərdi sahibkarlar da yararlanırlar. Ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarının genişləndirilməsi də həyata keçirilir. Pandemiya dövründə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycan dövləti hər bir vətəndaşa xüsusi diqqət və qayğı göstərir, onların sosial təminatının gücləndirilməsini təmin etmək üçün bütün tədbirləri görməyə qadirdir. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub.
Ölkə başçısı bildirir ki,
dünyada koronavirus xəstəliyi daha geniş vüsət
alır. Bizim kimi, bəzi ölkələr yumşalma tədbirlərindən
sonra gördülər ki, xəstəliyin yayılma tempi
geniş vüsət alıbdır. Ona görə, indi
dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı
tədbirlərə qayıdırlar. Hesab edirəm ki, bu,
düzgün qərardır. Çünki bu gün bu xəstəliyin
tam müalicəsi üçün peyvənd mövcud deyil. Belə olan
halda yoluxanların sayı bundan sonra da arta bilər.
Ölkəmizdə əlilliyi olan şəxslərin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
atılan addımları, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin həyata keçirdiyi layihələri,
genişmiqyaslı işləri də xüsusi vurğulamaq
lazımdır. Prezident İlham Əliyevin tapşırığına
uyğun olaraq, əlilliyi olan şəxslər
üçün reabilitasiya infrastrukturunun müasirləşdirilməsi
və genişləndirilməsi sahəsində də
ardıcıl işlər aparılır. 2019-cu
ildə nazirliyin Yevlax və Naftalan Reabilitasiya Mərkəzləri,
Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik
İstehsalat Mərkəzi əsaslı təmir və yenidənqurmadan
sonra istifadəyə verilib. 2020-ci ildə
bu istiqamətdə tədbirlər davam etdirilir. Belə ki, Lənkəran şəhərində də
Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan
sonra istifadəyə verilib. Cari ildə həmçinin
Sumqayıt, Şirvan, Xaçmaz şəhərlərində
Reabilitasiya Mərkəzləri, Şağan
Reabilitasiya Pansionatı əsaslı təmir və yenidənqurmadan
sonra istifadəyə veriləcək. Uşaq reabilitasiya
sisteminin ölkəmizin bölgələri üzrə
genişləndirilməsi işləri çərçivəsində
bu il Qəbələ və Şəmkir
rayonlarında Uşaq Reabilitasiya Mərkəzlərinin
açılması da nəzərdə tutulub. Beləliklə,
cari ildə ümumilikdə nazirliyin 8 reabilitasiya müəssisəsinin
açılması planlaşdırılıb. Bu da reabilitasiya xidmətləri ilə əhatə
olunanların illik sayının iki dəfə artaraq 28 minə
çatmasına imkan verəcək. Şəhid
ailələri və Qarabağ müharibəsi əlillərinin
mənzillə təminatı proqramı respublikamızın
bölgələrində də uğurla davam etdirilir. Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq, digər sosial
proqramlar kimi, şəhid ailələri və Qarabağ
müharibəsi əlillərinin mənzillə təminatı
proqramı da davam etdirilərək genişləndirilir. Dövlət başçısı Nazirlər
Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında həmin kateqoriyadan olan vətəndaşlar
üçün rekord sayda - 1500 evin verilməsi nəzərdə
tutulduğunu deyib. Bu temp belə davam etsə yaxın illərdə
növbədə duran bütün şəhid ailələri
də mənzillərlə təmin ediləcək. Bütövlükdə son illərdə vətəndaşların
rahatlığını təmin etmək üçün
görülən işləri, Azərbaycanın milli brendi
olan “ASAN xidmət” şəbəkəsinin fəaliyyətini
xüsusi vurğulamaq lazımdır. Regionları əhatə
edən “ASAN xidmət” mərkəzləri təşkil olunub
və proses davam etdirilir. Məqsəd Azərbaycan
vətəndaşları üçün dövlət xidmətlərini
əlçatan etməkdir. Bu istiqamətdə “DOST” mərkəzlərinin
yaradılması da təqdir olunmalıdır. Kiçik
və orta sahibkarlığın dəstəklənməsinə
xidmət edən agentliyin yaradılmasını da
vurğulamaq olar. Xidmət vasitəsilə hüquqi
yardımın göstərilməsi, dövlət tərəfindən
iş adamları üçün münbit şəraitin
yaradılmasının mahiyyətində Azərbaycan
insanlarının məşğulluğunun təmin
olunması, yeni iş yerlərinin yaradılması dayanır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün
nəticəsi olan DOST layihəsi ilə əmək, məşğulluq,
sosial müdafiə və təminat sahələrində xidmətlər
“bir pəncərə”dən operativlik, şəffaflıq, nəzakətlilik,
vətəndaş məmnunluğuna nail olunması prinsipləri
əsasında təqdim edilir, ölkəmizin sosial xidmətlər
sahəsində yeni brendi formalaşır. Ümumilikdə
2019-25-ci illərdə Bakı və ölkəmizin
regionlarında 31 belə mərkəz yaradılacaq.
Respublika Gözdən Əlillər Cəmiyyəti olaraq
bizim üçün önəmli məqamı diqqətə
çatdırmaq istəyirəm. Bu günlərdə
Azərbaycan Respublikası Prezidentinin köməkçisi -
Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev ölkənin
bir çox fəal qeyri-hökumət təşkilatları rəhbərləri
ilə onlayn görüş keçirdi. İnanıram
ki, Bu təşəbbüs QHT-hökumət münasibətlərində
yeni keyfiyyət mərhələsinin başlanğıcı
olacaq və QHT sektoru üçün prioritet məsələlərin
həllinə təkan verəcək. Görüşdə
dövlətimizin başçısı İlham Əliyevin cəmiyyətimizdə
QHT-lərin fəaliyyətinə və ictimai nəzarət
mexanizmlərinin gücləndirilməsinə xüsusi önəm
verdiyi qeyd edildi, onların ölkəmizin ictimai həyatında
fəal iştirakı vurğulandı, hökumətin QHT-lərlə
dialoqun genişlənməsində və QHT-lərin diqqətində
olan məsələlərin müzakirəsində maraqlı
olduğu bildirildi. Vətəndaş cəmiyyəti
institutlarının ölkəmizin dayanıqlı
sosial-iqtisadi inkişafı, vətənpərvərliyin
gücləndirilməsi, milli maraqlarımızın
qorunması, həmçinin təhsil, humanitar və ictimai əhəmiyyət
daşıyan digər sahələrdə mühüm rolu,
dövlət başçısının qeyd etdiyi kimi,
ictimai nəzarət mexanizmlərinin və onun tətbiqinin səmərəliliyinin
artırılmasının zəruriliyi diqqətə
çatdırıldı. Şübhəsiz, bu
amil bizim fəaliyyətimizə yeni stimul verəcək.
Koronavirus
pandemiyası şəraitində reallaşdırılan bənzərsiz
sosial müdafiə tədbirləri və eləcə də
bundan sonra nəzərdə tutulan genişmiqyaslı proqramlar
Prezident İlham Əliyevin “Azərbaycanda həyata
keçirilən siyasətin mərkəzində vətəndaş
dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın
yanındadır” fikirlərinin bariz təzahürüdür və
əməli işlərlə tamamlanır. Dövlət
başçısı sosial layihələrin davamı barədə
bəyan edib: “Biz heç bir sosial layihəni
dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar
etməyəcəyik. Azərbaycan sosial dövlətdir
və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır.
Bu gün koronavirus dövründə bizim əsas
amalımız Azərbaycan xalqını bu bəladan
qorumaqdır”. Azərbaycan vətəndaşı
da inanır ki, ölkədə ardıcıl olaraq həyata
keçirilən sosial proqramlar, layihələr onların
rifahının yüksəlməsi yolunda atılan
addımlardır. İstər təhsil,
istər səhiyyə, istərsə də digər sahələrdə
aparılan islahatlar xalqın firavanlığına, həyat səviyyəsinin
yüksəlməsinə, daha yaxşı yaşamasına
istiqamətlənib.
Səmiyar ABDULLAYEV,
Azərbaycan
Gözdən Əlillər Cəmiyyətinin sədri.
Respublika.- 2020.- 20 sentyabr.- S.6.