Ömrünü Azərbaycan
milli tarix elminin inkişafına həsr edən alim
Azərbaycan akademik tarix elmi çox böyük
inkişaf yolu keçmişdir. 1945-ci ildən
başlayaraq AMEA-nın ictimai elmlər bölməsinin tərkibinə
daxil edilən Tarix İnstitutunda Azərbaycanın ən qədim
zamanlardan başlayaraq bu günədək olan tarixini öyrənmək
üçün arxeoloji tədqiqatlarla məşğul olan
qrup da yaradılmışdı. Azərbaycanın ilk azərbaycanlı
arxeoloq alimləri olan Ə.Ələkbərovun, İ.Cəfərzadənin,
R.Vahidovun, İ.Nərimanovun, M.Hüseynovun, Q.Aslanovun,
O.İsmizadənin, H.Kəsəmənlinin, Q.Əhmədovun,
C.Rüstəmovun, F.Rüstəmovanın, F.Mahmudovun, M.Mənsurov
və digər milli kadrların yorulmaz fəaliyyətləri nəticəsində
çox yüksək elmi səviyyəyə malik Azərbaycan
milli arxeologiya məktəbi formalaşmışdır.
Hazırda
bu milli arxeologiya məktəbinin çox görkəmli
nümayəndələri: t.e.d., prof. H.Cəfərov,
N.Museybli, T.Dostiyev, O.Cəbiyev, A.Seyidov, Q.İsmayılzadə,
t.ü.f.d. A.Zeynalov, Q.Qoşqarlı, S.Aşurov və digərləri
tərəfindən uğurla davam etdirilir. Bu akademik milli
arxeologiya məktəbinin ən tanınmış nümayəndələrindən
biri də, çox böyük elmi təcrübəyə
malik, tanınmış arxeoloq, əslən Azərbaycandan
olan t.e.d., professor Rauf Munçayevin yetirməsi Qəhrəman
Hüseyn oğlu Ağayevdir. Onun
doğulduğu Naxçıvan Muxtar Respublikasının Kəngərli
rayonunun məşhur Şahtaxtı kəndi təkcə
Naxçıvan diyarının deyil, bütün Azərbaycan
tarixində öz məşhur insanları, ilk növbədə
ziyalıları ilə tanınan bir məkandır. Qəhrəman Ağayev orta təhsilini
1956-1966-cı illərdə Naxçıvan şəhər
23 nömrəli məktəbdə aldıqdan sonra 1967-ci ildə
Bakı Dövlət Universitetinin Tarix fakültəsinə
daxil olur və oranı 1972-ci ildə uğurla bitirir. İkiillik hərbi xidmətdən sonra o, 1975-ci ildən
1991-ci ilədək AMEA Naxçıvan Elmi Mərkəzində
çalışdıqdan sonra həmin ildə AMEA Tarix
İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektoruna işə qəbul
edilir. Qəhrəman Ağayevin elmi fəaliyyətində
1976-1978-ci illər xüsusi yer tutur. O, həmin illərdə
keçmiş SSRİ EA Arxeologiya və Etnoqrafiya
İnstitutunda tanınmış Qafqazşünas alim, t.e.d.,
prof. Rauf Munçayevin rəhbərliyi altında elmi təcrübə
keçir və “Şaxtaxtı arxeoloji kompleksinin son tunc-ilk dəmir
dövrlərinin tədqiqi” mövzusunda tarix üzrə fəlsəfə
doktoru elmi dərəcəsini almaq üçün dissertasiya
işini müdafiə edir və bu ada layiq görülür. Tarixçi alim, arxeoloq Qəhrəman Ağayevin
keçdiyi həyat yolunun çox maraqlı tərəfi odur
ki, o, öz elmi işini dünyaya göz
açdığı öz doğma torpağının
tarixin tədqiqinə, öyrənilməsinə həsr etməsidir.
Şahtaxtı kəndinin bir yaşayış məskəni
kimi arxeoloji cəhətdən öyrənilməsi Azərbaycanın
Naxçıvan diyarı tarixinə verdiyi böyük bir elmi
töhfədir. Qeyd etmək lazımdır ki, Q.Ağayev
sovet hakimiyyətinin süqutu ərəfəsində də
SSRİ EA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə elmi əlaqələrini
üzməmiş, 1976-1978-ci və 1991-1992-ci illərdə RF
Stavropol vilayətinin Aleksandrov və Xakasiya Muxtar
Respublikasının Xakasiya Arxeoloji Ekspedisiyalarının
işində iştirak etmiş və onun bu
ekspedisiyalardakı fəaliyyəti öz yüksək elmi nəticələri
ilə bərabər, həm də Azərbaycan aliminin ləyaqətli,
saf, təmiz və vicdanlı bir insan kimi tanınması
xalqımızın düşməni olan ermənilərin
çoxluq təşkil etdiyi və həmişə himayədə
olunduqları yad bir ölkədə böyük əks-səda
doğurmuşdu. Qəhrəman Ağayevin bu mərdlik
nümunəsi olan addımı haqqında ilk dəfə Azərbaycanın
tanınmış jurnalisti Aytəkin Alxaslı onun 70 illik
yubileyi münasibətilə “İstipress” saytında çap
etdirdiyi məqalədə yazıb. Söhbət Qəhrəman
Ağayevin 1979-cu ildə SSRİ EA Arxeologiya və Etnoqrafiya
İnstitutunun Stavropol Arxeoloji Ekspedisiyasında
çalışarkən qazıntı zamanı aşkar
etdiyi çox qiymətli kəhrəba qaşlı gözəl
toqqadan - bel kəmərindən gedir. Məlumdur
ki, Azərbaycan xalqının cəlladı olan ermənilərin
əhatəsində “yüksələn” M.S.Qorbaçovun vətəni
Stavropol vilayətində ermənilər çoxluq təşkil
edirlər. 1978-ci ildə burada bir erməni diş həkimi
ilə tanış olan Qəhrəman Ağayev söhbət əsnasında
ermənilərdən təklif alır: “ ...qazıntı
zamanı qızıl və digər qiymətli əşyalar
tapsanız, onları dövlətə, ruslara yox, bizə
verin. Biz sənə nə qədər pul, hədiyyə istəsən
verərik, sən tapdığını bizə sat”. Bu söhbət Qəhrəman Ağayevin nifrət və
qəzəbinə səbəb olur. O, bunu büruzə
verməsə də, 1979-cu ildə arxeoloji qazıntı
zamanı kəhrəba qaşlı qızıl toqqanı
aşkar edir. Qiymətli tapıntı
komissiyanın qərarı ilə Qəhrəman Ağayev tərəfindən
aşkar olunduğu qeydə alınaraq Stavropol vilayəti Tarix
və Diyarşünaslıq Muzeyinə verilir. Hazırda Rusiya Federasiyası Stavropol vilayəti Tarix
və Diyarşünaslıq Muzeyində bu qiymətli əşya
nümayiş etdirilir və onun Azərbaycan alimi t.ü.f.d. Qəhrəman
Ağayev tərəfindən aşkar olunduğu qeyd
olunmuşdur. Bu tapıntıdan xəbər
tutan Stavropol erməniləri Qəhrəman Ağayevin
yanına gəlirlər. Söhbət zamanı ermənilər:
“...həmyerli, sən nə etmisən, biz sənə “Qaz 24-10
Volqa” maşını və 10 min rubl verəcəkdik. Sən
onu niyə ruslara verdin?”. Erməniləri səbirlə
dinləyən Qəhrəman Ağayev onlara: “...Mən Azərbaycan
övladıyam, türk oğlu türkəm. Düzgünlük,
təmiz əxlaq, ləyaqət, şərəf və Vətənim
Azərbaycanın adı mənim üçün hər
şeydən əzizdir. Mən sizin kimi
ikiüzlü və xəyanətkar deyiləm, nahaq yerə gəlmisiniz”
- deyərək onlardan ayrılır. Özünün
insanlıq, vətəndaşlıq və alimlik borcunu ləyaqətlə
yerinə yetirən Qəhrəman Ağayev illər sonra həyatda
erməni adı ilə tanınan vəhşi xislətə
malik, 113 il bundan əvvəl Eçmiədzin kilsəsinin
Sinodunun prokuroru A.Frenkelin sözləri ilə desək:
“...satqınlıq, xəyanət, mənsəbpərəstlik,
yaltaqlıq və ikiüzlü kimi milli xüsusiyyətlərə
malik olan tayfanın”, nasist ideologiyasının
daşıyıcılarının Azərbaycan xalqına
qarşı törətdikləri cinayətlərin şahidi
oldu. O, 1988-ci ildən başlayaraq, bu günədək öz
ağaları - keçmiş SSRİ və Rusiya
Federasiyasının təcavüzkar dairələrinin təhriki
ilə erməni nasizminin 102 il bundan əvvəl
xalqımıza qarşı törətdikləri miqyası
görünməyən cinayətin arxeoloji qazıntı
zamanı şahidi oldu. 2007-ci ilin aprelində
Quba şəhərinin şərqindən axan
Qudyalçayın qərb sahilində tikinti işləri
aparılan zaman böyük bir məzarlıq aşkar olundu.
Bu məzarlıq 1918-ci ilin mayında erməni
nasizminin Quba şəhər əhalisinə qarşı
törətdikləri soyqırımı cinayətlərinin təkzibolunmaz
işləri idi. Aşkar edilən bu məzarlıq
Azərbaycan xalqının böyük həyəcanına səbəb
oldu. Bununla bağlı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncam
imzaladı və ona uyğun olaraq məzarlığın
arxeoloji tədqiqi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna həvalə
edildi. AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun direktoru, t.e.d. M.N.Rəhimovanın
imzaladığı əmrə əsasən məzarlığın
arxeoloji tədqiqi ilə məşğul olacaq
ekspedisiyanın rəhbəri t.ü.f.d. Q.Ağayev təyin
edildi. Tədqiqatla fasiləsiz məşğul
olan Qəhrəman Ağayevin səyləri nəticəsində
aparılan qazıntı işləri çox yüksək səviyyədə
təşkil edildi və burada əldə edilən nəticələr
erməni nasizminin törətdiyi soyqırımı cinayətlərinin
izləri Azərbaycan Respublikası Milli Arxivlər İdarəsi
Dövlət Arxivində saxlanılan 1918-ci ildə tərtib
edilmiş sənədlərlə də təsdiq olundu. Aparılan arxeoloji tədqiqatların və tibbi
ekspertizanın nəticələri əsasında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılması
haqqında qərar qəbul olundu. 2013-cü il sentyabrın 18-də soyqırımı
Memorial Kompleksinin açılışında
çıxış edən Prezident İlham Əliyev
1918-1920-ci illər və ondan sonra da Azərbaycan xalqına
qarşı törədilən soyqırımı cinayətlərindən
danışaraq, bu cinayətlərin xalqımız tərəfindən
heç zaman unudulmayacağı fikrini ön plana çəkdi.
Quba soyqırımı Memorial Kompleksi ilə
bağlı dəqiq və düzgün məlumatların
dünya ictimaiyyətinə olduğu kimi
çatdırılmasında tarixçi alim, arxeoloq Qəhrəman
Ağayevin çox böyük əməyi vardır. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 2003-cü ildən başlayaraq bu günədək
fəaliyyətində Azərbaycan tarixinə diqqət, milli
tariximizin bütün səhifələrinin obyektiv şəkildə
öyrənilməsi və xalqımıza təqdim edilməsi
ilə bağlı etdiyi çağırışlar Tarix
İnstitutunun elmi fəaliyyətində mühüm yer tutur.
AMEA A.A.Bakıxanov adına Tarix
İnstitutu bu çağırışlara cavab olaraq milli
tariximizin XIX-XX əsrlər tarixinin bir çox qaranlıq
qalmış, təhrif olunmuş məsələlərin
açılması istiqamətində çox böyük
elmi nəticələr əldə etmişdir. 2005-ci ildən
başlayaraq Tarix İnstitutu çar Rusiyası tərəfindən
Azərbaycan torpaqlarının işğalı və
bölüşdürülməsi, ermənilərin Şimali
Azərbaycan torpaqlarına - İrəvan, Qarabağ,
Naxçıvan və digər ərazilərə
köçürülməsi, Azərbaycan xalqına
qarşı ermənilərin əli ilə törədilən
etnik təmizləmə, deportasiya, soyqırımı cinayətlərinin
açılması da, Azərbaycan xalqının təbii sərvətlərinin
talan və qarət edilməsi, ona məxsus tarixi torpaqların
tikə-parça edilməsi, bu torpaqlarda bu xalqa düşmən
kəsilənlərə “dövlətin” yaradılması və
digər aktual elmi məsələlərə aydınlıq gətirmişdir.
Bu problemlərin elmi həllində də Qəhrəman
Ağayevin böyük əməyi vardır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığı ilə 2009-cu il
yanvarın 12-də Bakı şəhərinin mərkəzində
XX əsrin 20-ci illərində qondarma 26 komissara - erməni-daşnak
və bolşevik quldurlarına ucaldılmış abidənin
sökülüşünə başlanıldı.
Yaradılmış komissiyanın tərkibində AMEA
A.A.Bakıxanov adına Tarix İnstitutunun
direktoru, akademik Y.M.Mahmudovla yanaşı, t.ü.f.d. Qəhrəman
Ağayev də var idi. Dövlət
başçısına təqdim olunan arayışda komissiya
üzvü Qəhrəman Ağayevin də imzası var idi.
Burada Qəhrəman Ağayev öz vətəndaşlıq
və professional alim mövqeyini ortaya qoya bildi. Bu artıq bir tarixdir və Qəhrəman Ağayev
professional tarixçi alim, arxeoloq kimi təkcə vətəndə
deyil, həm də xarici ölkələrdə tanınır.
O, iki monoqrafiyanın və 100-ə yaxın elmi məqalənin
müəllifidir, hər il Azərbaycan
Respublikasının Naxçıvan MR və digər rayonlarda
fəaliyyət göstərən arxeoloji ekspedisiyalarda
iştirak edir. Q.Ağayev özülü 2002-ci
ildə qoyulan Bakı-Tiflis-Ceyhan Əsas İxrac Neft Kəmərinin
çəkilişi ilə bağlı kəmərin keçəcəyi
ərazilərdə aparılacaq arxeoloji tədqiqat işlərində
yaxından iştirak etmişdir. Bu ilin avqustunda onu
tanıyan və sevənlər üçün çox əziz
bir dost və həmkar olan bir insanın - tarixçi alim,
arxeoloq, tarix üzrə fəlsəfə doktoru Qəhrəman
Hüseyn oğlu Ağayevin 70 yaşı tamam olub. Bu möhtəşəm yubiley münasibətilə
mən özüm və həmkarlarım adından əziz
dostumuz Qəhrəman müəllimi ürəkdən təbrik
edir, ona ilk növbədə cansağlığı və
yeni-yeni elmi yaradıcılıq uğurları arzulayıram.
Əziz dost, 70 yaşın mübarək, istəyimiz budur ki,
bundan sonra 80, 90 və 100 yaşını ailən və səni
həmişə sevənlərlə qarşılayasan.
C.Ə.BƏHRAMOV,
AMEA
A.A.Bakıxanov adına
Tarix
İnstitutunun elmi işlər üzrə
direktor müavini, t.ü.f.d., dosent.
Respublika.- 2020.- 23
sentyabr.- S.6.