SALAMULLA CAVİD
Salamulla Haşım oğlu Cavid 1900-cü ildə Cənubi Azərbaycanın Xalxal bölgəsinin Nirov kəndində kasıb bir ailədə anadan olmuşdur. Atası savadlı olduğundan ona “Molla” ləqəbi vermişdilər. Anası erkən vəfat etdiyindən dayısının arvadı Dürrə xanım ona analıq etmişdir, ilk əvvəl dini təhsil almışdır.
Böyük vətənpərvər, həkim, ictimai-siyasi xadim, ədəbiyyatşünas, dilçi, folklorşünas, səksən altı il ömür sürmüş Salamulla Cavid mübarizələrlə, tibbi və ədəbi fəaliyyətlə zəngin, ibrətamiz bir həyat yolu keçmişdir. O, həyatının 50 ildən çoxunu Cənubi Azərbaycanın milli-azadlıq və demokratik hərəkatına həsr etmiş və hərəkatın liderlərindən biri olmuşdur. Azərbaycan Milli Hökumətinin daxili işlər naziri olmuş, Hökumətin baş naziri Seyidcəfər Pişəvəri (1892-1947) ilə çiyin-çiyinə çalışmışdır.
S.Cavid Cənubi Azərbaycan xalqının şah istibdadı və imperializm əsarətinə qarşı mübarizəsində fəal iştirak etmişdir.
1945-ci ilin dekabr ayının 12-də həmin ilin sentyabrında yaradılmış Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında Azərbaycan xalqının Cənubi Azərbaycanda hakimiyyəti öz əlinə alaraq Milli Hökuməti yaratması yalnız Azərbaycan xalqının deyil, bütün mütərəqqi insanların sevincinə səbəb olmuşdu.
Milli Hökumət yarandığı ilk gündən öz işini xalqın ehtiyac və arzuları əsasında qurmağa başlamış, Cənubi Azərbaycanın siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatında mühüm dəyişikliklər etmişdir. Kəndliyə torpaq, fəhləyə iş vermiş, kişilərlə qadınların hüquqlarını bərabərləşdirmiş, Azərbaycan dilini rəsmi dövlət dili elan etmiş, xalqın mədəni sərvətlərini özünə qaytarmışdır.
1945-ci ilin dekabr ayının 12-də Milli Məclis təşkil edilmişdir. 1946-cı il iyunun 23-də Təbrizdə birinci qurultay, iyulun 12-də Azərbaycan Universiteti, avqustunda isə Təbriz Filarmoniyası açılmışdır. Azərbaycan Şairlər və Ədiblər Cəmiyyətinin, Milli Dövlət Teatrının, Milli Muzeyin, Mədəniyyət Sarayının, Dövlət Radio Stansiyasının, Rəssamlıq Məktəbinin, Darülfünun yaradılması, kəndlərdə məktəblərin, xəstəxanaların tikilməsi elm, maarif, ədəbiyyat, incəsənət və səhiyyənin yaradılması bu sahələrin inkişafına böyük təsir etmişdir.
Qısa müddətdə ana dilində onlarla qəzet, jurnal nəşrə başlamış, bir çox şair və yazıçıların əsərləri çap edilmişdir. Azərbaycan Milli Hökumətinin orqanı olan “Azad millət” qəzeti 26 mart 1946-cı il tarixli sayında xalqın mürtəcelərə qarşı rəyini ifadə edərək yazmışdır:
“İndi milli təşkilatımız günbəgün qüvvətlənir, saatbasaat inkişafa, tərəqqiyə doğru gedir. İndi xalqımız öz həqiqi mənası ilə öz müqəddəratına malikdir. Başqalarının onun müqəddəratına dəlalət etməsinə yol verilməyəcəkdir. İndi milli qoşunumuz az bir zamanda qüdrətli və müntəzəm halda təşkil olubdur. İndi xalqımız tək sözdə deyil, əməldə də göstərir ki, o, vətəninə, millətinə, dilinə dəlalət etmək istəyənlərə ancaq süngü ilə cavab verəcəkdir”.
Azərbaycan Milli Hökumətinin nailiyyətləri hər yerdə böyük rəğbətə səbəb olmuşdur. Bütün qəzet, jurnallar bu nailiyyətlərdən böyük iftixarla yazırdılar.
Bu nailiyyətlərin əldə edilməsində Salamulla Cavidin də Milli Hökumətin digər üzvləri kimi əməyi az deyildir.
Cənubi Azərbaycan xalqının bu bir il ərzində iqtisadi, sosial, mədəni, maarif və ədəbi həyatda əldə etdiyi böyük nailiyyətlər Mərkəzi Hökumət və onun başçısı Məhəmmədrza şah ilə bərabər İkinci Dünya müharibəsindən sonra İranda öz nüfuzunu genişləndirməyə çalışan Amerika və ingilis imperialistlərinin böyük narahatlığına səbəb olmuşdur. 1946-cı ilin dekabr ayının 11-də daxili irtica ilə xarici imperialistlərin qüvvələri (Amerika və ingilis silahlıları) birləşərək özünün ilk xeyirxah addımlarını atan Azərbaycan Milli Hökumətinin üzərinə hücuma başladılar. Onların sayəsində xalqın, mütərəqqi qüvvələrin iştirakı ilə yaranmış Milli Demokratik hərəkat qan dəryasında boğuldu. Mərkəzi Hökumət ilə Azərbaycan Milli Hökuməti arasında bağlanmış müqaviləni şah ayaqlar altına atdı. Təbrizdə misli görünməmiş qətl, qarət, həbs, edam başlandı.
Bu yolda xalq qatı, amansız müqavimətlərlə üzləşdi. Çoxlu qan töküldü. Fədailər amansızcasına güllələnir, Azərbaycanın milli hərəkatında iştirak edənlərin ailələri qanunsuz və məhkəməsiz ölkənin yaşayış üçün əlverişsiz olan məntəqələrinə sürgün edilirdilər.
Milli Hökumətin məğlubiyyətindən sonra Tehran yaxınlığında və Təbrizdə bir müddət ev dustağı olan, dəfələrlə Rza şahın Qəsr-Qacar zindanına atılan, Kazanda sürgün həyatı keçirən S.Cavidin həyatı siyasi fəaliyyətinə görə çox keşməkeşli olmuşdur.
S.Cavid sonuncu dəfə həbsdən azad edildikdən sonra ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün dostlarının köməyi ilə əvvəllər də işlədiyi tibbi kabineti bərpa edib işləməyə başlayır. O, xatirələrində yazır:
“Əvvəllər siyasi vəziyyətimə və həbsə düşdüyümə görə adamlar, hətta həmşəhrilərim belə müayinə və müalicə üçün az müraciət edirdilər. Bir gün rəhmətlik Hacı Ələkbər Əbrişiminin qardaşı məni görüb dedi: “Doktor, siz həbsdə olanda, dadaşım (qardaşım) rəhmətə getməzdən əvvəl vəsiyyət etdi ki, onun varidatından bir miqdar kasıb-kusubun dava-dərman almasına xərclənsin. O, bu işin ancaq Sizin davaxanaya yazdığınız nüsxələr əsasında aparılmasını və hər ayın sonunda pulun hesablanıb davaxanaya pərdvaxt (köçürülmə) olunmasını vəsiyyət edib”.
Rəhmətliyin bu vəsiyyəti imkansız xəstələrə dərman almaqda əhəmiyyətli kömək olmaqdan başqa, mənim də qolumdan tutdu. Dava-dərman məccanı olduğundan xəstələrin sayı günbəgün artırdı. 8 il mən beləcə işlədim, iqtisadi vəziyyətimdə xeyli irəliləyiş oldu.
S.Cavid həkimliyi ilə bərabər ədəbi-elmi yaradıcılıqla da məşğul olmuşdur. O, çox çətin bir dövrdə Cənubi Azərbaycan ədəbiyyatının yaranması və inkişafı üçün əlindən gələni əsirgəməmişdir.
XX əsrin 40-cı illərində diktaturanın təqib və təzyiqlərinə baxmayaraq, Azərbaycanın tərəqqipərvər ziyalılarından olan Seyid Cəfər Pişəvəri, Tağı Ərani, Fəthi Xoşginabi, Salamulla Cavid, Əli Şəbüstəri və başqaları bir çox əzablara qatlaşmalı olsalar da, ruhdan düşmür, yaradıcılıq fəaliyyətlərini əzmlə davam etdirirdilər.
S.Cavid 1964-cü ildə dost və məsləkdaşların bir yerə yığışıb məsləhətləşməsi, yazılan əsərlərin dəyərləndirilməsi, çap ünvanının müəyyənləşdirilməsi məqsədilə yaradılmış “Dostlar görüşü” məclisinin təşkilatçılarından biri idi. Onun təşəbbüsü ilə “Dostlar görüşü” ədəbi məclis xarakteri almışdı. Bu ədəbi məclisə Nəsrulla Fəthi, Əli Azəri, doktor Katibi, Cabbar Əsgərzadə Bağçaban, Məhəmmədəli Fərzanə, Bulud Qaraçorlu Səhənd, Həsən Məcidzadə Savalan və başqaları toplaşmışdılar. Məhəmmədhüseyn Şəhriyarın iştirakı ilə keçirilən görüşlər məclisə xüsusi rövnəq vermişdi. S.Cavid onunla görüşlərini həyatının ən xoş günlərindən hesab edirdi və Şəhriyarı “Milli atamız” adlandırırdı. Dəhşətli irtica illərində, Azərbaycan dili və ədəbiyyatının, hətta ana dilindən danışmağın belə ciddi qadağan edildiyi bir dövrdə yaradılan və fəaliyyət göstərən “Dostlar görüşü” məclisinin çox böyük əhəmiyyəti olmuşdur. Bu məclisdə əsas məqsəd Azərbaycan dilində kitab, yazı dərc etdirməyə yol tapmaq idi. Ədəbi məclisin üzvləri “Koroğlu”, “Dədə Qorqud” dastanlarını, Mirzə Ələkbər Sabirin “Hophopnamə”sini, Mirzə Əli Möcüzün satirik şeirlərini Azərbaycan dilində, əlyazma halında həvəskarlar arasında yayır və bununla da Azərbaycan ədəbiyyatını təbliğ edirdilər.
S.Cavid Bakıda dərc edilən “Ədəbiyyat və incəsənət” qəzetinin və “Azərbaycan” jurnalının saylarını gizli yollarla əldə edir və “Dostlar görüşü” məclislərində bu ədəbi orqanlar böyük maraqla mütaliə edilirdi. Gənc şairlər bu məclisdə əsl poeziya məktəbi keçirdilər. Məclis hər 15 gündə bir məclis üzvlərinin birinin evində keçirilirdi.
O dövrdə Azərbaycan dilində bir cümlə belə çap etdirməyə icazə verilmədiyi üçün arabir ana dilində çap olunan kitablara “rəmzi” adlar və imzalar qoyulurdu. Salamulla Cavidin Cənubi Azərbaycanın məşhur şairi Mirmehdi Etimad ilə birlikdə yazdıqları Azərbaycan dilinin “sərfi-nəhv” kitabının müəllifləri gizli saxlanaraq “Cad” təxəllüsü ilə nəşr edilmişdir. Bu dərsliyə həm məşhur sənətkarların, həm də o zamankı gənc şairlərin - Əli Qəmam, Həsən Məcidzadə Savalan və başqalarının əsərləri daxil edilmişdir.
Azərbaycan Yazıçılar və Şairlər Cəmiyyətinin təsisi uğrunda birinci iclasa sədrlik edən, Azərbaycanın və xalqının dilinin vurğunu, “Azərbaycan orfoqrafiyası” kitabının müəllifi olan S.Cavid ana dili məsələsinin müzakirəsində də məclis iştirakçılarını bu işə çox ciddi yanaşmağa, səhvə yol verməməyə, səbirli və hövsələli olmağa, düşünülmüş qərar verməyə çağırırdı.
XX əsrdə Cənubi Azərbaycanda baş verən ictimai-siyasi hadisələr və inqilablar xalqda xalq ədəbiyyatına olan marağı daha da artırmışdır. Folklor, ana dili, milli dil və xalq dili məsələləri ilə sıx bağlı olduğu üçün ona marağın daha çox olması aydındır.
Cənubi Azərbaycanda şiddətli senzura və yasaqlar altında yaşayan xalq arasından da dilinə, xalqına və ədəbiyyatına bağlı bir çox ziyalılar çıxmış, onlar gizli və aşkar surətdə folklor nümunələri toplayaraq çap etdirib xalq arasında yaymışlar. Xalqın mənəviyyatını əks etdirən, ruhunu yüksəldən inciləri üzə çıxarmaqla öz doğma dilində çətinliklə oxuya bilən ziyalılara belə bir incilər yaradan müdrik xalqın, millətin övladı olduğunu xatırlatmışlar. 1934-cü ildə Əli Nəqi Vaizi-Dehxari Qanlı, 1935-ci ildə Məhəmməd Rahim Nüsrətülmülk Makui, 1946-cı ildə Məhəmmədəli Fərzanə Azərbaycan folklorunu toplayıb çap etdirmişlər.
Bütün həyatını xalqının və onun dilinin azadlığı, sağlamlığı və maariflənməsi işinə həsr edən S.Cavid isə topladığı folklor nümunələrinin birinci cildini 1966, ikinci cildini isə 1969-cu ildə çapa hazır etdiyi halda bu kitablar SAVAK-ın məmurları tərəfindən müsadirə edilib yandırıldığı üçün yenidən hazırlayaraq “Azərbaycan folklorundan nümunələr” adı ilə 1980-ci ildə çap etdirmişdir.
S.Cavid bu barədə “Azərbaycan Milli Nehzətindən (xatirələrimə müqəddimə)” 1358 (1979)) xatirələrində yazır: “Dördillik zəhmətdən sonra fars dilində hazırladığım “Numunehaye folklora Azerbaycan” (Azərbaycan folklor nümunələri - L.M.) kitabının ikinci cildini mətbəədə ona görə müsadirə etdilər ki, üzərində Azərbaycan sözü var. Gəncəli Səbahinin “Qartal” kitabının nəşrinə mane oldular. Həsən Məcidzadənin “Apardı sellər Saranı” kitabının farscaya çevrilməsinə baxmayaraq, çapına yol vermədilər. Azəri dilində nəşrlərə imkan verilmir. Zehirdə “İdareye nəğareş” adlanan, həqiqətdə “Sazemane əmniyyət”in senzurası olan idarə Azərbaycan dilində bir cümlənin belə çapına imkan vermir. “Vaqeye bərcəsteye tarixe məşruteye İran” kitabının müqəddiməsinə yazdığım “Yonca yeyib, məşrutə almışıq” cümləsinin də çap olunmasına icazə verilmədi.
Bütün bu təzyiqlərə baxmayaraq, hər bir düşüncəli azərbaycanlı gərək öz millətini unutmasın. Lazım gələn yaddaşları, kitabları ana dilində yazsın. Yəqin bir gün gələcək Azərbaycan dili azad olacaq. Azəri xalqı düşündüklərini doğma dilində yazıb, nəşr etdirəcəkdir. Bax, mən bu günün həsrəti ilə yaşayıram. O günü görənlər xoşbəxtdir. Mən milli nehzət haqda yazılarımı Azərbaycan Xalq şairi Səməd Vurğunun aşağıdakı şeiri ilə başlayıram:
El bilir ki,
sən mənimsən,
Yurdum,
yuvam məskənimsən,
Anam doğma Vətənimsən.
Ayrılarmı
könül candan,
Azərbaycan,
Azərbaycan!
Xalq yazıçısı, akademik Mirzə İbrahimov
S.Cavidin “Azərbaycan folklor nümunələri” və B.Q.Səhəndin
“Sazımın sözü” əsərləri haqqında
1968-ci ildə “İki kitab” adlı dəyərli bir məqalə
yazmışdır. S.Cavid bu məqalədən çox məmnun olmuş və
əsərinin 1980-ci ildə olan təkrar nəşrinin
müqəddiməsində həmin məqalədən
aşağıdakı sitatı vermişdir:
“Heç
bir aparata malik olmadan təkbaşına və ya bir-iki həvəskarın
pulsuz-parasız köməyi ilə xalq ədəbiyyatının
nümunələrini toplayıb çap etmək
ağırlığını və çətinliyini nəzərə
alaraq, müəllifin ağır zəhmətinə qiymət
verib, çox faydalı iş gördüyünü deməliyik”.
Doktor
Cavad Heyət də Azərbaycan folklorunun geniş
yayılması və araşdırılması ilə Cənubi
Azərbaycanda olan folklorşünasların az iş görmədiyini
vurğulayır və onlardan Məhəmmədəli Fərzanənin,
Salamulla Cavidin, Səməd Behrənginin, Bəhruz Dehqaninin, Həsən
Məcidzadə Savalanın bu sahədəki fəaliyyətlərini
təqdirəlayiq hesab edir.
“Türk ədəbiyyatında Azərbaycan folklorunun,
başqa sözlə, şifahi söz sənəti xəzinəsinin
demək olar ki, bütün janrları bu və ya digər həddə
qədər tədqiqə cəlb edilmişdir. Onun geniş yayılması
və araşdırılması üçün Güneydən
olan folklorşünaslar da az iş görməmişlər.
Bunun üçün qocaman folklorşünaslar professor Məhəmmədəli
Fərzanə, doktor Salamulla Cavid, Qaraçorlu, Səməd
Behrəngi, Behruz Dehqani, Savalan və bir çox
yazıçı və folklorşünasların
gördükləri işləri yada salmaq zəngin bir xəzinədən
soraq verməyə bərabər olardı”.
İran-İslam inqilabından sonra S.Cavid “Dostlarla
görüş” (1980) kitabını hazırlayıb çap
etdirir. Azərbaycan
ədiblərini xalqa yaxından tanıtdıran bu ilk məlumat
kitabında Məhəmmədhüseyn Şəhriyar, Cabbar
Əsgərzadə Bağçaban, Mirmehdi Etimad, Bulud
Qaraçorlu Səhənd, Cavad Heyət, Həbib Sahir,
Haşım Tərlan, Həsən Məcidzadə Savalan, Rəhim
Sadniki, Həsən Əhmədi və bir çox şair və
yazıçılar haqqında məlumat və əsərlərindən
nümunələr verilmişdir.
S.Cavid zəngin yaradıcılığının
bütün sahələrində dərin iz
buraxmışdır. Onun tibb elminə dair “Tibb və müalicə dərsliyi”,
“Tütün istehsalı və xərçəng xəstəliyi”,
“Körpələr pərvərişi” və başqa
kitabları bu gün də Təbriz və İran həkimlərinin
masaüstü kitablarıdır.
S.Cavidin övladı qədər sevdiyi şair Həsən
Məcidzadə Savalanla 35 ilə yaxın dostluğu və ədəbi
yaradıcılığı olub. Bu dostluğu heç vaxt unutmayan
H.M.Savalan “Onu görmədiyim gün darıxırdım”
(2003) adlı xatirəsində yazır: “Doktor Cavid çox
çalışqan bir insan idi. Həkimliklə
yanaşı, o, 30-dan artıq kitab və çoxlu
yazıların müəllifi idi. Ölümündən
qabaq kitabxanasından qiymətli və nəfis
kitablarını seçib Təbrizin Milli Kitabxanasına hədiyyə
etmişdi. Qalanları da vəfatından
sonra həmin kitabxanaya oğlu doktor Azad Cavidin iştirakı
ilə təhvil verildi.
O, mənim
və dostlarının qəlbində həmişəyaşar
insandır. Cavid dünyasını dəyişmək ərəfəsində
mənə dedi: “Ortancıl oğlum Amerikadadır, həkimdir.
Kiçik oğlum Almaniyadadır. Bütün ümidlərim böyük oğlum
Azadadır, (Azad Bakıda idi - L.M.) qüdrəti çatsa
xatirələrimi çap etdirsin. Qoy,
insanlar bilsin ki, mənim həyatım təlatümlü və
əzablı olsa da tutduğum yolun peşmanı deyiləm”.
O, bu sözləri son nəfəsində göz yaşları
içərisində dedi və gözlərini həmişəlik
həyata yumdu”.
Oğlu Azad kitablarından və xatirələrindən başqa heç bir sərvəti olmayan, övladlarına həsrət qalaraq dünyasını dəyişən S.Cavidin vəsiyyətini yerinə yetirərək 2003-cü ildə Əkrəm Mişovdağlının tərtibi və redaktorluğu ilə “Doktor Salamulla Cavid. O günün həsrəti ilə (xatirələr)” kitabını çap etdirmişdir.
Bir çoxları kimi ustad şairimiz Məhəmmədhüseyn Şəhriyar da Salamulla Cavidin vəfatından kədərlənib acı göz yaşı tökür. Ona həsr etdiyi “Doktor Cavid də getdi” şeirində onun itkisindən çox yaralandığını bəyan edir:
Amma mənim
qəlbimdə
Geniş
yerin dar alı,
Doktor
Cavid də getdi,
Yaralıyam, yaralı.
Bu gün
də yolu Seyid Cəfər Pişəvərinin, Firudin
İbrahiminin, Azadvətənin, Qulu Sübhinin, Salamulla Cavidin
- Azərbaycanın Milli Hökumət bahadırlarının
məzarları yanından düşən, onları ziyarətə
axışan müasir nəsillər Vətəni
ağasız, qulsuz, azad bir diyara çevirmək naminə
içdikləri andlarına sadiqdirlər. Gec-tez
onların ziyarətinə ləçəklərinə şəhidlərin
qanı çilənmiş gül dəstələri ilə,
Azərbaycan torpağının vətənpərvər, sədaqətli,
cəsur övladlarının Vətənə bəxş
etdikləri azadlıq müjdəsi ilə gələcəklərini
bir inam hissi ilə yaşayırlar.
Lətifə
MİRZƏYEVA,
AMEA-nın
Ədəbiyyat İnstitutu,
Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin
böyük elmi işçisi.
Respublika.- 2020.- 24 sentyabr.- S.6.