NƏRİMAN NƏRİMANOV TƏSVİRİ SƏNƏTDƏ

 

İnsanın ona ayrılan ömür payında yeganə qazancının ölümündən sonra onu yaşada biləcəklərinin olduğu çoxdan zamanın sınağından çıxıb. Qənaətimizcə hamının görkəmli dövlət və ictimai xadimi olmaqla yanaşı, həm də yazıçı və həkim kimi tanıdığı Nəriman Nərimanov (1870-1925) da belə şəxslərdəndir.

 

Amma elə gətirmişdir ki, vəfatından sonra onun fəaliyyəti kölgədə qalmış, xalqı üçün gördüyü işlərin əsl mahiyyəti ictimaiyyətə açıqlanmamışdır. Yalnız 1972-ci ildə - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə onun anadan olmasının 100 illiyi qeyd olunmaqla, çoxsaylı xidmətləri etiraf olunmuşdur. Bütün bunlarsa yaradıcı adamların onun həyat və yaradıcılığına olan marağın güclənməsinə və son nəticədə bədii-estetik tutumuna görə diqqət çəkən “Nəriman Nərimanov bədii salnaməsi”nin yaranmasına səbəb olmuşdur.

 

Etiraf edək ki, bu gün duyulası zaman kəsiyindən ictimai-siyasi təlatümlərlə zəngin olan Azərbaycan tarixinə diqqət yetirdikdə bu yüzilliyin ilk qərinəsinə təsadüf edən müxtəlif hadisələrdə Nəriman Nərimanovun duyulası yer tutduğunu qabarıq görürük. Heç şübhəsiz bütün bunlar sonralar onun həyat və yaradıcılığına bədii münasibət bildirmək istəyən yaradıcılar üçün təkanverici etibarlı qaynaq olmuşdur.

 

Heç şübhəsiz “Nəriman Nərimanov bədii salnaməsi”nin yaranmasında onun respublikanın paytaxtı Bakı şəhərində xatirə muzeyinin açılışının böyük rolu olmuşdur. 1977-ci ildə ekspozisiyasını geniş tamaşaçı kütlələrinin üzünə açan muzeyin çoxsaylı eksponatları sırasında Azərbaycanın tanınmış fırça və tişə ustalarının maraqlı sənət nümunələri vardı. Bunların arasında N.Nərimanovun fəaliyyət göstərdiyi dövrü və silahdaşlarını əks etdirən bir neçə tablo olsa da, əksəriyyəti bilavasitə onun həyat və yaradıcılığı ilə bağlı sənət əsərləri idi. Bu əsərlərin hamısının 1977-ci ildə yaradıldığına rəğmən demək olar ki, bu rəngkarlıq və qrafika əsərləri xatirə muzeyi üçün işlənilmişdir.

 

Bu mənada “V.İ.Lenin” (rəssamı E.Rzaquliyev), “Neft mədənlərində” (rəssamı E.Rzaquliyev), “Oktyabr günlərində” (rəssamı E.Rzaquliyev) və “Dostluq” (rəssamı E.Rzaquliyev) adlı tabloların onun silahdaşlarına və dövrünə həsr olunmuş əsərlər sırasına daxil etmək mümkündür. Mərhum Xalq rəssamı Elbəy Rzaquliyevin fırçasına məxsus olan bu tablolar özünün realist-gerçəkçi bədii həllinə malik olmaqla, əsrin əvvəllərinə xas olan təzadlı situasiyanı kifayət qədər inandırıcı təqdimatına görə yadda qalır...

 

Bu gün onun Bakıdakı xatirə muzeyinin ekspozisiyasında Nəriman Nərimanov ünvanlı digər əsərlərlə tanış olmaq mümkündür. Onları xronoloji ardıcıllıqla dəyərləndirməli olsaq, onda ilk növbədə Ə.Rüstəmovun yağlı boya ilə yaratdığı “N.Nərimanovun işlədiyi Qızılhacılı kəndinin görünüşütablosunun adını çəkməliyik. Bizi xəyalən gənc Nəriman Nərimanovun Qori seminariyasının məzunu kimi müəllim işlədiyi 1890-cı ilə qaytaran bu mənzərədə duyulası gerçəkliklə təsvir olunan kənd motivində bədiilik inandırıcılığa kökləndiyindən əsər bu gün həm XIX yüzilliyin sonlarının görüntüsü kimi, həm də tarixi əhəmiyyət daşıyır.

 

Gənc müəllimin bir il sonra artıq Bakıda - kişi gimnaziyasında fəaliyyətinin bədii tərənnümünü isə mərhum Xalq rəssamı Oqtay Sadıqzadənin “Nəriman Nərimanov gənclik illərində” tablosunda görmək mümkündür. Ekspozisiyadakı digər lövhələrdən fərqli olaraq bu əsər 2008-ci ildə işlənib və muzeydə bu münasibətlə xüsusi təqdimat mərasimi də keçirilib. Görkəmli fırça ustası portret janrında işlədiyi lövhədə hələlik müəllimlik qayğıları ilə əhatələnmiş gənc Nəriman Nərimanovun reallığı ilə diqqət çəkən obrazı yaratmağa nail olmuşdur.

 

1905-ci ildə gənc müəllimin “Hümmət” təşkilatına üzv olması artıq onun dünyagörüşünün təkmillənməsinin və yeni tutum almasının nəticəsi olduğundan, rəssamların onun həmin dövr fəaliyyətini nəzərdən qaçırmamalarını təbii saymaq olar. Elə Toğrul Sadıqzadənin işlədiyi “N.Nərimanov “Hümmət”in yığıncağından sonratablosunda vurğulanan həmin dövr təsvir olunub. Zamanında kasıbların - torpağa bağlı insanların böyük inam bəslədikləri N.Nərimanovu küçədə əhatələyən vəziyyətdə təsvir edən rəssam, onların təzadlı yaşantılarla dolu çöhrələrində gələcəyə ümid işartıları əks etdirməyə nail olmuşdur.

 

Xalq rəssamı Oqtay Sadıqzadənin yaratdığı “Nəriman Nərimanov. 20-ci illər” tablosu bizi xəyalən Azərbaycanda ictimai-siyasi sistemin əvəzləndiyi dövrə qaytarır. Qurduqları yeni hökumətin çörəyi torpaqdan çıxan insanları günə çıxaracağına nə vaxtsa böyük ümidlər bəsləyən Nəriman Nərimanov rəssam təqdimatında düşüncəlidir. Elə onu əhatələyən əmək adamlarının iri planda göstərilən çöhrələrində də sosialist gerçəkliyini tərənnüm edən əksər tablolarda müşahidə olunan süni-pafoslu gülüşün yoxluğu qarşılığında demək olar ki, əsər bütün mənalarda təzadlı keçən iyirminci illərin siyasi-psixoloji tutumunun ürəkaçan sonluq vəd vermədiyinə bədii işarə kimi qəbul olunur. Yeri gəlmişkən deyək ki, bu lövhə N.Nərimanova həsr olunmuş çoxsaylı sənət nümunələri arasında yüksək bədii-estetik məziyyətlərinə görə çox uğurlu hesab olunur.

 

Görkəmli fırça ustası Mikayıl AbdullayevinV.İ.Leninin yanında” əsərində isə Nəriman Nərimanovun siyasi fəaliyyətinin tarixiləşmiş səhifələrindən birinə bədii görüntü verilmişdir. Süjeti keçmiş SSRİ-yə rəhbərlik edən V.İ.Leninlə N.Nərimanovun görüşü təşkil edir. Süjetli tablolar işləməkdə zəngin təcrübəyə malik olan Mikayıl Abdullayev V.İ.Leninin kabinetində söhbət edən hər iki obrazı kompozisiyanın önünə çəkməklə, ölkənin taleyinə cavabdeh olan bu iki siyasətçinin mükaliməsinin taleyüklü məsələlərə həsr olunduğunu duymağa imkan verir. Tablonun isti rənglərdən yaranan koloritinin süjetin uğurlu alınmasına təsiri də böyük olmuşdur.

 

Xalq rəssamı Davud Kazımovun “Genuya konfransında” tablosu isə adından da göründüyü kimi I Dünya müharibəsindən sonra 1922-ci ildə keçirilən mühüm beynəlxalq toplantıya həsr olunub. Rəssamın açıq havada görüntüyə aldığı Rusiya nümayəndə heyəti üzvlərinin arasında Nəriman Nərimanov da vardır. Əsər heç şübhəsiz ilk növbədə tarixi hadisənin bədiiləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. Əlavə edək ki, N.Nərimanovu ora göndərməyə qərar verənlər iqtisadi məsələlərin müzakirə olunacağı bu toplantıda azərbaycanlı diplomatın siyasi-iqtisadi məntiqinin uğurlu nəticəsinə böyük ümid bəsləyirdilər...

 

Görkəmli qrafika ustası Ələkbər Rzaquliyevin yağlı boya ilə çəkdiyi “Nəriman Nərimanov” portretində isə müəllifin obrazın yaşantılarına nüfuzetmə bacarığı duyulmaqdadır. Eyni məziyyəti Oqtay Sadıqzadənin kiçikölçülü portretində də müşahidə etmək mümkündür.

 

Tanınmış plakat ustası Hacağa Nəzərovun çəkdiyi “Nəriman Nərimanov” əsərində qəhrəmanı bayraq fonunda görüntüyə gətirən rəssam, portretin profil təsvirinə baxmayaraq onun qətiyyət dolu obrazını yaratmağa nail olmuşdur.

 

Xatirə muzeyinin fondunda saxlanılan iki əsərdə də Nəriman Nərimanovun obrazı yer alıb. Onlardan biri Xalq rəssamı Hüseyn Əliyev tərəfindən, digəri isə naməlum rəssam tərəfindən işlənilmişdir.

 

Daha bir neçə əsərdə rəssam təxəyyülü bizi Nəriman Nərimanovu müxtəlif məkanlarda və ovqatda qarşılaşdırıb. Bunlar Xalq rəssamı Kamil Nəcəfzadənin “Xalq haqqında düşüncələr” (1970), monumentalçı rəssam Oqtay Şıxəliyevin “N.Nərimanov Bakının fonunda” (1970), Əməkdar incəsənət xadimi Kamal Əhmədin “N.Nərimanovun portreti” (1971) və mərhum abxaz rəssamı Zaur Adjbanın (1956-1993) “Qayğılı günlər” (1980-ci illər) əsərləridir.

 

Muzeyin ekspozisiyasında və fondunda N.Nərimanovun ədəbi irsinə bədii görkəm verən əsərlər də az deyil. Bu mənada Xalq rəssamları Tağı Tağıyev və Yusif Hüseynovun yağlı və sulu boya ilə çəkilmiş illüstrasiyalarını qeyd etmək olar. Əgər T.Tağıyevin çəkdiyi tablodaNadir şahpyesinin bir səhnəsinə bədii görkəm verilibsə, Y.Hüseynovun tuşla işlədiyi qrafik silsilədə N.Nərimanovun məşhur “Bahadır və Sona” əsərinin ayrı-ayrı səhifələrinə “bədii güzgütutulub. “Bahadır və Sona” ünvanlı “Bahadırın getməsi”, “Yolda”, “Sonuncu məktub”, “Xatirələr”, “Bahadır və Yusif” və “SonaMaşokimi lövhələrdə  povestin kifayət qədər təzadlı süjetə malik olduğunu duymaq mümkündür.

 

N.Nərimanovun həyat və yaradıcılığını özündə əks etdirən rəngkarlıq və qrafika nümunələri təkcə onun xatirə muzeyində toplanmayıb. Həmin əsərlər həm də Milli Azərbaycan İncəsənəti və N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeylərinin fondlarında saxlanılır. O.Sadıqzadə, H.Haqverdiyev, Y.Hüseynov, M.Abdullayev, B.Mirzəzadə, D.Kazımov və A.Hacıyevin “Nizami muzeyi”ndəki rəngkarlıq və qrafika, eləcə də F.Bakıxanov, E.Şamilov və Ə.Salikovun heykəltəraşlıq nümunələri yüksək bədii dəyərə malik əsərlərdir.

 

H.Haqverdiyev və S.Salamzadənin “İncəsənət muzeyi”ndəki rəngkarlıq tablolarında da N.Nərimanovun ömür yoluna salınan “bədii işıq” kifayət qədər təsirli və yaddaqalandır, desək, yanılmarıq.

 

Heç şübhəsiz Nəriman Nərimanovun bədiiləşmiş obrazlarının geniş ictimaiyyətə daha yaxşı tanış olanları ona həsr olunmuş heykəltəraşlıq nümunələridir. Bunların ən qabarıq görünəni onun 1972-ci ildə açılışı baş tutmuş Bakıdakı abidəsidir. Tuncdan hazırlanmış bu əsərin müəllifi görkəmli tişə ustası Cəlal Qaryağdıdır. Taleyinə təzadlı ömür payı yazılmış Nəriman Nərimanov şəxsiyyətinə nüfuz etməyə çalışan heykəltəraş yaddaqalan plastik bədii həll vasitələri ilə onun monumental obrazını yaratmağa nail olmuşdur. Respublikamızda diqqətçəkən digər bir büst-abidə isə 1964-cü ildə Sumqayıtda ucaldılmışdır. Görkəmli heykəltəraş Mirəli Mirqasımovun təxəyyülünün məhsulu olan bu portret-heykəldə də möhtəşəmlik duyulmaqdadır.

 

Nəriman Nərimanovun Ulyanovsk şəhərində yerləşən abidəsi də icra sənətkarlığı baxımından diqqət çəkir. Qırmızı qranitdən hazırlanmış bu heykəlin müəllifi Əməkdar rəssam Aslan Rüstəmovdur. Əsərin 1977-ci ildə baş tutan açılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də iştirak etmişdi.

 

Sonda deyək ki, Nəriman Nərimanova olan ümumxalq məhəbbəti və onun xatirəsinin əbədiləşdirilməsinə göstərilən dövlət qayğısı görkəmli ictimai xadim və yazıçının həyatına həsr olunmuş bədii nümunələrin bu günümüzə kimi yaradılmasını şərtləndirmişdir. Ona görə də bu yerdə Nəriman Nərimanova həsr olunmuş bədii nümunələrin şərh olunanlarla məhdudlaşmadığını dilə gətirməklə, hələ bundan sonra da bu yöndə yaddaqalan əsərlərin yaradılacağına ümid bəsləyirik. Belə ki, buna N.Nərimanovun vətən sevgisindən bir an belə əskik olmayan ömür yolu əsas verir...

 

Ziyadxan ƏLİYEV,

Azərbaycan Respublikasının

Əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə fəlsəfə

doktoru.

 

Respublika.- 2020.- 29 sentyabr.- S.8.