ABŞERON
YARIMADASI SU TƏCHİZATININ ƏSAS MƏNBƏYİ
Samur-Abşeron Suvarma Sistemi məhz
belə unikal əhəmiyyətə malikdir
Təbiətin insanlara bəxş etdiyi təbii sərvətlər içərisində su ehtiyatları xüsusi yer tutur. Su cəmiyyətin inkişafının əsas və həlledici amili kimi ən qiymətli təbii sərvətdir. Təbii sərvətlərin bir çoxunu başqaları ilə əvəz etmək mümkün olduğu halda, su əvəzedilməzdir, onsuz yaşamaq mümkün deyildir. Xalq arasında belə bir deyim vardır: “Torpaq xəzinədir, su isə qızıl”. Həqiqətən də su yer üzündə ən çox yayılmış və misli-bərabəri olmayan təbii sərvətdir.
Azərbaycan mürəkkəb relyef və təbii-iqlim şəraitinə malik qədim suvarma əkinçiliyi diyarıdır. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda cəmlənmişdir. Hazırda istehsal olunan kənd təsərrüfatı məhsullarının 90-95%-i suvarılan torpaqlardan götürülür. Pambıq, tütün, tərəvəz və s. kimi gəlirli bitkilər tamamilə suvarılan torpaqlarda becərilir. Azərbaycan Respublikası arid-quraq zonada yerləşdiyindən su ehtiyatları məhduddur. Yerüstü su ehtiyatları çoxillik normaya görə 32,2 milyard kubmetr təşkil edir, quraqlıq illərdə bu göstərici 22,6 milyard kubmetrədək azalır. Su ehtiyatlarının 70 faizi respublikamızdan kənarda, 30 faizə qədəri isə respublikamızın ərazisində formalaşır.
Azərbaycan adambaşına düşən su ehtiyatına görə MDB dövlətləri arasında axırıncı yerlərdən birini tutur. Birinci yer Rusiya Federasiyası, ikinci yer Qırğızıstandır. Azərbaycan qonşu respublikalar - Gürcüstandan 7-8 dəfə, Ermənistandan 3-4 dəfə az su ehtiyatlarına malikdir. Suvarmada əsasən 17% yeraltı su, 20 faiz çay məcrəlarından kənarda olan su, 63% Kür-Araz və digər çayların üzərində yaradılmış su anbarlarından su qəbul etməklə aparılır. Respublikada orta illik su çatışmazlığı 3,7 milyard kubmetr, az sulu illərdə 4,75 milyard kubmetr təşkil edir. Azərbaycanın ərazisi 27 - 4466 metr yüksəklik arasında dəyişir. Ərazinin 18%-i dəniz səviyyəsindən aşağıda yerləşir.
Yer kürəsi səthinin 70%-i su olmasına baxmayaraq, şirin su ehtiyatı yalnız 1% təşkil edir. Bu səbəbdən mövcud su ehtiyatlarından səmərəli istifadə etmək, onun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına nail olmaq, respublikada əkin sahələrinin suvarılması, məişət ehtiyaclarının və içməli su təchizatının təmin edilməsi kimi vacib məsələlərin həlli daimi olaraq ən ümdə vəzifə kimi nəzarətdə saxlanılmışdır.
Azərbaycanın əsas sənaye sahələri və əhalisinin məskunlaşdığı Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadası əhalisinin suvarma, texniki, məişət və içməli su təchizatının həll edilməsi ölkəni narahat edən məsələlərdən biri olmuşdur. Genişmiqyaslı Bakı və Sumqayıt şəhərləri də daxil olmaqla bütün Abşeron yarımadası təbii iqlim şəraitinə görə Susuz Zonaya aiddir. Ona görə də Abşeronun həm su təchizatı, həm də kənd təsərrüfatı bitkilərinin suvarılması üçün su təminatı respublikanın başqa rayonlarından (mənbələri Quba-Xaçmaz, Qəbələ-İsmayıllı bölgəsi və Kür çayı olmaqla) ödənilir.
Hələ Bakı Şəhər Duması şəhərin su təchizatı ilə əlaqədar 1877-ci ildən müxtəlif vasitələrlə təchizat tədbirlərini həyata keçirmiş, bu sahədə bir neçə variantda su kəməri tikintisi üçün layihə-axtarış işləri aparılmışdır. Nəticədə Bakı şəhərinin su təchizatı məqsədi ilə, Şollar suyunun (187 km), Kür (110 km) və Samur çaylarından (200 km) suyun şəhərə verilməsi üçün layihələr təqdim edilmişdir. O vaxtlar birinci varianta üstünlük verilərək 1911-1917-ci illərdə Birinci Bakı Şollar Su Kəməri tikilmişdir.
Bununla da Abşeron yaşayış məntəqələrinin su təchizatında dönüşün başlanğıcı qoyuldu. Tikintisinə 1935-ci ildən başlanılmış, uzunluğu 178 km olan, gün ərzində 228 kubmetr məhsuldarlığa malik ikinci Bakı Su Kəməri Xaçmaz rayonu ərazisindən Bakı şəhərinə gətirilərək, 1958-ci ildə istifadəyə verildi. Bakı şəhərində içməli su təchizatında yaranmış gərginliyi nəzərə alaraq ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci ildə I Kür-Bakı Su Kəməri, 1971-ci ildə II Kür-Bakı Su Kəməri və 1988-ci ildə III Kür-Bakı Su Kəməri çəkildi.
Bakı şəhərində sənayenin inkişafı və əhalinin artımı ilə əlaqədar içməli su təchizatında yaranmış su çatışmazlığını nəzərə alaraq möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı və köməkliyi sayəsində 2015-ci ildə Oğuz-Qəbələ-Bakı Su Kəməri istifadəyə verildi.
Respublikanın şimal bölgəsinin rayonlarının əkin sahələrini, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini suvarma, texniki, məişət və içməli su ilə təmin edən Samur-Abşeron Suvarma Sisteminin (SASS) yaradılmasının maraqlı tarixçəsi vardır. Belə ki, 20-ci əsrin 30-cu illərində Özbəkistanda 270 km uzunluğunda “Böyük Fərqanə” kanalı 45 gün ərzində əllə qazılmışdır. Buna cavab olaraq Azərbaycan kolxozçuları su çatışmazlığını aradan qaldırmaq məqsədilə öz qüvvələri hesabına yeni kanal qazmaq barədə öhdəlik götürdülər.
Quba-Xaçmaz zonasının 6 inzibati rayonunun kolxozçuları Samur çayından Ataçaya qədər 108,7 km uzunluğundakı kanalın əl əməyi ilə qazılmasına 30 min nəfərə qədər kolxozçu cəlb edərək onun 2 ay ərzində çəkilişini təmin etmişlər. Qazma işlərinə 1939-cu ilin oktyabrın 25-də başlanılmış və dekabr ayının 25-də başa çatdırılmışdır. Kanalın açılışı isə 1940-cı ilin aprel ayının 28-də həyata keçirildi.
Kanalın 2-ci növbəsinin Abşeron yarımadasına kimi uzadılması 1946-cı il üçün nəzərdə tutulmuşdu. Lakin II Dünya müharibəsinin başlanması bu işləri dayandırdı. Kanalın 2-ci növbəsi 1951-1956-cı illərdə tikilib başa çatdırıldı. Kanal Abşerona qədər 86,3 km məsafədə uzadıldı. 1957-ci ildə Samur çayı üzərində hidroqovşaq və 1958-ci ildə isə Ceyranbatan Su Anbarı tikilib istifadəyə verildi.
1960-cı ildə Bakı şəhərinin su təchizatını, Abşeron yarımadasında zeytun plantasiyalarının, həmçinin neft sənayesinin su təminatını yaxşılaşdırmaq məqsədilə Samur-Abşeron kanalında yenidənqurma işlərinə başlanılmışdır. Samur-Abşeron kanalı başdan-ayağa kimi beton üzlüyə alınmış (181,7 km məsafədə), kanalın üzərində Qusarçay, Qudyalçay, Qaraçay, Caqacuqçay və Vəlvələçay qidalandırıcı hidroqovşaqları, sudurulducuları, nizamlayıcı qurğular, Sitalçay və Ceyranbatan nasos stansiyaları tikilmişdir. Kanalın sugötürmə qabiliyyəti saniyədə 55-25 kubmetr təşkil etmişdir. Samur-Abşeron kanalı 450-yə yaxın hidrotexniki qurğudan ibarət mühüm əhəmiyyətli mürəkkəb su təsərrüfatı obyektinə çevrilmişdir.
Bu mühüm əhəmiyyətli kanal uzun illər
(65 il) Şimal bölgəsi, Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadası əhalisini suvarma, texniki, məişət və içməli su ehtiyacını fasiləsiz olaraq, təmirə dayanmadan su ilə təmin etmişdir. Bu səbəbdən onun beton üzlüyündə aşınmalar baş vermiş, kanalın üzərindəki sudurulducular öz funksiyalarını itirmiş, su itkisi artmış və hidrotexniki qurğular deformasiyaya uğramışdır. Bunun qarşısını almaq üçün Samur-Abşeron kanalında yenidənqurma işlərinin aparılması vacib hesab edilmişdir.
Ulu öndər Heydər Əliyev Səudiyyə Ərəbistanında rəsmi səfərdə olarkən (1994-cü il) İslam dünyasının ona olan hörmətinin əlaməti olaraq İslam İnkişaf Bankının rəhbərliyi Samur-Abşeron Suvarma Sisteminin yenidənqurma sxemini hazırlamaq üçün Azərbaycana əvəzsiz olaraq 280 min ABŞ dolları qrant ayırdı. Bu qrantın hesabına Türkiyənin layihə şirkətləri tərəfindən 1996-cı ildə Sxem hazırlandı. Beynəlxalq Təşkilatlar tərəfindən ayrılmış vəsait hesabına 2006-cı ildə 67,4 km uzunluğunda sərfi saniyədə 36 kubmetr olan Xanarx kanalının tikintisi, 2007-ci ildə Samur-Abşeron kanalının 50 km-lik başlanğıc hissəsinin bərpası, Samurçay hidroqovşağının təmiri və Samurçay yeni su durulducusunun tikintisi başa çatdırılmışdır. Xanarx kanalının tikilməsində əsas məqsəd 62,6 min hektar ərazidə, o cümlədən Qusar rayonunda 10,4 min hektar, Xaçmaz rayonunda 40,8 min hektar, Şabran rayonunda 11,4 min hektar torpaq sahələrinin suvarılmasını yaxşılaşdırmaq və Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin bərpası zamanı Ceyranbatan Su Anbarını su ilə təmin etmək olmuşdur.
Əvvəllər Samur-Abşeron kanalına
suyun götürülməsi keçmiş SSRİ Meliorasiya
və Su Təsərrüfatı Nazirliyinin 07 oktyabr 1967-ci il
tarixli Protokoluna əsasən həyata keçirilirdi. Bu Protokola uyğun olaraq çayın 75% təminatlı
axınının (1749 milyon kubmetr) 50,84%-i (889,1 milyon kubmetr)
Azərbaycana, 17,15% (300 milyon kubmetr) Dağıstan
Respublikasına və 32,01% Samur çayına (559,9 milyon kubmetr)
ekoloji məqsədlər üçün
axıdılması nəzərdə tutulmuşdu. Çox vaxt su axınının
75%-i Azərbaycana, 25%-i isə Dağıstana verilirdi.
Hazırda isə Samur çayının su
axınının bölgüsü Azərbaycan və Rusiya
hökuməti arasında 03 sentyabr 2010-cu ildə
imzalanmış “Samur çayının su
ehtiyatlarının istifadəsi haqqındakı” Sazişə
əsasən aparılır. Sazişə uyğun olaraq Samur
çayının suyunun 30,5%-i ekoloji məqsədlər
üçün Samur çayına buraxılır, yerdə
qalan su isə Azərbaycan və Dağıstan
Respublikaları arasında bərabər bölüşdürülür.
Başqa sözlə, Samur çayından Azərbaycanın
su payı 50,84%-dən- 34,75%-ə
düşmüşdür. Sazişin icrası
ilə əlaqədar Birgə Komissiya və İşçi
qrupu yaradılmışdır. Rusiyalı
mütəxəssislər Samurçay
hidroqovşağında suyun bölüşdürülməsinə
nəzarət edirlər.
Samurçaydan
götürülən suyun azalması səbəbindən Azərbaycan
tərəfi Samur-Abşeron kanalının Yenidən
qurulması layihəsi çərçivəsində
Qusarçay, Qudyalçay, Qaraçay, Caqacuqçay və Vəlvələçayda
qidalandırıcı hidroqovşaqların tikilməsini, Vəlvələçay-Taxtakörpü,
Taxtakörpü-Ceyranbatan magistral kanallarının və
Taxtakörpü su anbarının tikintisini həyata
keçirdi. Bu tədbirlərin həyata
keçirilməsi möhtərəm Prezidentimiz İlham
Əliyevin nəzarəti və köməkliyi sayəsində
baş tutmuşdur.
Möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən 2011-ci ilin
avqust ayının 15-də Vəlvələçay-Taxtakörpü
magistral kanalının (31,8 km), 2013-cü ilin 28 sentyabrında
110 km-lik Taxtakörpü-Ceyranbatan magistral kanalının və
Taxtakörpü su anbarının SES-lə birlikdə (25 Mvt)
istifadəyə verilməsi təmin edildi.
Ümumi
su tutumu 268,4 milyon kubmetr, faydalı həcmi 218,9 milyon kubmetr
olan Taxtakörpü Su Anbarı Azərbaycanda son zamanlar
tikilmiş unikal hidrotexniki qurğulardan biridir. Əvvəllər
Ceyranbatan Su Anbarına Samur-Abşeron kanalının suyu 2
nasos stansiyası (Sitalçay və Ceyranbatan) vasitəsi ilə
verilirdi. İndi isə Taxtakörpü Su
Anbarından Ceyranbatan Su Anbarına durulmuş şəffaf su
öz axını ilə verilir. Bu da ildə
10-15 milyon dollar vəsaitə qənaət olunması deməkdir.
Samur-Abşeron Suvarma Sisteminin yenidən qurulması nəticəsində
Şimal bölgəsi rayonlarının 150 min hektara qədər
suvarılan sahələrinin su təminatının
yaxşılaşmasına, Şabran, Siyəzən və
Xızı rayonları ərazisində 31 min hektar yeni
suvarılan sahələrin istifadəyə verilməsinə
şərait yaranmışdır. Əlavə olaraq
Taxtakörpü-Ceyranbatan kanalı vasitəsi ilə sifon
quraşdırılmaqla Abşeron rayonu ərazisində layihədə
nəzərdə tutulmayan 1000 hektara yaxın dəmyə sahələr
su ilə təmin edilir. Bu sahələrin əksəriyyətindən
məcburi köçkün və qaçqın ailələri
yararlanır.
Taxtakörpü Su Anbarının istismara verilməsi ilə
Bakı, Sumqayıt şəhərlərinin və Abşeron
yarımadasının yaşayış məntəqələri
içməli, texniki, məişət və suvarma suyu ilə
fasiləsiz təmin olunur. Taxtakörpü Su
Anbarına 2013-2020-ci illər ərzində 2 milyard 614 milyon
kubmetr həcmində su toplanmışdır.
Taxtakörpü-Ceyranbatan kanalı vasitəsilə 2 milyard 517
milyon kubmetr su verilmiş, bundan 2 milyard 29 min kubmetr həcmində
su Ceyranbatan Su Anbarına, qalan 488 milyon kubmetr müvafiq
rayonlara suvarma məqsədilə verilmişdir. Əgər
Taxtakörpü Su Anbarı vaxtında tikilib istifadəyə
verilməsəydi, 2014-2020-ci quraqlıq illərində
Bakı, Sumqayıt şəhərlərində və
Abşeron yarımadasında məskunlaşan əhalinin su təchizatında
acınacaqlı vəziyyət yaranardı.
Azərbaycan
Nazirlər Sovetinin 02 iyul 1960-cı il
tarixli 420 saylı qərarına əsasən Ceyranbatan Su
Anbarından “Azərsu” ASC-yə saniyədə 9 kubmetr və
ya ildə 285 milyon kubmetr suyun verilməsi nəzərdə
tutulmuşdur. “Azərsu” ASC tərəfindən
Ceyranbatan Su Anbarından su götürən boru kəmərlərində
aparılan yenidənqurma işləri nəticəsində
anbardan daha çox su götürmək imkanı
yaranmışdır. “Azərsu” ASC tərəfindən
tələbatdan asılı olaraq hər il
orta hesabla 350-400 milyon kubmetr həcmində su
götürülür. Əgər
Taxtakörpü Su Anbarı olmasaydı bu qədər suyu
Ceyranbatan Su Anbarından götürmək mümkün
olmazdı.
Qeyd edildiyi kimi, Ceyranbatan Su Anbarı Bakı, Sumqayıt
şəhərləri və Abşeron yarımadasının
yaşayış məntəqələrini içməli,
texniki, məişət və suvarma suyu ilə təmin edir. Hazırda Bakı,
Sumqayıt şəhərlərinin və Abşeron
yarımadasının içməli suya olan ehtiyacının
60-70%-i, sənaye müəssisələrinin texniki suya olan
ehtiyacının 100%-i Ceyranbatan gölünün hesabına təmin
olunur. Bu səbəbdən Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti anbarda suyun optimal səviyyədə
saxlanılmasına və doldurulmasına ciddi nəzarət
edir. Samur çayı ilə yanaşı, SASS-nin Yenidən
qurulması layihəsi çərçivəsində Azərbaycan
ərazisində formalaşan Qusarçay, Qudyalçay,
Caqacuqçay və Vəlvələçay çayları
üzərində inşa edilmiş hidroqovşaqlar və
onların nəqledici kanalları vasitəsilə SAK-a toplanan
sular hesabına 2017-ci ilin 15 iyununda “Qurtuluş günü” ərəfəsində
Taxtakörpü su anbarı tam həcmdə doldurulmuşdur. 2019 və 2020-ci illərdə baş verən kəskin
quraqlıq nəticəsində anbarı doldurmaq mümkün
olmamışdır. Buna baxmayaraq su istifadəçiləri
sudan istifadə planına müvafiq olaraq
suvanma suyu və içməli su ilə təmin edilmişlər.
Taxtakörpü
Su Anbarının özəlliyi ondadır ki, o, Ceyranbatan Su
Anbarında su olmasa və Taxtakörpü Su Anbarına
axın olmadığı halda anbara toplanmış su ilə
Bakı-Sumqayıt şəhərlərini il ərzində
içməli su ilə təmin edə bilər. Belə ki, 2018-ci ildə Samur çayından 836
milyon kubmetr, 2019-cu ildə 459 milyon kubmetr su
götürülmüşdür.
Göründüyü kimi, 2018-2019-cu illərdə 377 milyon
kubmetr su azalmasına baxmayaraq Taxtakörpü Su Anbarından
su istifadəçilərinə 441 milyon kubmetr həcmində
su verilmişdir. 2020-ci ilin 8 ayı ərzində
Taxtakörpü Su Anbarından 301 milyon kubmetr su verilmişdir.
Yuxarıda göstərildiyi kimi, 2019 və 2020-ci illər
əvvəlki illərlə müqayisədə kəskin
quraqlıq olması ilə seçilmişdir. Dünya
miqyasında baş verən Qlobal iqlim dəyişikliyi Azərbaycana
da öz təsirini göstərmişdir. 2019-cu il kəskin quraqlıq keçmiş, bu
quraqlıq vəziyyət 2020-ci ildə də davam etməkdədir.
Əsasən qonşu ölkələrdən daxil olan
yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və
yağıntıların əhəmiyyətli dərəcədə
azalması, orta temperaturun yüksəlməsi, su
ehtiyatlarının az olması, digər tərəfdən
ölkə iqtisadiyyatının, o cümlədən kənd
təsərrüfatının inkişafı, əkin sahələrinin
suvarma və içməli su təchizatı üzrə şəbəkələrin
genişləndirilməsi nəticəsində suya tələbatın
artması son illərdə ölkədə su
çatışmazlığı yaratmışdır.
Bunu nəzərə
alaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən
ölkə ərazisində su ehtiyatlarından səmərəli
istifadənin təmin edilməsi, su təchizatının idarə
olunmasının təkmilləşdirilməsi və bu sahədə
fəaliyyətin əlaqələndirilməsi məqsədilə
15 aprel 2020-ci il tarixli xüsusi sərəncam
imzalanmışdır. Sərəncamla aidiyyəti
qurumların rəhbərlərinin iştirakı ilə
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə
xüsusi Komissiya yaradılmışdır.
Prezidentin tapşırığına uyğun olaraq
Komissiya tərəfindən qısa müddət ərzində
çox vacib işlər həyata keçirilmişdir. Belə ki, su ehtiyatları
barədə operativ məlumat sistemi qurulmuş, sudan səmərəli istifadə ilə
bağlı verilmiş tapşırıqların icrasına
gündəlik nəzarət təmin olunmuşdur. Məhdud su ehtiyatlarının ədalətli, optimal
və proporsional bölgüsü prinsipi əsasında 580 mindən
çox əkin sahəsi üzrə suvarma qrafikləri tərtib
olunmuşdur. Suvarmada olan problemlərin
operativ həlli məqsədilə Kənd Təsərrüfatı
Nazirliyinin 60 rayon üzrə Dövlət Aqrar Mərkəzlərinə
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin nümayəndələri cəlb edilməklə
birgə fəaliyyəti əlaqələndirilmişdir.
Ölkə üzrə ilk dəfə su
balansı tərtib edilmişdir. Su təsərrüfatı
balansının formalaşdırılması
üçün su təsərrüfatı subyektlərinin məlumatlarının
elektronlaşdırılması və hesabatın
alınması ilə bağlı elektron su təsərrüfatı
sistemi yaradılmışdır. Əsas
su və su təsərrüfatı obyektlərində
müasir ölçmə cihazlarının
quraşdırılması həyata keçirilmiş və
digər mühüm əhəmiyyət kəsb edən tədbirlər
və təkliflər yerinə yetirilmişdir.
Su
ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi
ilə bağlı 2020-2022-ci illər üçün “Tədbirlər
planı” Prezidentin 27 avqust 2020-ci il tarixli sərəncamı
ilə təsdiq edilmişdir.
2020-ci il iyul ayının 23-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının
vəziyyətinə həsr olunmuş videoformatda xüsusi
müşavirə keçirildi. Bu
müşavirə əhalinin suvarma suyu və içməli
su ilə təchizatı sahəsinə möhtərəm
Prezidentin nə qədər böyük əhəmiyyət
verdiyini bir daha aydın şəkildə göstərdi.
Prezidentin bu sahəyə göstərdiyi
qayğının təzahürü olaraq 10 yeni su
anbarının tikilməsi və 22 magistral kanal və
kollektorun yenidən qurulması barədə sərəncamlar
imzalaması su təsərrüfatı sahəsinin sürətlə
inkişaf etməsinə zəmin yaradacaqdır. Sərəncama
əsasən Qusarçay, Qudyalçay, Qaraçay və Vəlvələçayda
su anbarlarının inşa edilməsi, bu çaylarda baş
verə bilən sel sularının tənzimlənməsinə
şərait yaradaraq, əkin sahələrinin müntəzəm
su ilə təmin edilməsinə və Samur-Abşeron
kanalını qidalandırmaqla Taxtakörpü su
anbarının doldurulmasına yardımçı
olacaqdır. Ölkə Prezidentinin su təsərrüfatının
səmərəli istifadə edilməsinə dair
imzaladığı sərəncamlar kollektivimizdə geniş
müzakirə olunmuş, onların icrası üçün
müvafiq tədbirlər görülür. Əhalinin içməli su təchizatı prioritet
hesab edilməklə Taxtakörpü və Ceyranbatan Su
Anbarlarına suyun toplanması əsas vəzifələrimizdən
birinə çevrilmişdir.
Əkin
sahələrinin suvarma suyu ilə təmin olunması,
Bakı, Sumqayıt şəhərlərinin, həmçinin
Abşeron yarımadasının əhalisinin içməli su
təchizatının təmin edilməsi üçün
magistral kanallarda təmizləmə işləri
aparılır, hidrotexniki qurğularda təmir işləri
görülür, suyun düzgün uçotunun
aparılması üçün su ölçmə
cihazları quraşdırılır və digər istismar tədbirləri
həyata keçirilir. Hazırda 01.09.2020-ci il tarixdə Taxtakörpü
Su Anbarında 100,76 milyon kubmetr həcmində
və ya ötən illə müqayisədə 8,13 milyon
kubmetr çox su yığılmışdır.
Taxtakörpü Su Anbarından saniyədə 18,0
kubmetr miqdarında su buraxılır ki, bunun da saniyədə
14 kubmetri Ceyranbatan Su Anbarına verilir.
Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadənin
köməkliyi sayəsində Taxtakörpü Su
Anbarının qurğularında təmir işləri
aparılır. Anbarın ətrafının
abadlaşdırılmasına diqqət
artırılmışdır. Anbarın
istismar yolları bərpa edilmiş, ekoloji təmizliyi
üçün onun ətrafında müxtəlif ağac və
bəzək kolları əkilmişdir. Anbarın
bütün perimetri boyu 40 km uzunluğunda mühafizə
çəpəri quraşdırılmış və anbar
polis bölmələri tərəfindən ciddi şəkildə
mühafizə olunur.
Ümumiyyətlə, planetimizdəki içməli
suyun, təsərrüfat sularının ildən-ilə
istismarı artdığından və su ehtiyatlarının
azalması bu gün bəşəriyyətin bir nömrəli
problemlərindəndir. Abşeron yarımadasında və
Bakıda məskunlaşmanın həddindən artıq
çox olması suya olan tələbatın da kəskin
yüksəlməsinə səbəb olmuşdur. Su müqəddəs nemət olaraq bütün
canlı aləmin yaşamı deməkdir. Dahi şairimiz Nizami Gəncəvinin klassik “Artıq
içiləndə dərd verir su da” ifadəsi, əslində
içilmək kimi deyil, işlətmək kimi də başa
düşülməlidir.
Bəli, respublikamızda su istehsalının kosmik rəqəmlərlə
başa gəldiyini dərk edən hər kəs bu Tanrı
nemətinin qədrini bilməli, ondan qənaətlə və
səxavətlə istifadə etməlidir.
Zakir
RÜSTƏMOV,
Samur-Abşeron
Kanalı İstismarı İdarəsinin rəisi.
Respublika.- 2020.- 29 sentyabr.- S.9.