Qardaş Türkiyədən Azərbaycana dəstək

 

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun binasının qarşısında “Səninləyik Azərbaycan!”, “Qarabağa azadlıq!”, “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!” şüarları ilə Azərbaycana dəstək mitinqi keçirilib. Aksiyada Türkiyənin müxtəlif şəhərlərindən gələn diaspor təmsilçiləri, İstanbul İğdırlılar Dərnəyinin üzvləri, Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri, Türkiyədə yaşayan həmvətənlərimiz, burada fəaliyyət göstərən qurumların əməkdaşları, hər iki ölkənin ictimai, mədəniyyət xadimləri və KİV nümayəndələri iştirak ediblər. Aksiyada İSTAD-ın sədri Səfər Karakoyunlu media üçün açıqlamanı oxuyub. Açıqlamada deyilir: “İyirmi səkkiz ildir haqsız yerə işğal edilən torpaqlarımızın azadlığı bütün türk millətini həyəcanlandırdı. Vətənin işğaldan azad edilməsi uğrunda şəhid olan qardaşlarımıza uca Tanrıdan rəhmət diləyirik. Azərbaycan torpaqlarını işğal edərək 28 ildir qanunsuz şəkildə bölgədə qeyri-sabitlik yaradan, Xocalı soyqırımı daxil olmaqla, qətliamlar törədərək minlərlə günahsız insanı vəhşiliklə qətlə yetirən, beynəlxalq hüququ heçə sayaraq tərəfdarlarından aldığı dəstəklə Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistanı sərt şəkildə qınayırıq. Bölgədə sıxışıb qalan, iqtisadisiyasi problemlər yaşayan Ermənistan Azərbaycana hücum etməklə öz aləmində çıxış yolu tapmaq istədi. Beynəlxalq səviyyədə tanınmış Qarabağ torpaqlarının Azərbaycana aid olduğuna dair hüquqi sənədlər var. Bu qərarlara məhəl qoymayan Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərməyə davam edir. Buna cavab olaraq Azərbaycan müdafiə hüququndan istifadə edərək işğal olunmuş əraziləri geri qaytarmaq üçün hərəkətə keçib. Azərbaycan dövlətinin bu təşəbbüsünü tam dəstəkləyirik. Bəzi güclərə arxalanan Ermənistan bölgədə sülhün bərqərar olması üçün Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz tərk etməlidir. 83 milyonluq Türkiyə xalqı və 300 milyonluq türk dünyası olaraq Azərbaycanın haqlı mübarizəsində sonadək qardaşlarımızın yanındayıq”.

 

Dərnəyin rəhbəri Səfər Karakoyunlu dünyanın bütün ölkələrində yaşayan həmvətənlərimizi və türk qardaşlarımızı həmrəyliyə səsləyib. O, Ermənistanı hüquq müstəvisi qarşısında hesabat verməyə çağırıb. S.Karakoyunlu həmvətənlərimizi erməni təxribatlarına qarşı diqqətli olmağabu həssas günlərdə səbirli davranmağa səsləyib.

 

Sonra dərnək rəhbəri Azərbaycan Ordusundan gələn son sevindirici xəbərləri tədbir iştirakçıları ilə bölüşüb. Diplomatik korpusun qarşısında Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı mərasimdə Ordumuza və Azərbaycana dəstək şüarları səsləndirilib.

 

Azərbaycana qarşı hərbi hücumlarla bağlı, Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiyalar, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixində Dağlıq Qarabağda atəşkəsi və beynəlxalq hüququ pozaraq ağır silahlarla ölkəmizin mülki yaşayış məntəqələrini və hərbçiləri hədəf alan hücumlarını ən sərt şəkildə qınayıblar. Türkiyə Böyük Millət Məclisində təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və İYİ Partiyanın birgə açıqlamasında öz əksini tapıb. Sənəddə bildirilir: “Bu son hücumlar Ermənistanın bölgədə sülhə və sabitliyə ən böyük əngəl olduğunu ortaya qoyub. Biz beynəlxalq hüquqdan qaynaqlanan qanuni müdafiə haqqı çərçivəsində öz xalqını qorumaq və ərazi bütövlüyünü təmin etmək məqsədilə Azərbaycanın həyata keçirdiyi müdafiə tədbirlərini dəstəkləyirik. Otuz ilə yaxındır ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır. Bu haqsız işğalın aradan qaldırılması üçün BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarına uyğun şəkildə sülh məqsədli həll variantını dəstəklədiyimizi təkrar edirik. Beynəlxalq ictimaiyyəti bu günə qədər Ermənistanın işğalı və məsuliyyətsiz hücumları səbəbilə zərər görən Azərbaycanın yanında olmağa dəvət edirik. Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, can Azərbaycana başsağlığı verir, yaralılara şəfa arzu edirik. Bir daha millətimizin həmrəylik iradəsi göstərdiyini vurğulayırıq”. Onu da qeyd edək ki, Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi Azərbaycanın dövlət bayrağının rənglərilə işıqlandırılıb. İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub. Atakule qülləsinin zirvəsində ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsi, onun ardınca isə “Can Azərbaycan!” şüarı üçrəngli bayrağımızın rəngləri fonunda hərəkətdədir.

 

Esmira YAZKAN Aslanova,

Respublika” qəzetinin

Türkiyə üzrə müxbiri.

 

 

Respublika.- 2020.- 30 sentyabr.- S.9.