Milli Ordu güvənc
yerimiz, qürur mənbəyimizdir
Prezident,
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
altında torpaqlarımız işğaldan azad olunacaqdır
Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas qarantlarından biri də onun Silahlı Qüvvələridir. Sevindirici haldır ki, zamanın sınağından alnıaçıq, üzüağ çıxan Silahlı Qüvvələrimiz ölkəmizi istənilən hücumdan qorumağa qadir bir güc kimi günümüzün danılmaz reallığına çevrilmişdir. Bu uğuru ümummilli lider Heydər Əliyevin ideyalarının layiqli siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında azadlıq və müstəqillik ideyalarının tam təmin olunması, ərazi bütövlüyü naminə hazırlanan ordu quruculuğu konsepsiyasının təntənəsi kimi də dəyərləndirmək olar.
Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və Milli Ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Digər tərəfdən, Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsi ilə bağlı görülən işlər nəticə etibarilə orduda aparılan geniş quruculuq işlərinə imkan vermişdir. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Vətənimizin qorunmasının, işğal altında olan torpaqlarımızın azad olunmasının başlıca amilini ordumuzun daha da möhkəmləndirilməsində görən ulu öndər tez-tez səngərlərdə olur, əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atırdı. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir. Ulu öndər deyirdi: “Ordu yaratmaq, qurmaq asan bir iş deyildir. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıbdır, bu, asan iş deyildir. Ona görə də ordunun, Silahlı Qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir. Ancaq bu təkcə məndən asılı deyildir. Hər bir hakimiyyət orqanının kiçik, ya böyük hissəsi, hər bir vətəndaş gərək hər bir sahədə ordu quruculuğuna öz töhfəsini, öz payını versin. Çünki ordu xalqındır. Ordu, Silahlı Qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini qorumaq üçün lazımdır”.
Bu strateji xətti uğurla reallaşdıran dövlət başçısı İlham Əliyev yüksək nəticələrə imza atıb. Məlum olduğu kimi, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə istiqamətdən yaşayış məntəqələrimiz və hərbi mövqelərimiz atəşə tutulmuşdur. Azərbaycanın rəşadətli, mətin, qüdrətli ordusu düşmənin bütün cəhdlərinin qarşısını almışdır. Bu Ermənistanın növbəti təxribatıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 27-də xalqa müraciətində demişdir: “Ermənistanın təxribatları eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyük zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, onda hansı danışıqlardan söhbət gedə bilər?! Bununla paralel olaraq, Ermənistanın rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edir ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Bu da danışıqlar prosesinə vurulan böyük zərbədir. İlk növbədə, Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq. İkincisi, danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışıqları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və bu, o deməkdir ki, işğala son qoyulmalıdır.”
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən, 7 kəndimiz azad edilib, Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb: “Belə ki, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib”.
Sentyabrın 28-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhəri intensiv atəşə tutulur. Düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır. Ermənistan Tərtər şəhərinin dinc sakinlərini atəşə tutmaqla, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və növbəti dəfə beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.
Tərtər rayonunda doğulub boya başa çatmışam. Bu gün Tərtər əhalisinin böyükdən-kiçiyə kimi hamısı yüksək əhval-ruhiyyədədirlər. Hamımız inanırıq ki, qələbə uzaqda deyil. Düşmənin ağır artilleriya qurğularından Tərtər şəhərini atəşə tutması nəticəsində bir neçə mülki şəxs həlak olmuş və yaralanmışdır.
Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində ordumuza göstərilən diqqət sayəsində Silahlı Qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır. Çox böyük qürurverici haldır ki, bu dəfə də Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə qadir olduqlarını nümayiş etdirdilər. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla nümayiş etdirirlər.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətində ordu quruculuğu məsələləri daim prioritetdir. Bu istiqamətdə Heydər Əliyevin başladığı işləri davam etdirən ölkə rəhbərinin qarşıya qoyduğu vəzifə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatdırılmasıdır. Bu mənada güclü iqtisadiyyata mütənasib güclü ordu formulu ötən 17 ildə Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayələrindən biri kimi diqqəti cəlb edib. Reallıq ondan ibarətdir ki, respublikamızın artan maliyyə imkanları Silahlı Qüvvələrimizin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb.
Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda da görüb. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Ən fərəhlisi odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda da var.
Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Bunun nəticəsidir ki, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin, yarış, forum və konfransların keçirildiyi mühüm məkana çevrilməklə, dövlətimizin iqtisadi qüdrətini, mədəni irsini dünyaya təqdim edir. Artıq Azərbaycan istənilən zəruri anda dövlətə olan təhdidlərin vaxtında qarşısını almaqla bərabər, düşmənə hərbi arenada layiqli cavab vermək iqtidarına malikdir. İşğal altında olan torpaqlarımızın azad edilməsi təkcə ordumuzun deyil, hər bir vətəndaşın şərəf məsələsidir və hər kəsin üzərinə müəyyən vəzifələr qoyur. Bu gün dünya Azərbaycan Ordusunu ciddi nizam-intizamlı, peşəkar, hazırlıqlı, müasir standartlara cavab verən, eləcə də hər an işğal altında olan torpaqları azad etmək qüdrətinə malik hərbi qüvvə kimi görür. Bu da təbiidir. Mütəmadi olaraq, Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən paradlar dövlətimizin hərbi qüdrətini dünyaya bəyan edir. Əsgər və zabit heyətinin çıxışları, hava şahinlərimizin səmada bacarıqları, ən əsası, ordumuzu dəstəkləmək üçün küçə və meydanlara axışan vətəndaşların sevgisi ordumuzun qüdrətinin və ona olan inamın göstəricisidir.
Ali Baş Komandanın Qarabağ münaqişəsi ilə bağlı yürütdüyü uzaqgörən və uğurlu diplomatik siyasət artıq münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq qurumlara çatdırılmasında mühüm təsir göstərir, bir sıra ölkələr yeri gəldikcə, nüfuzlu mötəbər tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini pisləyir, işğal altında olan torpaqların azad edilməsini səsləndirirlər. Prezident cənab İlham Əliyev demişdir: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq”.
Bir sözlə, Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir. Qüdrətli ordumuz isə Vətənimizi yağılardan qorumağa, işğal altında olan torpaqlarımızı azad etməyə həmişə hazırdır. Ölkə Prezidentinin dediyi kimi, “biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Vəli ALBƏNDOV,
“Qarabağ-E.R.” MMC-nin direktoru,
respublikanın Əməkdar mühəndisi,
YAP üzvü.
Respublika.- 2020.- 30 sentyabr.- S.10.