Azərbaycan
böyük turizm potensialına malik bir ölkədir
Böyük turizm potensialına malik olan Azərbaycan zəngin
tarixi, mədəni və təbii irsi ilə dünyanın hər
yerindən insanları ölkəmizə cəlb edir. Günəşli təbiəti,
mineral su qaynaqları, dünyada yeganə müalicəvi əhəmiyyəti
olan Naftalan nefti, nadir qədim memarlıq abidələri,
özünəməxsus mədəniyyəti, milli mətbəxi
və bir çox digər amillər Azərbaycanda turizmin bir
çox növlərinin - işgüzar, idman, müalicəvi,
ekzotik, çimərlik və sairlərin inkişafı
üçün münbit şərait yaradır. Təsadüfi deyildir ki, dünyada mövcud olan 11
iqlim qurşağından 9-u respublikamızın ərazisində
yerləşir. Eyni zamanda, son vaxtlar gündəmdə
olan qədim İpək Yolunun yenidən bərpası və
ölkəmizin ərazisindən keçməsi, Qərbdən-Şərqə,
Şimaldan-Cənuba uzanan turist marşrutlarında müstəqil
dövlətimizin də iştirakı bu sahənin
inkişafında əhəmiyyətli rol oynayacağı
danılmazdır. Xatırladaq ki, Çin
dövlətinin təşəbbüsü ilə irəli
sürülən “Bir kəmər, bir yol” layihəsində 6
marşrutdan biri Azərbaycandan keçməklə 65 ölkəni
əhatə edir və dünyada qlobal böhranın
yaşandığı bir dövrdə böyük maliyyə
dividentləri gətirəcəyi şübhəszidir.
Bu da bir faktdır ki, son illər turizm sahəsi dünya
iqtisadiyyatında mühüm yer tutmaqla əsas gəlir mənbələrindən
birinə çevrilib. “Turizm” və “turist” sözləri
müasir dövrün ən çox işlədilən
terminlərinə çevrilib. Bu sözlərin
kökündə latın və yunan mənşəlli “tur”
sözü dayanır, ingilis dilindən keçən bu
söz XVII əsrdən “səyahət” mənasını ifadə
edir. Beləliklə, “tur” sözündən əmələ
gələn “turizm” bu prosesi, “turist” isə onun
iştirakçısını ifadə edir. Bu sahədəki proseslərin dərindən öyrənilməsi
məqsədilə turistika, turizmologiya və ya
turizmşünaslıq adlı elm meydana gəlib. Hazırda dünyada turizmin üç yüzdən
çox növündən bəhs olunur və onlar artmaqda
davam edir.
Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini
bərpa etdikdən sonra digər sahələrdə olduğu
kimi, turizmin inkişafında da dönüş
yaradıldı ki, bu da ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır. Məsələn,
böyük öndərin təşəbbüsü ilə
müstəqil respublikamız 2001-ci ildə Ümumdünya
Turizm Təşkilatına tamhüquqlu üzv qəbul
olunmuş, normativ-hüquqi sənədlər
hazırlanmışdır. Həmin vaxtdan etibarən
ölkəmiz Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə
qatılmaqla, həm də belə mötəbər tədbirlərə
ev sahibliyi etmişdir. Eyni zamanda, 27 avqust
2002-ci il tarixli “Azərbaycan
Respublikasında 2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramı” haqqında sərəncam
imzalanmışdır.
Turizm sektorunun inkişafı ilə bağlı ulu
öndərin başladığı kursu Azərbaycan
Prezidenti cənab İlham Əliyev 2003-cü ildən etibarən
yeni müstəvidə uğurla davam etdirir. Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramının uğurla
icrası, 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan edilməsi,
“Azərbaycan Respublikasında turizmin inkişafı ilə
bağlı əlavə tədbirlər haqqında” 2016-cı
il 1 sentyabr tarixli sərəncam, “Azərbaycan Respublikasında
ixtisaslaşmış turizm sənayesinin inkişafına dair
Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi haqqında
2016-cı il 6 dekabr tarixli fərman, Regionların sosial-iqtisadi
inkişafına dair qəbul edilmiş Dövlət
proqramlarında turizmlə bağlı müddəaların
yer alması, 2006-cı ildə fəaliyyətə
başlamış Azərbaycan Turizm və Menecment Universiteti və
sairlər dövlətimizin bu sahəyə göstərdiyi
diqqət və qayğının bariz nümunəsidir.
Bununla yanaşı, Azərbaycan Turizm Assosiasiyası, Turizm
Şurası, Milli Turizm Təbliğat Bürosu, Azərbaycan
Konqreslər Bürosu fəaliyyətə başlamış,
Bakı ilə yanaşı, bölgələrdə də
Şəki, Şamaxı, Gəncə, Zaqatala, Quba,
Xaçmaz, Lənkəran, Qusar, Qəbələ,
İsmayıllı, Bərdə Naxçıvan və sair
yerlərdə Turizm-İnformasiya mərkəzləri
yaradılmışdır. Bu istiqamətdə
atılan uğurlu addımlardan biri də dövlət
başçısının bu sahədə
çalışan peşə sahiblərinə diqqət və
qayğının artırılması oldu. Belə ki,
ölkəmizin rəhbəri Azərbaycan Respublikasında
“Turizm işçiləri” gününün təsis edilməsi
haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncam
imzalamışdır. Bu sərəncama əsasən
sentyabrın 27-si ölkəmizdə turizm işçilərinin
peşə bayramı kimi qeyd olunur.
Dövlət
başçısı tərəfindən imzalanan sərəncamlara
uyğun olaraq turistlər üçün vizaların verilməsi,
sərhədkeçmə prosedurlarının sadələşdirilməsi,
eləcə də ölkəmizə gələn xarici vətəndaşlarla
birbaşa ünsiyyətdə olan sərhəd, gömrük
və digər sahələrdə çalışan yerli vətəndaşlara
dil, ünsiyyət, turistlərlə davranma peşəkarlığı
üzrə təlimlərin keçirilməsi istiqamətində
mühüm işlər görülmüşdür. Məsələn,
Azərbaycan Turizm və Menecment Universitetinin “Şahdağ”
Turizm Kompleksinin bazasında yaratdığı məktəb
turist axınının qarşısına yüksək səviyyəli
kadrlar çıxarmaq imkanını yaradır. Azərbaycan Prezidenti nitqlərinin birində deyib ki,
bu gün bütün dünyadan turistlər Azərbayana
axışırlar. Bu da ölkə
iqtisadiyyatına böyük mənfəət gətirir.
Biz gələcəkdə turizmdən milyardlarla
dollar vəsait qazanacağıq və bu, bizim iqtisadi vəziyyətimizə
çox böyük dəstək olacaqdır.
Məsələn, təkcə 2018-ci ildə ölkəmizə
əvvəlki illərdən daha çox - 2 milyon 850 min turist
gəlmişdir. Aparılan hesablamalara görə, bu
turistlər ölkəmizdə 2 milyard dollara yaxın pul xərcləmişlər.
Bu, 2 milyard dollar ixrac deməkdir və turizmin
qeyri-neft sektorundakı əhəmiyyətinin göstəricisidir.
Ona görə də turizm sektorundan daha çox
iqtisadi səmərə əldə etmək,
inkişafını sürətləndirmək və
genişləndirmək strateji hədəf kimi qarşıya
qoyulub. Məhz bu baxımdan ölkə rəhbərinin
“Mədəniyyət və turizm sahəsində dövlət
idarəçiliyinin təkmilləşdirilməsi ilə
bağlı bəzi tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan
Dövlət Turizm Agentliyinin yaradılması xüsusi
vurğulanmalıdır. Artıq agentlik turizm
sektorunun inkişafı istiqamətində düzgün
koordinasiyasının qurulmasında mühüm rol oynayır.
Turizm sahəsində beynəlxalq əlaqələr
diqqət mərkəzində olmaqla ən yüksək səviyyədə
qurulmuşdur. Azərbaycan hökuməti ilə Rusiya,
Türkiyə, Pakistan, Çin, Özbəkistan,
Qırğızıstan, Polşa, İtaliya, Gürcüstan,
Ukrayna, Rumıniya, Belarus, Moldova, Qazaxıstan, Qətər və
sair ölkələrlə turizm sahəsində əməkdaşlıq
haqqında saziş imzalanmışdır. Eyni zamanda, ölkəmiz
bir sıra beynəlxalq və regional təşkilatlarla, o
cümlədən Ümumdünya Turizm Təşkilatı,
İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq
Təşkilatı, Beynəlxalq İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatı, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM,
MDB üzv dövlətlərin turizm şuraları ilə əməkdaşlıq
edir. Bu sahədə görülən işlər,
həyata keçirilən tədbirlər infrastrukturun
qurulmasını, ölkəmizin beynəlxalq turizm bazarına
inteqrasiyasını daha da sürətləndirmişdir.
“İçərişəhər” Qoruğunun,
“Şirvanşahlar” Sarayının, “Qız qalası”nın, habelə qayaüstü rəsmlər
muzeyi “Qobustan”ın YUNESKO-nun dünya mədəni irs
siyahısına salınması bu sahədə mühüm
rol oynayır. Təbii ki, ölkəmizin birinci
xanımı, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri
misilsizdir. Bakı-Tbilisi-Qars dəmir
yolunun, Bakı-Astara dəmir yolunun istifadəyə verilməsi,
Şahdağ xizək kurortu, Qəbələdə
“Tufandağ” turizm kompleksi həm yerli əhalinin, həm də
xarici qonaqların böyük marağına səbəb olub.
Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzi
həm idmanla məşğul olmaq, həm də turistləri
qəbul etmək üçün müvafiq infrastruktura
malikdir.
Son illər Azərbaycanda keçirilən beynəlxalq tədbirlər
- idman yarışları, musiqi festivalları, forumlar ölkəmizin
dünya arenasında tanınması ilə yanaşı,
respublikamıza gələn turistlərin sayının
çoxalmasında da mühüm rol oynayır. Bu sırada “Eurovision”
mahnı müsabiqəsini, Bakı-2015 ilk Avropa
Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını,
Formula-1 Qran-Pri yarışlarını, Qlobal Forumları, Mədəniyyətlərarası
Dialoq Forumlarını, Beynəlxalq Musiqi festivallarını və
sairləri göstərmək olar. Yaradılan müasir
infrastruktur, özünəməxsus mətbəximiz, otellər,
müasir yollar, yeni nəqliyyat vasitələri, 6 beynəlxalq
aeroport və sairlər hər bir əcnəbi qonağın
diqqətini cəlb edir və yaxın gələcəkdə
ölkəmizin dünya turizm mərkəzlərindən birinə
çevriləcəyini deməyə əsas verir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən il oktyabr ayının 25-də Qəbələ rayonuna səfəri zamanı turizmin bölgələrdə inkişafını belə dəyərləndirib: “Qəbələ Azərbaycanın Bakıdan sonra ikinci turizm mərkəzidir. Turizmin inkişafı sürətlə davam edir, 9 otel, 9 istirahət mərkəzi yaradılıb. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Qəbələdə beynəlxalq aeroport tikilib. Baxmayaraq ki, sovet vaxtında Qəbələdə aeroport yox idi, indi beynəlxalq uçuşlar təşkil edilir. İcra başçısı mənə məlumat verdi ki, bu il təkcə otellərdə 150 min qonaq istirahət edib. Fərdi evlərdə də bəlkə o qədər qonaq istirahət edib. Bu, vətəndaşlara da böyük maddi dəstəkdir. İmkanı olan vətəndaşlar öz evlərinin bir hissəsini kirayəyə verirlər, pul qazanırlar. Kəndlilər də öz məhsullarını satırlar. Ona görə turizmin inkişafı əhalinin çox böyük bir hissəsini əhatə edir”. Sözsüz ki, Azərbaycan Dövlət Turizm Agentliyi ölkəmizdə daxili turizmin inkişaf etdirilməsi, mövcud potensialdan səmərəli istifadə imkanlarının genişləndirilməsi, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin artırılması istiqamətində daha uğurlu fəaliyyət göstərməklə, turizm sektorunun ölkə iqtisadiyyatında ən gəlirli bir sahəyə çevrilməsində mühüm rol oynayır.
Ramiz ƏNVƏROĞLU
Respublika.- 2020.- 30 sentyabr.- S.11.