Sağlamlığın keşiyində

 

Heydər Əliyevin rəhbərliyi ilə və onun gərgin əməyi sayəsində Azərbaycanın qazandığı uğurlar təkcə 1993-cü ildən sonrakı dövrü əhatə etmir. Tam məsuliyyətlə deyə bilərik ki, bugünkü uğurların, həmçinin müstəqilliyimizin təməli ötən əsrin 70-ci illərində qoyulmuşdur. 14 iyul 1969-cu ildə respublikamıza rəhbər təyin olunan Heydər Əliyev qısa zaman ərzində Azərbaycanın hərtərəfli inkişafına nail oldu. Milli-mənəvi dəyərlərimizə, dilimizə, dinimizə, ədəbiyyatımıza, adət-ənənələrimizə edilən təcavüzlərin qarşısını ulu öndər qətiyyətlə aldı. Digər sahələr kimi, səhiyyənin inkişafı da onun gərgin əməyinin bəhrəsidir. Milli kadrların hazırlanması siyasətini uğurla həyata keçirən ümummilli liderimiz qədim tarixə, zəngin ənənələrə malik olan tibb elminin hərtərəfli və daha sürətlə inkişaf etdirilməsi üçün müstəsna xidmətlər göstərmişdir. Əhalinin sağlamlığının təmin olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi ilə respublikamızda yüzlərlə tibb müəssisəsi tikilərək xalqın ixtiyarına verildi. Respublikamızın hər bir vətəndaşı, o cümlədən səhiyyə sahəsində çalışanlar həyatın hər anında müdrik rəhbərin qayğısını hiss etmişlər. Respublikanın hər bir bölgəsilə yanaşı, Gəncə şəhərində səhiyyəyə diqqət özünəməxsus yer tutur, əqli qüsurlu xəstələrə yüksək keyfiyyətli tibbi xidmət və qulluq aydın nəzərə çarpır. Gəncə şəhərində fəaliyyət göstərən Ruhi-Əsəb dispanseri bu qayğı və diqqətin başlıca təzahürüdür. Dispanserdə çalışan hər bir tibb işçisi özlüyündə yüksək ixtisaslı həkimlərdir. Onlardan biriöz bilik və bacarığı ilə başqalarına nümunə olan dispanserin baş həkimi Tərlan Hüseynovadır.

Hüseynova Tərlan Məmməd qızı 1956-cı ildə Goranboy rayonu Dəliməmmədli qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəb və gənclik illərində xüsusi istedadı ilə seçilən Tərlan Hüseynova yaxınlarının məsləhəti və dəstəyi ilə işlərini Azərbaycan Tibb Universitetinə verir və müalicə-profilatika fakültəsinə daxil olur. Universiteti bitirdikdən sonra 1980-ci ildə Gəncə şəhər A.Səhhət adına xəstəxananın qəbul şöbəsində ilk fəaliyyətinə başlayır. Qabiliyyət və bacarığı ilə seçilən T.Hüseynova çox keçmir həmin xəstəxananın poliklinika şöbəsinə rəhbər vəzifəyə gətirilir. 2015-ci ildə Gəncə şəhər TTYX-da baş həkimin müavini, 2017-ci ildə isə Gəncə şəhəri Ruhi-Əsəb dispanserinin baş həkimi vəzifəsinə təyin olunur. Bu gün çox ciddi nizam-intizamlı öz həkim komandasını yaradan T.Hüseynova mehriban, gülərüz və xoş rəftarı ilə müraciət edən xəstələrin, eləcə də xəstə yaxınlarının dərindən məhəbbətini qazanmışdır. Heç bir xəstəlik ümidsiz deyil, yanlız möhkəm iradə, dözüm, səbir və inam lazımdır. Hər şeyə rəğmən həyat yaşamağa dəyər, yetər ki istək və həvəs olsun.

Bu gün Azərbaycan səhiyyəsində hər cür potensial imkan və şərait varbunun üçün də dövlətimiz geniş imkanlar yaradıb.Yeni müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyi dövrdə səhiyyə insanların şüurunda, təhsilində, təlim-tərbiyəsində, bütün həyat tərzində öz əksini tapmışdır. Səhiyyənin maddi-texniki bazasını təkmilləşdirmək, əhalinin sağlamlığı sisteminin konsepsiyası işlənib hazırlanmışdır. Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Səhiyyə həddindən artıq geniş, həyatın bütün sahələrini əhatə edən, cəmiyyət üçün, dövlət üçün, hər bir insan üçün çox lazımlı bir sahədir. Ona görə də hər bir insan həkimə hörmət edir, səhiyyə işçilərinə hörmət edir. Həkimlər də insanlara tibbi yardım göstərməklə, onları müalicə etməklə özlərinə böyük mənəvi hörmət, ehtiram qazanırlar. Mən həkimi çox sevirəm, səhiyyəni çox sevirəm, deyə bilərəm ki, sizlərin dostuyam. Siz isə mənim bir nömrəli dostumsuz”.

Azərbaycanda son illər ərzində səhiyyə sahəsində çox uğurlu islahatlar aparılır. Yeni xəstəxanaların, tibbi laboratoriyaların, tibbi müəssisələrin açılması geniş vüsət almışdır. Bu müəssisələr ən müasir avadanlıqlarla təmin edilmişdir. Əsası da odur ki, bu tibb müəssisələrində çalışan Azərbaycanda əhalinin sağlamlığının qorunmasını yaxşılaşdırmaq məqsədilə səhiyyə sahəsində geniş islahatlar proqramı üzrə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində tibbi müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, təmir və yenidənqurma işləri, qaçqın və məcburi köçkünlərin tibbi təminatının yaxşılaşdırılması, pulsuz tibbi xidmətin spektrinin genişləndirilməsi, dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi, səhiyyənin statistik və məlumat xidməti bazasının təkmilləşdirilməsi və digər məsələlər öz həllini tapmışdır. Bu gün Azərbaycanın Prezidenti cənab İlham Əliyev böyük siyasətçi Heydər Əliyevin qurduğu dövləti daha da möhkəmləndirir, inkişaf etdirir. Biz fəxr edirik ki, böyük öndərin ideyalarını həyata keçirməyi qarşısına əsas məqsəd qoymuş hər bir azərbaycanlı ulu öndərimiz Heydər Əliyevin əməllərinin təntənəsini görür. Biz bu böyük əməllərin sahibini heç vaxt unutmayacağıq, onu həyat davam etdikcə, yaşadacağıq.

 

Babək ƏLİYEV.

 

Respublika.- 2020.- 15 yanvar.- S.7.