Türkiyədə 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər

 

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.

O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyini törətdiyi bu cinayət əməlinə görə qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verildi.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il olduğu kimi, bu ilqardaş Türkiyədə ümumxalq hüzn günü kimi geniş qeyd ediləcək.

İstanbul şəhərinin “Yeni Qapı” metro qovşağının ən hərəkətli keçidində “Qanlı Yanvar” adlı fotosərgi nümayiş etdiriləcək.

Bu haqda müxbirimizə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Bildirilib ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutacaq fotosərgi üç çıxış və üç giriş qapısı olan metro qovşağının mərkəzi keçidinə qoyulacaq.

Eyni zamanda, sərgidə 20 Yanvar faciəsini faktlarla əks etdirən məlumat lövhələri yerləşdiriləcək.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev bildirib ki, sərginin bu metro qovşağında təşkil olunmasında məqsəd 20 Yanvar faciəsini Türkiyə ictimaiyyəti ilə yanaşı, dünyaya da tanıtdırmaqdır.

Sərginin açılışı yanvarın 15-də baş tutacaq və 17-nə qədər davam edəcək. Yanvarın 20 və 21-də İstanbuldakı “Yeni Yıl” universitetində 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotosərgi qurulacaq.

Yanvarın 20-də İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin təşəbbüsü ilə “Azərbaycan Müstəqilliyinə Gedən Yol 20 yanvar” adlı anım konfransı keçiriləcək.

Qarsdakı baş konsulluğumuzun təşkilatçılığı ilə Qars və İğdır şəhərlərində də bir neçə anım mərasimi təşkil olunacaq.

Türkiyənin paytaxtı Ankara şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Müharibənin ana və uşaqları” adlı fərdi sərgi açılacaq.

Qardaş ölkədə yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı rəssam Məhəmməd Əliyevin yağlı boya ilə çəkdiyi portretlər 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi faciənin hərbi cinayət kimi mahiyyətini özündə əks etdirir. Bu sərgidə onun 32 əsəri nümayiş olunacaq.

 

Esmira Yazkan ASLANOVA,

Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.

 

Respublika.- 2020.- 15 yanvar.- S.4.