Görkəmli alim və ictimai xadim

 

Mənalı ömür yolu, elmə səmimi bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə seçilən akademik Abel Məhərrəmov prinsipiallığı, yüksək idarəçilik keyfiyyətləri, tədqiqatçılıq əzmi, siyasi mövqeyi ilə fərqlənir, ziyalı üçün səciyyəvi olan xüsusiyyətləri xarakterində cəmləşdirir. İstər Yeni Azərbaycan Partiyası İdarə Heyətinin və Siyasi Şurasının üzvü, istərsə də akademik kimi fəaliyyəti ilə dövlətçilik ideallarına sadiqlik nümayiş etdirməsi, insanpərvərliyi onun zəngin daxili aləmindən qaynaqlanır.

 

Görkəmli alimin həyatı, sanballı elmi yaradıcılığı ilə tanışlıq onun Azərbaycan xalqı və dövləti qarşısındakı layiqli xidmətlərini, vətənpərvər fəaliyyətini bir daha qabarıq üzə çıxarır. Həyatının 50 ilini peşəkar elmi fəaliyyətə həsr etmiş Abel Məhərrəmov özünü mahir tədqiqatçı kimi təsdiqləmiş, gərgin və prinsipial yaradıcı axtarışları ilə fundamental elmlər sahəsində bir sıra mütərəqqi yeniliklərin müəllifinə çevrilmişdir. Bu gün xalqa sədaqətli xidməti özünə borc bilən akademik Abel Məhərrəmovun qələmə aldığı onlarla sanballı kitab və monoqrafiya nəinki ali məktəb tələbələri, hətta yetkin tədqiqatçılar üçün də zəngin mənbə rolunu oynayır.

Hər bir istedadlı insanın formalaşmasında, ziyalılıq zirvəsinə ucalmasında istedad, bilik, yaradıcı proseslə yanaşı, onun yaşadığı mühit öz sözünü deyir. Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində müəllim ailəsində anadan olmuş, 1966-cı ildə orta məktəbi medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə universiteti əla qiymətlərlə başa vurduqdan sonra təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutuna göndərilmişdir. 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Üzvi kimya” ixtisası üzrə əyani aspiranturasına qəbul olmuş və 1976-cı ildə akademik N.S.Zefirovun rəhbərliyi ilə orada “İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenilxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildən Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətə başlamış, 1993-cü ilədək bu nüfuzlu ali təhsil ocağında baş elmi işçi, baş müəllim, universitetin tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışmışdır. Fəal pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, elmdə də inamlı addımlar atan Abel Məhərrəmov gərgin əməyinin bəhrəsi olaraq 1991-ci ildə “Alkenlərin, üçüzvlükarbo- və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildə ona Üzvi kimya ixtisası üzrə professor adı verilmişdir. A.Məhərrəmov 1995-1996-cı illərdə ABŞ-da uzunmüddətli proqram və layihələr çərçivəsində elmi ezamiyyətdə olmuşdur. Tanınmış alim 1993-cü ildən 1999-cu ilin yanvar ayınadək BDU-nun Kimya fakültəsinin dekanı vəzifəsində işləmişdir. 1999-2018-ci illərdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışdır.

Akademik Abel Məhərrəmov üzvi kimya və neft kimyası sahələrində geniş tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış kimyaçı alimdir. Onun rəhbərliyi ilə BDU-da Zərif Üzvi sintez və Nanoaraşdırmalar laboratoriyaları, Rentgen Quruluş Analiz (RQA), Kütlə, NMR, İQ spektrometriya metodlarını özündə birləşdirən müasir Fiziki-Kimyəvi Tədqiqatlar Mərkəzi yaradılmışdır. Akademik Abel Məhərrəmovun təşəbbüsü ilə yeni bir istiqamət - qeyri-kovalent əlaqələr hesabına zərif-üzvi sintezdə mürəkkəb quruluşlu birləşmələrin sintezi və monokristalların formalaşmasında bu əlaqələrin rolunu araşdıran elmi qrup yaradılmışdır. Əldə olunmuş nəticələrə əsaslanaraq, A.M.Məhərrəmovun həmmüəllifliyi və elmi redaktorluğu ilə bu sahədə çalışan dünya alimləri ilə birlikdə Amerikanın məşhur “WILEY-VCH” nəşriyyatında “Non-covalent Interactions in the Synthesis and Design of New Compounds” adlı monoqrafiya nəşr olunmuşdur. Monoqrafiya, eyni zamanda, rus dilinə tərcümə edilərək Rusiya ali təhsil müəssisələrində “Kimya” ixtisası üzrə təhsil alan yuxarı kurs tələbələri, magistrant və aspirantlar üçün dərs vəsaiti kimi tövsiyə edilmişdir. Eyni zamanda kitab Azərbaycan, ispan və vyetnam dillərinə də tərcümə edilmişdir. Bundan əlavə, rəhbərliyi və həmmüəllifliyi ilə nanotexnologiyanın ən mühüm müasir tədqiqat sahələrini özündə əks etdirən “Advanced Nanocomposites: Types, properties and applications” adlı kitab da ingilis dilində, ABŞ-ın “Nova Publisher” nəşriyyatında çap edilmiş, Avroatlantika məkanında yayımlanmışdır. Bu elmi işin nəticələri Moskvanın “MİR” nəşriyyatı tərəfindən 3 monoqrafiya şəklində nəşr edilmiş, elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanaraq MDB məkanında kitab köşklərində satışı tövsiyə edilmişdir.

Ümumiyyətlə, akademik Abel Məhərrəmovun indiyədək 24 monoqrafiya, 54 dərslik və dərs vəsaiti, 55 ixtirası dərc edilmişdir. Onun yarıdan çoxu aparıcı xarici elmi jurnallarda olmaqla, 1200-dən artıq elmi məqalə və tezisi, həmçinin Tomson Röyter agentliyinin siyahısına daxil olan jurnallarda 367 elmi məqaləsi cap olunmuşdur. Həmin məqalələrə olan istinadların sayı 1330, “H” indeksi üzrə göstəricisi 20-dir ki, bu da ölkə üzrə ən yüksək elmi göstəricilərdən biridir. Alimin bilavasitə rəhbərliyi ilə 70-dən çox alim (50-dən çoxu elmlər namizədi (fəlsəfə doktoru) və 20-dən çoxu elmlər doktoru) dissertasiya işlərini uğurla müdafiə etmişlər.

Akademik Abel Məhərrəmov kimyanın müxtəlif sahələri üzrə tədqiqat işləri aparmış və aşağıdakı istiqamətlər üzrə Azərbaycanda elmi məktəblər yaratmışdır:

1. “Dopinq effekti” kimi tanınan yeni sintez metodu;

2. Kovalent rabitələrin aktivləşməsində qeyri-kovalent əlaqələrin rolu;

3. Koordinasion və metal üzvi birləşmələrin sintezi və dizaynında halogen-halogen qeyri-kovalent əlaqələrin rolu;

4. Katalizdə qeyri-kovalent və koordinasion qarşılıqlı əlaqələrin yaratdığı sinergetik effektlər

5. Yeni üzvi və polimer nanokompozitlərin sintezi və tətbiqi.

Elmi uğurlarına görə adı 1999-cu ildə İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin “XX əsrin 2000 görkəmli alimi” kataloquna daxil edilmiş, ötən yüzilliyin ən görkəmli alimlərindən biri sayılmışdır. Yüksək elmi səviyyəsini, idarəçilik keyfiyyətlərini nəzərə alan ulu öndər Heydər Əliyev 1999-cı il yanvarın 11-də Abel Məhərrəmovu BDU-nun rektoru vəzifəsinə təyin etmişdir və 2018-ci ilə qədər bu vəzifəyə məsuliyyətlə yanaşan Abel müəllim universitetin nüfuzunu dünya səviyyəsinə çatdırmaq üçün mühüm işlər görmüşdür. Onun rektor kimi islahatlara meyilliliyi, işgüzarlığı, çevik idarəçi olması kadr seçimində heç zaman yanılmayan ulu öndər Heydər Əliyev tərəfindən də daim yüksək dəyərləndirilmiş, layiq olduğu yüksək qiyməti almışdır. Elm və təhsilin inkişafında nailiyyətlərinə görə o, 11 fevral 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Rektorluq etdiyi illərdə Abel Məhərrəmovun rəhbərliyi altında universitetdə təhsilin məzmun və formaca yeniləşdirilməsi, aparıcı ölkələrin təcrübəsinin mənimsənilməsi istiqamətində ciddi addımlar atılmışdır. Bu nüfuzlu ali təhsil ocağında ictimai fəallıq, gənclərin BDU-nun elmi həyatında və idarəçiliyindəki rolu yüksəlmişdir. Eyni zamanda dünya miqyasında universitetin mövqeləri möhkəmlənmiş, elmi-pedaqoji kadrlarının beynəlxalq elmi konfranslarda və simpoziumlarda iştirakı həm keyfiyyət, həm də kəmiyyət baxımından artmışdır.

Məlumdur ki, hər bir istedadlı insanın formalaşmasında, ziyalılıq zirvəsinə ucalmasında, bilik, yaradıcı proseslə yanaşı, onun yaradıcı mühiti də öz bəhrəsini verir. Abel müəllimin də istedadlı pedaqoq, zəhmətkeş alim, məharətli qurucu, elm-təhsil təşkilatçısı, eləcə də ictimai-siyasi xadim kimi formalaşmasında real həyat həqiqəti, mühit və zəhmət istisnalıq daşımır. O, bu zirvəyə çatmaq üçün heç bir çətinlikdən, maneələrdən çəkinmədən məqsədi yolunda çalışmış və maraqlı uğurlara qovuşmuşdur. Görkəmli filosof, maarifçi və dramaturq Mirzə Fətəli Axundov yazırdı: “Patriot - o kəs belə adlanır... öz vətəni, millətinin azadlığı və rifahı naminə bu yolda hər cür əzab və cəfalara dözməyə hazır olur...”

Keyfiyyətli təhsil, ilk növbədə, nizam-intizamdan, qaydalara uygun davranış normalarından başlanır. Akademik Abel Məhərrəmovun yüksək idarəçilik məharəti hesabına həmin normalar 20 ilə yaxın rəhbərlik etdiyi BDU-da mühüm keyfiyyət faktına çevrildi, yaradılan ciddi intizam, tədrisin keyfiyyətinə gündəlik nəzarət fəaliyyətin səmərəliliyini xeyli dərəcədə artırdı. Həmin dövrdə universitetdə hökm sürən işgüzar ab-hava, elmi yaradıcılıq mühiti, müasir maddi-texniki baza, işgüzar şərait çoxsaylı kollektivin də böyük rəğbəti ilə qarşılanırdı. BDU-nun professor-müəllim heyəti, tələbələri Abel müəllimi qurucu və təşəbbüskar insan kimi tanıdılar. Qısa bir vaxt ərzində ölkənin elm, təhsil məbədi sayılan bu universitetin auditoriyaları, binası, həyəti öz şəklini tamamilə dəyişdi, yeni, çağdaş tələblərə uyğun bir təhsil müəssisəsi quruldu. Universitetin ən müasir standartlara cavab verən yeni tədris binası, stadionu, üzgüçülük-idman kompleksi, Quba Tədris-təcrübə bazası, kitabxana, nəşriyyat, əməkdaşlar üçün yaşayış kompleksləri və s. tikildi. Bakı Dövlət Universitetinin bütün fakültələri kompüterləşdirildi, o vaxtadək əlçatmaz görünən müasir informasiya texnologiyaları tələbələr üçün adi şeyə çevrildi. Tədris prosesi müasir dünya standartlarına uyğun quruldu, universitet Bolonya prosesinə qoşuldu, ikipilləli sistemə və çoxballıq qiymətləndirmə sisteminə keçid reallaşdı və s.

Abel Məhərrəmovun xarakterində miqyaslı iş görmək istəyi həmişə olmuşdur. O, adamlarla, əhatəsi ilə hər mövzuda məsləhətləşməyi çox sevir. Quruculuq işlərində, təhsil islahatlarında hər şeyi universitet ağsaqqaları ilə məsləhətləşərək edirdi. Ona görə də Abel Məhərrəmov Bakı Dövlət Universiteti kimi çox böyük bir müəssisənin idarəçiliyində ciddi rəhbərlik bacarıqları olan bir dövlət adamı kimi tanındı.

Həyatını Azərbaycan elminin, təhsilinin inkişafına, dövlətin sabahı üçün layiqli mütəxəssislərin hazırlanmasına həsr etmiş Abel Məhərrəmov daha bir çətin missiyanı da üzərinə götürmüş, 2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinə 2 dəfə deputat seçilmişdir. Milli Məclisin elm və təhsil komitəsinin üzvü, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-İspaniya, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olan akademik Abel Məhərrəmov müstəqil Azərbaycanda həyata keçirilən demokratik islahatların qanunvericilik bazasının hazırlanması işində, qanunların təkmilləşdirilməsində fəal iştirak etmişdir.

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və AMEA-nın Kimya elmləri bölməsinin büro üzvü seçilmiş, “Azərbaycan elminin təbliği və inkişafındakı xidmətlərinə görə” “Qızıl buta” mükafatına layiq görülmüş, Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının üzvü təyin olunmuşdur. 2009-cu ildə Prezident cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir. 2019-cu ildə BDU-nun 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə 2-ci dərəcəli Əmək ordeni ilə mükafatlandırılmışdır.

Akademik Abel Məhərrəmov 2004-cü ildə Rumıniyanın Komandor dərəcəli ali “Qızıl ulduz” ordeni, 2011-ci ildə Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin “Şərəf və Vicdan” Avropa ordeni, Rumıniyanın Təhsil, Araşdırma, Gənclər və İdman Nazirliyi tərəfindən Ovidius Universitetinin 50 illik yubileyinə həsr edilmiş yubiley diplomu, Qazaxıstan Respublikasının Lev Qumilyov adına Avrasiya Milli Universitetinin “Avrasiya məkanında təhsil və mədəniyyətin inkişafına verdiyi töhfələrinə görə” “Avrasiyanın fəxri” medalı və müvafiq diplomu, Avrasiya Universitetlər Assosiasiyasının Fəxri fərmanı ilə təltif edilmişdir. Akademik A.Məhərrəmova 2012-ci ildə İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) tərəfindən “Elm və Texnologiya sahəsində 2012-ci ilin ISESCO mükafatı” verilmişdir. Abel Məhərrəmov 2013-cü ildə Avropa elmi-sənaye palatasının “Qızıl medal”ı və diplomu, Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvü seçilmişdir. 2009-cu ildən Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin, 2010-cu ildən Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahəsində Dövlət Mükafatları Komissiyasının üzvüdür.

2015-cü ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru akademik V.A.Sadovniçinin rəhbərlik etdiyi Avrasiya Universitetlər Assosiasiyasının vitse-prezidenti olan akademik Abel Məhərrəmov 2016-cı ildə “Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının inkişafındakı müstəsna xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur. 2017-ci ildə “Türk dövlətlərinin elmi əməkdaşlığındakı inkişafında səmərəli xidmətlərinə görə” Ümumdünya Türk Xalqları Assambleyasının “Qızıl medal”ı və “Azərbaycan elminin inkişafındakı böyük roluna, elm və təhsilin inkişafında müstəsna xidmətlərinə görə” Beynəlxalq “Mahmud Kaşqari” mukafatına və medalına layiq görülmüşdür.

Bununla bərabər, akademik Abel Məhərrəmov Latviya Elmlər Akademiyasının nəzdində Beynəlxalq Elmi Şuranın üzvü, Gürcüstanın Kimya Cəmiyyətinin Fəxri üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının Fəxri həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Çin, Albaniya və Qazaxıstanın bir sıra universitetlərinin Fəxri doktorudur. Eyni zamanda, Avropa və Asiyanın bir çox qabaqcıl universitetlərinin, o cümlədən dünyanın ilk 100 universiteti sırasına daxil olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professorudur. 2016-cı ildə akademik Abel Məhərrəmov Rusiya Elmlər Akademiyasında keçirilmiş seçkilərdə iştirak etmiş və bu nüfuzlu Akademiyanın həqiqi üzvü secilmişdir.

Əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olmasıdır. Çünki bu mövqe bir çox hallarda öz yolunu müəyyənləşdirmək üçün ziyalı sözünə ehtiyacı olan vətəndaşlar üçün də nümunə rolunu oynayır. Abel Məhərrəmovun mövqeyi də dövlətçilik mövqeyi, böyük öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik mövqeyidir. Bütün reallıqların göz önündə dayandığı bizim günlərdə hadisə və proseslərə münasibətdə yanılma ehtimalı yoxdur. Lakin bizi bu günlərə gətirən yollar heç də enişsiz-yoxuşsuz, keşməkeşsiz olmamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə cərəyan edən ictimai-siyasi proseslərin mahiyyəti öz mürəkkəb xarakterinə və daxili ziddiyyətlərinə görə böhranlı vəziyyət yaratmış, mövcud şəraiti qiymətləndirmək, onun sosial məzmununu dəqiq müəyyənləşdirmək ən böyük suala çevrilmişdi. Və bu suala cavab tapmaq missiyası məhz Abel Məhərrəmov kimi cəsarətli ziyalıların üzərinə düşürdü. O, ilk növbədə, özü üçün bu suala vaxtında cavab tapmış, başqalarını da siyasi qənaətinin etibarlılığına inandıraraq onları düzgün yola dəvət etmişdi. Abel Məhərrəmov Azərbaycanın xilası baxımından ən düzgün mövqeyi - Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqlik xəttini seçmişdi. 1993-cü ilin əvvəllərindən taleyini Yeni Azərbaycan Partiyası ilə bağlayaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmiş, insanlar arasında geniş maarifləndirmə, təbliğat işi aparmışdı. Siyasi baxışlarında hər zaman sabit və prinsipial olmuş Abel Məhərrəmov ümummilli liderin kursunu dönmədən müdafiə edərək Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu prosesinə öz töhfələrini vermişdir. Ona görə də ictimaiyyət arasında “əsl Heydər Əliyevçi” kimi tanınmışdır. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Abel Məhərrəmov bu gün də Heydər Əliyevin davamçısı olan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu siyasətinə sanballı töhfələr verir.

Böyük rus yazıçısı Lev Tolstoy elm haqqında maraqlı fikir söyləmişdir: “Vurma cədvəlinin vətəni olmadığı kimi, elmin də vətəni yoxdur”. Bəli, elm, elmi kəşf hər hansı ölkədə yaranır, inkişaf edir, yarandığı ölkənin sərhədlərini aşaraq digər ölkələrə, bütün dünyaya yayılır. Məhz buna görə də elmin vətəni yoxdur deyirlər. Amma alimin vətəni yoxdur deməyə heç kəsin cəsarəti çatmaz. Abel müəllimin də elm sahəsində kəşfləri dünyaya yayılmış, dünyanın mənəvi sərvətinə çevrilmişdir. Lakin bu kəşflərin müəllifinin vətəni Azərbaycandır. Abel müəllim təkcə Azərbaycanda deyil, Müstəqil Dövlətlər Birliyində, xarici ölkələrdə kimya elminin görkəmli simalarından biri kimi tanınır. Onun ixtisası ilə bağlı xarici ölkələrin ən nüfuzlu jurnallarında çap olunmuş məqalələrinin gələcək alimlərin taleyində çox böyük rol oynaması faktı hər bir azərbaycanlıda iftixar hissi oyadır.

Akademik Abel Məhərrəmovun insanlarla ünsiyyət mədəniyyəti, təmkini, tələbkarlığı, iradəsi, nikbinliyi, gələcəyə inam hissi çoxları üçün örnək sayıla bilər. Bu keyfiyyətlər onun yüksək təvazökarlığı ilə tamamlanır. Yüksək təşkilatçı imici və yorulmaz tədqiqatçı əzmi ilə tanınan akademik müasir düşüncə tərzi ilə Azərbaycanın ziyalı elitasında layiqli qiymətini çoxdan almışdır. Akademik Abel Məhərrəmov elmi və ictimai-siyasi fəaliyyəti ilə Azərbaycanın hərtərəfli inkişafına bundan sonra da öz layiqli töhfəsini vermək niyyətində olduğunu nümayiş etdirməkdədir. Bütün yazılanları ümumiləşdirərək qeyd etmək olar ki, akademik Abel Məhərrəmov yaşadığı 70 ili çox şərəflə, ləyaqətlə, əsl Azərbaycan ziyalısı, vətənpərvər bir şəxsiyyət kimi yaşamışdır. Onu bu yubiley münasibətilə təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

 

 

Dilqəm TAĞIYEV,

AMEA-nın vitse-prezidenti, akademik.

 

Respublika.- 2020.- 17 yanvar.- S.4.