Qanlı Yanvarda təcili yardım
işçiləri böyük şücaət göstərmişlər
20 Yanvar faciəsindən bizi 30 illik bir zaman
ayırır.
1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə Bakı şəhərinin və
respublikanın bir neçə rayonuna keçmiş sovet
qoşunlarının hissələri fövqəladə vəziyyət
elan edilmədən yeridilmiş, dinc əhaliyə divan
tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş,
yaralanmış, itkin düşmüşdür. Silahlı qüvvələrin şəhərə
soxulub ağır texnika və məhvedici silahlarla dinc əhaliyə
qəddarcasına divan tutması şüurlu surətdə
planlaşdırılmış və xüsusi qəddarlıqla
həyata keçirilmişdir. Beləliklə, əsgərlərin
xüsusi qəddarlığı və misli görünməmiş
vəhşiliyi nəticəsində Bakıda və bölgələrdə
136 nəfər öldürülmüş, 744 nəfər
yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, hərbçilər
tərəfindən 200 ev və mənzil, 80 avtomaşın,
yandırıcı güllələrin törətdiyi
yanğın nəticəsində dövlət və şəxsi
əmlak məhv edilmişdir. Yandırılan maşınlar,
öldürülən və yaralanan insanlar arasında həmçinin
sanitar maşınları və təcili yardım
işçiləri də olmuşdur. Bakı
Şəhər Təcili və Təxirəsalınmaz Tibbi
Yardım Stansiyasının kollektivi yanvarın 20-də və
ondan sonrakı günlərdə öz vəzifə borcunu
şərəflə və layiqincə yerinə
yetirmişdir. Həmin hadisələrin canlı
şahidləri olan hazırda - BŞTTTYS-nin baş həkimi
işləyən Rauf Nağıyev, 4 saylı bölmənin
müdiri Yusif Musayev, 3 saylı bölmənin böyük həkimi
Laçın Əliyeva öz xatirələrini qəzetimizin
oxucuları ilə bölüşüblər.
Rauf
Nağıyev Bakı şəhəri TTTYS-nin baş həkimi:
—Mən
deyərdim ki, Qanlı 20 Yanvara gedən yol 1988-ci ildən
başlayır. Çünki 1988-ci ilin fevral
ayında Sumqayıtda baş verən hadisələr - təxribatlar,
terror hadisələri heç də təsadüfi deyildi.
Həmin hadisələr indiki orta nəslin
nümayəndələrinin gözləri qarşısında
baş verib. Həm də bu hadisələr
keçmiş sovet hakimiyyəti illərində olub. Çaş-baş qalmış insanların
baxışlarından sual oxunurdu ki, bu iğtişaşlar nədən
törədilir və onların qarşısı niyə
alınmır. O vaxt sanki dəniz kimi dalğalanan indiki
Azadlıq meydanı təlatüm içərisində olanda
mərkəz (Moskva) xalqımıza, respublikamıza edilən
haqsızlığa göz yumur, erməni vandallarının
müdafiəçisi və havadarı rolunda
çıxış edir, onların çirkin əməllərinin
reallaşmasına şərait yaradırdı. Belə bir vaxtda xalqımızın haqlı etirazlarında
milli azadlıq ideyalarının cücərtiləri və
işartıları özünü göstərirdi.
Yanvarın əvvəllərində Bakının
üstünü sanki qara bulud alımışdı. Şəhərdə
hərbçilərin sayı çoxalmışdı, Salyan
kazarması adı ilə məşhur olan (Hərbi Təlim-Tədris
Mərkəzi) hərbi hissəyə xüsusi təyinatlılar
yerləşdirilmişdi. Müəyyən
komanda verilməsini gözləyirdilər ki, şəhərə
çıxsınlar. Eyni zamanda Bakıya
müxtəlif istiqamətlərdən — əsasən giriş
hissələrindən - “Qurd qapısı”ndan, indiki “20 Yanvar”
(Şamaxinka) dairəsindən, Bayıl, Mərdəkan
şosesi tərəfindən və Binəqədi səmtindən
hücum gözlənilirdi. Ordunun
qarşısını almaq üçün həmin
çıxış nöqtələrinə əliyalın
insanlar toplaşmışdılar ki, onların da əksəriyyəti
yeniyetmə və gənclər idi. Gənclərin
qurduğu “barrikadalar” (maneələr) isə
yandırılmış tonqallardan ibarət idi.
Həmin dövrdə Bakı şəhərində cəmi
15 təcili yardım stansiyası fəaliyyət göstərirdi. Bu gün 22
köməkçi stansiya və 18 filial paytaxt sakinlərinin və
qonaqların xidmətindədir. Paytaxtla
yanaşı, Bakıətrafı qəsəbələrdə,
o cümlədən Qala kəndi yaxınlığında,
Zabratdakı hərbi aeroporta yaxın ərazidə, Qaradağ
rayonunda, Biləcəri qəsəbəsində və sair yerlərdə
köməkçi təcili yardım stansiyaları vardı.
Stansiyaya baş həkim Sabir Adnayev rəhbərlik
edirdi. Stansiyalarla əlaqə ancaq “ratsiya”
vasitəsilə saxlanılırdı. 12-nin
yarısında məlumatlar daxil olmuşdu ki, müxtəlif
istiqamətlərdən şəhərə ordu daxil olur.
Belə bir fakt da qeydə
alınmışdı və məlumatda bildirilirdi ki, Mərdəkan
yolunda bir təcili yardım maşını atəşə
tutulub. Qala kəndi
yaxınlığındakı yarımstansiyanın əməkdaşı
həkim-kardioloq Aleksandr Marxevka çağırışa gedən
zaman güllələnib. A.Marxevka 3 ay
müddətinə stansiyaya ezam olunmuşdu. Deməli, o sanitar maşından düşüb yerdəki
yaralıya kömək etmək istəyərkən əsgərlər
tərəfindən vurulmuş, qolundan güllə yarası
almışdı. Bu sağalmaz yara onun həyatına
son qoymuşdur. Sonrakı hadisələr
göstərdi ki, artıq müxtəlif istiqamətlərdən
şəhərə ordu girib. Az sonra
“Salyan kazarması” adlanan ərazidən, Şamaxinka tərəfdən
havaya işıqsaçan güllələr atılmağa
başladı. Şəhərdə
tankların, zirehli maşınların səsi gəlirdi.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Stansiyasına məlumatlar daxil olurdu ki, tanklar
qabağına çıxan hər şeyi dağıdır,
əsgərlər hər kəsə, hər şeyə
güllə atırlar, çoxlu yaralılar var.
Qanlı şənbə gecəsi və ondan sonrakı
bir neçə gün ərzində daha çox şəhid
verə bilərdik. Lakin təcili yardım
briqadalarının fədakar həkimləri, tibb
işçiləri, sürücülər, eləcə də
əhalinin yaralılara göstərdiyi doğma münasibət
itkiləri xeyli azaltmışdır. Təcili
yardım briqadalarının əməkdaşları heç
nədən çəkinmədən güllə
yağışı altında insanlara ilk tibb
yardımlarını göstərmiş, yaralıları təhlükəli
ərazilərdən uzaqlaşdırmışlar.
Azərbaycan
dövləti müstəqilliyini elan etdiyi ilk illərdə
başları hakimiyyət uğrunda mübarizəyə
qarışmış o vaxtkı iqtidar 20 Yanvar
qırğınına siyasi-hüquqi qiymət verilməsi və
cinayətkarların müəyyən edilməsi istiqamətində
məqsədyönlü iş aparmadı. Yalnız
ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə
qayıtdıqdan sonra 1994-cü ildə Qanlı Yanvar hadisələrinə
tam hüquqi-siyasi qiymət verilmiş, günahkarların
adları açıq şəkildə bəyan edilmişdir.
Xalqımızın mərdliyi, torpağını, Vətənini
qəlbən sevməsi, onun uğrunda canından keçməyə
hazır olduğu tarix boyu sübut edilib. 1990-cı il
yanvarın 20-də xalq öz rəşadətini, qəhrəmanlığını,
qorxmazlığını bir daha nümayiş etdirdi. Həmin gün özlərini qurban verən oğul
və qızlarımız Azərbaycanın şanlı
tarixinə öz adlarını qızıl hərflərlə
həkk ediblər. Qədirbilən
xalqımız bu insanları heç zaman unutmayacaq və
onların əziz xatirəsi qəlbimizdə daim
yaşayacaqdır.
Yusif
Musayev - Bakı şəhəri TTTYS 4 saylı bölmənin
müdiri (1990-cı ildə Xətai rayonu ərazisində yerləşən
2 saylı köməkçi stansiyada səyyar həkim
işləmişdir).
İndiki Prezident Administrasiyasının binası (o vaxt
Mərkəzi Komitənin) qarşısında mitinqlər
gedirdi, tələb Azərbaycan KP MK-nın birinci katibi
Əbdürrəhman Vəzirovun istefası idi. Belə hiss olunurdu ki,
Bakıda ümumi vəziyyət stabildir. Ancaq
günortadan sonra xəbərlər yayılırdı ki,
şəhərə ordu yeridiləcək, bu da o qədər
inandırıcı görsənmirdi. Axşam
saat 18 radələrində mən MK-nın
qarşısındakı mitinq
iştirakçılarının
sağlamlığını qorumaq üçün ora
göndərilmişdim. Burada başqa bir həkimi
dəyişdim. O vaxt şəhər partiya komitəsinin
binasında bizə otaq ayırmışdılar, sanitar
maşınlar da binanın qabağında dayanırdı. Mitinqi biz də oradan izləyirdik. Saat 10-a qədər mən növbədə
olmalıydım, başqa həkim məni əvəz etməliydi.
Qaranlıq düşdüyündən üzlərini
görməsək də çıxış edənlərin
səslərini eşidirdik. Yenə də
xəbərlər gəldi ki, şəhərə müxtəlif
istiqamətlərdən - Şıxov, aeroport, Sumqayıt tərəfdən
ordu daxil olacaq. Mitinqçilər
arasında bu xəbərlərlə bağlı təşviş
yaranmışdı. Bu təşviş
get-gedə artırdı. Arada elan edirdilər
ki, ordunun qabağını kəsmək üçün
barrikadalar qurmaq lazımdır və cavanları həmin yerlərə
göndərirdilər. Saat 21:30-da mən Etibar Məmmədovun
çıxışını eşitdim. O dedi ki, Moskvadan gələn
Primakov və Girenko ilə görüşdük, onlar ordunun
şəhərə məcburən daxil olacağını
söylədilər, ona görə də xahiş edirik
dağılışasınız, qırğın
olmasın. Az sonra onlar getdilər. Nemət Pənahovun səsi eşidildi. O
çıxışında deyirdi ki, ey azadlıq aşiqləri,
heç yana
dağılmırsınız, silahımız var,
gücümüz var, müqavimət göstərəcəyik.
O da çıxışını qurtarıb getdi. Mitinqdə olan rəhmətlik Vaqif Səmədoğlunun
VEF radiosu vardı. Azadlıq
radiostansiyasının xəbərlərində bildirilirdi ki,
Bakıda vəziyyət ağırdı, gərgindi, qoşun
yeridilə bilər. Bizim yerli kanalların
xəbərlərində isə ölkədə gedən
inkişafdan danışılırdı.
Mitinqdə hardasa 3-5 min arasında insan olardı. Mən
maşının içərisində oturmuşdum. Bir neçə qadın bizə yaxınlaşıb
bildirdi ki, filan yerdə yaralı var, onu götürmək
lazımdır, kütlə arasında isə bəziləri
qışqırırdı ki, dağılışmayın,
nədən qorxursunuz.
Axşam saat 8-də xəbər gəldi ki, Azərbaycan
televiziyasının binasında partlayış baş verib, nəyə
görə, onu biz bilmədik. Saat 12-yə 10 dəqiqə
qalmış mən Mərkəzi Komitənin binasının
üzərinə qırmızı rəngdə güllələrin
töküldüyünü gördüm. Yəni Salyan kazarmasından atılan yanar güllələr
idi. Ancaq biz elə bilirdik ki, bunlar
qırmızı rəngdə fişənglərdi. Getdikcə kütlə arasında təşviş
daha da artdı. İş vaxtım bitəndə
mən radio ilə mərkəzlə əlaqə saxladım
ki, məni nə vaxt dəyişəcəklərini
soruşum. Dedilər ki, oturun yerinizdə, dəyişmək
söhbəti yoxdur, elə bu anda xəbər gəldi ki,
leytenant Şmidt adına zavod ətrafında
əsgərlərlə kütlə arasında toqquşma
baş verib, qırğın gedir. Mitinqdə
olan insanlar dedilər ki, siz təcili yardımsınız, sizə
güllə atmazlar, gedin bizə bir xəbər gətirin.
Çünki müxtəlif şayiələr
gəzirdi ki, Şıxov, Sumqayıt, Qala tərəfdən
ordu gəlir. Biz onların xahişi ilə
indiki Yaşıl bazar tərəfə getdik. Qabağa
getdikcə gördük ki, camaat dağılışıb,
yaralıların əksəriyyəti indiki T.Bəhramov adına stadionun ətrafındakı
ağaclıqda qalıb. Biz qaranlıqda
heç kəsi tapmadıq, ancaq əsgər də görmədik.
Geri qayıdıb MK-nın
qarşısındakı postumuzda dayandıq. Bir az keçmiş iki qadın və bir kişi
bizə yaxınlaşıb müraciət etdilər ki, bəs
Olimp mağazası tərəfdə yaralı var, onu
götürmək lazımdır. Bunları da
maşına götürüb getdik
İnşaatçılar prospektindəki “Olimp”
mağazasına tərəf. Orada
maşını bir həyətdə saxlatdılar. Onu da deyim ki, həmin vaxt Salyan kazarması tərəfdən
bu həyətlərə güllələr yağış
kimi yağırdı. Düzdü,
xoşbəxtlikdən bizim maşına dəymirdi, ancaq
sağımızdan-solumuzdan keçirdi. Həmin 3 nəfər
bir bloka girib, bir az sonra qayıdıb bizə dedilər ki,
yaralanan 17 yaşında cavan oğlan olub, güllə dəyib,
qaçıb girib bloka, orada da dünyasını dəyişib,
aparıblar xəstəxanaya.
Biz oradan düşdük Azad qadın heykəli tərəfə,
indiki Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin yanına. Beşmərtəbə adlanan yerdən
keçib qayıtdıq MK-nın qabağında növbəmizi
çəkməyə. Mitinq
iştirakçıları cavan uşaqları avtobuslara
mindirib deyirdilər ki, gedin Bayıl postuna, Şamaxinkaya,
oradakı postları möhkəmləndirin. Uşaqlar da çox həvəslə gedirdilər.
Bu arada dənizdən də ordu
çıxdığı xəbəri yayıldı. Bu vaxt bizim
baş həkim Sabir müəllim mobil radio ilə
maşına zəng etdi ki, gəlin Mərkəzi stansiyaya.
Azneft meydanına düşüb prospektə
çıxdıq, gəlib Rəşid Behbudov küçəsinə
dönəndə (o vaxt bu küçə leytenant Şmidt
adlanırdı) indi “Səs” qəzetinin yerləşdiyi
binanın tinində bir qadın demək olar ki, yataq
paltarında özünü atdı maşının
qabağına. Qışqıraraq dedi ki, qabağa getməyin
sizi vuracaqlar. Diqqətlə baxıb gördüm ki, 10 metr irəlidə
tünd bənövşəyi rəngli 2106 markalı “Jiquli”ni dərmə-deşik ediblər. Maşının şüşələri
sındırılıb, təkərləri yatıb. Sol tərəfdə isə o vaxtkı 26-lar, indiki
Sahil Bağında dəmir kaskalı əsgərlərin cərgə
ilə düzüldüyünü və əllərindəki
pulemyotları Rəşid Behbudov küçəsinə tərəf
tuşladıqlarını gördüm. Belə
qənaətə gəldim ki, həmin minik
maşınını onlar gülləbaran ediblər.
Bizə məlumatlar verilmişdi ki, əsgərlər təcili
yardım maşınlarını da atəşə tuturlar. Ona görə
də geri qayıdıb Dəniz Vağzalı tərəfdən,
oradan da indiki Kapitalbankın binasının qabağından mərkəzi
stansiyaya tərəf yön aldıq. Ancaq
dəmiryol vağzalı ətrafındakı barrikadaların
dağıdıldığını, minik avtomobillərini,
avtobusları, digər texnikaları tankların necə əzdiyini
görüb dəhşətə gəldim.
Nəhayət, mərkəzə çatdıq. Burada da güllə səsləri
ara vermirdi. Binaya daxil olduq.
Növbədə 3 briqada vardı və 3
çağırış gəlmişdi. Bizi metronun Gənclik stansiyası tərəfə
istiqamətləndirdilər. Gecə yarıdan
keçmişdi. Məlumat aldıq ki,
artıq sovet ordusu bir neçə istiqamətdən Bakıya
girib. İndiki “Caspian Shopping”
mağazası ərazisində 10 təcili yardım
maşını dayanmışdı. Əsgərlər
avtomatı bizə tərəf tuşlayıb maşından
düşməyə imkan vermədilər. Təxminən 2 saat maşınları yerindən tərpənməyə
qoymadılar. Səhər saat 5 radələri
olardı, yaralıları götürmək üçün
Nərimanov Rayon Partiya Komitəsinin yerləşdiyi əraziyə
gəldik. Burada mən 39 saylı
marşrutda işləyən, şüşələri
sındırılmış, güllələrin dəlmə-deşik
etdiyi “İkarus” markalı avtobusu gördüm. Sonralar bildim ki, avtobusun sürücüsü və
bir sərnişin qız sovet əsgərləri tərəfindən
öldürülüblər.
İndiki Xətai rayonu ərazisində yerləşən 2 saylı köməkçi stansiyaya - iş yerinə gəldim. Burada skamyada güllə ilə öldürülmüş bir kişi uzatmışdılar. Dedilər ki, 39 saylı marşrutda işləyən avtobusun sürücüsüdür. Sənədlərinə baxdım, hərbi bileti, qırmızı rəngli sürücülük vəsiqəsi deşik-deşik olmuşdu. İçəridə həkim yoldaşlarım təşviş və həyəcan içərisindəydilər. Onlar məlumat almışdılar ki, Qala stansiyasına 3 aylıq təhkim olunmuş həkim yoldaşımız Aleksandr Marxevka sanitar maşından düşüb yaralıya kömək edərkən vurulub, Elçin həkim də şəhid olub. Bunları eşidəndə belə qənaətə gəldik ki, əsgərlərin atdığı boş güllələrdən söhbət gedə bilməz. Yəqin ki, öldürülənlərin sayı-hesabı yoxdur.
Saat 8-də iş vaxtım bitdiyi üçün növbəni təhvil verib evə yollandım. Üçüncü mikrorayonda yaşayırdım. Metronun 20 Yanvar (o vaxt “XI Qızıl Ordu” adlanırdı) stansiyasından çıxanda bir daha ətrafdakı dağıntıların, qan izlərinin şahidi oldum. Mənə əyan oldu ki, hər an ölümlə qarşılaşacağımı ağlıma belə gətirmədən, dəhşətli bir gecəni yaşamışam.
Laçın Əliyeva - Bakı Şəhəri TTTYS 3 saylı bölmənin böyük həkimi (1990-cı ildə həmin stansiyada səyyar həkim işləmişdir).
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəni heç vaxt unutmaq olmaz. Çünki çox ağır bir gün olmaqla xalqımızın qan yaddaşına bir faciə kimi yazıldı. Həmin vaxtdan 30 il ötsə də, o gecə baş verənləri dəqiqliklə xatırlayıram. Şənbədən bazar gününə keçən gecə Bayılda yerləşən və bu gün də işlədiyim bölmədə iş başındaydım. Bu elə bir vaxt idi ki, Bakı və onun sakinləri çox narahat günlərini yaşayırdı. Axşamdan xeyli keçmişdi, təxminən saat 12-yə qalmışdı. Bölməyə növbəti çağırışla bağlı sifariş daxil oldu. Sifarişdə bildirilirdi ki, indiki Prezident Administrasiyasının (o vaxt Mərkəzi Komitənin binası idi) qabağında çoxlu sayda kütlə yığışıb, orada atışma gedir və yaralılar var. Çağırış qəbul olunduqdan sonra çox çətinliklə də olsa güllə yağışı altında deyilən ünvana getdik. Burada həddindən artıq insan vardı. Ətrafda arabir güllə səsi eşidilirdi. Kütlə sanitar maşının yaralıya yaxınlaşmasına imkan vermirdi (O vaxt sanitar maşınlar “RAF” markalı mikroavtobuslar idi). Kimsə bizə dedi ki, yaralı “Bakı Soveti” metrostansiyasının (indiki “İçərişəhər”) qabağındadır. Çox çətinliklə ora gəlib yaralını götürdük. Bizə mərkəzdən “ratsiya” ilə dedilər ki, yaralını o vaxtkı Musa Nağıyev adına Təcili Yardım Xəstəxanasına aparaq. Mərkəzi univermağın qabağından keçəndə maşınımızı saxlayıb daha bir yaralı insanın olduğunu dedilər və həmin yaralını da götürdük. Yolboyu atışma səsləri ara vermirdi. Çox çətin bir vəziyyətdə yaralıları xəstəxanaya çatdırdıq. Burada gördüklərimdən dəhşətə gəldim. Yaralıların sayı-hesabı yox idi. Yenidən çağırış üçün sifariş aldıq. Bu dəfə Salyan kazarması adlanan ərazidən keçib gedirdik. Burada da küçələr insanlarla dolu idi, atışma səsləri eşidilirdi. Ümumiyyətlə, həmin gecə mən 3 yaralını xəstəxanaya gətirə bildim. Bunlardan ikisini özüm yerdən götürmüşəm, birini isə kütlə maşına mindirib. Yanvarın 20-də səhər tezdən işçilər bizi dəyişməyə gələ bilmədikləri üçün yenə də növbədə qalası olduq. Çünki gediş-gəliş üçün yollar bağlı idi. Artıq məlum oldu ki, Bakıya sovet qoşunları yeridilib, komendant saatı tətbiq olunub, əsgərlər gecə əliyalın insanlara atəş açıblar, yaşlı, cavan, uşaq, qadın - qabaqlarına çıxan hər kəsi öldürüblər, yaralayıblar.
Həmin gecə bir həmkarımızın, kardioloq A.Marxevkanın (milliyyətcə yəhudi) öldürüldüyü xəbərini eşitdik. Onu aeroport yolunda iş başında vurmuşdular. Yanvarın 20-dən sonra 2-3 gün biz təcili yardım işçiləri yenə də çox çətinliklərlə üzləşdik. Sovet əsgərləri maşınımızı saxlayırdılar. Bizi düşürürdülər, üstümüzü yoxlayıb silah axtarırdılar.
Daha bir həmkarımız, iş yoldaşımız Tamella Lalayeva da Qanlı Yanvar faciəsindən 2 gün sonra gecə “RAF” markalı sanitar maşınında əsgərlər tərəfindən atılan atəşlə çiynindən güllə yarası almışdı. Maşın arxadan atəşə tutulmuşdu, komendant saatı tətbiq olunduğundan, hətta təcili yardım maşınlarını saxlayıb yoxlayırdılar.
O müdhiş gecədə atılan yanar güllələrin rəngi də indiki kimi yadımdadır. Güllələr qaranlıqda müxtəlif rənglərə çalırdı. Küçələri maşınla keçəndə eşitdiyim ağlaşma, qışqırıq səsləri bu gün də qulağımdan getmir.
Hazırladı:
Ramiz
YUSİFLİ,
“Respublika”.
Respublika.- 2020.- 17 yanvar.- S.5.